“Bakı-2015” ilk Avropa Oyunları məşəlinin
yandırılması mərasimi keçirilib
Mərasimdə Azərbaycan
Prezidenti İlham Əliyev iştirak edib
Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.
Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir - birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir.
Aprelin 26-sı isə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşür. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayır. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:
- Hörmətli Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki.
Hörmətli xanımlar və cənablar, əziz dostlar.
2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir. Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi. Bu qərara görə Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikkiyə Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm.
Bu qərar bizi çox sevindirdi, Azərbaycan xalqını sevindirdi. Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız məhdud idi. Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır. Təşkilat Komitəsinə bu yüksək fəaliyyətə görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, beynəlxalq və yerli mütəxəssislərdən ibarət beynəlxalq Əməliyyat Komitəsinə də minnətdarlığımı bildirirəm. Onların da fəaliyyəti təqdirəlayiqdir. Əlbəttə, biz daim Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bu gün də bunu hiss edirik. Beləliklə, Oyunların hazırlanması üçün bütün məsələlər öz həllini tapmışdır.
Şəxsən mən hesab edirəm ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə, bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilmişdir. Bu, tarixi nailiyyətdir.
Bununla bərabər, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılmışdır. Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil.
Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir.
Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynamışdır. Hesab edirəm, önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə və qürur hissi ilə qarşılamışdır.
Beləliklə, bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir. Əminəm ki, biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik.
Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bu idman bayramı davam edir. Bu, əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir. 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir.
Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.
Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Azərbaycan gənc müstəqil dövlətdir. Ancaq bizim çox böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir.
Bu gün biz qədim Atəşgah məbədinin önündə toplaşmışıq. Bu gün birinci Avropa Oyunlarının məşəli Atəşgah məbədində alovlandırılacaqdır. Bu məşəl ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin.
Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram.
Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!
X X X
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ çıxış edərək dedi:
- Zati-aliləri cənab Prezident.
Birinci xanım
Mehriban Əliyeva.
Hörmətli qonaqlar.
Bu axşam Avropa
idmanı qitəmizin idman potensialının reallaşması yolunda yekun mərhələyə
daxil olacaq. İlk Avropa
Oyunları artıq reallığa çevrilir.
İki ildən
bir qədər çox əvvəl biz böyük məmnunluqla elan etdik ki,
Avropa Oyunlarını
qəbul edən ölkə “Odlar Yurdu” Azərbaycan olacaq. Ən cəlbedici elementlərdən
biri - ölkənizin milli rəmzi olan alov, eyni
zamanda, Olimpiya Hərəkatının gücünün
və qüdrətinin
əsas təcəssümüdür.
Məşəlin alovlandırılmasının və estafetin müasir ənənəsinin
əsasını qoymuş,
qədim idman oyunlarını yaratmış
yunan sivilizasiyası odu, alovu müqəddəs
sayırdı.
Bu axşam biz nadir mərasimimizdə
həmin Olimpiya irsinə sadiq qalaraq Atəşgah məbədində Avropa Oyunlarının məşəlini
alovlandıraraq məşəli
stadiona və
“Bakı-2015” Oyunlarının açılış mərasiminə
yola salırıq. Bu, Avropa idmanı üçün həlledici
məqamdır. Həmkarlarım, eləcə də təmsil etdiyim Avropa Olimpiya Komitəsi Sizə göstərdiyiniz yardıma
görə olduqca minnətdardır. Çünki biz planlarımızın birgə
reallaşmasına doğru
yekun addım atırıq. Kamillik, dostluq
və hörmət kimi Olimpiya dəyərləri
məşəl estafetində
aydın şəkildə
əks olunur. Məşəlçilər qardaşlıq ruhunda
alovlanan məşəli
bir-birinə ötürərək
idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar.
“Bakı-2015” bütün ölkənizin əməyi və səyləri sayəsində baş tutacaq. Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir.
Mən Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını Prezident İlham Əliyevə və birinci xanıma çatdırmaq istərdim. Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı.
Mən gözəl ölkənizi gəzib dolaşan “Bakı-2015” məşəlinin estafetini izləməyi səmimiyyətlə arzulayıram. Çünki bu məşəl çox mühüm ilk Avropa Oyunlarının açılış mərasiminə aparan yolu işıqlandıracaq. Sağ olun.
X X X
Daha sonra Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırdı.
Dövlətimizin başçısı məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verdi.
Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başladı. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Sonra birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması münasibətilə ziyafət təşkil olundu.
Daha sonra birinci Avropa Oyunlarının məşəli ilə xatirə şəkilləri çəkdirildi.
Azərbaycan.-2015.- 28 aprel.- S.1-2.