Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, vətəndaşların müraciətləri əsasən onlara ayrılan torpaq sahələri, yaşadıqları fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, eyni zamanda, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı olub. Bəzi vətəndaşlar isə komitənin “kütləvi çıxarış” kampaniyasında iştirak və mobil ofis xidmətlərindən faydalanmaqla bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb, bir sıra müraciətlərin həlli üçün isə müvafiq ərazi bölmələrinə göstərişlər verilib. Araşdırma tələb olunan müraciətlər qeydiyyata alınıb, bəzi vətəndaşlara onların müraciəti ilə bağlı hüquqi tələblər izah olunub.

 

Azərbaycan.-2015.- 28 aprel.- S.8.