İnsanlara nur bəxş edən şəxsiyyət

 

 

İşıq bizim düşüncəmizdə köklü anlayışlardan biridir. İlk növbədə qaranlığın, zülmətin, fəna və heçliyin qənimidir. Həyatın, diriliyin, əbədiyyət və uğurun rəmzidir. Dilimizdə “işıqlığa çıxasan”, “aydınlıq olsun” diləkləri ən ucalardandır. Bunun bir kökü Vətənimizdə qədim tarixi olan atəşpərəstliyə, o biri isə ana təbiətin özünə əsaslanır. Yəqin atəşpərəstlik də ana təbiətdən gəlir. Elektrik işığı, heç şamın və çırağın özü də həmişə olmayıb axı. Yəqin elə o vaxtlardan insanlar işığı - günəşi səhərədək səbirsizliklə gözləyiblər, gecələr isə ay çıxanda seviniblər. İşıq, atəş - xilaskar və uca sayılıb, onlara sitayiş də yəqin ki, bu diləklərdən yaranıb.

Müqəddəs Quranda Rəbbimiz tərəfindən “Sizə Quranı bir nur endirdik” ayəsi buyurulub. Yəni işıq və aydınlıq Tanrıdandır, səlamətliyin və sülhün bir rəmzidir, müsəlmanın əsas dəyərlərindəndir. Bu dəyərlər yaranandan çox-çox sonralar, XIX əsrin ortalarında daha bir xilaskarlıq anlayışı yarandı: göz həkimi! Yəni peşəsinə görə işıq və nur bəxş edən insan. Vətənimizdə ilk belə insanlardan biri akademik Zərifə Əliyeva olub.

Artıq biz firavan ölkədə yaşayırıq. Akademik Zərifə Əliyevanın xalqımız qarşısında xidmətlərini görmək üçün keçən əsrin 20-30-cu illərinə qayıtmalıyıq, göz xəstəliklərinin müalicəsinin ölkəmiz üçün çətin bir problem olduğunu təsəvvür edə bilməliyik. Hələ inqilabdan əvvəl Azərbaycanın şoran ərazilərində, Kürqırağı məntəqələrdə, küləyin güclü olduğu yerlərdə göz xəstəlikləri kütləvi hal almışdı. Dörd il davam edən Böyük Vətən müharibəsinin yaratdığı problemlərdən də biri 1950-ci illərdə ölkəni bürüyən traxoma epidemiyası oldu. Bu xəstəlik insanlara təkcə əziyyət vermirdi, simalarını eybəcərləşdirirdi, bəzən də ailənin iki-üç üzvünü dünya işığına həsrət qoyurdu. Traxoma bütün üsullarla başqalarına keçən infeksion bəla idi, hətta milçəklər vasitəsilə də yayılırdı. Tropik iqlimli ölkələrdə yayılan bu xəstəlik bataqlıq zonalarda, Kür və Arazın hər il daşdığı və bataqlıqlar yaratdığı yerlərdə epidemiya kimi yayılırdı. Hazırda dünyada 70-80 milyon traxoma xəstəsinin olduğu deyilir.

1950-ci illərdə bu qorxulu infeksiyanın qarşısını Zərifə Əliyevanın fəal iştirak etdiyi həkimlər briqadası aldı. Onlar infeksiyanın ən kütləvi xarakter aldığı yerlərə gedir, öz sağlamlıqlarını riskə qoyaraq insanları traxoma bəlasından xilas etməyə çalışırdılar. Nəhayət, dörd-beş ildə buna nail oldular...

Zərifə xanımın fədakar həyat yolu uzaq və sakit Şahtaxtı kəndindən başlamışdı. Bu, Şərur rayonunun ən qədim obalarından biridir. Atası Əziz Əliyev dədə-baba yurdu olan İrəvandan Naxçıvana könüllü köçməmişdi. Ermənilərin şovinizmi və vəhşiliyi son həddə çatanda 1918-ci il hadisələri, ermənilərin hər yerdə müsəlmanları qəddarlıqla məhv etməsi o zaman Peterburqda Hərbi-Tibbi Akademiyada oxuyan Əziz Əliyevi laqeyd qoya bilməzdi. O, İrəvana qayıtdı, vəziyyətin çox ciddi və dözülməz olduğunu görüb ailəsini Şahtaxtıya köçürdü. Burada onların uzaq qohumları yaşayırdı.

Erməni basqınları ilə əlaqədar ikinci kursdan sonra təhsilini yarımçıq qoyan Əziz Əliyev onu nəyin bahasına olursa-olsun davam etdirmək əzmində idi. Bakıda 1919-cu ildə açılmış universitetin tibb fakültəsində təhsil almaq qərarına gəldi. Nəhayət, 1923-cü ilin mayında ailə həmişəlik Bakıya köçdü. Əziz Əliyev universiteti bitirdikdən sonra aspiranturaya da girdi, namizədlik dissertasiyası da müdafiə etdi. O, təhsili və elmi sevirdi, bunlara güvənirdi. Təsadüfi deyil ki, İrəvan Gimnaziyasını qızıl medalla bitirmişdi. Bakıdakı mədəni inqilab mühiti, savad kultu onun arzularının reallaşmasına geniş imkanlar açdı. Artıq 1932-ci ildə Əziz Əliyev Azərbaycan səhiyyə komissarının müavini vəzifəsini icra edirdi.

Əziz Əliyev sonralar Azərbaycanda yeni tibbi xidmətin təşkilatçılarından biri oldu. “Ot kökü üstə bitər” - deyiblər. Atası Bakıya gələndən sonra Zərifənin həyatı da həmişəlik bu şəhərlə, burada reallaşdırılan tibbi layihələr və işlərlə bağlandı. Atası Əziz Əliyev 1935-ci ildə Azərbaycan Tibb İnstitutunun rektoru təyin olunanda Zərifənin on üç yaşı vardı. Amma o, gözünü açandan evlərində insan sağlamlığı, həkimin xalqa xidməti barədə çox söhbətlər eşitmişdi. 1939-cu ildə Əziz Əliyev Azərbaycanın səhiyyə komissarı təyin olundu. Görünür, tale özü Zərifə xanımı həkim olmağa hazırlayırdı.

Atalarının həkim və böyük səhiyyə təşkilatçısı olması, ailədəki nüfuzu övladlarının peşə seçimində mühüm rol oynadı. Qardaşları Tamerlan və Cəmil də həkim oldular. Zərifə xanımın böyük qardaşı Tamerlan Əliyev (1921-1997) respublikamızın ən yaxşı endokrinoloqlarından biri idi. Atasının yoluna sadiq qaldı, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor kimi adlar aldı. Görkəmli alim 250-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi idi.

Zərifə xanımın kiçik qardaşı Cəmil Əliyev isə tibbin ən çətin sahəsini - onkologiyanı seçdi, bu sahədə elmi avtoritetə çevrildi. O, tibb elmləri doktoru, professordur, 2001-ci ildən Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Cəmil Əliyev həmçinin Nyu York Elmlər Akademiyasının üzvü, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, İngiltərə Nammersmit Kral Universitetinin professoru, Anderson xərçəng əleyhinə Mərkəzin professorudur. Görkəmli alimin 230-dan çox elmi əsəri çapdan çıxıb. 80-nə yaxın elmi əsəri xaricdə çap olunub. Uzun illərdir respublika Milli Onkologiya Mərkəzinə rəhbərlik edir.

İnsanlara nur və sağlamlıq vermək həkim sülaləsinə çevrilən bu ailənin tale yolu oldu.

İnsan xarakterinin öz məntiqi də var: ailənin təsiri, dəyərləri bizim taleyimizdə mühüm məsələdir. Hər birimizin varlığında adsız bir özək var və bu özək bizimlə bir doğulur. Zərifə xanımın da daxilindəki bu özək çox möhkəm idi. Ailələrinin, atasının cəmiyyətdəki mövqeyi yüksək olduğu kimi, o da məktəb illərindən müstəqil şəxsiyyət kimi düşünür və öz gələcək həyatına ciddi yanaşırdı. Axı ailə insanın sosial statusunu həmişəlik müəyyən etmir. Həyatın bəzən amansız sınaqlarında hər kəs öz iradə qüvvəsindən istifadə etməli olur. Zərifə xanım da gəncliyindən öz şəxsiyyətinin, zəhmətinin ən yaxşı keyfiyyətlərinə əsaslanmağa çalışırdı. Digər tərəfdən, atasının nümunəsi, az qala əsgər həyatı yaşaması onun gözünün qarşısında idi. Onların zamanı belə idi: güzəştsiz, tələbkar, hədsiz məsuliyyət tələb edən bir zəmanə.

Zərifə orta məktəbi bitirəndə 1942-ci il idi. Sovet-alman cəbhəsində sovet ordusu dalbadal uğursuzluqlara düçar olurdu. Atası da daim əsgər şinelində idi, evdə onun üzünə həsrət idilər. Dövlət onu hara yollayırdısa gedirdi, əlindən gələni əsirgəmirdi. Zərifə də zamana, atasına layıq olmalı idi. Ağır və mürəkkəb bir dövrdə də orta məktəbi uğurla başa vurdu, maksimum bilik toplamağa can atdı. Nəticə də onun zəhmətinə görə oldu: 1942-ci ilin yayında imtahanları uğurla verib Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinə daxil oldu.

Müharibə də ağır bir sınaq idi: acıları, amansız qayda və tələbləri ilə. Bunların hamısına dözmək lazım idi, stalinizmin total nəzarətinə də həmçinin. Belə şəraitdə büdrəmək, gileylənmək olmazdı, bəlkə də nümunə olmaq lazım idi. Onları böyüdən anaları Leyla xanım bunu həmişə deyirdi. Müdrik, zəhmətkeş, əsl xalq adamı olan anaları hər şeyi nəzarətdə saxlayırdı.

Zərifə və bacısı Gülarə həm də musiqi təhsili almışdılar. Bu maraq onlara atalarından keçmişdi. Ədəbiyyat və musiqi sənətinin görkəmli simaları tez-tez onların evlərində olurdular. Zərifə xanım gözünü açıb evlərində Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Səməd Vurğun, Bülbül kimi böyük şəxsiyyətləri görmüşdü. Onların sözü, söhbəti həmişə yadda qalırdı. Belə ünsiyyət heç bir hafizədə izsiz qala bilməzdi və qalmadı. Bütün bunlar Zərifə Əliyevada şəxsiyyət olmaq, xalqın ümumi işi üçün nə isə etmək istəkləri yaratdı, onu maarifə və elmə bağladı.

Evdəki piano da tez-tez səslənirdi. Həyatın çətin vaxtlarında da, tələbə və məktəb yoldaşları onlara gələndə də... Zərifə xanımın kiçik bacısı Gülarə Əliyeva konservatoriyanı bitirdi, 1966-cı ildə “Dan Ulduzu” instrumental ansamblını yaratdı. Əməkdar incəsənət xadimi adına layiq görüldü, musiqi nəzəriyyəsi kafedrasının müdiri oldu. Ansambl xalq musiqisinin inkişafında və təbliğində mühüm rol oynadı.

1941-1945-ci illər müharibəsinin ən çətin günlərində bu ailənin qapısı tanış və qohumların, məktəb, sonra isə tələbə yoldaşlarının üzünə həmişə açıq idi. Taleyin və tarixin gətirdiyi qıtlığı elnən, obaynan yaşamaq daha asandı. Leyla ana da bunu bilir, ən çətin günlərdə, ən ağır xəbərlər gələndə yaxın insanlara sığınır, onlardan güc alırdı. Bu da böyük xalq dəyərinə sığınmaq idi: xalqla birgə olmaq idi.

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirən Zərifə Əliyeva daha artıq praktik biliklərə yiyələnmək üçün Moskvaya Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna getdi. Bu gedişin daha bir məqsədi var idi: Azərbaycanı bürümüş traxoma epidemiyası! Ölkəyə məhz bu yöndə ixtisaslı həkimlər çox lazım idi. Zərifə xanım isə ümumi müalicə fakültəsini bitirmişdi. Göz xəstəlikləri üzrə ixtisaslaşmaq üçün mütləq əlavə təhsil zəruri idi. Həm də göz viruslarının regional fərdiliyi də var idi və infeksiya ilə mübarizə həm də bu fərdiliyi fundamental şəkildə öyrənməyi tələb edirdi. Zərifə xanım məhz bunu qarşıya məqsəd qoydu.

Odur ki, yenə oxumaq və öyrənmək lazım idi, elmin zəhmət tələb edən qapısından keçmək, nur elmi olan oftalmologiyaya dərindən yiyələnmək lazım idi. Xəstəyə diaqnoz qoymaq, xəstədə inam yaratmaq üçün iki min ilə yaxın tarixi olan bu elmi dərindən öyrənmək zəruri idi. Zərifə xanım həkimliyin bu sirlərini cavan yaşından anlamışdı.

1947-ci ilin Moskvası gənc mütəxəssis üçün yeni bir aləm oldu. Bəzi problemlər Bakıdakı kimi idi, məsələn, müharibədən qalmış yoxsulluq və qıtlıq, əlillərin sayının çoxluğu. İnsanların əksəriyyəti cəbhədən gəldikləri geyimdə idilər. Çünki həm təzələri yox idi, həm də almaq üçün vəsait. Yoxsulluq hər addımda görünürdü. Amma bu, bədbinlik yaratmırdı. Müharibədən sonra insanlarda daha böyük həyat eşqi vardı. Hər yanda tikinti və bərpa işləri gedirdi. Moskva Zərifə xanım kimi gəlmələrlə dolu idi. Böyük, ucsuz-bucaqsız ölkənin hər yerindən bura təhsil almağa gəlmişdilər. Ölkədə müasir biliklərin əhəmiyyəti düzgün təyin edilmişdi. İnsanlar metroda belə, əli kitablı idilər, fürsət düşən kimi hamı kitab oxuyurdu. Ən başlıcası, insanlar arasında səmimiyyət, sabaha inam və ümid var idi. Müharibədən qalib çıxmış ölkədə belə də olmalı idi.

Zərifə xanım mərkəzdə sovet nomenklaturasını da gördü və hiss etdi. Bu təbəqəyə daxil olan məmurların balaları xüsusilə seçilirdi. Onların geyimi də, pulu da, əyləncə imkanları və dairələri vardı. Amma Zərifə xanımın qəlbinə sadə ailələrdən çıxmış gənclər daha yaxın idi. Onlarla daha tez ünsiyyət bağlayır, dostlaşır və rəfiqə olurdu. Moskvada Zərifə xanım o dövrün məşhur tibb alimləri ilə tanış oldu. Bir də göz cərrahiyyəsinin sürətli inkişafı onun nəzərindən yayınmadı. Müharibə tibbin cərrahiyyə sahəsinə böyük təkan vermişdi, ağlasığmaz əməliyyatlar həyata keçirilirdi. Professorlardan biri demişdi ki, cərrahiyyə - müharibələrdən doğmadır. Həqiqətən müharibədən sonra tibbin, xüsusilə cərrahiyyənin misilsiz inkişafı bunun əyani təsdiqi idi.

Zərifə xanım Moskvada iki il yaşadı, elmi işçi kimi püxtələşdi. Özünə elmi mühitdə çoxlu dostlar tapdı, onlara bağlandı, bəziləri ilə sonralar müştərək tədqiqatlar apardı, kitablar çap etdirdi. Belə dostların əksəriyyəti sonralar onun elmi işlərinin rəyçiləri və opponentləri oldular, onun barəsində məqalələr və səmimiyyət dolu xatirələr yazdılar. Məhz Moskvada Zərifə xanım həyatın və elmin çətin yoluna çıxdı. Bu, böyük həyat, fasiləsiz yüksəliş yolu idi.

1949-cu ildə Bakıya qayıdanda Zərifə Əliyeva artıq yüksək ixtisaslı göz həkimi idi. Onu Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna elmi işçi göndərdilər. Bu, ürəyindəki arzulara uyğun idi: göz xəstəlikləri üzrə elmi tədqiqatlar aparmaq. Azərbaycanda traxoma virusunun qarşısını almaq və sonra isə onun kökünü kəsmək, həm praktik, həm də fundamental araşdırmaların kəsişdiyi yerdə həyata keçə bilərdi. Ona görə Zərifə xanım aspiranturaya hazırlaşmağa başladı. Zamanı gələndə sənədlərini verib imtahanlarda iştirak etdi. 1950-ci ildə əla qiymətlərlə aspiranturaya daxil oldu. Namizədlik mövzusu kimi traxoma xəstəliyinin və epidemiyalarının müalicəsi və profilaktikası məsələlərini seçdi.

Bu, fundamental və praktik təbabətin kəsişdiyi problem idi. Onun həlli əvvəllər yazılmış kitab və araşdırmalarda yox idi. Mövzunun açarı traxomanın tüğyan etdiyi məntəqələrə epidemiya əleyhinə ekspedisiyalar idi. Belə ekspedisiyalar praktik tədbirlər kimi təşkil edilirdi. Amma Zərifə xanım onlara həm praktik həkim, həm də fundamental araşdırmalar üçün material və fakt bazası yığan tədqiqatçı kimi qoşuldu. Üstəlik bu ekspedisiyada yoluxmaq riski də, narahat çölçülük həyatı da var idi. Amma cavan tədqiqatçı bunların hamısına dözdü. Həkim yoldaşları da onun sadəliyini, səmimiyyətini görüb ona isinişdilər və həmişəlik dost oldular.

Zərifə xanım təkcə kollektiv ekspedisiyalarla kifayətlənmədi. Traxomanın geniş yayıldığı yetimxanalara, əlil evlərinə, rayonlara, Kürqırağı kəndlərə fərdi qaydada gedir, vəziyyəti öyrənir, müalicənin effektivliyini və gedişini izləməyə çalışırdı. O zaman traxomaya qarşı sintomitsin adlı antibiotikdən istifadə edirdilər. Lakin Azərbaycan arealında bu dərmanın aktivlik və passivlik xüsusiyyətləri öyrənilməmişdi. Bu məsələ isə göz virusologiyası ilə daha çox bağlı idi. Eyni virusların adətən onlarca növlərinin olması elmə məlum idi. Lakin müalicənin effektivliyi baxımından həmişə iki cəhət aydınlaşdırılır: virusların regional növlərinin öyrənilməsi və onların antibiotikə müqavimət xüsusiyyətləri. Belə köklü problemlərin araşdırılması müalicə prosesinin müxtəlif mərhələlərinin diqqətlə izlənilməsi, müalicənin fərdi xüsusiyyətlərinin elmi təsnifi lazım idi. Bu isə zəhmət, səbir, xəstələrlə fərdi iş tələb edirdi. Bütün bunlar cavan alimdə var idi: həmkarları onun müalicə prosesinin gedişini necə diqqətlə izlədiyinə heyran qalırdılar. Amma Zərifə xanım yaxşı bilirdi: zəhmətsiz heç nə olmur.

1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə etdi.

Həmin il Zərifə xanım Oftalmologiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb, 1967-ci ilə qədər öz araşdırmalarını burada davam etdirir. Bu dövrdə artıq o, yeni problem - göz xəstəliklərinin ən çox yayılanı olan qlaukoma ilə məşğul olmağa başlayır. İnsanlarda qırx yaşından sonra başlanan bu xəstəlik erkən korluqla da nəticələnə bilir, çox hallarda isə görmə qabiliyyətini aşağı səviyyəyə salır. Zərifə xanımın bu mövzuda yazdığı məqalə və araşdırmaları həkimlərin stolüstü kitabına çevrildi.

1967-ci ildə Zərifə xanım Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutuna, Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət edilir. Ailə qayğılarının qat-qat artmasına baxmayaraq, praktik həkimlik işindən uzaqlaşmır: çoxlu cərrahiyyə əməliyyatları edir, xəstələri ilə məşğul olur, onların müalicə tarixçəsini izləyirdi. Həm kurslara gələn həkimlərə oftalmologiyanın ən yeni nailiyyətləri, müalicə və cərrahiyyə üsulları barədə mühazirələr oxuyur, həm də cavan kadrlarla, tələbələri ilə iş aparırdı. Bu illərdə o daha mühüm bir problemlə - peşə ilə bağlı göz xəstəlikləri ilə məşğul olmağa başlayır. Həyatın tələbi olan bu problem minlərlə insanların görmə qabiliyyətini qorumağa yönəlmişdi. Azərbaycanda sənayenin sürətli inkişafı, istehsal sahələrinin genişlənməsi, xüsusilə kimya sənayesi bu sahələrlə bağlı göz xəstəliklərini ciddi problemə çevirmişdi.

1968-ci ildən sonrakı elmi fəaliyyətini professional göz xəstəliklərinə həsr etməsi də bununla əlaqədar idi. Sumqayıtda insanlar bütün ömürləri boyu kimyəvi maddələr istehsalı sahəsində çalışırdılar. Bu isə müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarırdı. Kimyəvi istehsal insan orqanizmi üçün ən təhlükəli iş mühitidir. Burada bir sıra digər xəstəliklər də yarana bilir. Amma göz xəstəlikləri bunların bəlkə də ən ağırı idi. Zərifə xanım bunu yaxşı dərk edir və zəhmət adamlarına kömək edən dərmanlar və müalicə üsulları yaratmağa çalışırdı. Bu məqsədlə Bakı və Sumqayıtın bəzi zavodlarında eksperimentlər keçirilirdi. Təcrübi yol kimyəvi maddələrin və zəhərlərin insanın görmə orqanına təsirini əsaslandırmaq üçün zəruri idi. Bu işlərlə bağlı tədqiqatçı tez-tez kimya müəssislərində olur, xəstələri ilə görüşür, patoloji halları izləyirdi.

Görkəmli alim çoxillik araşdırmalarını professional göz xəstəliklərinə həsr olunmuş doktorluq dissertasiyasında ümumiləşdirdi. Müdafiəsi isə 1977-ci ildə dünya oftalmologiyasının əsas mərkəzlərindən olan Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oldu. Onun doktorluq işi məşhur alim və həkimlərin ən yüksək qiymətlərini aldı. Elə həmin ildə Zərifə xanıma tibb elmləri doktoru elmi adı verildi, Bakıdakı işində kafedranın professoru seçildi.

1979-cu ildə SSRİ miqyasında görkəmli oftalmoloq kimi tanınan alimin həyatında yeni əlamətdar hadisə baş verdi. Zərifə xanımın təşəbbüsü ilə Elmlər Akademiyasının Ə.Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycanda ilk dəfə professional göz xəstəliklərini öyrənən laboratoriya açıldı və Zərifə xanım onun rəhbəri oldu. Əslində, bu, dünya şöhrətli alimin elmi məktəbi idi. Bu dövrdə onun şin və yod istehsalında göz patologiyasına həsr olunmuş iki monoqrafiyası çıxdı və yüksək qiymətlər aldı. Alim virus mənşəli göz xəstəlikləri barədə də qiymətli əsərlər yazdı. Həmçinin göz cərrahiyyəsi, həkim etikası, gənc kadrların hazırlığı ilə bağlı problemlər onu ömrü boyu narahat edir, bu mövzularda dəyərli əsərlərin yaradılması ilə nəticələnirdi. 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildi. Bu, onun elmə verdiyi töhfələrin təsdiqi idi.

Ömrü boyu insanlara nur bəxş edən böyük şəxsiyyət - Zərifə xanım Əliyeva 1985-ci ilin 15 aprelində dünyasını dəyişdi. Bu, ağır itki idi...

Ulu öndər Heydər Əliyev xatirələrində deyirdi ki, mən Zərifə xanım kimi həyat yoldaşımın olması ilə xoşbəxt idim. Bu qibtə doğuracaq bir etiraf idi! Üç böyük tarixi şəxsiyyətin həyatında izi olan Zərifə xanım ən çox ailə və övlad dəyərləri ilə yaşadı. Bir də insanlara dünya işığı verən həkim sənətini davam etdirdi, tədqiqatlar apardı. Haqqında oxuduğum sənəd və xatirələrin, məqalə və yazıların hamısında onun sadəliyi, xalq ruhuna və dəyərlərinə bağlılığı barədə heyranlıqla danışılır. Elmi mövqeyinə görə söz və nüfuz sahibi olan məsum insan həmişə öz daxili xarakterinə, tərbiyə aldığı ailədən əxz etdiyi dəyərlərə sadiq qaldı. Sevindirici haldır ki, görkəmli alimin mənəvi və irsi davamçıları onun işlərini, arzu və ideallarını uğurla davam etdirirlər.

 

Nurlana ƏLİYEVA,

YAP İdarə Heyətinin üzvü,Yeni Azərbaycan

 Partiyası Qadınlar Şurasının sədri, professor

Azərbaycan.-2015.- 28 aprel.- S.5.