24 aprel 1915-ci il hadisələri: “erməni
soyqırımı”, yoxsa ermənilərin
köçürülməsi
Ermənilər 24 apreli türklər tərəfindən soyqırımına məruz qaldıqları gün kimi qələmə verir, bu məsələni bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməyə çalışırlar. Halbuki onların iddia etdikləri həmin hadisə soyqırımı olmayıb, Osmanlı dövlətinin öz təhlükəsizliyi naminə erməni üsyanlarının və türklərə qarşı törədilən qırğınların qarşısını almaq üçün hazırlamış olduğu müdafiə tədbiri idi. Belə ki, 24 aprel 1915-ci ildə erməni komitələri və partiyalarının fəaliyyətinə son verilmiş, İstanbulda 2345 nəfər erməni terroristi həbs edilmişdir. Yəni burada heç bir ölüm və cinayət hadisələrindən söhbət gedə bilməz. Ermənilər komitə üzvlərinin həbs edildiyi 24 aprel tarixini soyqırımı günü elan etmişlər. Əgər söhbət osmanlılar tərəfindən ermənilərin köçürülməsindən gedirsə, onların yerlərinin dəyişdirilməsinə qərar verilən Təhcir (Köç) Qanunu” 27 may 1915-ci ildə qəbul edilmişdir. Yəni 24 aprel bu bədxah millətin iddia etdiyi kimi soyqırımına səbəb olan köçürülmə tarixi deyil, “Daşnaksütyun”,
“Hnçak”, “Ramqavar” kimi komitə üzvlərinin həbs olunduğu tarixdir.
Bu da bir həqiqətdir ki, 1915-ci ildə qəbul edilən “Təhcir Qanunu” sadəcə ermənilərə deyil, Osmanlı dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edənlərə tətbiq olunmuşdur. Qanun mətnləri incələndiyində “erməni” kəlməsinə rast gəlinmir.
Tarix boyunca etnik azlıqlarla münasibətlərini müasir dövlətlərdən də üstün bir səviyyədə quran Osmanlı dövlətinin XX əsrdə belə bir cinayətə baş vura biləcəyini düşünmək son dərəcə yanlışdır. Hər şeydən əvvəl ona görə ki, əgər milli baxımdan sırf ermənilər hədəf alınsaydı, Osmanlı dövründə onlardan paşa, nazir, millət vəkilləri çıxa bilərdimi?
Osmanlı imperiyasındakı azlıqların vəziyyəti obyektiv baxışla dəyərləndirilərsə, ermənilərin dil və din azadlığına sahib olduqları, hərbi xidmətə çağırılmadıqları, ticarət haqqını əldə etdikləri, dövlətin üst səviyyəli postlarında yer tutduqlarını görmək olar. Tarixi materiallarda vaxtilə milləti-sadıka (sadiq millət) olaraq xarakterizə edilən ermənilərdən 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 11 universitet müəllimi, 41 yüksək rütbəli məmur olduğu göstərilir. Hətta Osmanlı dövlətində ermənilərə “əhli-kitab” statusu içərisində dini tolerantlıq da göstərilmiş, çox sayda erməni kilsəsinin açılmasına icazə verilmişdir.
Belə bir vəziyyətdə Osmanlının ermənilərə soyqırımı tətbiq etdiyi şəklində önə sürülən iddiaların əsassız olduğu ortaya çıxır. Həmin iddiaların əksinə, soyqırımına məruz qalan onlar deyil, türklər olmuşdular. Türkiyənin “Hərbi Tarix və Strateji Etüd Dairəsi Başqanlığı Arxivi”nin (Askeri Tarih ve Stratejik Etüt Dairesi Başkanlığı Arşivi - ATASE) sənədlərində qeyd olunan məlumatlara görə, erməni kilsəsi və təşkilatlarının da bilavasitə dəstəyi ilə Anadolu türklərinə qarşı soyqırımı gerçəkləşdirilmişdir.
Yenə eyni sənədlərə görə türklərə qarşı genişmiqyaslı cinayətlər törədən “Hnçak”, “Daşnaksütyun” və digər təşkilatlar Osmanlı Məclisindəki millət vəkilləri tərəfindən dəstəklənmişdi.
Ermənilərin təşkilatlanaraq silahlı dəstələr yaratdıqları sənədlərlə isbatlandığına görə cərəyan edən hadisələrə birmənalı olaraq “soyqırımı” demək yerinə, ermənilərdən qaynaqlanan və onların başlatdığı üsyan və bu üsyana qarşı Osmanlı dövlətinin öz qanuni səlahiyyətlərindən istifadə edərək aldığı tədbirlər demək daha doğru bir ifadə olar.
“Təhcir Qanunu” çərçivəsində ermənilərin maddi baxımdan zərər görməmələri və geridə qalan mallarının tam dəyəri hesablanaraq sahiblərinə verilmələrinə dair dövlət tərəfindən görülən tədbirlər soyqırımı iddialarını tarixi faktlarla çürüdən dəlillərdir. “Təhcir məsələsi”ni soyqırımı olaraq dünya dövlətlərinin müzakirəsinə çıxaran ermənilər köç vaxtı ölən insanların sayını da mübaliğəli olaraq artırmaqdadırlar. Onlar bu rəqəmi 1,5 milyon olaraq göstərirlər. Halbuki o tarixlərdə Osmanlı imperiyasının sərhədləri daxilində bu qədər erməni yaşamırdı.
Müqayisəli təhlillər əsasında ortaya çıxan məqam budur ki, 1,5 milyon erməninin soyqırımına uğradığı şəklində ortaya atılan iddialar heç bir reallığı əks etdirmir. Hadisələri sırf obyektivlik prizmasından dəyərləndirək: hər iki tərəfdən də ölənlər və öldürülənlər olmuş, hər iki tərəf də ağır nəticələrlə qarşılaşmışdır. Amma bu, soyqırımı deyil, müharibə idi. Eyni zamanda məsələnin dərinliyinə endikcə köçürülmə hadisəsinə rəvac verən amilin Osmanlı dövləti deyil, bilavasitə erməni komitələri və təşkilatları olduqları açıqca görünür. Əgər onların başlatdıqları üsyanlar və Osmanlı dövlətinin parçalanmasına yönəlik xarici qüvvələrlə əməkdaşlıq fəaliyyətləri olmasaydı, şübhəsiz ki, təhcir (köç) hadisəsinə ehtiyac qalmayacaqdı.
Osmanlı dövlətinin ermənilərin düşmənlərlə əməkdaşlıq çərçivəsində üsyan və qırğın hərəkətlərinin artması səbəbiylə gördüyü tədbirlər və bu tədbirlərin tətbiq olunması əsnasında müxtəlif səbəblərdən dolayı meydana gələn itkilər ermənilər tərəfindən dünya dövlətlərinin diqqətini çəkmək üçün təbliğat silahı olaraq istifadə edildi. Bugünkü siyasət də eyni istiqamətdə aparılmaqdadır. Əsas məqsəd qondarma erməni soyqırımını bütün dünya və beynəlxalq təşkilatların müzakirəsinə çıxararaq tanıtdırmaq, sonrakı mərhələlərdə bunu Türkiyəyə də qəbul etdirərək təzminat və torpaq tələblərini qanuniləşdirməkdir.
Soyqırımı ilə bağlı ortaya atılan iddialar olduqca böyük siyasi əhəmiyyət kəsb edir. Məsələnin siyasi mahiyyətini dərk edən hər iki tərəf qarşısındakını susdurmağa və haqlı olduğunu isbat etməyə çalışır. Tərəflər arasındakı mübahisələrin əhatə dairəsi o qədər genişdir ki, hətta dövlətlər bu məsələni öz əllərində siyasi alətə çeviriblər. Fransa kimi bir dövlət Türkiyədən Avropa Birliyinə daxil olması üçün birinci vacib şərt olaraq soyqırımı hadisələrindən dolayı üzr istəməsini tələb edir. Bu məsələ Fransanın sabiq prezidenti Nikola Sarkozinin “Etiraflarım” adlı kitabında çox açıq şəkildə öz təsdiqini tapmışdır: “...Türkiyənin Avropa İttifaqına daxil olması istiqamətində yeritdiyi siyasət və göstərdiyi canfəşanlıq şəxsən mənə çox tərs gəlir. Bu fikrin altında yatan strateji hesablamaları görür və başa düşürəm... Türkiyə əgər Avropa İttifaqına daxil olmaqda qərarlıdırsa, mütləq və mütləq erməni soyqırımını tanımalıdır...”
ABŞ da rəsmi dövlət səviyyəsində məsələyə oxşar prizmadan yanaşaraq 1915-ci ildə baş vermiş hadisələrdən və ermənilərin öldürülməsindən türklərin məsuliyyət daşıdıqlarını qeyd edir, lakin “soyqırımı” ifadəsini işlətmir. Səbəb kimi ABŞ-ın Türkiyədə strateji mənfəətlərinin olması göstərilir. Nümunələrin sayını artırmaq mümkündür. Məhz bunun nəticəsidir ki, hər il müntəzəm olaraq çox sayda ölkənin gündəminə gətirilən “soyqırımı” iddialarından bəzi dövlətlər Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Emin ŞIXƏLİYEV,
AMEA
Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun Qafqaz tarixi
şöbəsinin müdiri,
tarix
üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan.-2015.- 24 aprel.- S.8.