Növbəti panel
iclasları “Rusiya-Qərb münasibətlərinin perspektivləri”
və “Radikallaşma” mövzularına həsr
edilib
Üçüncü
Qlobal Bakı Forumu çərçivəsində növbəti
panel iclasları “Rusiya-Qərb münasibətlərinin
perspektivləri” və “Radikallaşma” mövzularına həsr
edilib.
ABŞ-ın
sabiq Prezidenti Bill Klintonun müşaviri işləmiş Mark
Medişin moderatorluğu ilə keçirilən iclasda
Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa ölkəsinin
son 20 il ərzində keçdiyi inkişaf yoluna nəzər
salıb.
Bolqarıstanın
sabiq Prezidenti Petar Stoyanov Rusiya-Qərb münasibətlərinin
tarixi və hazırkı vəziyyətindən
danışıb.
Beynəlxalq
Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr Likotal,
Çexiyanın sabiq PrezidentiVatslav Klaus və başqaları
çıxış edərək bildiriblər ki, ötən
əsrin 90-cı illərinin əvvəllərində Şərqlə
Qərb arasında normal münasibətlərə əsaslanan
yeni dünya düzəninin qurulmasına ümid var idi. Soyuq
müharibənin bitməsi ilə Avropa qitəsi ətrafında
demokratiya, azadlıq və insan haqları kimi dəyərlər
yayılsa da, dünya düzəni Qərbin gözləntilərini
doğrultmadı. Diqqətə çatdırılıb ki,
Rusiya ilə Qərb arasında münasibətlərin
inkişafı təhlükəsiz dünya düzəninin
qurulmasında mühüm rol oynaya bilər.
Forum
çərçivəsində keçirilən digər
panel iclası isə “Radikallaşma” mövzusuna həsr olunub.
İclasda
moderatorluq edən İtaliyanın keçmiş xarici işlər
naziri Franko Frattini radikallaşmanın yayılmasının
qarşısının alınması yollarından
danışaraq qeyd edib ki, insanlar radikal və ya terrorist olaraq
dünyaya gəlmirlər. Onlar bu işə sonradan cəlb
olunurlar. F.Frattini təhsil sahəsindəki
çatışmazlıqların yaratdığı problemlərdən
də danışıb. Bildirib ki, dünyada xüsusilə təhsilli
gənclərə böyük ehtiyac var.
Vurğulanıb
ki, demokratikləşmə, yaxşı idarəetmə təhsil
probleminin həllində əsas məsələlərdən
biridir. Radikallaşma ilə mübarizədə beynəlxalq
qurumların köməyinə böyük ehtiyac var. Qeyd
edilib ki, bir neçə il əvvəl gənclərin
ekstremist meyillərə maraqlı olmasına heç kim
inanmazdı. Lakin indi dünya ictimaiyyəti son dövrlərdə
radikallaşma meyillərinin artmasından təşvişə
düşüb.
Belçikanın
keçmiş dövlət naziri Herman de Kroo bir neçə
il əvvəl ölkəsində təhsil naziri işləyərkən
məktəblərdə İslam dininin tədris olunduğunu
diqqətə çatdırıb. İslam dininin məktəbdə
öyrədilməsinə üstünlük verdiyini söyləyən
Herman de Kroo Belçikada, Avropada bəzi miqrantların
adaptasiya probleminin olduğunu vurğulayıb. O deyib ki,
hazırda dünyadakı bütün televiziya
kanallarını izləmək mümkündür. Kütləvi
informasiya vasitələrinin mənfi təsirləri ola bilər.
Bir çox ailələr yalnız öz dillərində
kanalları izləyirlər. Onlar yaşadıqları dövlətə
inteqrasiya edə bilmirlər. Bu da işsizliyə şərait
yaradır. Biz bu insanlarla işləməyə
çalışırıq. Onların cəmiyyətə
inteqrasiyası istiqamətində işlər
görürük. Onlar paralel həyat yaşayırlar və
bir gün təbliğatçıların qurbanına
çevrilirlər. Hazırda Belçika bu istiqamətdə təhlükəsizliyini
möhkəm şəkildə təmin edir.
İordaniyanın
keçmiş Baş naziri Taher Masri bildirib ki,
araşdırmalara görə, dünyada radikalizmlə üzləşməyən
region yoxdur. Əsas səbəb diskriminasiya, yoxsulluq, psixoloji
amillərdir.
İtaliyanın
keçmiş Baş naziri Massimo D’Alema çıxış
edərək bildirib ki, təsisatların səmərə verməsi
üçün cəmiyyətdə dəyişikliklər
olmalı, insanlar həyata keçirilən islahatların
faydasına inanmalıdırlar. Bunu insanlara əyani şəkildə
nümayiş etdirmək, onların təhsilə
çıxışını asanlaşdırmaq
lazımdır. Cəmiyyətlərə ədalət
lazımdır. İnsanlarla ünsiyyət onların
rifahını təmin etməkdə səmərəli
üsul olmalıdır.
Bəzi
anlaşılmazlıqların zaman və reallıq
anlayışının fərqliliyindən irəli gəldiyini
deyən Səudiyyə Ərəbistanı Şura Məclisinin
üzvü xanım Dalal Bint Al-Harbi ölkəsində
radikalizmlə ciddi mübarizə
aparıldığını, gənclərin ekstremist təhlükələrdən
uzaqlaşdırılması, onların cəmiyyətə
inteqrasiyası üçün reabilitasiya dərnəklərinin
fəaliyyət göstərdiyini diqqətə
çatdırıb. O, sabitliyin, birgə fəaliyyətin,
insanların hüquqlarının təmin edilməsinin əsas
amillər olduğunu vurğulayıb.
Tədbirdə
radikal qruplaşmalara qarşı qlobal mübarizənin
vacibliyi vurğulanıb. Diqqətə
çatdırılıb ki, ideal bir cəmiyyət
üçün açıq cəmiyyət konsepsiyası
diqqətdə saxlanmalı, dünyada daha təkmil inkişaf
prosesi yaradılmalıdır.
Azərbaycan.-2015.- 29 aprel.- S.4.