ODLAR YURDUNUN MƏŞƏLİ

 

I Avropa Oyunlarına 43 gün qaldı

 

Odlar diyarında bir məşəl də yandırıldı, bir alov da şölələndi. “Atəşgah” məbədində “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli alovlandı. Məşəli Prezident İlham Əliyev alovlandırdı və bu, böyük məna kəsb edir.

Bu, Azərbaycan dövlətinin mötəbər idman tədbirini nurla salamlaması, ev sahibi kimi öz qonağını isti od-ocaqla qarşılaması, istər keçiriləcək oyunlara, istərsə də onun bütün iştirakçı və tamaşaçılarının gəlib-getdiyi yollara işıq salması demək idi.

Od oddan yaranır. Odu oddan götürərlər. İlk Avropa Oyunları da öz çırağının işığını əbədi alovdan götürdü. Bu, onun özünü də uzunömürlülüyə uğurladı. Belə bir mötəbər idman tədbirinin ilk dəfə Bakıda keçirilməsi, onun məşəlinin məhz Odlar diyarı Azərbaycanda yandırılması necə də yerinə düşür! Bu, Avropa Oyunlarının gələcək yollarının işıqlı olmasına bir xeyir-dua təsiri bağışlayır.

Azərbaycan hələ eramızdan əvvəl yanar duru maye ilə - neftlə, yerdən qalxan mavi alovla - təbii qazla özünə əbədi olaraq Odlar diyarı adını qazanıb. Məşəl də məhz bu diyarda, onun “Atəşgah”ında alovlandırıldı. “Atəşgah” hələ qədim zamanlardan əbədi odların yandığı yerdir. O, əsrlər boyu alimlərin, tarixçilərin, səyyahların diqqətini cəlb edib. Bu gün isə buraya - Azərbaycan paytaxtının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşən od məbədinə Bakının saysız-hesabsız qonaqlarının - dünyanın müxtəlif yerlərindən Birinci Avropa Oyunlarına gələn idmançıların, turistlərin, jurnalistlərin və başqalarının diqqəti yönəlir.

Lakin Azərbaycanı Odlar yurdu kimi səciyyələndirən təkcə “Atəşgah” - XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı sönməz alovların yerində inşa edilmiş od məbədi olmayıb. Hələ orta əsrlərdə Pirallahı adasında, Suraxanı kəndində, Bakı buxtasında, Xəzər sahilinin Qız qalası yaxınlığındakı ərazisində, Şubanı dağında Yer səthinə alovların çıxdığı tarixə yaxşı məlumdur.

Bu gün Azərbaycanın maddi və mənəvi sərvətlərini, qazandığı uğurları, əldə etdiyi nailiyyətləri dünya əyani görür. Nəinki paytaxt Bakı, hətta ölkənin digər şəhərləri və rayon mərkəzləri də beynəlxalq tədbirlərə ev sahibliyi edir-müxtəlif ölkələrdən gələn alimlər, incəsənət ustaları, adamları Azərbaycan işığının ətrafına toplaşırlar. Bu dəfə növbə idmanın, idmançıların, özünündebütünü edən, ilk addımını atan Avropa Oyunlarınındır.

Azərbaycan həmişə bol işıqlı məmləkət olub. Onunqara qızıl”ından hələ keçən əsrlərdə qonşu ölkələr də bəhrələniblər. XX əsrdə Bakı 70 il SSRİ kimi nəhəng bir ölkənin əsas yanacaq mənbələrindən olub. Ölkə İkinci Dünya müharibəsinin çətin yollarından Azərbaycanın saldığı işıqla keçib - o illərdə cəbhəyə gərək olan neftin üçdə iki payından çoxunu Bakı verib. Müharibə qurtarandan bir neçə il sonra Xəzərin qoynunda dünyada bənzəri-bərabəri olmayan bir şəhərin - Neft Daşlarının işıqları yanıb.

Təəssüflər olsun ki, bütün bu işıqlar uzun illər özgələrə düşüb, ocaqlarımızın istisində başqaları isinib.

Artıq 25 ildir xalqımız öz müstəqilliyinə qovuşub. 1994-cü ildən Xəzərin Azərbaycana məxsus bölməsində geniş işlər vüsət alıb. Həmin il xalqımızın həyatına işıq saçan “Əsrin müqaviləsi” imzalandı, müəllifi ulu öndər Heydər Əliyev olan yeni neft strategiyası reallaşmağa başladı. 1997-ci ilin payızında Xəzərin qoynundakı “Çıraq” yatağında quraşdırılmış platformanın qülləsində gur bir məşəl alovlandı.

“Çıraq”ın məşəlindən yeni-yeni layihələrə işıq düşdü. Üç hissəli “Azəri”, “Dərinsulu Günəşli” neft verdi, “Şahdəniz” isə qaz. Əldə olunan gəlirlər sayəsində o vaxtlar əhalisi seyrəlmiş bölgələrimizdə, kəndlərimizdə həyat yenidən qaynadı, o cümlədən işıq problemi aradan qaldırıldı. Ən ucqar kəndlərə qaz kəmərləri çəkildi. Prezident İlham Əliyev neçə-neçə kəndin, qəsəbənin mavi yanacaq almasının rəmzinə çevrilmiş məşəlləri alovlandırdı.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri Səngəçaldan Aralıq dənizinin sahilinədək neçə-neçə bölgənin sakinlərinin həyatını işıqlandırdı. Azərbaycanın bir milyondan çox qaçqın-məcburi köçkünü yarımqaranlıq çadır və vaqonlardan çıxıb BTC-nin gəlirləri ilə tikilən yeni qəsəbələrdə işıqlı evlərə sahib oldu.

İndi Azərbaycan dünyada həm də qaz ixrac edən ölkə kimi tanınır. Qaza aid tariximiz də qədimdir. Yanan qaz Yanardağdavaxt üzə çıxıb? Bunun heç tam dəqiq tarixi bilinmir. Günümüzdə yanan qazın alovları Bakının ən yüksək nöqtəsindən şəhərə baxan üç nəhəng “qüllə”də öz əksini taparaq onun simvolu olmaqda davam edir. Lakin tarixin bu məqamında yanan mavi dilimlər Azərbaycanın təkcə Odlar diyarı olduğunu söyləmir. Onlar həm də Avropa ilə birbaşa əlaqə yaradacaq işıqlı bir yola - konkret layihə şəklində gerçəkliyə çevrilir.

Azərbaycan öz ətrafına da işıq salan ölkədir. Onun dörd qaz, üç neft kəməri dünyaya od-ocaq, istilik, hərarət aparır. İndi artıq qaz dəhlizi yaradırıq. Gürcüstandan, Türkiyədən keçən, Avropaya uzanan bu dəhliz Adriatik dənizinin altından yol açaraq İtaliya torpağına çatacaq, neçə-neçə elə-obaya Azərbaycan torpağının təkindən, suyunun dibindən qaynayıb çıxan yanacağı - mavi alovu gətirəcək.

Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində ölkə iqtisadiyyatının bütün sahələri tarazlı inkişaf edir. İqtisadiyyatın neftdən asılılığı azalır, qeyri-neft sektoru irəliləyir. Yeni, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Tək Bakı deyil, respublikanın digər şəhər və bölgələri də böyüyür, abadlaşır, gözəlləşir.

Ölkəmizin bu inkişafı, bu yüksəlişi bütün dünyanın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, keçən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan rəqabətdavamlılığa görə 144 ölkə arasında 38-ci olub. Artıq neçə illərdir dalbadal MDB ölkələri arasında birincidir.

Nailiyyətlərimizin əsasında dövlətin uğurlu siyasəti dayanır. Ölkədəki sabitliyə inanan xarici sərmayəçilər bizimlə işbirliyi qurur. Hər hansı bir ölkəyə inamı olmayan investor heç vaxt orada sərmayə yatırmaz. Eləcə də ölkəyə inam, rəğbət, sevgi olmasa, orada mötəbər beynəlxalq tədbirlər baş tutmaz. Azərbaycanda müxtəlif mövzularda keçirilən beynəlxalq tədbirlərə gələnlər burada gördüklərindən, eşitdiklərindən məmnun qalır, razı gedirlər.

Prezident İlham Əliyev Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimindəki çıxışında bu mötəbər idman tədbirinin Bakıda keçirilməsi qərarının məhz həmin zəmindən qaynaqlandığını qeyd etdi. Son illərdə Azərbaycanda müasir idman infrastrukturunun yarandığını, idmançılarımızın olimpiadalarda uğurlu çıxışlarını, ölkənin nəqliyyat, xidmət sahəsindəki yenilikləri xatırlatmaqla bərabər dövlət başçısı digər vacib amilləri də vurğuladı: “Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünyaAvropa çempionatları keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynamışdır. Hesab edirəm, önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə və qürur hissi ilə qarşılamışdır”.

Bədniyyətlilər Azərbaycanın işıqlı əməllərinə heç vəchlə kölgə sala bilməzlər! Bu dəfə də belə olacaq! “Atəşgah”da alışan məşəl qonaqlarımızı Azərbaycanın təkcə tarixinə deyil, həm də bugününə səyahətə aparacaq. Məşəl yandırıldığı vaxtdan etibarən 48 gün ərzində ölkəmizin ərazisində 5 min 500 kilometr məsafə qət edəcək. Bu bənzərsiz səyahətin iştirakçıları 60 rayondan keçəcəklər və onların gözü qarşısında respublikanın hərtərəfli inkişafı, o cümlədən idman sahəsindəki nailiyyətləri nümayiş etdiriləcək.

“Bakı-2015” həm Azərbaycanın, həm Avropanın həyatında önəmli hadisələrdən, böyük idman bayramlarından birinə çevriləcək. Təsadüfi deyil ki, bu tədbirin məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb. Məşəl proqramı çərçivəsində 15 bölgədə “Alov” festivalı təşkil ediləcək. Hər yanda şənliklər keçiriləcək.

Səyahətdə ümumilikdə min nəfərdən çox məşəlçi iştirak edəcək. Qonaqlar işğal altındakı torpaqlarımızda məşəl yandırmaq imkanımız olmadığını da görəcəklər. Bir daha biləcəklər ki, bunun baiskarı kimdir. Özgə torpağında at oynatmaq istəyən bədxah erməni qonşularımızın üzü bir daha görünəcək...

Adətən abad ev qonaqlı-qaralı olur. Həmişə qonaqlı-qaralı olasan, Azərbaycan! Torpağındakı qəlbindəki atəş sönməsin! Daim çırağın yanar, məşəlin gur, işığın bol olsun!

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 30 aprel.- S.1;10.