AMEA-nın prezidenti:
2014-cü il ölkəmizin elmi həyatında bir
sıra uğurlarla yadda
qalıb
Aprelin
29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət
heyətinin binasında AMEA-nın 2014-cü ildəki elmi və
elmi-təşkilati fəaliyyətinə həsr olunan illik
ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar akademiyanın elmi müəssisə və təşkilatlarının 2014-cü ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun illik fəaliyyəti ilə bağlı çıxışında akademiyanın 2014-cü ildə dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib.
Ötən il görülən işlərdən danışan akademik A.Əlizadə bildirib ki, AMEA-nın strukturunun, idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirilməsi, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü əlaqələndirilməsi, maliyyələşmənin yeni əsaslar üzərində təşkili, beynəlxalq elmi əlaqələrin inkişafı, yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, elmin təbliği, populyarlaşdırılması və digər istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərə nail olunub və uğurlu nəticələr əldə edilib. Bundan başqa, Azərbaycan Prezidentinin 2014-cü il 11 dekabr tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi, AMEA-nın ümumi yığıncağının 2014-cü il 30 iyun tarixli qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilədək İnkişaf Konsepsiyası təsdiq edilib, “Elm haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub.
AMEA-nın rəhbəri akademiyanın strukturunun müasir dünya elminin inkişaf tendensiyalarına və ölkəmizin maraqlarına uyğun şəkildə yenidən qurulmasının hesabat ilində həyata keçirilən islahatların mühüm bir hissəsini təşkil etdiyini vurğulayıb. Bu istiqamətdə AMEA-nın strukturunda Biofizika və Smart materialları Mərkəzi, Quba Regional Elmi Mərkəzi, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi, Dünya Siyasəti, Qafqazşünaslıq institutlarının yaradıldığı diqqətə çatdırılıb.
Akademiya üzvlüyünə seçkilərin keçirilməsini hesabat ilinin mühüm hadisəsi kimi dəyərləndirən akademik A.Əlizadə bu seçkiləri yalnız AMEA-nın deyil, bütövlükdə ölkənin elmi və ictimai həyatı üçün əlamətdar olduğunu bildirib. Akademik 2014-cü ilin ölkəmizin elm həyatında bir sıra uğurlarla yadda qaldığını qeyd edərək bildirib ki, AMEA, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə “Bakı Elm Festivalı-2014” və Azərbaycan alimlərinin I Qurultayı keçirilib. A.Əlizadə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə AMEA-nın 70 illik yubileyi və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyi kimi iki mötəbər tədbirin keçiriləcəyini, bununla bağlı bir sıra elmi-təşkilati işlərin görüldüyünü deyib.
Vurğulanıb ki, AMEA-da həyata keçirilən hüquqi islahatlar və gənclər siyasəti, elm və təhsilin inteqrasiyası gələcək elmi kadrların akademiyaya cəlb olunmasına şərait yaradır. Müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin Prezident mükafatına təqdim olunması, gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almaları istiqamətində müvafiq işlərin aparılması akademiyanın gənclər və kadrlar siyasətinin tərkib hissəsidir.
AMEA-da magistratura təhsilinin yaradılmasının elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyətlərdən olduğunu söyləyən akademik bu işin 2014-cü ildə bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə reallaşdırıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, artıq bu il yeddi ixtisas üzrə magistratura təhsilinə başlanılacaq.
A.Əlizadə hesabat ilində AMEA-nın müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də söz açaraq bildirib ki, Mərkəzi Elmi Kitabxananın və Milli Ensiklopediyanın müasir dünya standartları səviyyəsində olan yeni binaları istifadəyə verilib. Bir sıra elmi müəssisələrin inzibati binaları rekonstruksiya olunub, ən müasir cihaz və avadanlıqla təchiz edilib. Bundan başqa, AMEA-nın Təcrübə-Sənaye Zavodunun bütün fəaliyyət istiqamətlərində əsaslı dönüş yaranıb, müəssisədə elmi-təcrübi, istehsal xarakterli proseslər geniş vüsət alıb.
Akademik qeyd edib ki, Azərbaycan elminin inkişafı istiqamətində qarşıda bir sıra vəzifələr durur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tələblərinə uyğun olaraq, AMEA Azərbaycan elminin üzərinə düşən vəzifələrin icrasını davam etdirməli, biliklər iqtisadiyyatına və yüksək texnologiyalara əsaslanan elmi potensialı daha da gücləndirməli, alimlərin dövlətimizin inkişafında yaxından iştirakına nail olmalıdır.
Sonra hesabat ətrafında müzakirələr aparılıb, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Tədbirdə ilk dəfə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” öz sahiblərinə təqdim olunub.
Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin inkişafında sanballı xidmətlərinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Məlikov və kvant nöqtəli heterostrukturların formalaşma prosesi və xassələrinin fundamental tədqiqi, onların əsasında yeni lazerlərin yaradılması sahəsində silsilə elmi əsərlərinə, habelə Azərbaycan-Rusiya elmi-texniki əməkdaşlığının inkişafına verdiyi şəxsi töhfəsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorov AMEA-nın ən yüksək mükafatı ilə təltif olunublar. Bundan əlavə, elmin müxtəlif sahələrindəki xidmətlərinə görə akademik Cəmil Əliyev AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına, akademik Telman Əliyev Nəsirəddin Tusi adına, akademik Musa Rüstəmov akademik Yusif Məmmədəliyev adına, akademik Teymur Bünyadov Abbasqulu ağa Bakıxanov adına, AMEA-nın müxbir üzvü Zemfira Səfərova akademik Üzeyir Hacıbəyli adına, akademik Tariyel Talıbov Həsən bəy Zərdabi adına, geologiya-mineralogiya elmləri doktoru Məmməd Çıraqov akademik Musa Əliyev adına mükafatlarına layiq görülüblər.
Sonra ümumi yığıncaqda elmi məruzələr dinlənilib. Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov “Fiziki metodlara və prinsiplərə əsaslanan biofiziki tədqiqatlar” mövzusunda məruzə edib.
Yığıncaqda rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov “Kosmik tədqiqatların Azərbaycan Respublikasının inkişafında rolu və perspektivləri” mövzusunda elmi məruzəsində bildirib ki, kosmik tədqiqatlar ölkəmizdə ötən əsrin 80-ci illərindən başlayaraq təşəkkül tapıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Bakı şəhərində Beynəlxalq Astronavtika Federasiyasının XXIV Konqresi keçirilib. Ulu Öndərin rəhbərliyi ilə 1974–cü ildə “Kaspi” Elm Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib, AMEA-nın nəzdində “Xəzər” Elmi Mərkəzi yaradılıb. Azərbaycan Nazirlər Sovetinin elə həmin il qəbul etdiyi qərar əsasında “Kosmik cihazqayırma” Xüsusi Konstruktor Bürosu təşkil olunub. 1977-ci ildə Bakıda 30-dan artıq ölkənin nümayəndəsinin iştirakı ilə BMT-nin Yerin məsafədən zondlanması üzrə seminar keçirilib. 1978-ci ildə “Xəzər” Elmi Mərkəzinin əsasında yaradılan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu 1982-ci ildə SSRİ Baş Kosmos İdarəsi nəzdində Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinə çevrilib. Nazir birliyin əsasının görkəmli alim, Azərbaycan kosmik elminin yaradıcısı, professor Tofiq İsmayılov tərəfindən qoyulduğunu bildirərək vurğulayıb ki, ölkəmizdə kosmik elmin və texnologiyaların formalaşmasında, inkişafında general-leytenant Kərim Kərimov, akademiklər Arif Paşayev, Arif Mehdiyev və digər görkəmli alim və mütəxəssislərin də xüsusi rolu olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinin bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılıb.
Diqqətə çatdırılıb ki, 2003-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” qəbul edilib. Prezident İlham Əliyev 2008-ci ildə “Azərbaycan Respublikasında Kosmik Sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, 2009-cu ildə “Azərbaycan Respublikasında Kosmik Sənayenin yaradılması və inkişafı üzrə Dövlət proqramı”nın qəbul edilməsi haqqında sərəncamlar imzalayıb. Nazirliyin 2010-cu il 5 iyul tarixli kollegiyasının qərarı ilə kosmik məsələlər üzrə şura yaradılıb və akademik Arif Paşayev şuranın sədri təyin edilib.
Ə.Abbasov qeyd edib ki, dövlətimizin başçısının 2010-cu il 3 may tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. BMT-nin 2012-ci il 12 yanvar tarixli qətnaməsi ilə Azərbaycan Respublikası BMT-nin Kosmik Fəzanın Sülh məqsədləri ilə istifadəsi üzrə Komitəsinə (COPUOS) üzv olub. Bir il sonra isə “Azərspace-1” Cənubi Amerikada yerləşən Fransız Qvianası Mərkəzinin Kuru Kosmodromundan Fransanın “Arianspace” şirkətinin Ariane-5 raket daşıyıcısı vasitəsilə uğurla geostasionar orbitə çıxarılıb. “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə çıxarılması nəzərdə tutulur.
Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Azərbaycanın neft strategiyası və elm” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, son iyirmi ildə ölkəmizin misilsiz inkişaf yolu keçməsinin, böyük quruculuq işlərinin və qlobal dəyişikliklərin əsasında ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası dayanır. Bu strategiya sayəsində Azərbaycan Qafqaz regionunun güclü və nüfuzlu dövlətinə, Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən ölkəyə çevrilib. Məruzədə neft strategiyası nəticəsində bir sıra qlobal enerji layihələrinin məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdığı, strategiyanın iqtisadiyyatın bütün sahələrində gedən inkişafa böyük təkan verdiyi qeyd olunub. Eyni zamanda, strategiyanın formalaşdırıldığı tarixi şərait və onu meydana gətirən amillərdən bəhs edilib.
Ümumi yığıncaqda AMEA-nın strukturunda qismən dəyişiklik edilməsi məsələsi müzakirə edilib. AMEA-nın nizamnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də Humanitar və İctimai elmlər bölmələrinin fəaliyyətinin təşkili məqsədilə Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutlarının, həmçinin Milli Àzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin Humanitar Elmlər Bölməsinin tərkibinə, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat, Fəlsəfə və Hüquq, İnsan Hüquqları, Dünya Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutlarının, o cümlədən Milli Àzərbaycan Tarixi Muzeyinin İctimai Elmlər Bölməsinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edilib. Bu bölmələrin tərkibi müəyyənləşdirilib.
Sonra AMEA-nın Quba Regional Mərkəzinin yaradılması məsələsinə baxılıb. Rəyasət heyətinin bu barədə vəsatəti nəzərə alınmaqla mərkəzin yaradılması barədə qərar qəbul edilib. Qeyd olunub ki, bu mərkəz bölgədə elmi tədqiqat fəaliyyətini gücləndirmək və regiondakı elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaları lazımi səviyyədə aparmaq, eləcə də şimal bölgəsinin tarixi, arxeîlîgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradacaq.
Daha sonra AMEA-nın vitse-prezidentləri, akademiklər çıxış edib, problemlərdən söz açıb, təkliflər səsləndiriblər.
Ümumu yığıncağın qərarı ilə AMEA-nın 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat qənaətbəxş hesab olunub və təsdiqlənib.
Yığıncaqda AMEA-nın akademik-katibi
və elmi bölmələr üzrə akademik-katib vəzifələrinə
seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən
akademik Rasim
Əliquliyev AMEA-nın akademik-katibi, akademik Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, akademik
Teymur Kərimli Humanitar
Elmlər Bölməsinin, akademik Dilqəm
Tağıyev Kimya Elmləri Bölməsinin,
akademik Fuad Əliyev Gəncə
Bölməsinin akademik-katibi vəzifələrinə
yenidən təsdiqləniblər. Bununla
yanaşı, AMEA-nın müxbir üzvü Nazim Məmmədova
Fizika-Riyaziyyat və Texnika
Elmləri Bölməsinin, AMEA-nın müxbir
üzvü Nərgiz Axundovaya
İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra
etmək həvalə olunub.
Azərbaycan.-2015.- 30 aprel.- S.3.