Səməd Seyidov:
AŞPA-nın yaz sessiyası Azərbaycan
nümayəndə heyəti üçün
uğurlu oldu
Avropa
Şurası Parlament Assambleyasının (AŞPA) yaz
sessiyası Azərbaycan nümayəndə heyəti
üçün uğurlu oldu. Bu fikri Milli Məclisin beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin rəhbəri Səməd
Seyidov yaz sessiyasının yekunları ilə bağlı
AZƏRTAC-a müsahibəsində söyləyib.
Səməd
Seyidov deyib: AŞPA-nın aprel sessiyasına Azərbaycan
nümayəndə heyəti ciddi hazırlıqla gəlmişdi.
Bunun bir neçə səbəbi var idi. Birincisi və ən əsası
ermənilərin bu sessiyada qondarma “soyqırımı”nın
“100 illiyi” ilə bağlı atacaqları addımları nəzərə
alaraq nümayəndə heyətimiz ermənilər tərəfindən
uydurulmuş və onların dünya ictimaiyyətinə
sırımaq istədiyi bu yalanın ifşa olunması istiqamətində
düşünülmüş və planlaşdırılmış
siyasəti ortaya qoymaq fikrində idi.
Sessiyanın
elə ilk günündən nümayəndə heyətimizin
üzvləri Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, işğal
altındakı ərazilərimizdə yaranmış vəziyyət,
qaçqın və məcburi köçkün problemi ilə
bağlı məsələləri AŞPA-nın
deputatlarına açıq şəkildə
çatdırmağa çox ciddi şəkildə səy
göstərdilər. Sessiyanın əvvəlindən
başlayaraq nümayəndə heyətimiz konkret faktları
avropalı deputatların diqqətinə
çatdırdılar. Məsələn, könüllü
olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgərinin
“Biz müharibə etmək istəmirik. Bizi zorla Azərbaycan ərazilərinə
göndərirlər ki, burada məhv olaq” kimi fikirləri
açıq şəkildə AŞPA üzvlərinə
çatdırıldı. Bundan başqa, qondarma Dağlıq
Qarabağ rejiminin girov saxladığı iki azərbaycanlının
acınacaqlı vəziyyətdə olması barədə
dolğun məlumatlar verildi. Bildirildi ki, AŞPA mütləq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsini, ümumiyyətlə Avropa
Şurasının üzvü olan ölkələrdə
mövcud münaqişələrin hamısını ciddi
müzakirə etməli və daim gündəmə gətirməlidir.
Çünki bu gün Avropa Şurasının daxilində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə yanaşı, Gürcüstanda,
Moldovada və Ukraynada da münaqişələr baş
alıb gedir və Avropa qitəsi üçün
böyük təhlükə yaradır. Bunların arasında
daha çox diqqəti cəlb edən isə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir.
Sessiyanın ikinci günü monitorinq komitəsinin yığıncağında məhz Azərbaycan tərəfinin təklifi, səyləri və gördüyü işlər əsasında Avropa Şurasına üzv ölkələr daxilində münaqişələrin araşdırılması adlı alt komitə yaradıldı. Təbii ki, ermənilər bu məsələyə mənfi münasibət bəsləyirdilər. Onlar alt komitənin yaradılmasına mane olmağa çalışırdılar. Onlar guya bu komitənin ATƏT-in Minsk qrupunun fəaliyyətinə maneə yaradacağı kimi bəhanələr gətirirdilər. Amma komitə üzvləri alt komitənin yaradılmasına yekdilliklə səs verdilər. Yalnız komitənin iki erməni və bir ermənipərəst üzvü belə komitənin yaradılmasının əleyhinə çıxdı. Bu, bir daha göstərir ki, həqiqətləri gizlətmək mümkün deyil. Ermənilərin qondarma “soyqırımı” ilə bağlı tədbirlər hazırladıqları bir vaxtda alt komitənin bərpa olunması və avropalı deputatların buna səs verməsi bir daha onu göstərir ki, erməni təbliğatı burada acizdir. Artıq elə vaxt çatıb ki, ermənilərin yalanlar və böhtanlar üzərində qurduqları planlar daha reallaşmır. Azərbaycan həqiqətləri, xüsusilə xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı doğru məlumatların yayılması üçün artıq münbit şərait yaradılır.
Bu sessiyada çox vacib və yaddaqalan məsələlərdən biri də ondan ibarət oldu ki, Ermənistan nümayəndə heyəti üzvlərinin AŞPA-da hansısa vəzifəyə gəlmələri istiqamətində göstərdikləri cəhdlər puça çıxdı. Amma Azərbaycan nümayəndə heyətinin iki üzvünün yüksək vəzifələrə seçilməsinin şahidi olduq. Sahibə Qafarovanın qadınlara qarşı zorakılıqla mübarizə üzrə qurumun baş məruzəçisi, eyni zamanda, “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsinə, Sevinc Fətəliyevanın isə uşaq məsələləri üzrə baş məruzəçi vəzifəsinə seçilmələri çox mühüm hadisədir. Bundan başqa, S.Fətəliyevaya uşaqlarla bağlı məsələdə Avropa Şurası ilə BMT arasında bütün əlaqələrə dair işin etibar edilməsi olduqca təqdirəlayiqdir. Bu, o deməkdir ki, Avropa Şurasının humanitar məsələlər üzrə fəaliyyətini nümayəndə heyətimizin üzvləri əlaqələndirəcəklər və ölkəmizlə bağlı həqiqətləri bütün dünyaya çatdıracaqlar. Bu, özlüyündə Azərbaycanda qadınlara olan münasibətin, onların cəmiyyətdəki rolu ilə bağlı dövlət siyasətinin bariz nümunəsidir. Azərbaycanda qadınlara və uşaqlara münasibətin müsbət qarşılanmasının və dəstəklənməsinin nəticəsidir ki, hər iki qadın nümayəndəmiz səs çoxluğu ilə həmin vəzifələrə seçildilər.
Sessiyada Ermənistanın qondarma “soyqırımı” ilə bağlı hansısa addımlar atacağını, ölkəmizə qarşı təxribata əl atacağını gözləyirdik. Ancaq onların “soyqırımı” məsələsi artıq hamını bezdirib. Avropa Şurasının bəzi rəsmiləri və bəzi avropalı deputatlar bu “soyqırımı”nı üzdə qəbul etsələr də, əslində məsələnin müzakirəsində erməniləri dəstəkləmirdilər. Bu, onu göstərir ki, dünya artıq kimin kim olduğunu, kimin haqlı olduğunu başa düşür. Burada da Azərbaycanın, dövlətimizin başçısının apardığı siyasətin böyük rolu var.
Bu nöqteyi-nəzərdən aprel sessiyası Azərbaycan nümayəndə heyəti üçün çox uğurlu sessiya kimi dəyərləndirilməlidir. Azərbaycan nümayəndə heyətinin AŞPA-da bu istiqamətdə fəaliyyəti bundan sonra da davam etdiriləcək.
Əsgər
Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
Azərbaycan.-2015.- 26 aprel.- S.2.