Panel iclasında sülhün qorunmasında qadınların rolu diqqət mərkəzində olub

 

Üçüncü Qlobal Bakı Forumu çərçivəsində növbəti panel iclası “Sülhün qorunmasında qadınların rolumövzusuna həsr edilib.

Liviyanın Avropa İttifaqındakı nümayəndəsi Farida Allaqhinin moderatorluğu ilə keçirilən iclasda Qırğızıstan Ali Şurasının üzvü Mamirova Bodoş bildirib ki, qadınlarla bağlı problemlərə dair müzakirələr nə qədər çox olsa da, hələ də istənilən nəticə əldə edilməyib. O bildirib ki, qadınların hər sahədə təmsil olunmaları üçün imkan yaradılmalıdır.

Ukraynanın məşhur müğənnisi Ruslana Lıjiçko deyib ki, qadınlar çox böyük qüvvədir və bu qüvvə dünyada bir çox problemlərin qarşısını ala bilər. Xüsusilə müharibədən əziyyət çəkən ölkələrdə qadınlar bu sahədəki fəaliyyətə həssas yanaşmalıdırlar.

Ukraynanın keçmiş birinci xanımı, Ukrayna 3000 Fondunun prezidenti Katerina Yuşşenkomüharibələrin törətdiyi dəhşətli nəticələr haqqında danışıb. Qeyd edib ki, müharibələr zamanı ən çox əziyyət çəkənlər qadınlar və uşaqlardır. Bunun üçün də qadınlar dünyada sülhün bərqərar olmasında əllərindən gələni etməlidirlər. Qana parlamentinin üzvü Brou Kuha Marqarita bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar birlik nümayiş etdirməlidirlər. Xüsusilə ictimai-siyasi fəaliyyətlə məşğul olan qadınlar daha sıx birləşməli və onları narahat edən problemlərin öhdəsindən gəlməlidirlər.

Madaqaskarın keçmiş Baş naziri Jan Omer Beriziki vurğulayıb ki, ölkəsində qadınlar cəmiyyətin qəhrəmanlarıdır. Qadınlar hər sahədə aktiv olsalar da lakin yenə də onlarla bağlı bəzi problemlər mövcuddur. Sülhün bərqərar olunmasında qadınlar çox böyük rol oynaya bilərlər. Lakin əvvəlcə qadınların xüsusilə ictimai-siyasi sahədə daha fəal olmaları və kişilərin onlara dəstək vermələri çox vacibdir. Qadınların səriştəsi kişilər tərəfindən qəbul edilməlidir və qadınlar ayrı-seçkiliyə məruz qalmamalıdır.

Çex Respublikası parlamentinin sədr müavini Yaroslava Yermanova qeyd edib ki, bütün ölkələrdə idarəetmədə qadınların sayı çox olarsa dünyada sülh bərqərar edilə bilər.

İclasda bildirilib ki, sülh naminə edilən beynəlxalq cəhdlərə baxmayaraq, qadınların bu işdə iştirakında çatışmazlıq hələ də davam edir. Çıxış edənlər dünyada sülhün qorunmasında, xalqların, dövlətlərin yaxınlaşmasında, əlaqələrin genişlənməsində beynəlxalq qadın hərəkatlarının rolunu vurğulayıblar.

 

Azərbaycan.-2015.- 30 aprel.-  S.5.