Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların
müraciətləri
üzrə vahid elektron informasiya
sisteminin yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın 10.2.4-cü yarımbəndinə uyğun olaraq dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi (bundan sonra - informasiya sistemi) yaradılsın.
2. “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
3.1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə vətəndaşların müraciətlərinin elektron qeydiyyatı proqramı əsasında informasiya sisteminin yaradılmasını və 2015-ci il iyulun 1-dək tətbiq olunmasını təmin etsin;
3.2. informasiya sistemi qovşaqlarının fəaliyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının həmin sistemdən istifadə edəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək, müvafiq tədbirlər görülməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etsin;
3.3. informasiya sisteminin tətbiq olunması ilə əlaqədar həmin sistemdən istifadə üçün bilik və vərdişlərin artırılmasını və ondan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında müntəzəm təlimlərin keçirilməsini təşkil etsin.
4. Yerli icra hakimiyyəti orqanları:
4.1. informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi üçün tədbirlər görsünlər;
4.2. informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsizliyini təmin etsinlər;
4.3. informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələrin alınması və lazımi iş şəraitinin yaradılması məsələlərini həll etsinlər.
5. Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsi:
5.1. informasiya sisteminin mərkəzləşdirilmiş
server avadanlığına texniki xidmət göstərilməsini
təmin etsin;
5.2. Azərbaycan Respublikasının
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə
informasiya sisteminin fasiləsiz fəaliyyətini və proqram təminatına dəstəyi
təmin etsin.
6. Azərbaycan Respublikası Xüsusi
Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:
6.1. yerli icra hakimiyyəti
orqanlarının informasiya sisteminə qoşulması
üçün onları zəruri telekommunikasiya kanalları
ilə təmin etsin;
6.2. informasiya sisteminin təhlükəsizliyinin
təmin edilməsi üçün
Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsi ilə birlikdə müvafiq tədbirlər
görsün.
7. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası bu fərmanın icrasına nəzarəti
həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 aprel
2015-ci il
Azərbaycan.-2015.- 30 aprel.- S.3.