Los Ancelesdə azərbaycanlı alimlərlə görüş keçirildi

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) GeologiyaGeofizika İnstitutunun  nümayəndə heyəti Los Ancelesdə səfərdə olub. İnstitutun H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov Los Ancelesin George C.Page Muzeyində, geolojipaleontoloji baxımdan Binəqədi qır gölü ilə eyni xarakterə malik olan La Brea qır gölündə olublar. La Breanın maksimal yaşı 55 min il olduğu halda, Binəqədidəki tapıntılar 100-150 min bundan əvvəlki dövrə aiddir.

Alimlər George C.Page Muzeyinin baş kuratoru Con Harrislaboratoriya rəhbəri Şeley Koksun bələdçiliyi ilə Los Ancelesdəki sözügedən geoloji-paleontoloji abidə barədə, həmçinin muzeyin zəngin kolleksiyası, strukturu, qazıntı və elmi-tədqiqat metodikaları haqqında ətraflı məlumatlandırılıblar. Los Anceles Təbiət Tarixi Muzeyinin (LATTM) strukturunda fəaliyyət göstərən kollektiv, öz növbəsində, Binəqədi faunaflora qəbiristanlığı haqqında məlumatı maraqla qarşılayıb.

Amerikalı alimlər azərbaycanlı həmkarlarına muzeyin zəngin kolleksiyası, elmi potensialı və elmi-tədqiat istiqamətləri haqqında danışıb, yaxın zamanda müəssisənin strukturunun və araşdırmalarının genişləndiriləcəyini bildiriblər. Muzey rəsmiləri planlaşdırılan işlər çərçivəsində dünyanın müxtəlif ölkələrindən faunaflora nümunələri, o cümlədən Binəqədidən tapılmış skeletləri burada nümayiş etdirmək niyyətində olduqlarını deyiblər.

T.Eybatov LATTM-lə tanışlığı və əməkdaşlıq təklifini yüksək dəyərləndirərək qeyd edib ki, bu, Bakıdakı dənizkənarı bulvarda yeni binasının tikintisi nəzərdə tutulan H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin strukturunu və kolleksiyasını formalaşdırmaqda təcrübə baxımından faydalı ola bilər.

 

Azərbaycan.-2015.- 29 aprel.- S.12.