Yer kürəsində yaşayan milyonlarla
insanı sarsıdan və onların taleyini
dəyişən qəza
Cernobıl
AES-də baş vermiş qəzadan 29 il keçir
1986-cı il aprelin 26-da Cernobıl AES-in dördüncü blokunda baş verən qəza dünyanı sarsıtdı və milyonlarla insanın taleyini dəyişdi. Qısa müddət ərzində reaktorun aktiv zonasını uçuran iki partlayış baş verdi. Qəza göstərdi ki, nəzarətdən çıxan atomun gücü nəyə qadirdir. Artıq qəza nəticəsində radioaktiv buludun Ukraynadan İsveçə, İtaliyadan Urala, Rusiyadan Türkiyəyə qədər bütün Avropa ərazisində tüğyan etdiyi və hər yerdə dəhşətli radioaktiv izlər qoyduğu vaxtdan 29 il keçir.
Bəşər tarixində öz nəticələrinə görə uran nüvəsinin bölünməsi və nüvə enerjisinin alınmasından böyük elmi kəşf olmayıbdır. İnsan atom nüvəsində gizlənən bənzərsiz və qüdrətli enerjiyə sahib oldu. İlk atom reaktoru Çikaqoda 1942-ci ildə yaradıldı. Bundan sonra, o illər faşizm təhlükəsindən Amerikaya mühacirət etmiş fizik-alimlərin (Enriko Fermi, Albert Eynşteyn, Nils Bor və başqaları) səyləri nəticəsində 1945-ci ildə ilk atom bombası yaradıldı. Onun sınağı 1945-ci il iyulun 16-da Nyu-Meksiko ştatının səhralarında keçirildi. 1945-ci ilin avqust ayında ilk atom bombaları Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atıldı. Yüz minlərlə insanlar bu bombardmanın qurbanı oldu. Sağ qalanlarda isə bu günədək leykemiya (ağqanlılıq) halları müşahidə olunur.
Bir vaxtlar ABŞ-a köçən alimlərin özləri Amerika Birləşmiş Ştatlarının o zamankı prezidenti Ruzveltdən nüvə silahının yaradılması üçün tədqiqatların aparılması proqramına maliyyə vəsaiti ayırmasını xahiş etmişdilər. Amma onun olduqca böyük dağıdıcı və dəhşətli gücünü, bu ölümsaçan silahın sınağından sonra əmələ gələn güclü radioaktiv zəhərlənmənin və son dərəcə təsirli istilik effektinin təhlükəsini anlayan elə həmin alimlərin özləri artıq başqa bir prezidentə - Trumenə nüvə sınaqlarından və işlədilməsindən imtina olunması barədə xahişlə müraciət etmişdilər.
ABŞ-ın nüvə silahı strategiyasına cavab olaraq, SSRİ də öz nüvə proqramını həyata keçirməyə başladı. Daha sonra Böyük Britaniya, Fransa və Çin dövlətləri atom enerjisinin alınmasında uğurlar qazandılar. Beləliklə, sürətlə silahlanma yarışına və atom silahının kütləvi sınaqlarına başlanıldı. Bəşəriyyət özü özünü məhvetmə qorxusu ilə üzbəüz qaldı. O zaman dünyanın qabaqcıl ölkələrinin alimləri ortaq bir məxrəcə gəldilər - nüvə silahının sınaqları qadağan edilsin. Odur ki, 1963-cü ildə atom silahı olan dövlətlər tərəfindən havada, torpaqda və suda nüvə sınaqlarının dayandırılması haqqında Moskva sazişi bu humanist fəaliyyətin başlanğıcı olmuşdur. Lakin buna baxmayaraq, bir sıra hegemon ölkələr bu dəhşətli silahın sınağını indiyədək davam etdirirlər.
Nüvə sınaqları nəticəsində Yer səthinə xeyli miqdarda süni radionuklidlər (radioaktiv izotoplar) yayılır. Onlardan ən təhlükəlisi stronsium-90 və sezium-137 izotoplarıdır. Birincinin yarımparçalanma müddəti 28, ikincininki 30 ildir. Bu radionuklidlər yüksək şüalanma enerjisinə malik olmaları ilə, bioloji miqrasiya tsikllərinə fəal nüfuz etmələri, habelə canlı orqanizmlərin sümük və əzələ toxumalarında aktiv toplanmaq qabiliyyətləri ilə səciyyələnirlər və orqanizmdən çox gec çıxırlar. Başqa sözlə, insanların və heyvanların sağlamlığına ən böyük təhlükəni məhz bu radionuklidlər törədir. Elə nüvə sınaqları başlanan dövrdən də ətraf mühitin radionuklidlərlə çirklənməsi problemi meydana çıxmışdır.
Çernobıl AES qəzasından sonra ətraf mühit obyektlərində süni radionuklidlərin miqdarının xeyli artması və təbii radiasiya fonunun yüksəlməsi müşahidə olunmuşdur. Təbii radiasiya fonunun hətta cüzi miqdarda artımı öldürücü nəticələr törədə bilir.
Dünya energetikası tarixində ən böyük qəza Çernobıl AES-da baş vermiş qəza hesab olunur. MAQATE-nin klassifikasiyası üzrə, bu qəza ağırlıq dərəcəsinə görə ən axırıncı (yeddinci) kateqoriyaya aid edilmişdir. Qəzadan ən çox zərər çəkən Ukrayna, Belarus və Rusiya dövlətləri oldu. Bu dövlətlərin ümumilikdə 1 milyon 500 min hektar ərazisi radioaktiv çirklənməyə məruz qalmışdır. Torpaq istifadəsindən 150 min hektardan artıq ərazi çıxarıldı. Hərçənd ki, alimlərin və mütəxəssislərin səyi nəticəsində meliorativ, aqrotexniki, aqrokimyəvi və digər tədbirlərin köməyi ilə çirklənmiş ərazilərin bir hissəsi təmizləndi və kənd təsərrüfatı istehsalına qaytarıldı.
Qəribə burasıdır ki, qəza haqqında məlumat o vaxt Kremldə çox soyuq qarşılandı və qəzanın məxfi saxlanması qərara alındı. Faciədən 2 gün sonra, yəni aprelin 28-də Stokholm (İsveç) yaxınlığında radiasiya səviyyəsinin yüksəldiyi müşahidə olundu. İsveç dövləti dərhal həyacan qaldırdı. Bütün faktlar radiasiya axınının SSRİ ərazisində olduğunu təsdiqləyirdi, ancaq sovet rəhbərliyi, heç nə olmayıb kimi, inadkarlıqla susurdu.
Sov.İKP MK Siyasi Bürosu məsələni müzakirə etməyə məcbur idi. Ancaq Siyasi Büroda əyləşənlər yenə məxfiliyin qorunmasının tərəfdarı idilər. Mixail Qorbaçov baş vermiş bu fəlakəti gizlətməyə çalışdı. Kiyev şəhərində dinc əhali (məktəblilər, sıravi insanlar və başqaları) yüksək dərəcədə radioaktiv şüalar altında 1 Mayı bayram edirdilər. Halbuki bu vaxt əhali Cernobıl və oraya yaxın ərazilərdən köçürülməli idi. Lakin bu edilmədi. Bu, Mixail Qorbacovun sovet xalqına xəyanəti idi. Əhalinin baş vermiş faciədən, demək olar ki, xəbəri yox idi. Həmin dövrdə Siyasi Büroda yeganə rəsmi şəxs ümummilli lider Heydər Əliyev baş vermiş faciənin gizlədilməsinə qarşı çıxıb, faciə haqqında dərhal rəsmi və dolğun məlumat verilməsini təkidlə tələb etmiş və buna nail olmuşdur.
Ümumiyyətlə, Ukraynanın 12 vilayətində 50 min kv. km ərazi yüksək dərəcədə çirklənməyə məruz qalmışdır. Ölkədə qəzadan 3,2 milyon insan zərər çəkmişdir, o cümlədən onlardan 1 milyonu uşaq idi. Bunlar arasında ən çox tənəffüs orqanları, qalxanabənzər vəzi və başqa orqanların xəstəliyi ümumi Ukrayna səviyyəsindən qat-qat yuxarı olmuşdur.
1986-1987-ci illər ərzində qəzanın törətdiyi nəticələri aradan qaldırmaq işində 600 min nəfərə yaxın insan iştirak etmiş, onlardan 200 min nəfəri yüksək dərəcədə şüa almışdır. Bütün ömürləri boyu onların xüsusi tibbi müayinəyə və köməyə ehtiyacları vardır. Son 10 ildə ÇAES-də qəzadan əziyyət çəkmiş insanlardan 170 min nəfəri həyatdan getmişdir. Onlardan təxminən 3 min nəfəri qəzanın bilavasitə bir-başa aradan qaldırılmasında iştirak edənlər idi. Qəzanın təsirindən sağlam əhalinin faizi 64-dən 19-a (böyüklər üzrə), uşaqlarda isə 81 faizdən 32 faizə enmişdir.
Çernobıl qəzasının təsiri respublikamızdan da yan keçmədi. Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi və iştirakı ilə aparılan tədqiqatlar nəticəsində müəyyən edildi ki, ÇAES-də baş vermiş qəza nəticəsində respublikamızın torpaqlarında, xüsusən Lənkəran zonasında stronsium-90 və sezium-137 radionuklidlərinin miqdarı bir neçə dəfə artmışdır. 1970-ci illərdə akademik Cəlal Əliyevin başladığı belə tədqiqatlar bu gün akademik Adil Qəribovun rəhbərliyi altında AMEA Radiasiya Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən uğurla davam etdirilir.
Çernobılın radioaktiv buludu həmçinin Avropa dövlətlərinin hər birinin ərazisindən də yan keçmədi. 1986-cı il may ayının 6-da Çernobıl radioaktiv “çöküntüləri” qardaş Türkiyə ərazisində qeydə alındı. Bütün bu faciələrin insanların başına gəlməsinin bir çox səbəbləri vardır. Onlardan ən başlıcaları qəzanın əsas səbəbkarlarına məhkəmədə çıxarılan hökmdə öz əksini tapdı. Məhkəmədə sübut olundu ki, işdə nizam-intizamsızlıq, tapşırılan işə məsuliyyətsiz yanaşmaq, tutduğu vəzifədən sui-istifadə etmək kimi hallar belə faciələrə gətirib çıxarır. Necə deyərlər, atom məsuliyyətsizliyi bağışlamır!
Təbii olaraq, belə bir sual meydana çıxır: bəlkə nə qədər ki, gec deyil, nüvə energetikasından istifadə olunmasından imtina edilsin. Bunun üçün elektrik enerjisi ənənəvi (daş kömürdən, təbii qazdan, neft məhsullarından, hidroresurslardan) üsullardan istifadə edilərək enerji alınsın? Cavab düşündürücüdür: dünyada xammal ehtiyatları buna imkan verir, ancaq qısa bir tarixi zaman çərçivəsində. Bu üsul ilə istehsal olunan enerjinin maya dəyəri bahalaşsa, bununla razılaşmaq olardı. Ancaq bu cür əvəzetmə Yer kürəsində ekoloji vəziyyəti yaxşılaşdıracaqmı, qəzaları aradan çıxaracaqmı, dağıntıları və insan tələfatını aradan qaldıracaqmı? Alimlərin hesablamalarına görə xeyr!
Başqa bir sual: ÇAES-də baş vermiş qəzanın qarşısını almaq olardımı? Yüksək ixtisaslı mütəxəssislər və alimlərin fikrinə görə deyirik: olardı, bir şərtlə ki, o vaxt həm Çernobıl AES-də, həm də keçmiş Sovet İttifaqının bütün atom elektrik stansiyalarında və ümumiyyətlə, bütövlükdə keçmiş SSRİ-də ciddi əmək intizamı olsaydı.
ÇAES-də qəzadan sonra Çernobılın nəzarət edilən və nəzarət edilməyən rayonlarında yaşayan insanlar arasında sosioloji sorğu keçirilmişdir. Nəticələr acınacaqlı olmuşdur: əhalinin radiasiya-gigienik və radioloji bilikləri yox dərəcəsində idi. ÇAES qəzası cəmiyyətin radiasiya təhlükəsinə qarşı psixoloji cəhətdən hazır olmadığını aşkara çıxardı, mütəxəssislər özləri də olduqca hazırlıqsız idilər.
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycanın əsasən gənclərdən ibarət 7 min nəfərdən çox vətəndaşı iştirak etmiş və həyatlarını riskə ataraq qəza bölgəsinə yollanmışdılar. O dövrdə Sovet İttifaqına rəhbərlik edən Mixail Qorbaçov süni informasiya blokadası yaradaraq dəhşətli qəzanın nəticələrini dünyadan gizlətməyə, faciənin miqyasını azaltmağa çalışırdı. Odur ki, azərbaycanlı gəncləri fəlakət zonasına apararkən qəzanın fəsadları barədə onlar məlumatlandırılmadı, bunu, sadəcə, yanğın hadisəsi kimi qələmə vermişdilər. Heç bir lazımi hazırlıq keçmədən, radioaktiv şüalanma haqqında, radiasiya-gigiyena barədə adi təsəvvürə və biliyə malik olmadan fəlakət zonasına göndərilən neçə-neçə həmyerlimiz dünyasını dəyişdi, yüzlərlə azərbaycanlı ağır dərəcəli şüalanmaya məruz qalaraq ömürlük əlil oldu. Onlardan indiyədək 1000 nəfərdən coxu həlak olmuş, uşaqları əlil doğulmuşlar.
Aldıqları fiziki və mənəvi zərbələrə baxmayaraq, azərbaycanlı “çernobılçılar” uzun müddət diqqətdən kənarda qalmış, heç bir qayğı ilə əhatə olunmamışdılar. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra çernobılçı əlillər bu diqqət və qayğını hiss etməyə başladılar. Bu qayğı hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilir.
2000-ci ilin sonunda
Çernobıl atom kompleksi
istismardan çıxarıldı. Lakin bu
o demək deyil ki, sakitləşmək olar. Çernobıl faciəsi hələ
uzun illər diqqət çəkəcəkdir.
Beynəlxalq təşkilatların köməyi ilə dördüncü blokun üzərindəki sarkofaq
öz istismar müddətini başa vurduğu üçün
üzərinə yeni
örtük çəkilməsi
işləri uğurla
davam etdirilir. Stansiyanın
ətrafı daim ekoloji və radioekoloji nəzarətdədir.
Bu gün ermənilər
tərəfindən respublikamızın
işğal edilmiş
ərazilərində Metsamor
Atom Elektrik Stansiyasının
işlənməsi zamanı
alınmış yüksək
dərəcədə radioaktiv
tullantıların basdırılması
ilə bağlı fikirlər səslənir. Bu az imiş kimi, onlar bəzi
“xeyirxah” dövlətlərin
və xarici erməni diasporunun texniki və maliyyə yardımı sayəsində Ermənistan
kimi seysmik cəhətdən təhlükəli
olan regionda ikinci atom elektrik stansiyası tikilməsini reallaşdırmaq istəyirlər.
Bu, nəinki Azərbaycan
üçün, həmçinin
bütün Qafqaz regionu və Türkiyə dövləti
üçün böyük
təhlükə mənbəyi
ola bilər.
Biz hesab edirik
ki, bununla bağlı region ölkələri
öz etiraz səslərini ucaltmalı
və təcavüzkara
qarşı birgə mübarizə aparmalıdırlar.
Sonda onu da qeyd edək
ki, əsl vətənpərvər insanlar,
o cümlədən azərbaycanlı
gənclər olmasaydı,
bu faciə daha böyük miqyas alardı. Biz onları
heç vaxt unutmayacağıq! Öz həyatlarını
təhlükə qarşısında
qoyaraq qəzanın nəticələrini aradan
qaldırmağa atılmış
bir çox insanların - alimlərin,
mühəndislərin, fəhlələrin,
əsgərlərin, ümumiyyətlə,
bütün dünya ölkələri nümayəndələrinin
misilsiz rolunu da həmçinin.
Qərib MƏMMƏDOV,
akademik
Mahmud ABDULLAYEV,
AMEA-nın müxbir üzvü
Azərbaycan.-2015.- 26 aprel.- S.7.