“Əl-ələ tut gedək” kompozisiyasının təqdimatı olub

 

Aprelin 29-da Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist, tanınmış şairə Sona Vəliyevanın sözlərinə yazılmış “Əl-ələ tut gedək” adlı kompozisiyanın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Sona Vəliyeva ilə müğənni-bəstəkar Xumar Qədimovanın sayca ikinci işi olan “Əl-ələ tut gedək” adlı maraqlı kompozisiyasını çox güclü və təsirli sənət əsəri adlandırıb.

O deyib ki, bundan əvvəl də bu, iki yaradıcı insanın birgə işi olanŞükür ki, ölməmişəm” adlı mahnını dinləmişdim. “Əl-ələ tut gedək” kompozisiyası isə daha dərin, fəlsəfi səpkili bir əsər olaraq, özündə tariximizi, bu günümüzü və sabahımızı əks etdirir. Güclü təsir bağışlamaqla yanaşı, insanı düşündürür. Kompozisiyada Xumar Qədimova ilə birgə xalq artisti Alim Qasımovun da səsi eşidilir, şeiri isə xalq artisti Nurəddin Mehdixanlı səsləndirir. Sözsüz ki, əsərin belə mükəmməl alınmasında bu güclü sənətkarların da rolu olub.

İnsanda unudulmaz hisslər oyadan kompozisiya müəllifin özünün etiraf etdiyi kimi, “Bu dağın o üzündə, Ceyran otlar düzündə, Mən yarımı sevirəm, Qara xal var üzündə” qədim xalq mahnısının sözlərindən təsirlənərək yazılıb.

Sona Vəliyeva deyib: “Mənim yazdığım bu şeir Xumar Qədimovanın ürəyində gözəl hisslər oyadıb. Ona görə də, belə dəyərli bir ortaya qoyub. Azərbaycanın dərdi böyükdür, işğal olunan torpaqlar hamımızındır. Bu, dərd bizi həmrəy olmağa, bir olmağa çağırır. Düşünürəm ki, hisslərimi, duyğularımı şeirə köçürmüşəm. Oxuyan oxuyur, oxumayanların isə bundan xəbəri olmur. Amma mahnı elə bir janrdır ki, onu hamı eşidir, hamı dinləyir. Mən də, bu baxımdan Xumar xanıma təşəkkürümü bildirirəm”.

Bu layihəyə bütün ruhunu, ürəyini qoyduğunu deyən Xumar Qədimova “Əl-ələ tut gedək” şeirinin onda oyatdığı ülvi hisslərdən, yazdığı mahnının özəlliyindən söz açıb: “Düşünürəm ki, olduqca maraqlı bir alınıb. Mən rejissora da minnətdarlığımı bildirirəm. Əsl qiyməti isə dinləyicilər verəcək. Bu bizim son işimiz deyil. Sona xanımla daha bir möhtəşəm layihə üzərində işləyirik”,- deyə ifaçı vurğulayıb.

Sonra klip nümayiş olunub.

Kompozisiyanın rejissoru Ramil Ağasıyevdir.

Tədbir çərçivəsində X.Qədimovanın “Əl-ələ tut gedək” adlı diskinin də təqdimatı keçirilib. Alboma müğənninin 15 mahnısı daxil edilib.

 

Azərbaycan.-2015.- 30 aprel.-  S.12.