Mədəniyyət və turizm
naziri Naftalan şəhərində
vətəndaşları qəbul edib
Prezident
İlham Əliyevin tapşırığına əsasən
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
hər ay bölgələrdə vətəndaşların qəbulunu
keçirirlər. Mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin sakinlərlə növbəti
görüşü aprelin 29-da Naftalan şəhərindəki
Heydər Əliyev Mərkəzində gerçəkləşib.
AZƏRTAC
xəbər verir ki, nazir Naftalan və Gəncə şəhərlərindən,
eləcə də Daşkəsən, Göygöl, Kəlbəcər
və Samux rayonlarından olan vətəndaşları qəbul
edib.
Nazirliyin
məsul işçilərinin də iştirak etdikləri qəbulda
vətəndaşların müxtəlif məsələlərlə
bağlı təklif, xahiş və şikayətləri dinlənilib.
Müraciətlər əsasən mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat,
tarix-mədəniyyət abidələrinin bərpası və
s. məsələlərlə bağlı olub.
Yerlərdə
muzey bələdçilərinin qabaqcıl təcrübənin
öyrənilməsi məqsədilə təlim və dil
kurslarına cəlb edilməsi, rayonlara tanınmış incəsənət
ustalarının ezam edilməsi, yaradıcılıq
görüşlərinin təşkili, kitabxanaların
metodiki vəsaitlərlə, uşaq ədəbiyyatı və
jurnallarla, uşaq musiqi məktəblərinin musiqi əsərlərinin
klavirləri ilə təminatı, mədəniyyət evlərinin
səhnə ləvazimatı ilə təchiz edilməsi barədə
xahişlər edilib. Bölgələrdə qocaman ədəbiyyat,
mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsi,
yerli müəlliflərin əsərlərinin tamaşaya
qoyulması ilə bağlı təkliflər səsləndirilib.
Həmçinin Gəncə Mərkəzləşdirilmiş
Kitabxana Sistemində Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin qərb bölgəsi
üzrə səyyar kurslarının təşkili ilə
bağlı təklif də verilib.
Gəncə
Dövlət Filarmoniyasının yeni binasının tikintisi
ilə bağlı dövlət başçısına minnətdarlıq
ifadə olunub və şəhərdə ictimai əsaslarla
Uşaq Filarmoniyasının yaradılmasına dəstək
verilməsi xahiş edilib.
Göygöl
şəhərində nazirliyin dəstəyi ilə
yaradılacaq alman icmasının tarixi muzeyinin fəaliyyətinin
təşkili, rayonda qış turizminin inkişaf etdirilməsi
barədə müraciətlər edilib.
Nazir
Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində
dövlət başçısının
tapşırığı ilə keçirilən bu
görüşlərin əhəmiyyətini
vurğulayıb. O, vətəndaşların təşəbbüskarlığını,
mədəniyyət və turizm sahələrində problemlərə
diqqət yetirməsinin təqdirəlayiq olduğunu qeyd edərək
qaldırılan bütün məsələlərin diqqətlə
nəzərdən keçiriləcəyini, zəruri tədbirlər
görüləcəyini deyib. Nazir ayrı-ayrı müraciətlərlə
bağlı müvafiq tapşırıq və göstərişlər
verib. Bildirilib ki, vətəndaşlarla görüşlərdə
qeyd edilən məsələlər konseptual şəkildə
daim nazirliyin diqqətindədir və müvafiq proqramlar, layihələr
çərçivəsində tədricən həllini tapır.
Azərbaycan.-2015.- 30 aprel.- S.11.