Azərbaycan ilə Almaniya
arasında hüquqi sahədə əməkdaşlıq
inkişaf edir
Aprelin
29-da ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri Fikrət Məmmədov Almaniya
Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun
(İRZ) icraçı direktoru Dirk Mirovun
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Almaniya
və Azərbaycan arasında müxtəlif istiqamətlərdə,
o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlığı
qeyd edən nazir iki ölkənin Ədliyyə nazirlikləri
arasında imzalanmış Birgə Bəyanatın
implementasiyası çərçivəsində İRZ-nin fəal
iştirakını və həyata keçirilən tədbirlərdə
dəstəyini qeyd edib.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, Fikrət Məmmədov Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə aparılan
genişmiqyaslı məhkəmə islahatlarını, hakimlərin
örnək kimi dəyərləndirilən ən şəffaf
seçimini və tədrisini qeyd edib, ədliyyə, o
cümlədən penitensiar sistemin inkişafı, məhkumların
hüquqlarının genişləndirilməsinə yönələn
qanunvericiliyin təkmilləşdirilməsi, onların sosial
adaptasiyası, bu məqsədlə müasir penitensiar
infrastrukturun yaradılması, cəzadan vaxtından əvvəl
şərti azad etmə, habelə xüsusi notariat institutunun
geniş tətbiqi barədə məlumat verib.
Həmçinin
dövlətimizin əsas prioritetlərindən olan korrupsiyaya
qarşı mübarizə tədbirləri, şəffaf və
elektron xidmətlərin tətbiqi, xüsusilə Azərbaycan
brendi olan və ədliyyənin müxtəlif xidmətlər
göstərdiyi "ASAN xidmət" mərkəzlərinin
vətəndaş məmnunluğuna yönələn fəaliyyəti
diqqətə çatdırılıb.
Almaniyanın
Azərbaycan ilə sıx əməkdaşlığından
məmnunluğunu ifadə edən qonaqlar İRZ ilə
Ədliyyə Nazirliyi arasında səmərəli əməkdaşlığı
yüksək qiymətləndirib, məhkəmə-hüquq
sistemindəki islahatları maraqla qarşılayaraq ölkəmizin
bu sahədə uğurlu yol keçdiyini vurğulayıb, əldə
olunmuş nailiyyətləri təqdir ediblər. D.Mirov ədliyyə
və məhkəmə sahəsində təcrübə
mübadiləsinin əhəmiyyətini qeyd edərək əlaqələrin
bundan sonra da uğurla davam etdirilməsinə hazır
olduğunu söyləyib.
Görüşdə
əməkdaşlığın perspektivləri, o cümlədən
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
presedentlərinin öyrənilməsi, tədris tədbirlərinin
və təcrübi səfərlərin təşkili, elektron
məhkəmənin, habelə probasiya xidmətinin tətbiqi və
digər məsələlər üzrə faydalı fikir
mübadiləsi aparılıb.
Qonaqlar
nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış
olublar.
Görüşdə
Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun
Tempel də iştirak edib.
Azərbaycan.-2015.- 30 aprel.- S.4.