Mənalı ömrün yüzüncü ili

 

 

İnsan və zaman

 

Ömrünün yüz ilini başa vuran insan xatirələri vərəqləyəndə, görəsən, həyatının hansı məqamlarını bayraq kimi başının üstünə qaldırır və nələrin üstündən sükutla keçir? Bu suala cavab almaq üçün Azərbaycanın məşhur elm və siyasi xadimlərindən biri, 100 yaşlı akademik İsmayıl İbrahimovla görüşə gedirik. 20 ildən yuxarı Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyası) rəhbərlik edən, siyasi karyerasında Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn, 60 ilə yaxın Azərbaycan KP MK-nın birinci katiblərini şəxsən tanıyan və onların, demək olar ki, hamısı ilə təmasda olan, yoldaşlıq və dostluq edən nadir bir insanın həyat fəlsəfəsinin mahiyyətinin hansı dəyərlərin bünövrəsi üzərində qurulması, yəqin ki, hamı üçün maraqlıdır.

“Sahil” metrosunun çıxışının qarşısındakı binanın ikinci mərtəbəsinə qalxırıq. Qapını açıb, qonaq otağına dəvət edirlər: “Zəhmət olmasa, əyləşin, İsmayıl müəllim indi gələcək”. Ötən əsrin 70-80-ci illərinin mebelləri ilə bəzədilmiş geniş, lakin dəbdəbə və təmtəraqdan uzaq otaqda hər şey yaxın keçmişi - sovetlər dönəmini xatırladır. Burada yaşayanların ruhundan divarlara çilənən saflığı hiss edirsən, özündən asılı olmayaraq təxəyyülün qanadlarında keçmişə, xatirələrin mürgülədiyi məkana qanadlanmaq üçün bələdçi axtarırsan...

Qonaq otağının qapısı açılır, 100 yaşlı İsmayıl İbrahimov simasında Tanrının yalnız nurani insanlara bəxş etdiyi mərhəmətli təbəssümlə içəri daxil olur. Gözlərində, üzünün ifadəsində ətrafa sevinc və məmnunluq bəxş edən ecazkar nur var. Müsahibimlə uzun bir ömrün səyahətinə çıxırıq. Lakin bu adi, xronoloji səyahət deyil: hadisələr bir-birinin arxasınca illərə, zamana görə yox, həyatın fəlsəfəsini dərk etmək istəyən hər bir kəs üçün vacibliyinə, dəyərinə görə düzülür.

 

Vəfalı övlad

 

Səmavi kitabda deyilir ki, bizim saydığımız min il Tanrının dərgahında bir gün kimidir. Yəni zaman yalnız saniyə, saat, ay və illərdən ibarət deyil. Bu baxımdan İsmayıl müəllimin ömrü də zamanın dramatik gərginliyi, bəsit faciələrin sonsuz təkrarı, mürəkkəb tarixi hadisələrin zənginliyi ilə min illik həyat yoluna bərabərdir. O, ömür adlı dənizin qasırğalarından, tufanlarından yelkənlərini qaldıraraq son məqsədə doğru inamla üzən nikbin bəyaz yelkənli gəmini xatırladır. Bu gəmi sualtı dağlara, aysberqlərə, sərt qayalara dəyib parçalanmadı, tarixin fırtınalarında batmadı. Əksinə, genetik əxlaqına, ailəsinə, dostlarına və dövlətinə ömrünün sonuna kimi sadiq qaldı. Bəlkə də onun simasına çilənən nur aylardan, illərdən ilmə-ilmə ömrünə vurulan naxışlar gözəgörünməz, müdrik və ali qüvvənin öz dərgahından ona göndərdiyi ən dəyərli mükafatdır.

Üz-üzə otururuq, müsahibini anındaca dəyərləndirən iti baxışları var, alnının qırışlarından, sifətinin cizgilərindən hiss olunur ki, məsuliyyət dərk edən böyük ağıl sahibidir. Onun danışdıqlarını qeydə almaq istəyirəm, işarə edir ki, lazım deyil və davam edir: - “Mənim planlarım var. Yüz illik ömrümlə bağlı valideynlərimə hesabat verməliyəm. Ordubada gedəcəyəm, qəbiristanlığa baş çəkəcəyəm, deyəcəyəm ki, ata, ana, mən sizin məzarlarınızı ziyarətə gəlmişəm, əliboş gəlməmişəm, yaşadığım ömür, aldığım mükafatlar, böyüdüb tərbiyələndirdiyim uşaqlar, tutduğum vəzifələr - hamısı o deməkdir ki, mən sizin istədiyiniz mərtəbələrə ucaldım. Yalnız sizin mənə verdiyiniz tərbiyə sayəsində biliklərə yiyələndim. Sizin məzarınızın ayağında duran oğul adi, sıravi adamlardan deyil. Sizin qanınızdan gələn və keçmişinizdən mənə miras qalan genetik yaddaş sayəsində biliklərə can atdım, akademik seçildim. İşimdə, münasibətlərdə maraq əvəzinə mükəmməlliyə can atdım. Kimsəyə xəyanət etmədim - ailəmdən, dostumdan tutmuş Vətənə qədər. Ana, ata, sizin məzarınızın ayağında duran oğul keçmiş Sovet İttifaqında ən yüksək titullara - SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb. Ana, 12 yaşımda Tanrı bizi kasıbçılıqla, çörəklə sınağa çəkəndə mənə and verdin ki, “sən fəhlə olmayacaqsan”. Mən buna da əməl etdim və Azərbaycan Respublikasında Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək ucaldım. Sizin nəvələriniz elmlər doktorlarıdır, dünyanın ən məşhur universitetlərində çalışırlar. Bu gün 100 yaşımda ayağınıza gəlib bir oğul kimi hesabat verirəm, biləsiniz ki, adınızı daim uca tutdum və ömrüm boyu sizə layiq övlad olmağa çalışdım”.

Aradan neçə gün keçsə də, onun monoloqunu unuda bilmirəm və yəqin beş, ya on il sonra da bu sözlər yaddan çıxmayacaq. Çünki həmişə atalar övladlarının savadı, biliyi, vəzifəsi ilə öyünüblər. Belə görmüşük. Yüz il ərzində bütün qazandıqlarını çəmən çiçəkləri kimi qucağına yığıb atanın, ananın məzarı üstünə səpmək hər oğulun ağlına gəlməz.

İsmayıl müəllim Ordubadda 1915-ci ildə anadan olub. Bu şəhər xan çinarları, qədim abidələri, kəhrizləri və alimləri ilə Şərqdə məşhur olub. Alimləri çox olduğu üçün vergilərdən belə azad edilib. İndi də bu şəhərdə Aleksandr Dümanın kölgəsində əyləşdiyi xan çinar min illik əzəməti ilə gələnləri qarşılayır, gedənləri yola salır, indi də kəhrizlərin sehrli sularının səsi kəsilmir. Burada məhəllədən məhəlləyə keçdikcə əsrdən- əsrə adlamaq mümkündür.

Atası Əli kişi qəfil güllədən dünyasını dəyişəndə yüz yaşlı akademikin heç iki yaşı da yox idi. Onun yaddaşında atasının surəti anası Bacıxanımın danışdığı kəlmələrlə cızılıb. Əli kişi Ordubadda çörək bişirib satarmış, paklığı, təmizliyi ilə seçilən bir adam imiş. Bəlkə elə anası Bacıxanım da sadə və savadsız çörək bişirən Əlini elə halallıq və saflığına görə onunla ailə həyatı qurmaq istəyən qonşuları, yazıçı Məmməd Səid Ordubadidən üstün tutubmuş. “Üsuli cədid” məktəbini yaradan qardaşı Mehdi bir dəfə zarafatyana barmağını xəmirinə batıranda Əli kişi o yeri kəsib atıbmış ki, çörəyi murdar olmasın.

Ata ilə bağlı xatirələr olduqca az, zaman isə qədərsiz dərəcədə sonsuz - 98 il uzunluğunda olsa da, İsmayıl müəllimin qəlbində ata sevgisi öləziməyib. Qızı Ləman xanımı da heyrət bürüyür ki, atasının qəlbində valideynlərinə rəğbət və sevgi azalmaq əvəzinə ildən-ilə artır. Zaman ötdükcə o atasını, anasını daha çox xatırlayır, daha çox darıxır və onları daha yüksək qiymətləndirir: - “Çox güman ki, bu onun təbiəti, ruhu ilə bağlıdır. Sanki onun qəlbində övladlıq hissləri daim kamilliyə doğru cilalanmaqdadır. O, özünə və bizə qarşı da belədir. Qütblü münasibətlər olub: tələbkar və mülayim. Sərtdir, amma qibtə ediləsi dərəcədə mərhəmətli insandır. Heyrətamiz olanı da budur. Biz öz aramızda həmişə onu müzakirə edirik, həmişə ondan danışırıq ki, kim daha çox ona bənzəyir...

- Yəqin ki, heç biriniz onun mükəmməllik zirvəsinə ucala bilmirsiniz. - deyə əlavə edirəm.

- Təbii ki, elədir. - Ləman xanım razılaşır. - Amma hamımızın təbiətində ondan gələn cizgilər var. Əvvəl biz bu əlamətləri özümüzdə axtarardıq, indi də atamın nəvə-nəticələri bu mübahisələri davam edirlər. Hamı ona bənzəmək, nədəsə ona oxşamaq, ondan nümunə götürməyə can atır.

 

Sədaqətli ər

 

Bu il dekabrın 31-də İsmayıl İbrahimovun 100 yaşı tamam olacaq, amma o bir qədər kədərlidir və bu mühüm tarixi qeyd etməyə tələsmir. Səbəbi ciddidir - 70 ilə yaxın sevincini, ağrı və acısını onunla bərabər bölən həyat yoldaşı Məryəm xanımı bu ilin əvvəlində itirib.

Bəzən elə olur ki, uzun illər birlikdə yaşayan insanlar, adətən, bir-birlərindən bir qədər yorulur, hərə bir cürə övladlarına, nəvələrinə bağlanır. Lakin akademikə nadir insanlara nəsib olan 100 illik yubileyi ərəfəsində Məryəm xanımsız düşən axşamları və açılan səhərləri qarşılamaq asan deyil. Akademikin qızı Ləman xanım deyir ki, atası münasibətlərdə cüzi xırdalıqları belə gözləyə bilən nadir insanlardandır:

- Anama qarşı da həddən ziyadə diqqətcil və ümumiyyətlə, sədaqətli insan olub. Ailə elə müqəddəs ocaqdır ki, orada qəlp, saxta davranışın soyuqluğu yerindəcə özünü büruzə verir. Ölkənin ən yüksək elm xadimləri, siyasi simaları ailəmizin qonağı olub. Kim olursa-olsun, atam anam əyləşməmiş süfrəyə oturmazdı. Bilirsinizmi, Şərq mentalitetində kişi qadını məclisdən daha çox mətbəxdə görməyə alışıb. Atam fərqli insan idi, anam üçün yanındaca yer saxlayardı, gözləyərdi, onsuz süfrəyə əyləşməzdi. O dinləməyi, qayğı çəkməyi, istiqamətləndirməyi və arzulara doğru hamımızı qanadlandırmağı bacarırdı.

İsmayıl müəllim Ordubaddan Bakıya gəlib Məryəm xanıma rast gələnədək aradan 20 ilə yaxın bir vaxt keçir. Minqiz məhəlləsindəki ata yurdundan 12 yaşlı İsmayıl anası ilə birlikdə paytaxta 1927-ci ildə köçür. Ordubaddan Bakıyadək olan yolu fayton və qatarla 3 günə gəlirlər.

O günləri İsmayıl müəllim belə yada salır: “Qardaşımla birlikdə çox qala bilmədik. Güzəranımız çətinləşdiyindən anam Ordubada qayıtdı, ancaq ayrılanda qardaşıma dönə-dönə tapşırdı ki, məni oxutsun, fəhləliyə göndərməsin. 6-cı sinifdən hazırlığa, sonra da texnikuma daxil oldum. Qardaşım Qazaxıstana getmişdi, mən də ali məktəbi qurtarıb müharibəyə getdim, geri qayıdanda artıq 32 yaşım vardı”.

Müharibə bitəndən sonra qardaşı Moskvada qalmağı məsləhət görsə də, cihazqayırma zavodlarından birində ona sex mühəndisi vəzifəsi təklif edilsə də, İ.İbrahimov Bakıya, təhsil aldığı Sənaye İnstitutuna qayıdır, əvvəl baş laborant, kafedrada yarımştat, sonra isə tam ştatlı assistent vəzifəsində çalışır, Neft texnologiyası fakültəsində mühazirələr oxumağa başlayır.

Elə ilk mühazirələrində diqqətini sinifkom Məryəm Hüseynova cəlb edir. Bir dəfə Məryəmin əlindən sinif jurnalını alarkən İsmayıl dərk edir ki, artıq ömrü boyu güvənəcəyi xanımı tapıb. Şərq müdriklərindən biri deyir ki, sən sevdiyin qızı alma, o qızla ailə qur ki, onsuz yaşamağın mümkün olmasın. İsmayıl Məryəmlə maraqlanır, öyrənir ki, o da atasını uşaqkən itirib, anası da vəfat edib, ona sahib çıxan isə əmisidir. Talelərindəki bənzərlik, davranışlarındakı nikbinlik onları bir-birinə bağlayır, 32 yaşlı müəllim özündən 10 yaş kiçik tələbəsi ilə ailə həyatı qurur. Çətinliklərə, məhrumiyyətlərə mehribanlıqları, qarşılıqlı rəğbəti və sonsuz sevgiləri ilə qalib gəlirlər. İlk illəri asan olmur, gənc ailələr istənilən vaxt çətinliklərlə üzləşirlər, lakin müharibədən sonra bu çətinliklər daha sərt, daha qabarıq və daha ağır olur. Evlənəndən sonra 48-ci ilin yayını Moskvada qardaşının bağ evində keçirirlər, Bakıda müharibədən əvvəl İsmayıl müəllimin qaldığı bir otaqlı mənzilə sığınırlar, sonrakı illərdə 3 dəfə evdən-evə köçdükdən sonra indiki Sahil metrosunun yanındakı evlərində ömürlük məskən salırlar.

 

37-ci ilin sərtliyi və repressiyalardan xilas yolu

 

İsmayıl müəllim danışdıqca, o illərin xatirələrini çözələdikcə bir gəncin taleyini sınağa çəkən və Azərbaycan adlı ölkənin qanlı-qadalı illərdə bolşevik diktaturasından aldığı zərbələr bir film kimi gözlərinin önündən keçir. Sovet hakimiyyəti qurulandan sonra yaradılan ali məktəblərin sayı kifayət qədər artsa da, onların arasında milliyyətcə azərbaycanlı tələbələr azlıq təşkil edirdi. Azərbaycanlı müəllimlər də çatışmırdı. Belə vəziyyət təhsildə uzun illər davam edir və yalnız müharibə bitəndən xeyli sonra azərbaycanlıların xeyrinə tədricən dəyişir. İ.İbrahimov texnikumu ana dilində bitirsə də, rus dilində təhsilini davam etdirməyi qərara almışdı. Bu da özünü odun-alovun içinə atmaq kimi bir şey idi. Qəbul olduğu ali məktəbdə rus bölməsində oxuyan 25 nəfərin yalnız 3-ü azərbaycanlı idi. Qeyri millətlərdən olan tələbələr azərbaycanlılardan aralı gəzər, onlara yuxarıdan aşağı baxar, ünsiyyət qurmaz, yoldaşlıq etməz və azərbaycanlıları ictimai işlərə cəlb etməzdilər. Bakıda XIX əsrin ortalarında neft fəvvarə vurandan sonra bu şəhərə qeyri-millətlərin güclü axını baş vermişdi. 1918-1920-ci illərin mart qırğınlarından sonra əhalinin tərkibi də milli azlıqların xeyrinə dəyişmişdi. Bakıda on minlərlə erməni, rus, yəhudi və digər millətlərin nümayəndələri yaşayırdı. Bunun ağırlığını ali məktəblərdə oxuyan yerli tələbələr hiss etməyə bilməzdilər. İsmayıl müəllim də sıxıntı keçirdiklərini, ictimai işlərə cəlb olunmadıqlarını, qeyri-millətlərin onlara yuxarıdan aşağı baxdığını etiraf edir: “Meydan qeyri-millətlərdən olan tələbələrin idi. Komsomol komitə katibləri, həmkarlar ittifaqının sədrləri, “starostalar” - hamısı onlardan idi. İnstitut üzrə də azərbaycanlı tələbələrin sayı 25-30 faizdən artıq olmazdı. Ümumtexniki fakültələrin müəllimlərinin adlarına fikir verək : Alfimov, Popov, Kuznetsov, Kuzyatina, Melik-Haykazov, Tersaakov, Qriqoryan, Bulax... Azərbaycanlı müəllimlər barmaqla sayılırdı. Sovet Hakimiyyətinin qurulmasından 15 ildən artıq vaxt keçmişdi və bu fərq daha ədalətli ola bilərdi”.

İsmayıl İbrahimovun tələbəliyi 37-ci illərin repressiyaları ilə üst-üstə düşür. İndi biz keçmişə qiymət verə bilirik, ağır və çətin bir zaman olduğunu dərk edirik. “Xalq düşmənləri”ni ÇK-nın zirzəmilərində işgəncələrlə “yetişdirir”, ləkələyir, döyüb olmayan günahları boyunlarına zorla qoyaraq zəmi kimi “biçirdilər”. Bəxti gətirənləri sürgün edir, qalanlarını da güllələyirdilər. “Belə illərdə ümidlə yaşamaq, nikbin gələcəyə köklənib oxumaq Azərbaycan gəncliyi üçün çətin deyildimi?” - deyə İsmayıl İbrahimovdan soruşuram.

- Mən o illərin dramatizmini tam məsuliyyəti ilə dərk edir, saysız-hesabsız qurbanların ruhu qarşısında ehtiramla baş əyirəm. Eyni zamanda etiraf edirəm ki, əvvəl ideallaşdırıb sonra tapdaladığımız sovet bütlərinə ehtiram da yaşadığımız ömrün bir parçası olub. Bundan imtina etmək mümkün deyil. Biz gənc idik, biliklərə, yeni həyata can atırdıq və böyük əksəriyyətimiz bu inamla yaşayırdıq. Zaman nə qədər sərt və amansız olsa da, xalqımıza bağlı olmuşuq, onun gələcəyi naminə çalışmışıq və bununla da öyünmüşük.

Siz məni anlamaq üçün dediklərimi 37-ci illərin faciəvi təzadları kimi qəbul etməlisiniz. Savadsızlığa, qolçomaqlara qarşı mübarizə, Dneproqes, Maqnitsk kimi nəhəng tikintilər, gül-çiçəklə qarşılanan papaninçilər və sürgün edilən, həbs olunan, güllələnən xalq düşmənləri... Bu təzadların arasında yaşamaq, amalla əməl arasındakı uçurumların mənəvi sarsıntılarından keçmək üçün bizə də böyük iradə və güc lazım idi. Özümüzə, xalqımıza və dövlətə xəyanət etməmək üçün. Xof, vahimə, insanların içinə çəkilməsi - bunlar reallıq idi. Lakin bu xofu kiridən total və güclü bir təbliğat maşını var idi. Bolşeviklərə loyal olan elm xadimlərinə fəxri adların, titulların mükafatların verilməsi, planların yerinə yetirilməsini bəyan edən təmtəraqlı hesabatlar və tədricən ərzaq təminatının yaxşılaşması, təqaüdlərin artması az-çox dolanmağa və ümidlə yaşamağa yer qoyurdu. Dalbadal keçirilən qurultaylar, Stalin konstitusiyasının qəbul edilməsi, sosializm və staxanovçuların yarışları zəmanənin sərtliyini məharətlə əlvan rənglərlə pərdələyə bilirdi.

Lakin hər addımda Stalinin şəxsi hökmü, yumruğunun qəzəbi, iradəsinin qətiyyəti duyulurdu. Kütlələrin şüurunda iki əsas anlayış - xarici və daxili düşmən obrazı kök salmışdı. Biz gəncləri də sinfi düşmənə qarşı amansız və barışmaz ruhda tərbiyə edirdilər. Bütün ittifaqda olduğu kimi, Azərbaycanda da aparılan həbslər, keçirilən səs-küylü məhkəmə prosesləri, “xalq düşmənləri”nin ifşası, partiyadan qovulması haqqında mətbuat bir o qədər geniş və hərtərəfli olmasa da, müəyyən qəlibdə məlumatlar təqdim edirdi. Lakin elə proseslər də olurdu ki, onlar haqqında, ümumiyyətlə, heç nə deyilmirdi. Mən o illəri qiymətləndirmək üçün ulu öndər Heydər Əliyevdən sitat gətirərdim ki, “bu bizim tariximizin qaranlıq səhifələridir”.

Böyük Vətən müharibəsi başlayanda İ.İbrahimov ali məktəbi qurtarır, könüllü olaraq cəbhəyə yola düşməyə qərar verir. Lakin ali təhsilli mütəxəssis kimi Leninqrada, hava müdafiəsi, xəbərdarlığı və rabitə avtomatikası kurslarına göndərilir. Kerçdə rabitə üzrə tağım komandiri kimi döyüşə başlayır və Baltikaya qədər uzun döyüş yolu keçir. Faşizmlə aparılan amansız müharibə bir tərəfdən zəmanəni sərtləşdirsə də, digər tərəfdən ölkədə insanları yaxınlaşdırdı, zəncir kimi hamını bir-birinə bağladı.

Repressiyalar nisbətən səngisə də, davam edirdi. İsmayıl müəllim Sənaye İnstitutunda dərs deyir, elmlə məşğul olur, siyasi proseslərin fəal iştirakçısına çevrilmək istəmirdi. Başa düşürdü ki, bu gün hökm çıxaranlar sabah müttəhimlər kürsüsündə əyləşirlər. Ümumiyyətlə, özünü siyasət adamı saymırdı. Lakin institutun partiya təşkilatı komitəsinin katibi kimi nomenklatur işçi sayılırdı, gənc kadr kimi daha yüksək vəzifəyə irəli çəkilməsi nəzərdən keçirilirdi. O, Mircəfər Bağırovun təbiətinə bələd idi və hələ 37-ci ildə xoşuna gəlməyən adamlardan necə qisas aldığını yaxşı bilirdi.

İkinci Dünya müharibəsindən sonra da bolşevik rejimi yenə “xalq düşmənləri” axtarır, tapmayanda da “kəşf” edirdi. Rejim kabus kimi insanların başı üzərində qanadlanaraq “düşmənlər”dən qisas almaqda davam edirdi. İsmayıl müəllim Azərbaycan və rus dillərində sanballı dərsliklərin hazırlanmasında yaxından iştirak edirdi. Partiya təşkilatı katibi kimi də hamı ilə münasibətlərindəki səmimiliyi qorumağa çalışırdı.

Stalinin ölümünə, Mircəfər Bağırovun həbsinə hələ var idi. Xruşşovun “siyasi bahar”ı isə heç kimin ağlına belə gəlməzdi. İnsanlar vəzifəyə irəli çəkilir, ləkələnir, həbs edilib ittiham olunur, yerlərinə yeniləri gəlirdi.

Lakin İsmayıl müəllim bütün yaşıdlarından fərqli olaraq, bacardıqca siyasətdən uzaq durmağa çalışdı, bolşeviklərin qatı təbliğatçısına çevrilmədi. Gənc, cavan olsa da, müharibədən keçmişdi, həyatın hər üzünü görmüşdü. Həyata hamıdan fərqli müdrik baxışı vardı: “Atam sadə çörəkçi olsa da, anam deyərdi ki, özünü işinin ağası sayarmış, əlinin qabarına da haram qatmazdı. Mənim üçün də siyasi karyera qaranlıq idi, bu ölkə, xalq üçün müəllim kimi, alim kimi daha faydalı ola biləcəyimə əmin idim”.

Bütün bunlara baxmayaraq, İ.İbrahimovu siyasi karyeraya cəlb etməyə çalışırlar, ona təkliflər gəlir. Məsələnin qəlizliyi onda idi ki, o zaman kiməsə vəzifə təklif olunanda imtina etsəydi, “xalq düşməni” kimi də qəbul edilə bilərdi. 1952-ci ildə Bakı Şəhər Partiya Komitəsinin ikinci katibi Smelov onu yanına çağıraraq, ali təhsil müəssisələri çoxluq təşkil edən şəhər rayonunda partiya komitəsinin birinci katibi vəzifəsini təklif edir. İ.İbrahimov bu vəzifənin öhdəsindən gələ bilməyəcəyini bildirəndən bir neçə gün sonra onu Bakı Vilayət Partiya Komitəsinin katibi Qəzənfər Məmmədov yanına çağırıb vilayət partiya komitəsində ağır sənaye şöbəsinin müdiri vəzifəsini təklif edir. O bu dəfə də sənayedə, ümumiyyətlə, rəhbər vəzifədə işləmədiyini bəhanə gətirəndə ona maaşının 2400-dən 5 min manata qaldırılacağını deyirlər. Etiraz edəndə isə məsələnin mahiyyətini açırlar ki, bu, Mircəfər Bağırovun göstərişidir, imtina etmək mümkün deyil. Şərt qoyurlar ki, iki yoldan birini seçməlidir: ya raykomda birinci katib, ya da vilayət partiya komitəsində şöbə müdiri. Qəzənfər Məmmədov bir də Bağırovun mövqeyini izah edir: “O deyir ki, İbrahimov institutda ilişib qalır, gərək başqa işə keçirək, irəli çəkək. Bu vəzifədən imtina edə bilməzsiniz, razılıq verməsəniz, sizinlə yoldaş Bağırov şəxsən söhbət edəcək və güman etmirəm ki, bu sizin xeyrinizə olsun”.

Azərbaycanda hamı bilirdi ki, “xozeyin”in xasiyyəti tünddür, sözündən çıxan adamı bağışlamayacaq, onun qəzəbinə tuş gələnlərin başına nələr gəldiyini İsmayıl müəllim hələ 37-ci ildən bilirdi. Məmmədovdan xahiş edir ki, söhbətin detallarını “xozeyin”ə çatdırmasın, sadəcə, təklifi unutsunlar. Lakin 2-3 gündən sonra “xozeyin”in adından onu şəxsən Mircəfər Bağırovun qəbuluna çağırırlar: “Anladım ki, şəhər partiya komitəsində xahişimi, sadəcə, qulaqardına vurublar. Bağırov məni 4 saatdan artıq gözlətdirdi və nəhayət, günortadan sonra saat 3-də qəbul etdi. Onun qəbul otağı indiki Nazirlər Kabinetinin binasında, Baş nazirin qəbul otağında yerləşirdi. Bahalı bir xalı döşənmişdi, otaq geniş və o dövrün zövqünə uyğun bəzədilmişdi. Mən içəri keçəndə orada Teymur Quliyev (Nazirlər Sovetinin sədri), MK-nın ikinci katibi Vitali Səmədov, Bakı şəhər Partiya Komitəsinin ikinci katibi Smelov əyləşmişdilər. Smelov söz alıb məni şəhər rayonuna partiya komitəsinin birinci katibi vəzifəsinə irəli sürülməyimi təklif etdi. Bağırov soruşdu ki, maaşı nə qədərdir?

-1700 manat, - deyə cavab verdilər.

- Bəs institutda nə qədər alır?

- 2500, - dedilər. - O etiraz etdi ki, maaşı aşağı düşməli deyil: “Dövlət Təhlükəsizlik Komitəsinə partiya təşkilatı katibi göndərin” deyib, sərəncam verdi.

Bu əmri yerinə yetirməmək mümkün deyildi. Lakin İsmayıl müəllim artıq birbaşa yox deməsə də, min bəhanə ilə məsələni uzadır. Son nəticədə “xozeyin” qeyzlənərək özü İ.İbrahimovla danışır, onu partiyanın göstərişini yerinə yetirmədiyinə görə tənbeh edir. “Mən Bağırovun təklif etdiyi vəzifəyə getmədiyim üçün institut partiya təşkilatının katibi vəzifəsindən azad edildim, - deyə İ.İbrahimov bir daha o illərə qayıdır.

- Amma o nədənsə, məni partiyadan qovmadı”.

Bir neçə aydan sonra institutun hesabat iclasında Bağırov şəxsən iştirak edir və təftiş komissiyasının hesabatı ilə çıxış edən İ. İbrahimovu tanıyaraq sözünü kəsir, partiyanın tapşırığını yerinə yetirməyən müəllimdən soruşur ki, indi necəsən? İsmayıl müəllimin minnətdarlığını bildirməkdən savayı yolu qalmır. Elə həmin iclasdan sonra təhlükəsizlik orqanlarında məsul vəzifədə işləyən Heydər Əliyev ona yaxınlaşıb deyir ki, Bağırov sizinlə çox yaxşı danışdı.

İki sadiq dostun tanışlığı belə başlayır. Bir qədər keçəndən sonra isə Mircəfərin başının üstünü qara buludlar alır. Moskvada hakimiyyət dəyişir, Beriya həbs olunur, “xozeyin”in də siyasi karyerasına xitam verilir, həbs edilir. İsmayıl müəllim onun məhkəmə proseslərində iştirak edir, bir vaxtlar başqalarını ittiham edən bir adamın günahlarını necə etiraf etməsinin şahidi olur.

 

Sədaqətli dostlar

 

İsmayıl İbrahimovun həyatında ən maraqlı məqamlardan biri də Azərbaycan KP MK-nın birinci katiblərindən Heydər Əliyevlə və ondan da əvvəl Vəli Axundovla gənclikdən dostluq etməsi və ulu öndərin komandasında ən yaxın silahdaşlardan biri kimi uzun müddət sədaqətlə çalışmasıdır.

İsmayıl müəllim xatirələrində Vəli Axundov haqqında belə yazır: “Vəli ilə texnikumda bir yerdə oxumuşuq. Çətin günlərimiz olub. Texnikumun müdiri Hüseyn Quliyev bizə yeməkxanada pulsuz yemək verdirirdi. Təhsilimizi başa vurduqdan sonra texnikum şurası 4 nəfərə istisnasız ali məktəbə qəbul olmağa zəmanət verdi. Vəli Axundov gələcək həyat yoldaşı Saraya görə Tibb İnstitutunu seçdi, mən isə Sənaye İnstitutuna (indiki Neft Akademiyası) daxil oldum. 1935-ci ildə hələ ali məktəbə hazırlaşarkən Vəli Axundovla bizim evdə qalırdıq. Artıq qardaşım Qazaxıstana getmişdi. Günlərin birində qəpik-quruşsuz qaldıq, bir- iki quru suxarımız da tükənəndə şəhərə yollandıq ki, bəlkə tanış-tunuşdan kiməsə rast gəldik. Kommunist - indiki İstiqlaliyyət küçəsində qardaşımın dostu, həmyerlim Ələkbər qarşımıza çıxanda sevindik, dərdimizi danışdıq, o bizə çörək aldı. Ertəsi günü Vəlinin anası gəldi, kasıb olsa da, əliaçıq qadın idi, nələrisə tapdı, gətirdi, biş-düş elədi. Yəni belə çətin günlərimiz olub. Bu çətinliklər də bizim dostluğumuzu möhkəmlətdi”.

Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra da dostluqları davam edir. Ailəvi bir-birinin evlərinə qonaq gedib gəlirlər. Ulu öndər Heydər Əliyev də İsmayıl müəllimlə münasibətləri kəsmir. 1960-cı ildə o, Neft və Kimya İnstitutuna rektor təyin edilir. İ. İbrahimov o illəri belə xatırlayır: “Çətinliklə dolanırdıq, borc içində üzürdük. 1960-cı ildə institut rektoru olsam da, zəmanəyə görə yüksək maaş alsam da, yalnız evliliyimin 17-ci ilində borclardan yaxa qurtardım. Kafedrada iki dildə mühazirə oxuyur, seminarlar aparırdım. Güzəranımız bir qədər dəyişdi. Bir dəfə evə gələndə gördüm ki, anam nigarandır, doluxsunub, özünə yer tapa bilmir. Səbəbini soruşanda dedi ki, ay oğul, əvvəl bazarlıq edəndə yarım kilo ət alırdın, indi səndə bir belə pul hardandır ki, əti kilo ilə alırsan? Halal ruzini haramamı dəyişdin? Anam göz yaşlarını saxlaya bilmədi. Qucaqladım onu, başa saldım ki, indi institut rektoruyam, vəzifəm də, maaşım da artıb, ürəyin istəyən şeyi ala bilərəm, halal çörək bişirən kişinin oğlu ömründə harama əyilməz”.

O, Neft və Kimya İnstitutunun rektoru vəzifəsində ciddi islahatlar aparır, nəinki Sovet İttifaqı, hətta digər neft istehsal edən ölkələr üçün mütəxəssislər hazırlayır. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən bir müddət sonra Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir. Qəribədir ki, o bu illəri bir qədər sıxıntı içində yaşayır. Onun yaxın dostlarından biri, uzun müddət istehsalatda çalışan və Neft Akademiyasında alım kimi fəaliyyət göstərən Rafiq Məmmədov deyir ki, o, ümumiyyətlə, siyasət yox, elm adamı idi. Ən vacib keyfiyyətlərindən biri də o olub ki, ömrünün sonuna qədər təmiz yaşamağa can atıb və heç kimin qarşısında gözükölgəli olmayıb. Bu vəzifədə on ilə yaxın ləyaqətlə işləyir. Lakin son iki ildə dəfələrlə ulu öndərə müraciət edir, vəzifədən azad edilməsini xahiş edir. Heydər Əliyev uzun müddət qərar qəbul etmir, lakin İ.İbrahimov da inadından dönmür, istənilən işə, hətta təqaüdə belə göndərilməsinə razı olacağını bildirir. Yalnız bundan sonra ulu öndər onu yenidən rəhbərlik etdiyi təhsil müəssisəsinə -Azərbaycan Neft və Kimya İnstitutuna rektor vəzifəsinə qaytarır.

İsmayıl müəllimin ulu öndərlə dostluğu ilə bağlı əfsanələr gəzir. Bu haqda sual verirəm. O gülümsəyərək cavab verir: “Bilirsinizmi, fikirləşirəm ki, bu haqda nəsə danışmağım yersizdir. Zənnimcə, elə şeylər var ki, onlar haqqında başqaları danışa, söz deyə bilərlər. Bir dəfə onun əlini sıxıb sonra bunu dastana çevirənlərdən xoşum gəlmir. Mən onun ağlına, qətiyyətinə həmişə heyran olmuşam, mübarizliyinə baş əymişəm. Onun oğlu, indiki Prezidentimiz anadan olanda təbrik edənlərdən biri də mən olmuşam. Ulu öndərimizin ruhu şad olsun ki, sələfi də özünə layiqdir. Onun çıxışlarına baxıram, bəyanatlarını izləyirəm, sinədən danışması, iti ağlı ilə fəxr edirəm.

- Uzun ömür sürmək sizi yormur ki? - Sonuncu sualımı verirəm. Gülümsəyir, diqqətlə baxır: “İnsan fəaliyyətdə olanda nə qədər çox yaşasa da, vaxt tez keçir. İndinin özündə də işləyirəm, həm respublika Uşaq Fondunun rəhbəriyəm, həm də elmi işlə məşğulam. Hər gün qəzet oxuyuram. Sevdiyim qəzet “Azərbaycan”dır. Ondan başqa bir müxalifət və bir müstəqil qəzeti də nəzərdən keçirirəm, - onların nə düşündüyünü bilmək üçün. Əlimi hadisələrin nəbzində saxlayıram.

İsmayıl müəllimlə sağollaşıram. Nəcib, ləyaqətli, vətənini, torpağını, bayrağını, düzlüyü və ədaləti sevən bir insanla tanışlığıma qəlbən sevinirəm.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2015.- 29 aprel.- S.9;10.