Herbert Salber: Azərbaycanlı
girovların azad edilməsi məsələsi
yenidən Ermənistanın qarşısında
qaldırılacaq
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Avropa
İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Herbert Salber ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində aparılan
danışıqlar haqqında müzakirələr
aparılıb və mövcud status-kvonun qəbuledilməz
olduğu vurğulanıb.
Nazir
Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin
girov götürdüyü Dilqəm Əsgərov və
Şahbaz Quliyevin azad edilməsi məsələsinə
toxunaraq, humanitar xarakter daşıyan bu məsələnin
beynəlxalq birlik və Avropa İttifaqı tərəfindən
Ermənistan qarşısında qaldırılmasının
vacibliyini vurğulayıb. O, girovların səhhəti ilə
əlaqədar Azərbaycan tərəfinin
narahatlığını bildirib.
Herbert
Salber azərbaycanlı girovların azad edilməsi məsələsinin
yenidən Ermənistan tərəfinin qarşısında
qaldırılacağını deyib.
Ermənistanın
Azərbaycana qarşı təcavüzü nəticəsində
4000-dən artıq şəxsin itkin
düşdüyünü deyən Elmar Məmmədyarov
bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən
də dəstəkləndiyi kimi, Ermənistan tərəfi
humanitar prinsiplərdən çıxış edərək
onların taleyi barədə məlumat verməlidir. O əlavə
edib ki, itkin düşmüş şəxslərin kimliyi DNK
analizlər vasitəsilə müəyyən edilə və nəticə
etibarilə, ailələrinə və yaxınlarına
onların taleyi barədə məlumat verilə bilər.
Elmar
Məmmədyarov Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı
icmaları arasında dialoqun münaqişənin həllinə
xidmət edə biləcək vacib etimad quruculuğu tədbiri
olduğunu vurğulayıb.
Herbert
Salber birinci Avropa Oyunlarının keçirilməsi
münasibətilə Azərbaycanı təbrik edib və bu
Oyunların sülhə, sabitliyə, çiçəklənmə
və inkişafa xidmət etdiyini bildirib.
Görüşdə
qarşılıqlı maraq kəsb edən məsələlər
ətrafında müzakirələr aparılıb.
Azərbaycan.-2015.- 30 aprel.- S.4.