Etimadın yaradılmasında dinlərarası və mədəniyyətlərarası dialoqun roluna dair maraqlı təkliflər səslənib

 

Üçüncü Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Etimadın yaradılmasında dinlərarası və mədəniyyətlərarası dialoqun rolumövzusunda panel iclası maraqlı müzakirələrlə və təkliflərlə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldininmoderatorluğu ilə keçirilən iclasda dövrümüzün ən aktual problemlərindən bəzilərinin dərin dini köklərinin də olduğunu söyləyib. O deyib ki, hazırda bununla bağlı ciddi problemlər var. Fərqli dinlər və mədəniyyətlərə məxsus insanlar arasında qarşıdurmalar baş verir. Son dövrlər dünyada cərəyan edən proseslərin fonunda belə aktual mövzunun müzakirəsi çox önəmlidir.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri qeyd edib ki, dinlərarası və mədəniyyətlərarası dialoq dünyada sülhün bərqərar olunmasında böyük rol oynayır. Münaqişələr çox böyük faciələrə gətirib çıxarır. Bütün dinlər düşmənçiliyə, ədavətə, kinə, nifrətə qarşı çıxır. Bütün dinlər bəşəriyyəti sülhə, sabitliyə səsləyir. Hazırda qarşıda belə bir sual durur. Dinlərarası və mədəniyyətlərarası dialoq üçün nə edə bilərik? Cəmiyyətin aparıcı qüvvələri, liderlər bu məsələdə daha çox görə bilərlər.

Albaniyanın sabiq Prezidenti Recep Meydani dinlərarası və mədəniyyətlərarası dialoqun yaradılması və qorunması istiqamətdə ölkəsinin təcrübəsindən danışıb. O, tarixə nəzər salaraq bu istiqamətdə görülmüş işlərdən söhbət açıb.

Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku çıxışında dinlərarası və mədəniyyətlərarası dialoqun tənzimlənməsində müxtəlif dinlərə, mədəniyyətlərə məxsus cəmiyyətlərin bir-birinə qarşı hörmət, dözümlülük şəraitində yaşamasının rolunu qeyd edib.

Avropa, RusiyaAvrasiya Tədqiqatları Mərkəzinin direktoru Norman Qraham bildirib ki, qlobal etimadın möhkəmləndirilməsi tərəflərə bir-birilərini öz mənsubiyyətlərini, ehtiyaclarını daha yaxşı anlamağa kömək edə bilər. Qeyd edilib ki, dinlərin sülh şəraitində birgə mövcudluğuna nail olmaq çox vacibdir. Bunun üçün beynəlxalq siyasi dairələr dinlərarası dialoqun beynəlxalq sülhə töhfə verməsini təmin etməyin yolunu birgə axtarmalıdır.

 

Azərbaycan.-2015.- 30 aprel.-  S.5.