Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Bolqarıstan Prezidenti Rosen Plevneliyev ilə görüşüb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.

Dövlətimizin başçısı Bolqarıstan Prezidenti Rosen Plevneliyevin III Qlobal Bakı Forumunda iştirakının önəmini vurğuladı.

Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən Prezident İlham Əliyev Bolqarıstana səfərini və səfər zamanı strateji tərəfdaşlıq haqqında imzalanan sənədi məmnunluqla xatırladı.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərdiyini dedi. Rosen Plevneliyev Bolqarıstan ilə Azərbaycan arasında mövcud ikitərəfli əlaqələrin, əldə olunan razılaşma və anlaşmaların regional əməkdaşlığın genişləndirilməsi baxımından da rolunu xüsusi qeyd etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2015.- 29 aprel.- S.3.