Rişar Praskye: Azərbaycandan
nümunə götürmək lazımdır
Qafqaz
Müsəlmanları İdarəsində Fransanın Yəhudi
İnstitutlarının Təmsilçilik Şurasının
(CRIF) keçmiş rəhbəri Rişar Praskyenin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüş olub.
AZƏRTAC
xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin
sədri şeyxülislam Allahşükür Paşazadə
qonaqları salamlayaraq onlara Azərbaycandakı konfessiyalar,
ölkəmizdə dövlət-din münasibətləri barədə
məlumat verib.
Qeyd
edilib ki, tolerant Azərbaycanda müxtəlif konfessiyaların
nümayəndələri həmişə əmin-amanlıq
içində yaşayıblar. Burada heç vaxt ksenofobiyalar
və dini zəmində münaqişələr
müşahidə edilməyib. Ölkənin konstitusiyası
digər azadlıqlarla yanaşı din
azadlığını da təmin edir, bizdə milli və ya
digər əlamətə görə ayrı-seçkilik
yoxdur, qanun qarşısında hamı bərabərdir.
Dövlət məbədlərin tikintisini və bərpasını
maliyyələşdirir. Azərbaycanda bir neçə sinaqoq
fəaliyyət göstərir. Azərbaycan xalqı mehriban və
başqa dinlərə qarşı dözümlü xalqdir.
Biz ölkəmizdə yaşayan xalqların dini
bayramlarını birlikdə qeyd edirik. Dinlərarası dialoqa
böyük əhəmiyyət verilir.
Şeyxülislam
təəssüflə bildirib ki, Ermənistanın Azərbaycana
qarşı təcavüzü davam etdiyinə görə
ölkənin bütün vətəndaşları, o cümlədən
yəhudilər əziyyət çəkirlər.
Bakı
və Azərbaycan yepiskopu Aleksandr, Dağ yəhudiləri
icmasının rəhbəri Milix Yevdayev də qonaqlara Azərbaycandakı
dini vəziyyətdən danışıblar. M.Yevdayev Azərbaycanda
yaşayan yəhudilərin vəziyyəti barədə məlumat
verərək bildirib ki, onların ölkədə heç
bir problemi yoxdur. Yəhudi icması ilə Azərbaycanın
digər dini konfessiyaları arasında
qarşılıqlı münasibətlərə gəldikdə
isə, bu münasibətlər tolerantlıq və
qarşılıqlı hörmət xarakterini qoruyub
saxlayır, burada antisemitizm və millətçilik yoxdur.
Rişar
Praskye səmimi qəbul üçün minnətdarlığını
bildirib, Prezident İlham Əliyev ilə
görüşündən söhbət açıb. Qonaq
qeyd edib ki, əgər planetin hər yerində müxtəlif
konfessiyaların nümayəndələri Azərbaycandakı
kimi əmin-amanlıq içində yaşasalar, bu,
böyük nailiyyət olar. Onun sözlərinə görə,
hətta Fransada da bu sahədə problemlər müşahidə
edilir. R.Praskye deyib: “Azərbaycan Avropanın bütün
demokratik ölkələri üçün nümunə ola
bilər. Sizin nümunədən istifadə etməyə dəyər,
biz bu təcrübəni öyrənəcəyik”.
R.Praskye
qeyd edib ki, belə səfərlər, şübhəsiz,
xalqların bir-birini daha yaxşı tanımasına kömək
göstərir.
Sonda
qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Görüşdə
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov
iştirak edib.
Azərbaycan.-2015.- 28 aprel.- S.8.