Nuh yurdunda möhtəşəm
idman bayramı
45 gün sonra ölkəmizin paytaxtı Bakı tarixdə
ilk dəfə keçiriləcək Olimpiya Oyunlarının
açılış mərasiminə şahidlik edəcək. Ölkəmizin müstəqillik
qazandıqdan ötən 24 il ərzindəki
dinamik inkişafı, sürətli iqtisadi artım tempi, eləcə
də tarix-mədəni ənənələrə sahib
olması Avropa Oyunlarının Azərbaycana həvalə
olunmasında başlıca rol oynadı. Bu sürətli
inkişafın nəticəsində də dünyanın bir
çox superdövlətləri arasında iqtisadi
gücünə görə özünə yer tutan, həmin
ölkələrlə qarşılıqlı əməkdaşlıq,
tərəfdaşlıq imicini formalaşdıran ölkəmiz
bir çox mötəbər tədbirlərə ev sahibiliyi ənənəsinin də əsasını
qoydu.
Son illərə
kimi müxtəlif idman növlərində dünya və
Avropa çempionatlarına ev sahibliyi edən
Azərbaycan son beş ildə “Eurovision” musiqi
yarışmasının təşkilatçılığı
ilə bir daha diqqətləri öz üzərinə çəkdi.
Bunun ardınca “Bakı-2015” I Avropa Oyunlarının ölkəmizdə
keçirilməsinə qərar verilməsi, iki il sonra
İslam Həmrəylik Oyunlarının, həmçinin bir
neçə ölkədə keçiriləcək
AVRO-2020-nin bir qrupunun üç oyunun və bir dörddə
bir final oyununun Azərbaycanda keçirilməsinin qərara
alınması da ölkəmizin dünyada qazandığı
iqtisadi cəhətdən güclü dövlət imicinin təkzibolunmaz
göstəricisidir.
I Avropa Oyunları da məhz bu cür dünya miqyaslı
tədbirlərdən biridir. Dünən Bakı
şəhərində qədim “Atəşgah” məbədində
ölkə başçısı cənab İlham Əliyev
tərəfindən alovlandırılan məşəl aprel
ayının 27-də Naxçıvan Muxtar Respublikasına gətirildi.
Əvvəlcədən
qeyd etmək istərdim ki, I Avropa Oyunlarının məşəli
47 gün ərzində Azərbaycanın hər bir guşəsini
gəzib-dolaşaraq, Oyunların açılış mərasimində
Bakı Olimpiya Stadionuna gətiriləcək. Bu
estafetə ölkəmizin tanınmış
idmançılarından ibarət olan 1000 nəfərdən
çox məşəlçi cəlb olunub.
Onu da nəzərə
çatdıraq ki, iyun ayının 10-u məşəl
proqramının son günü olacaq və Bakıya gətirilənədək
təxminən 5500 kilometr məsafə qət edəcək məşəl
660 millimetr hündürlüyündədir. Məşəlin
gövdəsi “Bakı-2015” brendində yer alan
nar ağacını xatırladır. Alovu
qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi isə Birinci Avropa
Oyunlarda iştirak edən ölkələrin sayını
simvollaşdırır.
Məşəl 45 gün boyunca yer üstündə
avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda
qayıq, havada isə təyyarə ilə daşınacaq. Dünən məşəl
məhz təyyarə ilə Naxçıvan Muxtar
Respublikasına gətirildi.
Məşəlin muxtar respublikaya gətirilməsi
münasibətilə aprel ayının 27-də
Naxçıvan şəhərində möhtəşəm
məşəl festivalı keçirildi. Məşəl
festivalında iştirak etmək, ilk Avropa Oyunlarının bir
növ tamaşaçısına çevrilmək
üçün muxtar respublikanın rayon və kəndlərindən,
ən ucqar yaşayış məntəqələrindən
belə vətəndaşlar Naxçıvan şəhərinə
axışmışdılar. Məşəlin
Naxçıvan Muxtar Respublikası Beynəlxalq Hava
Limanından festivalın keçiriləcəyi yerə kimi hərəkət
istiqaməti boyunca yolların sağ-solunda insan izdihamı var
idi.
Bakıdan
Naxçıvana təyyarə ilə məşəli gətirən
Rəfiqə Şabanova idmançı onu Naxçıvan
şəhərindəki Qoçüstü məhəlləsində
türk xalqlarının tarixi qəhrəmanı Koroğlunun
Qıratın belindəki heykəli qarşısında
naxçıvanlı idmançı, Naxçıvan Muxtar
Respublikası voleybol yığmasının üzvü
Xanım Xudadanovaya təslim etdi.
Bu andan
etibarən Naxçıvan şəhərindəki hərəkət
istiqamətinə uyğun olaraq Qoçüstü məhəlləsi
və Cəlil Məmmədquluzadə küçəsi
boyunca idmançıların estafetlə bir-birinə təhvil
verdiyi məşəl Naxçıvan şəhərinin
baş meydanında, Heydər Əliyev prospektində, ulu
öndərin siyasi hakimiyyətə
qayıdışının ilk məkanı olan
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yanında,
ümummilli liderin həyat və fəaliyyətini əks etdirən
Heydər Əliyev Muzeyinin qarşısında, onun əzəmətli
heykəlinin önündəki meydana gətirildi.
Bir az əvvələ
qayıdaraq vurğalayaq ki, Koroğlu heykəlinin
qarşısında məşəli qəbul edən Xanım
Xudadanova yüzlərlə insanın alqış sədalarının
müşayiətində məşəli qürurla və
şərəflə daşıyaraq asta qaçışla
sağa-sola əl edərək muxtar respublikanın digər
idmançısı, yüngül atletika nümayəndəsi,
qaçış üzrə muxtar respublika birincisi
Gülxanım Cəlilovaya, o da öz növbəsində
voleybol üzrə qadınlardan ibarət Naxçıvan
Muxtar Respublika yığmasının digər üzvü Səkinə
İbrahimovaya ötürdü. Məşəli
daşımağın qüruruyla bir neçə yüz metr
qaçan Səkinə İbrahimova onu voleybol üzrə
qadınlardan ibarət Naxçıvan Muxtar Respublika
yığmasının kapitanı Fəridə Hənəfiyevaya
təqdim etdi. O isə muxtar respublikanın fəal gənclərindən
biri olan Tamerlan Abdullayevə ötürdü.
Bu ardıcıllıqla məşəl yüngül
atletikanın qaçış növü ilə məşğul
olan Tural Gözəlova, Tural isə öz növbəsində
sərbəst güləşçi Sahil Rüşanova
estafeti ötürdü. Daha sonra voleybol üzrə kişilərdən
ibarət muxtar respublika yığmasının üzvü Kənan
Əsədov, cüdoçu İbrahim Musayev, karateçi
Əfqan Qurbanov məşəli insan izdihamının
alqışlarıyla birlikdə daşıdılar. Sonda isə məşəl voleybol üzrə
kişilərdən ibarət Naxçıvan Muxtar Respublika
yığmasının kapitanı, eyni zamanda Azərbaycan
yığmasının üzvü Polad Əliyevə təhvil
verildi.
Biz estafet boyunca fürsətdən istifadə edib bir
neçə məşəlçinin fikirlərini öyrəndik. İlk olaraq məşəli
təhvil alan Xanım Xudadanova öz təəssüratlarını
bölüşdü:
- Bilirəm
ki, məşəl ölkəmizin 60 rayonunda nümayiş
olunacaq, 1000-dən çox gənc bu məşəli
daşıyacaq. Amma mən o məşəli
daşıyan ilk gənc idmançı olaraq çox
böyük bir şərəf və qürur duyuram. İnanıram ki, həmin anda hamı mənim yerimdə
olmaq istərdi. Buna görə mən
böyük bir məsuliyyət daşıyırdım.
Müstəqil ölkəmizin gənci olaraq I
Olimpiya Oyunlarının məşəlini daşımaq nə
qədər şərəflidirsə, bu hissi ifadə etmək
bir o qədər çətindir.
Fəal gənc
Tamerlan Abdullayev isə öz təəssüratlarını
belə ifadə etdi:
-
Qürurlu bir məqam idi. O məşəli daşıyarkən
düşünürdüm ki, bir çox beynəlxalq
yarışlara ev sahibliyi edən ölkəmizin
sürətli iqtisadi inkişafı sayəsində, dünyada
tanınmasının nəticəsində biz yaxın onilliklərdə
Dünya Olimpiadasının da məşəlinin bu
insanların önündən
daşındığının şahidi olacağıq.
Naxçıvan
şəhərinin mərkəzi meydanında qurulmuş səhnədə
festivalın aparıcısının qürur dolu sözləri
ətrafda əks-səda verərək fəxr mənbəyinə
çevrilirdi:
- Salam Azərbaycan!
Salam Naxçıvan!
Naxçıvan qədim türk diyarı, ulu Azərbaycan
torpağı.
Şərəfli tarixi olan qəhrəmanlar məskəni.
Qədim maddi mədəniyyət abidələri
ilə zəngin, tarixən “Nəqşi-cahan”
adlandırılan Naxçıvan Qərbdən Şərqə
açılan qapıdır. Tarixi günləri
yaşayır Vətənimiz. Ölkəmizdə Avropa
Oyunlarının keçirilməsinə lap az
qalıb. Hazırda isə sizinlə birgə ilk
Avropa Oyunlarının məşəlini yandırmaq
üçün toplaşmışıq. Sizin hamınızı burada görmək xoşdur.
Bütün
dünyanın ən əhəmiyyətli idman hadisələrindən
biri olan Avropa Oyunları ilə bağlı Azərbaycanın
60 şəhərində məşəl estafetlərinin, məşəl
festivallarının təşkil ediləcəyini diqqətə
çatdıran aparıcı sonra məşəli gətirən
sonuncu idmançının burada olduğunu xatırlatdı.
Əlindəki məşəllə meydana
yaxınlaşan Polad Əliyev alqış sədaları
altında bir neçə dövrə vurdu.
Artıq Günəş qürub etmək üzrə
idi. Polad Əliyevin əlində alovlanan məşəl
havanın alatoranlığında daha möhtəşəm
görünür, Odlar Yurdunun tarixi rəmzi olan odun alov dilimləri
festival iştirakçılarının qürur mənbəyinə
çevrilirdi.
Heydər Əliyev prospektində qurulmuş səhnəyə
doğru insanların arasından keçərək gələn
Polad Əliyev aparıcının təqdimatıyla tədbirə
toplaşanların alqış sədaları altında səhnəyə
dəvət olundu.
Səhnədə Naxçıvan şəhərinin rəsmi
nümayəndəsi, Naxçıvan Muxtar Respublikası gənclər
və idman naziri Azad Cabbarovla birlikdə Oyunlar boyunca
Naxçıvan şəhərində alovlanacaq məşəli
yandırdılar.
Aparıcının
məşəli daşımaq necə bir hissdir sualını
cavablandıran Polad Əliyev bunları dedi:
- Bu
gün Naxçıvan şəhəri möhtəşəm
bir festivala şahidlik edir. Və bu festivalın ən
önəmli bir təmsilçisi olduğum üçün
hədsiz dərəcədə həyəcanlı və
qürurluyam. Mənim üçün qədim
Nuh yurdunda Oyunlar boyunca alovlanacaq atəşi yandırmaq şərəfdir.
Həm də bir Azərbaycan vətəndaşı olaraq
ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etdiyi üçün də hədsiz
dərəcədə qürur duyuram. Avropa
Oyunlarında ölkəmizi təmsil edən bütün
idmançılara, xüsusilə də Naxçıvan Muxtar
Respublikasının yeganə idmançısı, boksçu
Tayfun Əliyevə uğurlar arzu edirəm. Ümid edirəm ki, biz onu Avropa Oyunlarından sonra,
burada, bu meydanda çempion kimi qarşılayacağıq.
Məşəlçinin bu sözləri bütün
naxçıvanlıların bir neçə dəqiqəlik
alqışlarına səbəb oldu. Hiss olunurdu ki, festivala toplaşan hər
kəs muxtar respublikanın yeganə təmsilçisi Tayfun
Əliyevə böyük ümidlər bəsləyir.
Daha sonra söz Naxçıvan Muxtar Respublikası gənclər
və idman naziri Azad Cabbarova verildi.
“Bakı-2015”
Avropa Oyunlarının məşəlinin ilk səyahətinə
Azərbaycanın qədim yurdu olan Naxçıvandan
başladığını qeyd edən, bu tarixi hadisə
münasibətilə Alov festivalının
iştirakçılarını salamlayan və təşkilatçılara
minnətdarlığını bildirən nazir sözünə
belə davam etdi:
-
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən
nüfuzlu idman yarışlarına yüksək səviyyədə
ev sahibliyi edir,
idmançılarımızın Olimpiya Oyunlarında,
dünya və Avropa çempionatlarında qazandıqları
medalların sayı ilbəil artır.
Naxçıvan Muxtar Respublikasında da idman
qayğı ilə əhatə olunub. Olimpiya idman kompleksləri,
üzgüçülük, şahmat, stend və sportinq
atıcılıq mərkəzləri, stadionlar, şahmat və
uşaq-gənclər idman məktəbləri
yaradılıb.
Bütün bunlar ölkəmizdə idmanın göstəricisidir. Təsadüfi
deyil ki, Azərbaycan dünyada həm də idman ölkəsi
kimi tanınır.
Ölkəmiz
bu ilin iyun ayında qitədə ilk dəfə olaraq
keçiriləcək Avropa Oyunlarına ev
sahibliyi edəcəkdir. Bu oyunlar Azərbaycanda
idmanın inkişafına, ölkəmizin dünyada
tanınmasına, etibarlı imic qazanmasına, milli mədəniyyətimizin
dünyada nümayiş olunmasına şərait
yaradacaqdır.
Çıxışının sonunda I Avropa
Oyunlarının Azərbaycanda keçirilməsinin
naxçıvanlıları, o cümlədən muxtar
respublika idmançılarını da çox sevindirdiyini
bildirən nazir bu münasibətlə bütün
idmançıları təbrik etdi, onlara Avropa Oyunlarında
uğurlar arzuladı.
Bundan sonra milli mədəniyyətimizin zəngin bir qolu
olan Şərur Xalq Yallı Ansamblının və
Naxçıvan Dövlət Filarmoniyasının kollektivləri
səhnəyə çıxdı. Kollektivlərin ifasında bir
neçə rəqs ifa olunduqdan sonra aparıcı məşəl
estafeti, həmçinin oyunlar haqqında bir neçə məlumat
verdi. Aprel ayının 26-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın
birinci xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin
sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti
Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın
iştirak etdiyi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən “Atəşgah” məbədindən
I Avropa Oyunları alovunun götürülməsi mərasimi
barədə videoçarx nümayiş olundu.
Muxtar respublikanın minlərlə sakininin izlədiyi Məşəl
festivalından sonra bir neçə vətəndaşın
fikirlərini öyrəndik.
Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri,
akademik, Milli Məclisin deputatı İsmayıl Hacıyev:
- Azərbaycan Respublikası müstəqillik illərində
çox böyük uğurlara imza atmışdır. Bu uğurlar
mürəkkəb bir şəraitdə əldə
edilmişdir. Müstəqilliyin ilk illərində ərazimizin
bir hissəsinin itirilməsi, vətəndaşlarımızın
bir milyona yaxınının qaçqın və məcburi
köçkün taleyinə məhkum edilməsi ölkəmizin
inkişafı üçün çətinlik yaratsa da, ulu
öndər Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyətli
mövqeyi Azərbaycanın uğurlarının əsasını
qoymuş, gələcək inkişaf üçün baza
rolunu oynamışdır. Heydər Əliyevin
siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən
yüksək səviyyədə davam etdirilir.
Azərbaycan elə də böyük ölkə deyildir. Lakin ölkəmiz elə möhtəşəm hadisələrə imza atmışdır ki, bunlar Azərbaycanı dünyada tanıtmış, nüfuzunu artırmış, beynəlxalq birliyin diqqətini cəlb etmişdir. Azərbaycanın BMT-nin üzvü seçilməsi, kosmik sənayeyə malik olması, beynəlxalq mahnı müsabiqəsinin - “Eurovision”un Azərbaycanda keçirilməsi hətta böyük dövlətlərin də həsəd apardığı faktlardır.
“Bakı-2015” ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Belə bir beynəlxalq oyunun Azərbaycanda baş tutması ölkəmizin nüfuzundan, ona bəslənilən inam və etibardan irəli gəlir. Azərbaycan həm Asiya ölkəsidir, həm də Avropa ölkəsidir. Avropa ölkələri inanır ki, Azərbaycan bu oyunlara ən yüksək səviyyədə ev sahibliyi edəcək. Oyunlara hazırlıq işləri dünyada yüksək qiymətləndirilir. I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlər, həyata keçirilən tədbirlər Avropa Oyunlarının çox yüksək səviyyədə keçiriləcəyindən xəbər verir.
“Bakı-2015” Birinci Avropa Oyunlarının məşəlinin ölkə səyahətinə Naxçıvandan başlanması bizim üçün ikiqat bayramdır. Naxçıvanda alovlanan məşəl bütün dünyaya şölə saçacaqdır. Naxçıvan dünyanın elə bir ərazisidir ki, kosmosdan yerin rəngi Naxçıvan rəngində görünür. Naxçıvan qədim tarixə, dövlətçilik ənənələrinə malik olan müqəddəs bir məkandır. Bu gün festivalda şahidi olduğumuz məşəl I Avropa Oyunlarının ədalətliyinə, obyektlivliyinə işıq saçaraq güclülərin qalib gəlməsini şərtləndirəcəkdir. Müqəddəs məkandan nur alan I Avropa Oyunları Azərbaycanın timsalında ən yüksək uğurları ilə Avropanı bəzəyəcəkdir. Uğur olsun!
Şəhid anası Solmaz Əliyeva: “Bu gün burada yaşadıqlarımız ötən əsrin sonlarında müstəqilliyini qazanmış gənc bir ölkənin növbəti uğurudur. Sinəm qabarır ki, bu vətən üçün, bu azadlıq və müstəqillik üçün canından keçən, şəhid olan övladlarımızın qanı havayı tökülmədi. Onların şəhid olduğu vətənin hər sahədəki uğurları, inkişafı bir şəhid anası kimi məni doğrudan da kövrəltdi. Oğlum Əmiraslan Əliyev ölkəmizin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. Bu gün onun ruhu da bax bu yüzlərlə, minlərlə insanın arasından bu mənzərəni izləyir. Həm də inanıram ki, necə ki, ölkəmiz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedir, necə ki, ümummilli liderin ideyaları həyata keçirilir, biz bu cür uğurlara adət edəcəyik”.
Məşəl festivalı iştirakçıları arasında çoxdan tanıdığım, bir vaxtlar Naxçıvanın “Araz” futbol komandasının heyətində uğurlara imza atan veteran futbolçu Canpolad Həsənov da var idi. Onun da fikirlərini öyrəndik:
- Əvvəla bir idmançı kimi, futbolçu kimi fəxr etdim ki, öz bayrağımız altında bu yarışlar təşkil olunur. Uzun illər SSRİ vətəndaşı olaraq beynəlxalq yarışlara qırmızı oraq-çəkicli bayraq altında çıxırdıq. Amma indi üçrəngli bayrağımız bir çox mötəbər beynəlxalq təşkilatlarda dalğalandığı kimi, böyük idman yarışlarında da qürurla dalğalanacaq. Müstəqilliyin ən böyük sevinci məhz budur. Mən bu gün bu tədbiri izlədikcə həmin keçmişi düşündüm. Və yaxşı mənada gözlərim doldu. Gənclərimizə isə demək istərdim ki, müstəqlliyimizin nə qədər böyük bir nemət olduğunu heç vaxt unutmasınlar. Hansı sahədə olur-olsun ölkəmizi təmsil edərkən üçrəngli bayraq altında mübarizə apardıqlarından qürur duysunlar.
Məşəl festivalı keçirilən meydan getdikcə seyrəlirdi. Sağdan, soldan keçənlərin bir-birilərinə şərəf, qürur, fəxr dolu ifadələr söylədiklərini eşitmək çətin deyildi. Meydanın bir neçə addımlığında isə xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli heykəli ucalırdı. Odlar yurdunda, od oğullarının vətənində məhz ulu öndərin əsasını qoyduğu müstəqil bir ölkənin növbəti uğurunun məşəli alovlanırdı.
Elxan
MƏMMƏDOV,
Azərbaycan.-2015.- 28 aprel.- S.7.