Klassik ədəbiyyatın təbliğatçısı
Mikayıl Rəfili-110
Nəslimin
yarpaq tökümü başlandı.
Çoxumuz qışa qalmayacayıq...…
Dəliyə döndüm, Rəfili,
Ölüm xəbərini alanda.
Böyük türk şairi Nazim Hikmət ən yaxın dostu - filologiya elmləri doktoru, professor Mikayıl Rəfilinin ölümündən təsirlənərək bu şeiri yazmışdı. Həmin şeirin sonu belədir:
Düşünürəm, məndən çox sonra öləcək,
dalımca bir məqalə də yazacaq,
Ya da bir şeir:
“Nazimlə Moskvada 24-də tanış olduq”.
Elədir,
Mikayıl, elə.
Şair
ola bilərdin,
Professor oldun.
Keçən əsrin 20-ci illərindən
başlayaraq Nazim Hikmət Azərbaycanda ən çox oxunan, ən çox sevilən şairlərdən biri idi, 1927-ci ildə ilk dəfə Bakıya gəldi, burada “Günəşi içənlərin
türküsü” adlı
şeirlər kitabı
nəşr olundu və o zaman ədəbiyyata qədəm
qoyan bir çox şairlər Nazim Hikmətin şeir səpkisinə - sərbəst şeirə
meyil göstərdilər.
Amma onun tanış olduğu ilk azərbaycanlı
şair-alim Mikayıl
Rəfili idi. Nazim Hikmətin şeirində deyildiyi kimi, onlar 1924-cü ildə Moskvada tanış olmuşdular. Sonralar bu tanışlıq
dostluğa çevrildi.
“Şair ola
bilərdin, professor oldun”.
Nazim Hikmət Mikayıl Rəfilinin şeir yazdığına, amma şair kimi yox, görkəmli alim kimi tanındığına
işarə edir.
Mikayıl Rəfili doğrudan
da şair idi, sadəcə olaraq, elmi yaradıcılıqla
müntəzəm məşğul
olduğundan, bir müddət şeirin daşını atmışdı.
Yalnız ömrünün
son illərində bir
daha şeirə qayıtmış, hətta
“Mingəçevir” adlı
poema da yazmış, Nazim Hikmətə həsr etdiyi bir şeirdə
ona olan məhəbbətini bu misralarla ifadə etmişdi: “Qarşımda
əksin. Əlimdə sadə bir qələm. Gözlərimdə Moskvada keçən gəncliyimizin solmayan yarpaqları. Sən Nazim Hikmətsən. Mən - sadə bir tələbən”.
Şair və alim. 1936-cı ilədək Rəfili həm şair, həm də tənqidçi-ədəbiyyatşünas kimi bu yaradıcılıq
sahələrinin hər
ikisində fəallıq
göstərirdi. O, sərbəst
şeirin alovlu təbliğatçısı kimi
həm özü bu səpkidə şeirlər yazır, həm də bu tipli şeirin
nəzəriyyəsini anladan
məqalələrlə mətbuat
səhifələrində çıxış
edirdi.
Ötən əsrin 20-30-cu illəri Azərbaycan ədəbiyyatının
ziddiyyətli, təzadlı
bir dövrü idi. Kommunist-bolşevik ideologiyası ədəbiyyatda
da öz hakim-amirlik mövqeyini gücləndirir, sənətkardan
şura inqilabını,
fəhlə-kəndli hakimiyyətini,
leninizm ideyalarını
təbliğ etməyi,
keçmişdə yaradılan
və minillərin sınağından keçmiş
milli dəyərləri
feodalizm qalıqları
kimi pisləməyi tələb edirdi. “Yeni ədəbiyyat”
yaranırdı və
bu ədəbiyyatın
qarşısında yeni
məzmuna uyğun
forma yaratmaq məsələsi
də dururdu. Mikayıl Rəfili də bu mənada “refermator” kimi çıxış edir,
sərbəst şeiri
“əski metrikanı, əski şəkli rədd və inkar edən” yeni bir şeir
forması hesab edirdi. Əslində, sərbəst şeirin
ədəbiyyatda intişarı
yeni hadisə deyildi, bu formanın
bizim poeziyamızın
qədim təcrübəsində
müəyyən əlamətləri
vardı. “Dədə Qorqud” dastanlarındakı şeirlər
öz sintaktik quruluşu və poetikası ilə sərbəst şeir anlayışına uyğun
gəlirdi. Lakin o zaman
Rəfili də bir çox başqaları kimi belə bir qənaətdə
idi ki, bu
məsələ yenidir,
bütün dünya poeziyasında sərbəst
şeir novator rolunu oynayır.
Rəfilinin şeirlərinin heç də hamısına “bunlar inqilabi şeirlərdir” demək insafsızlıq olardı. Onun şeirləri
hansı mövzuda yazılırsa, metaforalarla,
təşbihlərlə zəngin
olurdu.
Gilavar bu gün bir
az sakit,
Yarpaqların titrəməsi duyulmayır.
Lakin şəhər, böyük
şəhər
Gecə
yarı olmuş
Fəqət uyumayır.
Bir koridor
Açılmış ağ
pəncərədən
Fikrim bir sap kimi
İlişmişdir parıldayan bir xəncərə.
Rəfilinin sərbəst şeirləri
müəyyən mənada
eksperiment səciyyəsi
daşıyırdı. Amma o, şair idi və
dünya ədəbi təcrübəsindən, Mayakovski və Nazim Hikmət
poeziyasından ruhlanır,
təsirlənir və
mümkün qədər
çalışırdı ki, geniş oxucu kütlələri bu yeniliyə alışsınlar (yazırlar
ki, Rəfili döş cibində həmişə Uitmenin şeirlər kitabını
gəzdirərdi, daim Bloku, Nazim Hikməti,
Mayakovskini mütaliə
edirdi, öz şeirlərini isə əzbərdən deyib deklamasiya edə-edə yazardı). Amma 1937-ci ildə Rəfilini
“formalizm kimi bir qorxulu ədəbi
cərəyana meyil etdiyi üçün” Azərbaycan Yazıçılar
İttifaqı sıralarından
xaric etdilər.
Bununla yanaşı,
Rəfilinin sərbəst
şeirləri və bu xüsusda nəzəri fikirləri
1920-ci illərin sonları
- 1930-cu illərin əvvəllərində
yeni bir şeir vəzninin poeziyada geniş yayılmasına imkan yaratdı. Səməd Vurğun, Rəsul Rza, Ə.Fövzi, M.Rzaquluzadə, N.Rəfibəyli
kimi şairlərin də yaradıcılığında
sərbəst şeirə
meyil gücləndi. Belə bir həqiqətə
göz yummaq olmaz ki, Rəfili
sərbəst şeirinin
poeziyamızda digər
vəznlərlə yaşamağa
haqqı var. Xalq yazıçısı Anara
istinad edək: “Bu gün yeni-yeni ədəbi nəsillərin
gur axınıyla yenilməzliyi bir daha təsdiq olunmuş, təcrid çəpərlərini yıxıb
çıxmış sərbəst
şeir tariximizin beşiyi başında dayananlardan, illər boyu onu tənələrdən,
hədələrdən, rişxəndlərdən
qoruyanlardan biri də Mikayıl Rəfili idi”.
Doğrudur, sonralar “sərbəst
şeir hərəkatı”
bir qədər səngidi, yalnız Rəsul Rza bu yoldan çəkinmədi
və indi qətiyyətlə demək
olar ki, məhz böyük şair Azərbaycan ədəbiyyatında sərbəst
şeirin əsl nümunələrini yaratdı.
1936-cı ildən başlayaraq
Rəfili qəti olaraq elm yolunu tutdu. Vaxtilə klassik ədəbiyyatı
inkar edən Rəfili bundan sonra həmin ədəbiyyatın alovlu
təbliğatçısı kimi çıxış etməyə başladı.
Mikayıl Rəfili çox savadlı, geniş elmi dünyagörüşə
malik ziyalı idi. O, Avropa, rus və Şərq ədəbiyyatlarını dərindən
mənimsəmişdi. Bir ədəbiyyatşünas
alim kimi onun xidmətləri danılmazdır. O, XX əsr
Azərbaycan ədəbiyyatşünaslığının
nadir simalarından biridir.
Xalq yazıçısı
Anar doğru qeyd edir ki:
“M.Rəfilinin Azərbaycan
ədəbiyyatşünaslığı,
ədəbiyyat tariximiz
sahəsində gördüyü
iş əvəzsizdir.
Onun zəngin elmi irsi mədəniyyət tariximizin qiymətli səhifələrindəndir. Rəfili bütün elmi fəaliyyəti boyu doğma ədəbiyyatımıza
və daha geniş götürsək,
doğma xalqımıza,
onun inkişafına, dünyagörüşünün genişlənməsinə, daha
artıq maariflənməsinə,
mədəniləşməsinə xidmət etmişdir”.
Mikayıl Rəfili qeyd etdiyimiz kimi, ilk növbədə, görkəmli ədəbiyyat tarixçisi idi. Onun 1941-ci ildə rus dilində nəşr olunmuş “Qədim Azərbaycan ədəbiyyatı” kitabı ədəbiyyat tariximizin ta qədimlərdən XVI əsrə qədər bir dövrünü əhatə edir. Bu mövzuda o, Tiflisdə doktorluq dissertasiyası müdafiə etmişdi, lakin Moskva bu işin təsdiqini yubadırdı, ona görə də Rəfili Moskvaya gedir, görkəmli alimlərin qarşısında, özü də rus dilində bir neçə saat məruzə edir və bundan sonra o, filologiya elmləri doktoru diplomunu ala bilir. Bu sahədə ilk elmlər doktorumuz Mikayıl Rəfilidir.
Rəfilinin elmi fəaliyyətində iki böyük klassikin - dahi Nizami Gəncəvinin və böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin tədqiqi mühüm yer tutur. Onun “Nizamiyə qədər Azərbaycan kulturası”, həmçinin “Nizami Gəncəvi” tədqiqatı nizamişünaslıqda yeni bir dönüşün - mərhələnin başlanğıcı kimi maraqla qarşılandı. Rəfili Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq “Azərbaycan intibahı” ideyasını irəli sürmüş və o zaman bunu sübut edəcək dəlillərlə çıxış etmişdi. Onun Nizami və İntibah haqqında fikirləri görkəmli rus alimləri tərəfindən də yüksək qiymətləndirilmişdir.
M.Rəfili Axundovşünaslıq elminin də yaradıcılarından biridir. Onun M.F.Axundzadənin həyat və yaradıcılığı ilə bağlı ilk kitabı 1939-cu ildə çap edilmişdir, sonralar bu sahədə tədqiqatını genişləndirmiş, vəfatından bir il öncə, 1957-ci ildə “M.F.Axundzadə (həyatı və yaradıcılığı)” monoqrafiyası işıq üzü görmüşdür. Həmin kitab Moskvada “Görkəmli adamların həyatı” seriyasından rus oxucularına çatdırılmışdı. Bu seriyadan ilk kitab çap etdirən ilk azərbaycanlı da məhz Rəfili olmuşdur. İndinin özündə də onun M.F.Axundzadə ilə bağlı tədqiqatları qiymətli bir mənbə kimi istifadə olunur. Bu monoqrafiyada iki üslub tərzi nəzərə çarpır. Kifayət qədər elmi təfəkkür sahibi olan Rəfili yeri gəldikcə obrazlı ifadələr də işlədir, Axundzadənin həyatının ən təsirli səhnələrini bədii-publisistik səhnələrlə təsvir edir. Ola bilsin, müasir oxucu bu monoqrafiyada (o, həm də mükəmməl ədəbi portretdir) sovet dövrünün ədəbi-elmi standartlarına uyğun müddəalar görsün, bunları inkar etmək olmaz, lakin kitabda Axundzadə, ilk növbədə, öz xalqını sevən, onun mənəvi-mədəni tərəqqisi yolunda yorulmadan çalışan bir ziyalı kimi təqdim edilir.
Mikayıl Rəfili ədəbiyyat tarixçisi olmaqla yanaşı, bir nəzəriyyəçi kimi də xatırlanır. Hələ 30-cu illərdə o impressionizm və ekspressionizm ədəbi cərəyanları haqqında məqalə çap etdirmişdi. Ədəbiyyat tarixinə və ayrı-ayrı sənətkarlara həsr etdiyi tədqiqatlarında onun nəzəri bazasının möhkəmliyinə yalnız heyrət edirsən. Azərbaycan ədəbiyyatşünaslığında ilk “Ədəbiyyat nəzəriyyəsi” kitabının müəllifi də Rəfilidir və üstündən 57 il keçməsinə baxmayaraq, indi də ali məktəblərdə bu kitabın tədrisi tövsiyə olunur.
Rəfili həm də mahir tərcüməçi idi. O, rus dilini əla bilirdi, məqalələrinin bir çoxunu da rusca yazırdı. Amma ruscadan olunan tərcümələrdə Rəfilinin Azərbaycan dilinin bütün incəliklərinə bələd olması da diqqətdən yayınmır. Özü də o, dünya ədəbiyyatının ən şedevr əsərlərini dilimizə çevirmişdir. Baxın: Viktor Hüqonun “Gülən adam”, “Paris Notrdam kilsəsi”, “Səfillər” (I, II, III, V və VI hissələr), Balzakın “Qorio ata”, “Qobsek”, “Novellalar”, Tolstoyun “Dirilmə” (I və II hissələr), Puşkinin “Bağçasaray fontanı”, “Tunc atlı” əsərlərinin tərcümələri indi də bədii tərcümə tariximizin Qızıl Fonduna daxildir. 1939-cu ildə rusca nəşr olunan “Azərbaycan poeziyası antologiyası”nın hazırlanmasında Rəfili də yaxından iştirak etmişdir.
Mikayıl Rəfili indiki Goranboy rayonunun Borsunlu kəndində, varlı bir kəndli ailəsində dünyaya göz açmışdı (1905). Gəncədə klassik gimnaziyada təhsil almışdı. Bakıya köçəndən sonra ADU-nun Şərq dilləri fakültəsinin müdavimi olmuşdu. Bir müddət “Maarif və mədəniyyət” jurnalında işləyəndən sonra Moskvaya getmiş, orada - MDU-da təhsil almışdı. Uzun müddət ADU-da və APİ-də Azərbaycan ədəbiyyatı kursundan mühazirələr oxumuş, professor rütbəsinə yüksəlmişdi. Bu qədər məşhur olmağına baxmayaraq, ara-sıra haqsız tənqidlərə də məruz qalan Rəfili hətta “Kirpi” jurnalında bir karikatura “qəhrəmanı” da olmuşdu.
Nə etmək? Bizim bütün böyük sənətkarlarımız həmişə belə mənəvi təqiblərə məruz qalmamışlarmı?
Varlı kəndli elə bəy deməkdir və Rəfilini yaxından tanıyanlar deyirlər ki, o, həddindən artıq kübar idi.
Bəy kimi doğuldu, bəy kimi yaşadı, bəy kimi də öldü.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Azərbaycan.-2015.- 25 aprel.- S.7.