“Xalq və ordu birdir!” bədii-təşviqat
marafonu Masallıda
“Xalq və ordu birdir!” devizi altında ümumrespublika bədii-təşviqat marafonu ötən şənbə günü Masallıda oldu. Bu mərasim Müdafiə Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev parkında keçirildi. Tədbir rəsmiləri, Milli Məclisin deputatları və Böyük Vətən müharibəsinin veteranları ulu öndərin abidəsini ziyarət edərək buraya gül dəstələri qoydular. Qonaqlar parkda quraşdırılmış xüsusi foto-stendlərin köməyi ilə xalqımızın keçdiyi zəfər yolu barədə tam və dolğun məlumat əldə edərək, ötən illərin şirinli-acılı xatirələrini yaşadılar.
Müdafiə Nazirliyinin xüsusi hərbi orkestrinin marş sədaları altında iştirakçılar meydana daxil oldular. Aparıcılar - nazirliyin mətbuat xidmətinin əməkdaşı Abdulla Qurbani və telejurnalist Məleykə Alıqızı vətənpərvərlik bayramı, Böyük Qələbənin 70 illiyi və ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü münasibətilə bütün masallılıları təbrik etdi. Dövlət himni səsləndi. Rayonun tarix, mədəniyyət və etnoqrafiyasına qısa səyahətdən sonra söz musiqiçilərə verildi. Xalq artistləri Zümrüd Məmmədova, Zaur Rzayev, “Halay” folklor və rəqs qrupunun çıxışı hərarətlə qarşılandı.
Tədbirdə ulu öndər Heydər Əliyevin dövlət və ordu quruculuğundakı misilsiz xidmətləri, ölkə Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi barədə geniş danışıldı. Hər iki böyük siyasətçinin Masallı və masallılılar barədə söylədiyi yüksək dəyərli fikirlər səsləndirildi.
...İnsanlar bir anlığa 1941-ci ilin isti iyun günlərinə “qayıdır”: kəndimizdə toydur. El-oba şənliyə yığışıb. İgidlər rəqs edir. Gəlinin əlinə xına yaxılır. Qızlar halaya gedir. Məclis qayğısız-hürküsüz davam edir. Oğul anası bəxtəvərdir. Qız anası övladının taleyinə görə arxayındır... Elə bu vaxt kəndə əjdaha nəfəsi kimi od ələyən bir xəbər yayılır: Müharibə!!!
Radioda Sovet İnformasiya Bürosunun məlumatı və ölkə rəhbərinin sovet xalqına müraciəti səslənir. Toyu və arzuları yarımçıq qalmış igid Azərbaycan balası ölümsaçan səngərə yollanır. Atalar xeyir-dua verir, analar dalınca su atır...
Əsgər yola salan ana-bacılar hərbi qulluqçulardan ibarət ansamblın ifasında “Adın şərəflidir sənin, ey qadın!”, “Söz vermişəm, gözlə məni” və digər kompozisiyalı nəğmələrlə vəsf olundu. Müharibə veteranları Atabala Hacıyev, Simran Quliyev və Oruc Bədəlov Reyxstaqa sancılan Qələbə bayrağını bugünkü nəslə təqdim etdi. Müdafiə Nazirliyinin təşəkkürünü valideynlərə çatdıran zabitlər onların ön cəbhədə xidmət edən övladlarını da məclisə gətirdilər.
Masallı RİH başçısı Rafil Hüseynov hərbi-vətənpərvərlik ruhunda təşkil olunan tədbirə görə Müdafiə Nazirliyinə və mədəniyyət işçilərinə rayon sakinləri və veteranlar adından təşəkkür bildirdi, döyüş ruhlu bu tədbirin əhəmiyyətini vurğuladı və Azərbaycan Silahlı Qüvvələrini Qafqazın ən güclü ordusu kimi səciyyələndirdi.
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov belə tədbirlərin məktəbli-gənclərin həyatında önəmli rol oynadığını diqqətə çatdırdı. Veteranlar Şurası adından Rafil Hüseynova “Veteran həmrəyliyi” medalı və “Veteranların qayğıkeşi” diplomu təqdim edildi. RİH başçısının müavini Nəsir Muxtarlı da “Veteran həmrəyliyi” medalı ilə təltif olundu.
Rusiya Veteranlar Komitəsi adından Atabala Hacıyevə, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümovaya “Qələbənin 70 illiyi” medalları verildi.
Mərasim “Qələbə” marşı ilə
sona çatdı.
Azərbaycan.-2015.- 29 aprel.- S.10.