Prezident İlham
Əliyev Bakı Konqres Mərkəzinin
açılışında iştirak edib
Aprelin
29-da Bakı Konqres Mərkəzinin açılışı
olub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, xanımı
Mehriban Əliyeva və qızı Arzu Əliyeva
açılışda iştirak ediblər.
Maliyyə
naziri Samir Şərifov Mərkəzdə görülən
işlər barədə dövlətimizin
başçısına məlumat verdi.
Heydər
Əliyev Mərkəzinin yaxınlığında yüksək
zövqlə inşa olunan bu Mərkəzin tikintisinə
2014-cü ilin fevralında başlanıb. Mərkəzin
ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6
min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri
aparılıb, yaşıllıq zolaqları salınıb.
Bina bütün zəruri infrastrukturla təmin olunub.
Prezident
İlham Əliyev Bakı Konqres Mərkəzinin rəmzi
açılışını bildirən lenti kəsdi.
Binanın
foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu,
dünyada qapalı məkanda quraşdırılan ən
böyük və ən çox pikselli monitordur. Ümumilikdə
isə binada müxtəlif ölçülü 50-dən
artıq monitor quraşdırılıb. Mərkəzdə 17
konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən
çoxdur. Konfrans zallarında yaradılan şərait
onların tutumunu tədbirə qatılan qonaqların
sayına uyğun olaraq dəyişdirməyə imkan verir. Məsələn,
konfrans zallarının tamaşaçı tutumunu təşkilatçının
istəyinə uyğun olaraq 50 nəfərdən 250 nəfərədək
dəyişmək mümkündür. Bina bütün zəruri
kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə
təchiz olunub. Burada restoran, inzibati və digər otaqlar da
var. Mərkəzdə canlı yayım aparmaq
üçün də müasir şərait yaradılıb.
Burada qonaqlara eskalatorlar və 16 lift xidmət göstərəcək.
Bakı
Konqres Mərkəzinin auditoriya zalı da ən müasir səviyyədə
yaradılıb. Zal 3500 yerlikdir. Burada müasir texnologiyanın
ən son yeniliklərinin tətbiq olunduğu avadanlıq
quraşdırılıb. Zalın akustika sistemi
dünyanın aparıcı şirkətlərinin məhsuludur.
Buranın işıqlandırılmasında müasir
texnologiyadan istifadə edilib.
Ölkəmizdə
hökm sürən siyasi-iqtisadi sabitlik, bütün sahələrin
davamlı inkişafı və yaradılan şərait
artıq Azərbaycanı mühüm beynəlxalq tədbirlərin
keçirildiyi məkana çevirib. Bu gün ölkəmizdə
siyasət, iqtisadiyyat, mədəniyyət, idman, ümumilikdə
bütün sahələrə aid region, qitə və
dünya əhəmiyyətli mötəbər tədbirlər
təşkil olunur. Belə bir Mərkəzin istifadəyə
verilməsi ölkəmizin beynəlxalq tədbirləri daha da
yüksək səviyyədə keçirməsi
üçün geniş imkanlar yaradır.
Bildirildi
ki, bu Mərkəzdə ilk beynəlxalq tədbir mayın 2-dən
5-dək Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının 48-ci İllik Toplantısı olacaq. Bu
mötəbər tədbir Cənubi Qafqaz regionunda ilk dəfə
məhz Azərbaycanda keçiriləcək. Toplantıda 3 minə
yaxın iştirakçının, o cümlədən
üzv ölkələrin maliyyə nazirləri və digər
hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri
ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə
institutları və vətəndaş cəmiyyəti
nümayəndələrinin, eləcə də
tanınmış alimlərin və ekspertlərin
iştirakı nəzərdə tutulur. Belə bir
mühüm tədbirin ölkəmizdə baş tutması Azərbaycanın
bu sahədəki təcrübəsi, Bakıda
yaradılmış yüksək standartlara uyğun
infrastruktur, tranzit və logistika sahəsində ölkəmizin
əlverişli imkanları ilə yanaşı, Bakı Konqres
Mərkəzi kimi memarlıq nümunələrinin inşa
olunması ilə də sıx bağlıdır.
Bu
möhtəşəm bina inşa olunduğu əraziyə də
gözəllik verir, Heydər Əliyev Mərkəzinin yerləşdiyi
məkanın füsunkarlığını daha da
artırır. Orijinal üslubda tikilən Mərkəz
ümumilikdə, paytaxtda aparılan abadlıq-quruculuq işlərinin
davamlı olduğunu bir daha təsdiqləyir.
Azərbaycan.-2015.- 30 aprel.- S.1.