Azərbaycanın sığorta-pensiya sistemi dünyada bu sahədə ən mükəmməl modellərdəndir

 

 

Dövlət Sosial Müdafiə Fondu və Avropa İttifaqının birgə konfransında könüllü sosial sığortanın tətbiqi məsələləri müzakirə olunub

 

Dünən “Fairmont Baku” hotelində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin konfransı keçirilib. Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin çərçivə planının müzakirə olunduğu tədbirdə bir sıra Avropa dövlətlərinin səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların, Azərbaycan Respublikasının dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Konfransda açılış nitqi söyləyən DSMF-nin sədri Elman Mehdiyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuşduriqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunmuşdur.

E.Mehdiyev bildirib ki, bu gün nüfuzlu beynəlxalq qurumlar və maliyyə institutları tərəfindən sosial islahatların Azərbaycan modelinin tətbiqi nəticəsində əldə olunmuş üç əsas nailiyyət digər keçid ölkələri üçün nümunə kimi qiymətləndirilir. Bu nailiyyətlərdən birincisi, ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problemin - qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Üçüncüsü və ən əsası isə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunması və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapmasıdır.

Fond sədri qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Çünki beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür. Digər tərəfdən, məlum olduğu kimi, Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi yeni mərhələnin əsas hədəfidir. Göstərilən hədəfə çatmaq üçün strateji baxış və əsas prioritetlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyənləşdirilmiş yüksək rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaq məqsədilə səmərəli dövlət tənzimlənməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi model formalaşdırılmışdır. Bu model qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi tələblərinə cavab verəcək, milli iqtisadiyyatın geniş şaxələndirilməsinə əsaslanmaqla müasir iqtisadi-maliyyə alətləri ilə tənzimlənəcəkdir. Ölkədəki makroiqtisadi siyasətin birinci pilləsində inflyasiya və digər makroiqtisadi hədəflərə uyğun tənzimləmə vasitələri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik, fəallıq və risklərin idarə olunması yer alacaqdır. Bütün bunları reallaşdırmaq üçün Azərbaycanda maliyyə xidmətləri bazarının əsas seqmentlərinin tarazlı inkişafı təmin ediləcək, iqtisadiyyata geniş kapitalizasiya imkanlarını təqdim edən qiymətli kağızlar bazarı formalaşdırılacaq, iqtisadi layihələrin maliyyələşdirilməsində fond bazarı vasitəsilə cəlb olunan qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadə genişləndiriləcəkdir. Qeyd olunanlar bir tərəfdən növbəti inkişaf mərhələsində iqtisadi fəaliyyətin yeni istiqamətlərini, digər tərəfdən isə beynəlxalq bazara daha üstün inteqrasiya vasitələrini formalaşdıracaqdır. Bu mərhələdə yoxsulluq problemi insan inkişafı konsepsiyası ilə bağlı müasir yanaşmalara uyğun olaraqçoxfaktorlu yoxsulluq” müstəvisində diqqətə alınacaqdır. Həmçinin Azərbaycanın karbohidrogen ixracından asılı olmadan Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında tam qərarlaşması və insan inkişafı ilə bağlı təsnifata əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda yüksəlməsi əsas hədəflərdəndir.

Qeyd olunan göstəricilər sosial müdafiə ilə bağlı normalara da inkişafın xüsusiyyətindən asılı olaraq yenidən baxılmasını şərtləndirir. Bu o deməkdir ki, ölkəmizdə pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinin hazırkı səviyyəsi qorunarsa, pensiya sisteminin əsas səmərəlilik göstəricisi olan əvəzetmə əmsalı, yəni, pensiyanın orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti göstəricisi üzrə də daha yüksək hədəflər diqqətə alınmalıdır.

Bütün bunlarla əlaqədar, qlobal çağırışların pensiya sistemləri qarşısına qoyduğu mühüm vəzifələr, eləcə də beynəlxalq təcrübədə iqtisadi inkişaf səviyyəsinə görə ayrı-ayrı ölkələrin pensiya sistemləri üzrə daha yüksək sosial hədəflərin həmin inkişafın yaratdığı bütün imkanlar cəlb olunmaqla əldə edildiyi nəzərə alınarsa, Azərbaycanda növbəti mərhələdə pensiya islahatlarının başlıca hədəfləri kimi: birinci, şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemində uzunmüddətli dövr üçün maliyyə dayanıqlığına və sosial sığorta prinsiplərinin tam təşəkkül tapmasına nail olunması; ikinci, vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması gündəmə gəlir.

Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Konsepsiyanın mühüm əhəmiyyətindən bəhs edən E.Mehdiyev bildirib ki, sənəddə nəzərdə tutulmuş islahatların əsas məqsədi yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığını, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsidir. Bunlara nail olmaq üçün pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması ilə yanaşı, əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi də islahatın əsas vəzifələridir.

Qeyd olunub ki, könüllü sosial sığortanın tətbiqi, bu əsasda əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi üçün islahat tədbirlərinin reallaşdırılması mürəkkəb mərhələ olmaqla, ölkəinvestisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır ki, bu da beynəlxalq təcrübə öyrənilməklə hərtərəfli araşdırmaların aparılmasını zəruri edir.

Bildirilib ki, yığım komponentinin tətbiqi məqsədilə ilk növbədə fərdi hesabların yığım hissəsinə yönəldiləcək könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, həmin vəsaitlərdən istifadə qaydaları, idarəedici şirkətlərə olan tələblər, investisiya portfelinin sığortaolunanlar tərəfindən seçilməsi imkanını nəzərdə tutan normativ hüquqi baza yaradılmalıdır. Bundan sonra toplanmış vəsaitlərin və həmin vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi reallaşdırılmalıdır.

Diqqətə çatdırılıb ki, islahatlar çərçivəsində həmçinin qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması nəzərdə tutulur. Qeyri-dövlət pensiya fondları fəaliyyət xüsusiyyətlərindən irəli gələrək bir çox istiqamət üzrə funksiyalar yerinə yetirəcəkdir ki, bu da effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün əvvəlcədən zəruri hazırlıq işlərinin yerinə yeirilməsini tələb edir. Qeyd edilən funksiyalar qeyri-dövlət pensiya təminatı məqsədləri üçün könüllü sosial sığorta haqlarının toplanması, pensiya hesablarının və fərdi uçotun aparılması, həmin hesabların vəziyyəti barədə məlumatlandırma, vəsaitlərin yerləşdirilməsi və investisiya siyasəti, öhdəliklər üzrə aktuar hesablamaların həyata keçirilməsi, öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi və digər istiqamətlərlə bağlıdır. Eyni zamanda, qeyri-dövlət pensiya institutlarının fəaliyyəti ilə bağlı nəzərdən keçirilən dövlət tənzimlənməsinin bir forması kimi bu fəaliyyətin lisenziyalaşdırılması, həmin institutların yaradılması, təşkili, dövlət qeydiyyatı, habelə uçot və hesabatlılığı üzrə tələblər müəyyən edilməlidir.

Qeyd edilənlər baxımından Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində 2014-cü ilin may ayından fəaliyyət göstərən və ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək normativ hüquqi bazanın hazırlanmasını nəzərdə tutan layihə mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, layihənin başlıca fəaliyyət istiqamətləri aşağıdakı kimidir:

Azərbaycanda demoqrafik, iqtisadi vəziyyətə dair araşdırma işlərinin aparılması;

Çoxpilləli dövlət pensiya sistemində yığım komponentinin çərçivə planının işlənib hazırlanması;

Çoxpilləli dövlət pensiya sistemində yığım komponentinə dair qanunvericilik layihəsinin hazırlanması;

Vəsaitlərin real yığm hesablarında toplanması və onların idarə edilməsi mexanizmlərinin yaradılması;

Özəl pensiya institutlarının yaradılması və fəaliyyəti ilə bağlı qanunvericiliyin çərçivə planının işlənib hazırlanması;

Özəl pensiya institutlarının yaradılması və fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilik layihəsinin hazırlanması.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, DSMF ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində ötən dövrdə Avropa İttifaqının ekspertlər qrupunun ölkəmizə çoxsaylı səfərləri olub, Azərbaycanda mövcud iqtisadidemoqrafik vəziyyət, qanunvericilik, maliyyə və sığorta-pensiya sistemi öyrənilib, eləcə də DSMF ilə, habelə müxtəlif dövlət orqanları və sair qurumlarla görüşlər keçirilib. Ekspertlər tərəfindən bu araşdırma işlərinin nəticələri əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericilik bazasının çərçivə planı hazırlanıb.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel iki ölkənin müxtəlif istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayaraq ölkəmizdə pensiya təminatı sahəsində nəzərdə tutulan islahatların əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini qeyd edib. BMT-nin İnkişaf Proqramının rezident əlaqələndiricisi Antonius Broek son illər ölkəmizin sığorta-pensiya sistemində əsaslı islahatların keçirildiyinibu islahatların ölkəmiz üçün vacib önəm daşıdığını bildirib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dövlətimizin yürütdüyü siyasətin əsas məqsədinin sosial müdafiənin gücləndirilməsi olduğunu qeyd edərək bildirib ki, növbəti mərhələdə sığorta-pensiya sistemində nəzərdə tutulan islahatlar sosial ədalətin gücləndirilməsi, pensiya təminatı sahəsində yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev vətəndaşların pensiya təminatının Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyərək, həyata keçirilən islahatların sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinə xidmət etdiyini qeyd edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan dinamik iqtisadi inkişafın sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunduğunu vurğulayıb. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev nəzərdə tutulan pensiya islahatlarının mühüm önəmindən bəhs edib.

Layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks və layihənin tərəfdaş rəhbəri, Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin nümayəndəsi Natali Belorgey Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində fəaliyyət göstərən birgə layihənin uğurla davam etdirildiyini bildirib.

Sonra tədbirin davamında təqdimatlar nümayiş etdirilib. Öncə layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks çıxış edərək layihənin icra vəziyyəti, ötən dövrdə görülmüş işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Növbəti çıxış edən Latviyanın Rifah Nazirliyinin Sosial sığorta departamentinin direktoru Jana Muizniecenin təqdimatı sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi məsələlərini tənzimləyəcək qanunvericiliyin çərçivə planına həsr olunub. Daha sonra Latviyanın SEB Bankının Pensiya Fondunun baş icraçı direktoru, Latviya Bank Assosasiyalarının Özəl Pensiya Komitəsinin rəhbəri Dace Brencena təqdimatla çıxış edərək tədbir iştirakçılarını qeyri-dövlət pensiya institutlarının yaradılması və fəaliyyəti ilə bağlı hazırlanması nəzərdə tutulmuş qanunvericiliyin çərçivə planının təfərrüatları ilə tanış edib. Yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının çərçivə planlarında təsvir olunmuş araşdırmaların nəticələri, beynəlxalq praktikada bu sahədə mövcud olan modellər, pensiya proqramları, müxtəlif iqtisadi, maliyyə, hüquqi və digər aktual məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirin davamında Almaniya Pensiya-Sığorta Federal İnstitutunun Tədqiqat və İnkişaf Departamentinin ekspert məsləhətçisi Markus SailerAdekvat pensiyanın təmin edilməsində sahəvi pensiyaların rolumözusundaDSMF-nin Proqnozlaşdırma şöbəsinin müdiri Fərid Baxşıyev “Azərbaycanda könüllü sosial sığortanın tətbiqinin aktual məsələləri” mövzusunda geniş təqdimatlar ediblər.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2015.- 30 aprel.-  S.9.