Ədliyyə naziri
Yardımlı rayonunda vətəndaşları
qəbul edib
Azərbaycan
Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən
insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların
müraciətlərinə qayğı və həssaslıqla
yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin
olunması ilə bağlı tapşırıqları
Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə
saxlanılır, bu məqsədlə vətəndaşların
bölgələrdə qəbulu davam etdirilir.
Ədliyyə
Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
şəhər və rayonlarda vətəndaşların qəbulu
cədvəlinə uyğun olaraq aprelin 24-də ədliyyə
naziri Fikrət Məmmədov Yardımlı şəhərindəki
Heydər Əliyev Mərkəzində Yardımlı, Lerik və
Masallı rayonlarında yaşayan vətəndaşların qəbulunu
keçirib.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə də baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar bölgə sakinlərinin müraciətlərinə yerlərdə baxılması məqsədilə rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdırıb, tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan.-2015.- 25 aprel.- S.4.