Əmək və əhalinin sosial müdafiəsi

 naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 24-də Bərdə rayonunda Bərdə, Ağcabədi, Ağdam və Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib.

AZƏRTAC xəbər verir ki, qəbul zamanı müraciətlər əsasən mənzil, minik avtomobili ilə təmin olunma, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, müalicəyə kömək göstərilməsi və s. məsələləri əhatə edib. Müraciətlərin az bir qismi ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı olub.

S.Müslümov vətəndaşların müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq tədbirlər görülməsi, habelə vətəndaşlara aidiyyatı məsələlərlə əlaqədar hüquqi izahatlar verilməsi barədə tapşırıqlar verib. Ayrı-ayrı imtiyazlı şəxslərin mənzillə təmin olunmaq barədə müraciətlərini cavablandırarkən S.Müslümov hazırda respublikamızın 53 rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət 353 fərdi evin inşa olunduğunu və cari ilin iyul ayının sonunadək onların istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib. Həmin evlərdə normal yaşayış üçün bütün şəraitin yaradılacağını nəzər çatdıran S.Müslümov, eyni zamanda, yaxın vaxtlarda 4 rayonda bu təbəqədən olan insanlar üçün yeni fərdi evlərin inşasına başlanacağını diqqətə çatdırıb. Nazir digər bölgələr kimi, Bərdə, Ağdam və Ağcabədi rayonlarında da əlil və şəhid ailələrinin mənzillə təminatı sahəsində məqsədyönlü işlərin görüldüyünü bildirib.

S.Müslümov deyib: “Ötən il Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli, Bərdə rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. Hazırda Bərdə rayonunda 5, Ağcabədi rayonunda 14, Ağdam rayonunda isə 10 fərdi evin inşası yekunlaşmaq üzrədir və yaxın vaxtlarda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək”.

Qəbula gələn vətəndaşlar müharibə əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

S.Müslümov, həmçinin vurğulayıb ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin avtomobillə təminatı ilə əlaqədar müraciətlərdə artım müşahidə edilir. Müraciətlər çoxalsa da, bu sahədə qanunvericiliyin prinsiplərinə ciddi əməl olunur. Cari ilin yanvar-mart aylarında TSEK-lərə müraciət edənlərdən yalnız 31,1 faizinin (130 nəfər) minik avtomobilinə tibbi göstərişinin olduğu müəyyənləşdirilib.

Qəbul zamanı S.Müslümovun müvafiq göstərişi əsasında bir sıra şəxslərin müraciətlərində əksini tapan məsələlər yerindəcə həll olunub, həmçinin ayrı-ayrı vətəndaşlara məşğulluqlarının təmin olunması üçün vakant yerlərinə göndərişlər verilib. Nazirliyin səlahiyyətlərinə adi olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Azərbaycan.-2015.- 25 aprel.- S.4.