Sadəliyin və böyüklüyün
mücəssəməsi
İnsan heç vaxt ona əziz və doğma olan müəllimləri unuda bilməz. Xüsusilə ilk sinif müəllimini və tələbəlik illərində onun sevdiyi, daim xatırladığı ustadları. 1967-ci ildə mən BDU-nun filologiya fakültəsinə daxil oldum. Sentyabrın 1-də - ilk mühazirə günündə auditoriyaya professor Mir Cəlal Paşayev daxil oldu. Hələ orta məktəbdə oxuyarkən biz onun əsərləri ilə tanış idik; “Bir gəncin manifesti” romanı əlimizdən düşmürdü. O romandakı iki səhnə - Sonanın “İtə verərəm, yada satmaram” deyib milli xalçamızı köksünə sıxması, bir də Baharın ölüm səhnəsi heç yadımızdan çıxmazdı. Kənd kitabxanasından oxumağa götürdüyüm kitabların içində Mir Cəlalın hekayə və romanları da vardı. O zaman mənim ədəbiyyata xüsusi maraq göstərməyimdə digər yazıçıların əsərləri ilə bir sırada Mir Cəlalın da əsərləri az rol oynamadı. Yazıçının dilindəki şirinlik, təbiilik, təsvir etdiyi lirik, komik və faciəvi səhnələrin emosional təsiri, real həyat səhnələri istər-istəməz məndə bu yazıçıya qarşı heyranlıq duyğusu oyatmışdı.
Budur, o insan -
sevdiyim o yazıçı qarşımızdadır. Onda Mir Cəlal müəllimin
altmış yaşı vardı. İndi altmış
yaşlı adam görəndə heç inanmırsan ki, onun
bu qədər yaşı olar, yaşına görə
cavandır deyirsən. Amma Mir Cəlal müəllim
altmış yaşında müdrik bir insan kimiydi,
üz-gözündən əsl el ağsaqqallarına məxsus
nur tökülürdü. Mən “ağsaqqal” kəlməsini
işlətdim, doğrudan da, o, filologiya fakültəsində,
BDU-da və elm aləmində bir ağsaqqal idi.
Ağsaqqallıq isə təkcə yaşla
ölçülmür, həyatda, kollektivdə, elmdə
qazandığın nüfuzla, ötüb keçən illərin
təcrübəsiylə qazanılır. Mir Cəlal müəllim
bu zirvəyə qırx-əlli yaşlarında
qalxmışdı.
Onun
birinci dərsi - ilk mühazirəsi heç yadımdan
çıxmır. Hamımıza bircə-bircə
yaxınlaşdı, adımızı soruşdu. Əlini
çiynimizə qoydu, qəlbimizə bir təmas yayıldı.
Mən də adımı söylədim,
gülümsündü, dedi ki, yəqin atan Səməd
Vurğunun “Vaqif” pyesini oxuyandan sonra bu adı qoyub sənə.
Heç nə demədim, atam ziyalı idi, amma mənə niyə
bu adı qoymağının səbəbini bilmirdim. Amma onu
bilirdim ki, o kənddə Vaqif adı qoyulan birinci adam mənəm.
Sonra da soruşdu ki, “Vaqif” pyesini oxumusan? Dedim - bəli. “Vaqiflə
Qacarın qarşılaşdığı səhnə
yadındamı?”. O səhnəni 52 tələbə
yoldaşımın qarşısında əzbərdən
dedim. Mir Cəlal müəllim gülümsündü, xeyli mənə
baxdı, görünür, kənddən gələn on səkkiz
yaşlı bir cavanın cavabı onu razı
salmışdı.
Beləcə,
“Ədəbiyyatşünaslığın əsasları”
mühazirələri davam etdi. Mir Cəlal müəllimin asta
danışığı,
auditoriyada gəzişmələri, hərdən təkrar
etdiyi “Ədəbiyyat da, sənət də məfkurədir”,
“Səməd Vurğun əlinə qələm
aldığı gündən kağız
korlamamışdır”, “Füzuli dünyanın ən
böyük məhəbbət şairidir”, “Haqverdiyev yeriyən
Azərbaycandır” kəlmələri hər dəfə yeni bir mövzu
üçün açar rolunu oynayırdı.
İmtahanda
Mir Cəlal müəllimdən “3” qiymət alan olmadı. Məni
isə heç danışmağa qoymadı, “bu oğlan
“Vaqif” pyesini əzbərdən bilir, Təhsin, ona “beş”
yaz”,-dedi.
Bütün
beş ili o ilk “5”in açdığı cığırla
getdim, BDU-nu fərqlənmə diplomu ilə bitirdim.
Bəlkə
də bu xatirəni danışmazdım, amma ədəbiyyatşünaslıq
elminin bu canlı klassikinin adi bir tələbəyə (təkcə
mənə yox, bir çoxlarına - məndən əvvəl
və məndən sonra) belə humanist münasibəti yaddan
çıxan deyil.
Mən
“klassik” kəlməsini işlətdim və bu kəlmənin
Mir Cəlal Paşayevə çox böyük mənada aidiyyəti
var. Doğrudan da, o, canlı klassik idi. Mühazirələrində
ən çox sevdiyi sənətkarlardan - Nizamidən,
Füzulidən, Vaqifdən, Axundzadədən, Mirzə Cəlildən,
Caviddən, Sabirdən, Hadidən,
Haqverdiyevdən, Abdulla Şaiqdən, Abbas Səhhətdən,
Cabbarlıdan elə ilhamla
danışırdı ki, Mir Cəlal müəllim
özü də gözlərimiz qarşısında
dönüb olurdu bir gün Nizami, bir gün Füzuli, bir
gün Mirzə Cəlil, bir gün də Sabir. Amma
bütün mühazirələrində müasirləri,
onunla bir zəmanədə yaşayan müasirlərini də
unutmurdu, Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul
Rzanın, Əhməd Cəmilin, Süleyman Rəhimovun, Mirzə
İbrahimovun, İlyas Əfəndiyevin əsərlərinə
müraciət edirdi. Mir Cəlal müəllim bizim klassik ədəbiyyatla
müasir ədəbiyyat arasında canlı bir körpü
idi. O, ənənəyə möhkəm bağlanan və həm
də yeniliyi, ədəbiyyatda novatorluğu təbliğ edən
alim idi. Təsadüfi deyil ki, onun 1973-cü ildə
çapdan çıxan məqalələr kitabının
adı da “Klassiklər və müasirlər” idi.
Mir Cəlal
Paşayev ilk növbədə, XX əsr Azərbaycan ədəbiyyatının
Mirzə Cəlildən, Haqverdiyevdən, Çəmənzəminlidən
sonra yaranan nəsrin ən görkəmli nümayəndələrindən
biridir. O ənənələr ki, Mirzə Cəlil
yaratmışdı, Mir Cəlal onları öz əsərlərində
davam etdirdi. Həyatı bədii şəkildə əks
etdirməyin ən bariz nümunələrini ortaya qoydu, əlbəttə,
ənənəçi olmadı, ənənəni yaşadan
oldu, onu yeni bədii təsvir vasitələri və bitkin
xarakterlərlə zənginləşdirdi. XX əsr Azərbaycan
nəsrini Mir Cəlalın hekayələri və romanları
olmadan təsəvvür etmək mümkün deyil. Bu “nəsr
ərazisində” Mir Cəlalın da öz yeri var.
“Dirilən
adam” Mir Cəlalın roman yaradıcılığında
xüsusi yer tutur və bu əsəri bədii mükəmməllik
baxımından heç də onun məşhur “Bir gəncin
manifesti”ndən aşağı tutmuram. Bu roman Şura
inqilabına qədərki bir dövrün ictimai-siyasi və mənəvi
mənzərəsini əks etdirir. Ötən əsrin otuzuncu
illərində yaranan bir çox nəsr əsərləri
vardı ki, onlardakı “müsbət qəhrəmanlar” əsasən
inqilabçı-bolşevik tipləri idilər, sovet hakimiyyəti
uğrunda mübarizə aparırdılar,
döyüşürdülər, vuruşurdular, bəylərə,
varlılara qarşı amansız idilər. Amma “Dirilən adam”dakı
Qədir qətiyyən inqilabçı deyildi, adi bir kəndli
idi və bu kəndlinin “ölümü” həm
gülüş doğururdu, həm də faciəli idi, amma
baş verən hadisələrin təsirilə Qədir
“dirilir”, özünü dərk edir, yoxsul kəndliyə yox,
İNSANA çevrilir. Qədirin azadlıq uğrunda
mübarizəyə qoşulması da sınaqlardan keçir.
Obrazın çətinliklərdən, həyatın faciələrindən
keçirə-keçirə mətin bir insana çevrilməsi...
bu proses yazıçıdan böyük məharət tələb
edirdi.
Romanda
oxucunu sarsıdan elə səhnələr var ki, bunlar
doğrudan da sözü ehya etməyin ən parlaq nümunələri
kimi yaddan çıxmır. Azğın Bəbir bəy Qədirin
arvadı Qumrunu ələ keçirmək istəyir, amma Qumru
sonadək öz namusunu qoruyur, Bəbir bəy bunun
heyfını Qumrunun uşağından çıxır.
Görün, nə dəhşətli səhnə: “Bəbir bəy
uşağı qamışlıqdan çıxarıb, suyun
qırağına gətirdi. Qılçalarından bərk
tutdu, başında tovladı, havada tovlandıqca uşaq
içini çəkir, “kəsmə-kəsmə” səs
çıxarır, “ana!” deyirdi. Bəbir bir də bərk
tovladı. Uşaq qorxusundan hıçqırırdı. Ona
nə ediləcəyini bilmirdi. Bəy uşağı var
qüvvəsilə qaldırdı, daşa çırpdı.
Uşağın başı əzildi. Nar kimi
xışıldadı... Kürəyini ayazlara verən, qəlbini
kiçik bir məxluqun sinəsinə qoyub bəsləyən
ananın faciəsini duy! Sevgisi son bilməyən
dünyanı, dahiləri, qəhrəmanları, sənətkarları,
böyük xilaskarları qucağında böyüdən,
südündə həyat gətirən mehriban anaya
ayıların, canavarların etmədiyi edildi!..”
Doğrudan
da, dəhşətli səhnədir və Mir Cəlal nəsrdə
belə faciəvi səhnələri çox yaradıb. “Bir gəncin
manifesti”ndə Baharın ölüm səhnəsi Azərbaycan
nəsrində ən tragik səhnələrdən biridir.
Amma Mir Cəlal
nəsri təkcə belə dramatik, faciəvi səhnələrlə,
təsvirlərlə məhdudlaşmır. Onun fərdi
yazıçı üslubu öz polifonikliyi ilə
seçilirdi. Mir Cəlal nəsri həm də satiraya, yumora
meyilli idi və qətiyyətlə deyə bilərik ki, Azərbaycan
nəsrində Axundzadədən, Vəzirovdan, Mirzə Cəlildən,
Haqverdiyevdən sonra bizə necə gülməyi və
gülərək də düşünməyi öyrədən
yazıçılardan biri məhz Mir Cəlal oldu. Vaxtilə
A.V.Lunaçarski yazırdı: “Gülüş qüvvət
əlamətidir. Gülüş təkcə qüvvət əlaməti
deyil, özü bir qüvvətdir... Yenilik öz
gücünü duyduqca
gülüş nifrətli olur. Öz gücünü
duyan bu şən, bu hiddətli gülüş isə əsl
silah kimi zəruridir”. Mir Cəlalın satirası da bu mənada
yaşadığı ictimai quruluşun eyib və
nöqsanlarını açıqlamaq baxımından son dərəcə
əhəmiyyətli idi. “Həkim Cinayətov”, “Anket Anketov” “Təzə
toyun nəzakət qaydaları”, “Möhlətovun tərcümeyi-halı”,
“Bostan oğrusu”, “Qonaqpərəst”, “Kəmtərovlar ailəsi”
və s. hekayələri onun öz dövründəki
naqislikləri satira və yumor vasitəsilə ifşa edən
maraqlı nəsr nümunələrdir. Mir Cəlal satirik
hekayələrində qrotesk üsulundan məharətlə
istifadə edirdi. Bir abzasda o, təsvir etdiyi “qəhrəmanın”
bütün mənfiliyini, yaramazlığını elə təsvir
edirdi ki, oxucu, doğrudan da, bu təsvirlərin, bu xarakteristikaların
reallığına qətiyyən şübhə etmir.
Baxın, hələ otuzuncu illərdə insanlara anket, qovluq səhifələrindən
boylanan dəftərxana məmurlarını o belə təsvir
edir: “Bir adam gəlib Anketova desə ki, yoldaş rəis, filan
işçimiz xəstələnib, xəstəxanada yatır,
Anketov inanmazdı, dərhal iş qovluqlarını
töküşdürür, həmin adamın “şəxsi
işini” götürüb baxardı. Anketdə xüsusi bir
qeyd görmədikdə deyərdi: “Bağışlayasan,
filankəs sağ-salamat öz yerində işləyir!”. Onu da
qeyd edık ki, Mir Cəlal satirik üslubda “Açıq kitab”
romanını yazdı və bu roman elə
yaşadığı quruluşun, sosializm dövrünün
nöqsanlarını bədii səviyyədə əks etdirən
orijinal nəsr nümunəsi idi. Amma o dövrdə Mir Cəlalı
bu romanı yazdığına görə tənqid edənlər
də oldu. Guya bu roman həyat həqiqətini təhrif edir,
sosializm cəmiyyətində bu cür mənfi hallar ola bilməz
və s. iddialar irəli sürüldü. Amma zaman göstərdi
ki, Mir Cəlal əsl həqiqəti qələmə alıb,
Gəldiyev, Verdiyev kimi yaramazlar “işıqlı sovet aləmində”
nə qədər istəsən tapılar.
Mir Cəlalın müxtəlif illərdə qələmə aldığı “Sara”, “Mərkəz adamı”, “Nanənin hünəri”, “Badamın ləzzəti”, “Söyüd kölgəsi”, “İnsanlıq fəlsəfəsi” və s. hekayələri indi də bu janrın ən gözəl nümunələri sayılır. O, İkinci Dünya müharibəsi illərində də vətənpərvər bir yazıçı kimi öz sözünü deyə bildi; “Anaların üsyanı”, “Analar yollara çıxdılar”, “Boz adam”, “Axşam səfəri”, “Atlı”, “Snayper”, “Mərcan nənə”, “Ata” və s. hekayələr yazdı, oğul yolu gözləyən anaların, arxa cəbhə adamlarının intizarını, həm də qələbəyə inamını əks etdirdi. Görkəmli tənqidçi Məmməd Arif Mir Cəlalın müharibə dövrü hekayələrini yüksək qiymətləndirib yazmışdı ki, müəllif təsvir etdiyi hadisələrlə yaşayır, ona görə də onun hekayələri inandırıcıdır.
İkinci Dünya müharibəsindən sonra Mir Cəlalın qələmi yeni mövzular axtarışına qoşuldu. O, böyük şairimiz Sabirin kəşməkəşli həyatı haqqında “Yolumuz hayanadır?” romanını yazdı, gənclərin əmək coşqunluğunu vəsf edən “Yaşıdları” romanını çap etdirdi.
Mir Cəlal Azərbaycan ədəbiyyatşünaslı
ğının patriarxlarından biridir və onun elə iki monoqrafiyası - Füzuli sənətkarlığına həsr edilmiş əsəri və XX əsr Azərbaycan ədəbi cərəyanları haqqında qələmə aldığı sanballı tədqiqatı yetər ki, onun ədəbiyyatşünaslıq elmimizə nə dərəcədə qiymətli töhfələr verdiyini sübut edir. Xüsusilə “Füzuli sənətkarlığı” monoqrafiyası füzulişünaslıqda yeni bir mərhələnin başlanğıcını qoyan əsərlərdəndir. Füzulişünaslıqda ilk dəfə olaraq məhz bu monoqrafiyada Füzulinin şeir və sənət haqqında fikirləri ümumiləşdirilir, onun lirikasının bədii dil xüsusiyyətləri araşdırılır, şeir mədəniyyəti-texnikası haqqında elmi söz deyilir, Füzulinin qəzəllərindəki ayrı-ayrı obrazların (qəm, pərvanə, ney, badə, səba və s.) məna və mahiyyəti incələnir, onun nəsri tədqiq olunur, ölməz məhəbbət dastanı - “Leyli və Məcnun” geniş təhlil edilir, Nizaminin “Leyli və Məcnun” poeması ilə bu əsər arasında müqayisələr aparılır, Füzuli alleqoriyası mövzusuna toxunulur və s.
Mir Cəlalın professional alim nəzəri müasir ədəbiyyatın ayrı-ayrı problemlərinə, görkəmli sənətkarların yaradıcılığına da işıq salırdı. O, bir tərəfdən “Bədii dilimiz haqqında”, “Nəsrimizin baniləri”, “Klassik nəsrimiz haqqında”, “Nizaminin müsbət surətləri haqqında”, “Böyük realist”, “Azərbaycan yazıçıları A.S.Puşkin haqqında” kimi məqalələrində klassik ədəbiyyatı, onun yaşarı ənənələrini təbliğ edirdisə, digər tərəfdən, Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov haqqında sanballı məqalələr yazırdı, 1950-ci illərdə ədəbiyyata gələn yazarların yaradıcılığını tədqiq edirdi. Onun üslubuna xas olan elmiliklə yanaşı, bədii nəsrindən, publisistikasından gələn səsləri də bu məqalələrdə duyulurdu və bu xüsusiyyət o yazılara bir təravət bəxş edirdi. Məsələn, “Peşələr var ki, beş, ya on ilə tamam-kamal öyrənirsən, ömür boyu işlədirsən. Yazıçılıq sənətini isə heç bir zaman “kamil öyrəndim” deyə bilməzsən. Müttəsil öyrənirsən. Özündən razı qalan Tolstoy deyən kimi, “özünü öyən adam əhəmiyyətli sənətkar ola bilməz” - bunlar əsl ustad dərsləri idi.
Mən, həmçinin onlarca, yüzlərcə Mir Cəlal müəllimin tələbələri olmuş filoloqlar - bu sadəlik və böyüklük mücəssəməsi olan mütəfəkkir insanın ədəbi dərslərini unutmurlar...
Vaqif
YUSİFLİ,
filologiya elmləri
doktoru
Azərbaycan.-2015.- 26 aprel.- S.6.