Azərbaycan Prezidenti İlham Əliyev Avropa
İttifaqının Cənubi
Qafqaz üzrə
xüsusi nümayəndəsinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Herbert Salberin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
Regiondakı prosesləri yaxından izlədiklərini bildirən Herbert Salber təmas xəttindəki vəziyyətdən narahatlıqlarını ifadə edərək münaqişənin həll olunmasına hazırda həmişəkindən daha çox ehtiyac duyulduğunu dedi. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğuladı.
Ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində və bununla bağlı aparılan danışıqlar prosesində ən maraqlı tərəf olduğunu deyən dövlətimizin başçısı Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğala məruz qaldığını və bu vəziyyətin uzun illər davam etdiyini, atılan addımların heç bir nəticə vermədiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, danışıqlar masasında irəli sürülən təşəbbüslərə əngəllər yaradan Ermənistan təmas xəttində müxtəlif silahlı təxribatlar törətməklə mövcud status-kvonu saxlamağa çalışır. Dövlətimizin başçısı Avropa İttifaqının münaqişənin həlli ilə bağlı konkret mövqe nümayiş etdirməməsini də təəssüflə qeyd etdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq
əlaqələrinin vəziyyəti və perspektivlərinə
dair məsələlər ətrafında
geniş fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2015.- 30 aprel.- S.2.