“İnsan hüquqları” və “demokratiya” siyasi avantüra vasitəsinə çevriləndə

 

Özünü “azadlıq carçısı” kimi təqdim edənlər əslində dövlət çevrilişləri və siyasi qəsdlərin müəllifləridirlər

 

Qərb dünyası, o cümlədən ABŞ özünü dünyada “demokratiyanın beşiyi” kimi təqdim edir, beynəlxalq münasibətlərdə demokratiya məsələlərinə xüsusi önəm verdiyini göstərmək istəyir. Lakin Qərb imperializminin dünyanın bir çox xalqlarının başına açdığı oyunlar tarixdən yaxşı məlumdur. Orta əsrlərdən başlayaraq dünyanın bölüşdürülməsi və talanması siyasəti nəticəsində Afrika, Asiya və Amerika xalqlarına vurulan maddi və mənəvi yaralar heç vaxt sağalmayacaq. Milyonlarla hindunun, afrikalının, asiyalının soyqırımı və əsrlər boyu talanan maddi sərvətlər Qərbin inkişafının əsas səbəblərindən biridir.

Ötən 20 ildə mühüm demokratikləşmə prosesi keçən Azərbaycan beynəlxalq miqyasda təsbit olunan ali demokratik dəyərlərə ciddi önəm verir. Bu dövrdə ölkəmiz bütün sahələrlə yanaşı, demokratik inkişafda da həm regionda, həm də ki, keçmiş postsovet məkanında nümunə ola biləcək işlərə imza atıb. Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar, vətəndaş cəmiyyəti institutlarının inkişafı Azərbaycanda demokratik cəmiyyətin mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir.

Qarşıdan I Avropa Oyunları gəlir. Cəmi iki il yarım ərzində hazırlıq işlərini yüksək səviyyədə başa vuran Azərbaycan təşkilatçı kimi bütün öhdəliklərini layiqincə yerinə yetirib. Qısa dövr ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb, yeni idman obyektləri, kompleksləri yaradılıb, Azərbaycana səfər edəcək idmançıların, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib. İyun ayında isə bu möhtəşəm idman hadisəsi nümunəvi təşkilinə görə dünya idman tarixinə öz damğasını vuracaq. Həm də I Avropa Oyunları Azərbaycanı bir daha dünyaya tanıdacaq, ölkəmizin beynəlxalq imicinə yüksək müsbət təsir göstərəcək.

Diqqəti çəkən bir məqam da I Avropa Oyunlarına sayılı günlər qaldıqca antiazərbaycançı şəbəkənin “fəallaşmasıdır”. Erməni lobbisinin, təəssübkeşlərinin, Azərbaycanın timsalında türk və müsəlman dövlətinin yüksəlişini qəbul etmək istəməyən siyasi mərkəzlərin cəmləşdiyi bu şəbəkə “Eurovision” mahnı müsabiqəsi zamanı və əvvəlki dövrlərdə də antiazərbaycan fəaliyyətinə rəvac verib. Bu şəbəkə mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək Azərbaycana qarşı çirkin planlar həyata keçirmək niyyətlərini açıq şəkildə ortaya qoyub.

I Avropa Oyunları ərəfəsində ölkəmizdə insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər antiazərbaycançı şəbəkənin ünsürləri tərəfindən süni və qərəzli şəkildə şişirdilir, bu idman yarışını “boykot” çağırışları edilir, onun guya “əhəmiyyətsizliyi”, Avropanın diqqətindən “kənarda qaldığı” rəyinin formalaşdırılmasına cəhdlər olunur. Görünən odur ki, I Avropa Oyunlarını siyasiləşdirməklə, onun ətrafında birtərəfli informasiya vakuumu yaratmaqla, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltməklə və son nəticədə artıq bəzi dövlətlərə qarşı istifadə olunmuş və effekt vermiş təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək planını həyata keçirməyə çalışırlar.

Bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən gerçəkləşdirildiyi yaxşı məlumdur. Çünki yaxın keçmişdə MDB məkanında digər ölkələr də Qərb dairələri tərəfindən təşkil olunmuş belə kampaniyalara məruz qalıblar. Bu fəaliyyətin əsl motivləri bəlli olsa da, həmin dairələr onu ciddi-cəhdlə gizlətməyə, qondarma iddialarla öz niyyətlərini ört-basdır etməyə çalışırlar. Konkret olaraq Azərbaycana gəldikdə, əsas motiv kimi uzun illərdir Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasında fəal iştirak edən, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək vətənə xəyanət edən, ölkə qanunlarını kobud şəkildə pozan, konkret cinayət halları törətdiklərinə baxmayaraq, öz himayədarlarının dəstəyi sayəsində cavabdehlikdən yayınan, lakin sonda məsuliyyətə cəlb olunmuş “5-ci kolon”un üzvlərini müdafiə etmək məqsədi dayanır. Aparılan araşdırmalar antiazərbaycançı şəbəkənin yeni planının əsas hədəflərini, miqyasını, konturlarını, iştirakçılarını, istifadə etdiyi metod və resurslarını müəyyənləşdirməyə imkan vermişdir.

Antiazərbaycançı planlar əsasən ABŞ-dan idarə olunur. Təbii ki, Azərbaycanın uğurlarını ABŞ-da görür və dərk edirlər. Müsəlman ölkəsi olan Azərbaycanın sürətli inkişafı, söz sahibinə çevrilməsi ABŞ rəsmi dairələri tərəfindən üzdə təbəssümlə qarşılansa da, əslində reallıq bambaşqadır. Əgər belə olmasaydı, rəsmi Vaşinqton üzdə strateji təsnifat verdiyi ABŞ-Azərbaycan əlaqələrinə kölgə salan addımları atmazdı. ABŞ hakimiyyətində təmsil olunanlar yaxşı bilirlər ki, Ermənistan faktiki olaraq Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Amma bu ölkə indiyədək bir dəfə də olsun antiterror əməliyyatlarına dəstək verən, enerji təhlükəsizliyinin təmin olunmasında yaxından çıxış edən Azərbaycanın maraqlarına xidmət edən addım atmayıb. Əksinə, hər addımda Ermənistanın yanında olduğunu göstərib, Dağlıq Qarabağdakı separatçı rejimi maliyyələşdirib. O cümlədən BMT-də Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələdə erməni maraqlarını müdafiə edib.

Əlbəttə, ABŞ hakimiyyətinin antiazərbaycançı mövqeyində onların erməni lobbisinin alətinə çevrilməsi və erməni təəssübkeşliyi əsas rol oynayır. Xatırladaq ki, dövlət katibi Con Kerri hələ 1990-cı ildə bir neçə senatorla birlikdə SSRİ rəhbəri M.Qorbaçova göndərdiyi məktubda onu Dağlıq Qarabağ problemini “Qarabağ xalqının sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll etməyə” çağırmışdı.

Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində də ölkəmizə qarşı başladılan yeni məkrli kampaniyada əsas adı keçən fiqurlardan biri ermənipərəst mövqeyi ilə seçilən ABŞ-ın dövlət katibi Con Kerridir. Belə ki, ABŞ-da bu kampaniyanın təşkil olunması “National Endowment for Democracy” (NED) təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.

Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”. Bu ayın əvvəlində “Freedom House” təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “5-ci kolon”un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin ABŞ dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Onun qapalı hissəsinə gəldikdə, konqresmen və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində “milli şura” adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Con Kerrinin islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən şəxs kimi tanındığını və bir çox belə təşəbbüslərin müəllifi olduğunu nəzərə alaraq, bu məlumat heç də təəccüblü görünməməlidir. Bu fakt, sadəcə olaraq ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə qarışmadığı və hakimiyyət çevrilişi planları hazırlamadığı barədə ən yüksək səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı xətt çəkir, demokratiya adı altında antiazərbaycançı siyasət həyata keçirdiyini təsdiq edir.

“İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni “qara piar” layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda l Avropa Oyunlarının, parlament seçkilərinin, “Formula 1” yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcəkdir və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir.

Görünən odur ki, bu gün “insan hüquqları” və “demokratiya” ABŞ-ın rəhbər şəxsləri tərəfindən siyasi avantüra vasitəsinə çevrilib. Və özünü “demokratiya carçısı” kimi təqdim edənlər əslində dövlət çevrilişləri və siyasi qəsdlərin müəllifi rolunda çıxış edirlər. Artıq iş o yerə çatıb ki, ABŞ-a rəhbərlik edənlər öz şəxsi ambisiyaları və erməni sevgiləri naminə dövlət maraqlarını tapdalayırlar. ABŞ-la yanaşı Avropada da Azərbaycanla bağlı qərəzli planlar işə salınıb. Bütün bunlar isə bir vahid koordinasiya altında olmaqla məhz Azərbaycan dövlətinin nüfuzunu ləkələməyə, ölkəmizlə bağlı beynəlxalq mənfi imicin formalaşdırılmasına yönəlib. Bu sırada ölkəmizdəki ictimai-siyasi sabitliyin pozulması da antiazərbaycançı şəbəkənin fəaliyyət planına daxildir.

İndiyədək ölkəmizə qarşı çoxlu sayda belə riyakar planlar işə salınıb. Hər seçkidə, hər dəfə beynəlxalq tədbirlər ərəfəsində antiazərbaycan layihələrin həyata keçirildiyini görmüşük. Lakin nəticədə hamısı iflasa uğrayıb. Çünki Azərbaycan hakimiyyəti qətiyyətli və müstəqil siyasət həyata keçirir və ölkəmizlə təzyiq dilində danışmaq yersizdir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 30 aprel.-  S.8.