Xəzər sahilində məşəl estafeti

 

Məşəl Lənkəranda alovlandı

 

Lənkəran bayram libasına bürünüb. İlk Avropa Oyunlarının məşəlini qarşılamaq üçün burada qabaqcadan böyük hazırlıq işləri aparılıb. Hər tərəfdə səliqə-sahman yaradılıb, küçələr, meydanlar, parklar bayramsayağı bəzədilib.

Aprelin 26-da Odlar yurdunun rəmzi olan “Atəşgah” məbədində keçirilən mərasimdə cənab Prezident tərəfindən yandırılan İlk Avropa Oyunlarının məşəli hər bir Azərbaycan vətəndaşının qəlbinə hərarət, sonsuz sevinc və fərəh gətirmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkininİlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirak ilə start götürmüş məşəl estafeti 47 gün ərzində 5,5 min km məsafə qət edərək respublikamızın 60 şəhər və rayonuna səyahət edəcək. Naxçıvan Muxtar Respublikasından sonar məşəl rayonlar arasında birinci olaraq Lənkərana gətirildi.

Aprel  29-da məşəl Naxçıvan Muxtar Respublikasından Lənkərana gətirildi və Beynəlxalq Hava Limanında hərarətlə qarşılandı. Qonaqlara, idmançılara tər çiçək dəstələri verildi.

Alov festivalının rəmzi qapısında yunan-Roma güləşi üzrə 1997-ci ildə dünya, 1999-cu ildə Avropa çempionu olmuş, beynəlxalq dərəcəli idman ustası Pərviz Qasımzadə məşəli qəbul etdi.

Bayraq Meydanından başlayaraq estafeti 14 lənkəranlı məşəlçi davam etdirdi. İdmançılar məşəli növbə ilə bir-birinə ötürərək rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev parkına çatdırdılar.

Yüngül atletika üzrə müəllim Məlahət Tağıyeva  məşəli Heydər Əliyev parkında qurulmuş səhnəyə qaldırdı.

M.Tağıyeva Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla  birlikdə səhnədəki məşəli alovlandırdı.

İcra başçısı parkındakı  məşəli alovlandıraraq bu əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını,  bütün lənkəranlıları təbrik etdi. Parka toplaşan 10 mindən çox lənkəranlı hər birinin çöhrəsindən sevinc nişanələri, əsl bayram əhvali-ruhiyyəsi duyulurdu. Lənkəranlılar çiçəklənən, gündən-günə tərəqqi edən doğma Azərbaycanımızın  vətəndaşı olmalarından haqlı olaraq qürur hissi keçirirlər. Cənub şəhərinin hər bir sakini inanır ki, İlk Avropa Oyunları ölkəmizə şan-şöhrət, xalqımıza baş ucalığı gətirəcək.

Respublikamızın bütün bölgələri kimi, cənub bölgəsinin iqtisadi-mədəni mərkəzi sayılan Lənkəran rayonu da  ümummilli lider Heydər Əliyevin siyasi kursundan daim bəhrələnən, möhtərəm Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə özünün ən xoş, fərəhli günlərini yaşayır. Hazırda burada yeni Olimpiya İdman Kompleksinin tikintisi sürətlə davam etdirilir.  Lənkəran idman ənənələri ilə də tanınır. Cənab Prezidentin açılışını etdiyi Mərkəzi stadionda Xəzər-Lənkəran futbol komandası ölkə birinciliyinin oyunlarını və beynəlxalq görüşlərini keçirir. Lənkəranda  ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınan güləşçilər, boksçular, şahmatçılar, idmanın müxtəlif növləri üzrə bir çox mötəbər turnirlərin, birinciliklərin və yarışların qalibi olmuş, hətta Olimpiya oyunlarında iştirak etmiş idmançılar yetişmişdir. Onların qazandıqları qələbələr bütövlükdə Azərbaycan idmanının inkişafına və tərəqqisinə bir töhfədir. Heydər Əliyev parkındakı təntənəli tədbirdən sonra bayram konserti başladı. Bakıdan gəlmiş və eyni zamanda yerli incəsənət ustalarının, müğənnilərin, “Nənələr” folklor kollektivinin ifasında  könül oxşayan mahnılar meydana toplaşanlara xoş  bayram ovqatı bəxş etdilər.

Festivalda aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

 Alov şousu festival iştirakçılarına xoş ovqat bəxş etdi.

 

Seyran CAVADOV,

Azərbaycan.-2015.- 30 aprel.-  S.10.