Görkəmli ədəbiyyatşünas alim

 

XX əsrdə Azərbaycan ədəbiyyatına böyük töhfə verən görkəmli ziyalılarımızdan biri Firidun bəy Köçərlidir. O, 1863-cü ilin yanvar ayının 26-da Şuşada anadan olub. Uşaqlıq illəri Şuşanın Köçərli məhəlləsində keçən Firidun bəyin ulu babası Məhəmməd bəy Cavanşir mahalının Köçərli kəndindən gələrək Şuşa şəhərində məskən salıb və sonralar onun övladları bütün ətrafda Köçərlilər kimi tanınıblar.

Firidun bəy 1876-cı ildə Şuşadakı Realnı məktəbə daxil olub. Həmin məktəbin 3-cü sinfində oxuyarkən onun həyatında çox dərin, unudulmaz iz buraxan hadisə baş verir. Firidun bəy Qori Müəllimlər Seminariyasının müəllimi, Şuşaya tələbə toplamağa gələn Çernyayevski ilə görüşür. Biliyini artırmaq, xalqın maariflənməsi uğrunda çalışmaq həvəsi ilə qəlbi döyünən Firidun bəy Şuşada bu böyük müəllimin seçdiyi ilk tələbələrdən biri olur. Atası Əhmədağa bəy dörd bacının bir qardaşı olan Firidunin əvvəlcə Qoriyə getməsinə razılıq vermir. Lakin Firidunun təkidi, xahişləri qarşısında tab gətirməyərək buna razı olur. Beləcə Firidun Qoriyə yola düşür və 1879-cu ildə Qori Müəllimlər Seminariyasının “Azərbaycanlı şöbəsinə” qəbul edilir. Seminariya həyatı, buradakı təhsil, tələbə və müəllimlərlə əlaqə gənc Firidunin fikri, mənəvi inkişafına müsbət təsir göstərir. O, müxtəlif elmlərə yiyələnir, dünya ədəbiyyatı nümunələrini mütaliə edir, pedaqogikaya həvəs göstərir. 1885-ci ildə Firidun bəy Qori Müəllimlər Seminariyasını müvəffəqiyyətlə bitirir.

Firidun bəy Köçərli 1885-ci ilin iyun ayında İrəvan gimnaziyasının Azərbaycan dili və şəriət müəllimi təyin olunur. 1887-ci ildə isə gimnaziyada mürəbbe müavini vəzifəsinə yüksəlir.

İrəvan gimnaziyasında çalışdığı illərdə Firidun bəy Köçərli maarif məsələsinə dair məqalələr yazır. Zöhrabzadə ilə birlikdə “Təlimi lisani türk” dərslik kitabını tərtib edir. “Təlimati Sokrat” adlı fəlsəfi əsərin nəşrinə nail olur. Rus ədiblərindən Puşkin, Lermantov, Tolstoydan tərcümələr edir, tənqidi məqalələr yazır. İrəvan gimnaziyasında Firidun bəy Köçərli bir sıra qabaqcıl müəllimlərlə yaxından dostluq edir. Böyük ədib 10 ilə yaxın bir müddət ərzində İrəvan Azərbaycan teatrının yaradılmasında və tamaşaların qoyulmasında müstəsna xidmətlər göstərir.

Firidun bəy Köçərli 1895-ci ilin oktyabrında Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. Bundan sonra onun pedaqoji və ədəbi fəaliyyətinin yeni dövrü başlanır. Qori Müəllimlər Seminariyası adı ilə məşhur olan bu tədris ocağı bir çox Azərbaycan ziyalılarının yetişməsində əsas rol oynayır.

1918-ci ildə Şərqdə ilk dəfə olaraq demokratik üsul idarəsində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 aylıq hakimiyəti dövründə gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq xalqımızın tarixində böyük izlər buraxdı. Bu dövrdə maarifçi xadim, qəlbi xalqının maariflənməsi və təhsilin inkişafı üçün döyünən Firidun bəy Köçərli Qoridə fəaliyyət göstərən müəllimlər seminariyasının “Azərbaycanlı şöbəsini” Qazaxa köçürürelmi-pedaqoji fəaliyyətini burada davam etdirir.

1920-ci ilin aprel ayında hakimiyyətə gələn kommunistlər hakimiyyətin xalqa mənsub olduğunu elan etsələr də, çox keçmədən əsl həqiqətlər ortaya çıxdı. Xalq arasında nüfuz sahibi olan insanlara, milli təfəkkürə sahib olan ziyalılarımıza qarşı təqiblər başlandı. Tarixi fürsəti yaxalayan ermənilər bu sahədə xüsusi səy göstərdilər. Təqiblərə məruz qalan, acınacaqlı tale yaşayan Azərbaycan ziyalıları sözün əsl mənasında, fədai idilər. Elm fədaisi, millət fədaisi! Sovet irtica rejiminə qarşı sinə gərən, onlara meydan oxuyan bu ziyalı ordusu öz fəaliyyəti ilə Azərbaycan tarixində dərin izlər qoydu. Özlərini kommunist adlandıran qaniçən bolşeviklər və onların erməni havadarları ziyalılarımızı qətlə yetirməklə Azərbaycanın düşünən beynini, yazan əlini kəsməyə çalışdılar. Bu cür təqiblərə məruz qalan, acınacaqlı tale yaşayan ziyalılarımızdan biri də körkəmli ədəbiyyatşünas, tədqiqatçı alim və təcrübəli pedaqoq Firidun bəy Köçərli idi.

Firidun bəy Köçərli “kommunist” qiyafəsində daşnak ruhlu qaniçən bolşeviklərin gözündən yayınmadı və o, 1920-ci il mayın 4-də həbs edildi.

Firidun bəy Köçərli “xalqın əleyhinə çıxış etmə, ərazi müsadirə etmə, milli nifaq törətməkdə” günahlandırıldı. Halbuki Firidun bəyin tərcümeyi-halı və yaradıcılığı göstərir ki, o, bütün ömrünü xalqın tərəqqisi və maariflənməsinə həsr edib. Tale onu ağır sınağa çəksə də, o, Azərbaycan balalarını özünə övlad kimi qəbul edibonlara əsl atalıq qayğısı göstərib. Atasından miras qalan 60 desyatin torpaq sahəsini təmənnasız olaraq ağır vəziyyətdə yaşayan kəndlilərə verib. Firidun bəy öz əsərlərində bütün xalqların dostluğunu, qardaşlığını və vətənpərvərliyini təbliğ edib, insanları humanistliyə, dünyəviliyə səsləyib. Bütün bu faktlar göstərir ki, kommunistlərin Firidun bəy haqqında irəli sürdükləri ittihamlar heç də həqiqəti əks etdirməyib. Bu məkrli siyasət Azərbaycanın görkəmli insanlarının, maarifçi ziyalılarının sürgün və qətl edilməsi məqsədini daşıyıb.

Firidun bəy 5 iyun 1920-ci ildə kommunistlərə verdiyi izahatında ona qarşı irəli sürülən bütün ittihamları rədd edibözünün günahsız yerə həbs edildiyini bildirib.

Firidun bəy Köçərlinin həbs edilməsi Nərimanov tərəfindən etirazla qarşılanır. O, Firidun bəyin siyasi işlərdən uzaq maarifçi bir insan olduğunu bildirir və dərhal azad edilməsi ilə bağlı teleqraf göndərir. Lakin erməni əsilli, əqidəsi isə daşnak olan Liberman Nərimanovun bu teleqrafını gizlədir və Firidun bəyin ölümünə şəxsən rəvac verir.

Gəncə Xalq Komissarları Soveti tərəfindən 4 iyun 1920-ci il tarixdə təsdiq edilən qərarda göstərilir:

Firidun bəy Köçərli güllələnsin.

Təsdiq edirəm.

7 nömrəli xüsusi bölmənin rəisi: Liberman

fövqəladə hallar üzrə komissar: Həmid Sultanov

Firidun bəyin həyat yoldaşı Badisəba xanım da elmə, biliyə xüsusi maraq göstərən bir insan idi. O, Azərbaycan övladlarını ziyalı kimi görmək istəyirdi. Firidun bəyin ölümündən sonra o, uşaq evi yaradaraq valideynsiz və köməksiz olan Azərbaycan övladlarını buraya toplayır. Onlara elm, bilik öyrədir. İndi Şəkidə 2 saylı Qarışıq tipli uşaq evi kimi fəaliyyət göstərən tədris müəssisəsi xalq arasında Badisəba xanımın yaratdığı uşaq evi kimi də tanınır.

Məşhur yazıçı-alim Mir Cəlal Paşayev Firidun bəy Köçərlinin ədəbiyyatşünaslıq sahəsindəki danılmaz xidmətləri haqqında yazır:

Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli tək başına görüb. Bu görkəmli maarifçi 20 ildən çox Qoridə, 10 il İrəvan gimnaziyasında, 2 ilə yaxın müddətdə isə Qazax seminariyasında azərbaycanlı gənclərin təlim-tərbiyəsi ilə məşğul olub və “Azərbaycan ədəbiyyatı” kimi çox sanballı elmi əsər yazıb”.

Hələ çox illər keçəcək, nəsillər dəyişəcək tanınmış pedaqoq, maarifpərvər, tədqiqatçı-alim, ədəbiyyatşünas Firidun bəy Köçərlinin yaradıcılığı Azərbaycan ədəbiyyatına həmişə işıq salacaq.

 

Mahir QƏRİBOV,

tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2015.- 28 aprel.- S.11.