Prezident İlham
Əliyev Bakı İdman Sarayında əsaslı
təmirdən
sonra yaradılan şəraitlə
tanış olub
Aprelin
20-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı, “Bakı 2015” birinci Avropa
Oyunları Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən
sonra yaradılan şəraitlə tanış olublar.
Gənclər
və idman naziri Azad Rəhimov görülən işlərlə
bağlı dövlətimizin başçısına ətraflı
məlumat verdi. Bildirildi ki, təmir zamanı binanın
damı, və fasadı, işıqlandırma sistemi yenilənib,
ətrafda geniş abadlıq-quruculuq və
yaşıllaşdırma işləri görülüb.
Müasir
tələblərə uyğun yenidən qurulan binada Olimpiya və
Paralimpiya oyunlarının keçirilməsi üçün
bütün şərait yaradılıb.
Bakı
İdman Sarayı əsas idman zalı və texniki binadan ibarətdir.
Burada ümumilikdə, 32 min kvadratmetr sahədə əsaslı
təmir işləri aparılıb. Üç mərtəbəli
binada təmir işləri ən yüksək səviyyədə,
beynəlxalq tələblər nəzərə alınaraq
görülüb. Birinci Avropa Oyunları zamanı bu
qurğuda idmanın badminton və stolüstü tennis növləri
üzrə yarışların keçirilməsi nəzərdə
tutulur. Təmirdən əvvəl tamaşaçı
oturacaqların sayı 1100 idisə, indi bu rəqəm 1736-ya
çatdırılıb. Tamaşaçı oturacağı
yerlərinin sayının artırılması
üçün zalda əlavə olaraq ikitərəfli
tamaşaçı tribunası inşa edilib. Binada, həmçinin
hakimlər, mətbuat nümayəndələri və VİP
qonaqlar üçün də xüsusi otaqlar yaradılıb.
Badminton və stolüstü tennis yarışlarının
keçirildiyi yerlərlə bağlı Beynəlxalq
Federasiyaların tələbləri nəzərə
alınaraq burada xüsusi ağıllı idarəetmə
sistemli, hava axınını horizontal istiqamətdə bərabər
şəkildə paylayan havalandırma sistemi qurulub. İdman
sarayında dopinq yoxlama otağı, tamaşaçılar,
idmançılar və mətbuat nümayəndələri
üçün kafelər və digər zəruri bölmələr
yaradılıb. Bundan başqa, burada “Bakı 2015” birinci Avropa
Oyunları Təşkilat Komitəsinin əməkdaşlarının
iş və istirahət otaqları, iclas və toplantı
zalları da var. İdman qurğusundakı püşkatma
zalı, idarə heyətinin iş, müsahibə, VİP
qonaqların gözləmə və yarışları izləmə,
beynəlxalq federasiya nümayəndələrinin
işçi, səs sistemlərinin idarə edilməsi və
yarışların əlaqələndirilməsi otaqları
da ən müasir səviyyədədir. Binanın daxilində
6 lift şaxtası inşa edilib və müasir liftlər
quraşdırılıb. Bununla da, fiziki imkanları məhdud
olan tamaşaçıların və gələcəkdə
paralimpiyaçı idmançıların binanın
bütün sahələrindən tam istifadə edə bilmələrinə
hərtərəfli imkan yaradılıb. Bina transformator yarımstansiyası,
generator və qazanxana
ilə də təchiz edilib. Sarayın qaz,
su, kanalizasiya, elektrik, rabitə və fiberoptik internet xətləri yenilənib.
Beləliklə, Bakı İdman Sarayının kompleks şəkildə yenidən
qurulması ilk Avropa Oyunları zamanı idmanın badminton və stolüstü tennis növləri
üzrə də yarışların yüksək
səviyyədə keçirilməsinə
imkan verəcək. Mövcud idman
komplekslərinin ən
yüksək səviyyədə
yenidən qurulması
və müasir idman qurğularının
istifadəyə verilməsi
bir daha sübut edir ki, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə Azərbaycanda başlanılan bütün
layihələr uğurla,
həm də vaxtında icra olunur. Bu cür
layihələrin reallaşdırılması,
eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən
sağlam yetişməsində
də mühüm rol oynayır. “Bakı-2015”ə hazırlıqla
əlaqədar həyata
keçirilən layihələr
Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının
düzgün olduğunu
bir daha göstərir.
Azərbaycan.-2015.-
21 aprel.- S.2.