Könüllülər:
Biz həm tarix yazdıq, həm də tarixə yazıldıq
Ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılan I Avropa Oyunlarının keçirildiyi günlərdə tələbə-gənclərin könüllü kimi bu beynəlxalq tədbirdə xidmət göstərmələri heç də təsadüfi deyildi. Onların üzərinə düşən vəzifə həm şərəfli, həm də məsuliyyətli idi.
Azərbaycan Prezidenti İlham Əliyev də Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla keçirdiyi görüşdə könüllülərin fəaliyyətinə xüsusi olaraq toxunmuşdur. Dövlət başçısı demişdir ki, Avropa Oyunlarında könüllülər ölkəmizin çox böyük potensialının, insan kapitalının mövcudluğunu bir daha göstərdilər: “Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, “qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm”.
Prezident əminliklə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Könüllülər Avropa Oyunlarından sonra cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, könüllülər peşəkar, bilikli və vətənpərvərdirlər.
I Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə hələ Oyunlara hazırlıq prosesində könüllülərlə bağlı maraqlı fikir söyləmişdi: “Bakı-2015”in könüllüləri idmançılara, rəsmi nümayəndələrə və izləyicilərə yardım etməklə I Avropa Oyunlarının yüksək səviyyədə ərsəyə gəlməsi üçün əvəzolunmaz rol oynayırlar... Onlar I Avropa Oyunlarını məxsusi edən insanlardır. Bu gün onların həyəcanını görmək çox sevindiricidir. Mən əminəm ki, könüllülərimizin bu həyəcanı Oyunlar sona çatanadək davam edəcək. “Bakı-2015”in simaları kimi onların rolu bu tədbirin uğurlu keçməsi üçün olduqca vacibdir”.
Göründüyü kimi, Azərbaycan könüllüləri üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirdilər. Onların xidmətləri Prezident İlham Əliyev və I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tərəfindən də yüksək dəyərləndirildi. İyulun 11-də könüllülərin mükafatlandırılması mərasimi keçirildi. Könüllülərə Prezident İlham Əliyev və I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tərəfindən imzalanmış “Təşəkkürnamə”lər təqdim olundu. Gənclər və idman naziri Azad Rəhimov onları “Bakı-2015”in mühüm parçası olduqları üçün təbrik etdi. O qeyd etdi ki, I Avropa Oyunları uğurla təşkil olundu və ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı. Bu nailiyyətdə könüllülərin fəaliyyəti yüksək dəyərə layiqdir.
Könüllülərin arasında Azərbaycan Texniki Universitetinin 714 tələbəsi “Bakı-2015” I Avropa Oyunlarının könüllüləri sırasında oldular. Onların bir qrupu redaksiyamızın qonağı olmuşdur.
Pərvin
ŞABANOVA, II kurs tələbəsi:
- I Avropa Oyunlarının yüksək şəkildə keçirilməsində dövlət başçısı cənab İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. Biz, doğrudan da həm tarix yazdıq, həm də tarixə yazıldıq. Çünki 50 dövlətdən gəlmiş yüzlərlə iştirakçı və milyonlarla tamaşaçı Azərbaycanı yaxından tanıdı və yarışları izlədi. Xarici ölkələrdən gələn əcnəbilər milli-mənəvi dəyərlərimizlə tanış oldular.
“Nar” qrupunda fəaliyyət göstərirdim. Bir dəfə dövlət himnimiz səsləndiriləndə əlimi sinəmə qoyub himnimizi oxumağa başladım. Qrupumuzun üzvləri də mənim kimi etdilər. Ətrafımız xaricilərlə dolu idi. Onlar da bizə qoşulub əllərini ürəklərinin üstünə qoyub, şərti olsa da, himnimzi oxumağa başladılar və sonda bizi alqışladılar. Deməyim odur ki, yarışlarda mübarizə aparmasaq da, diqqəti cəlb edə bilirdik. Sonra bizim çevrəmiz genişləndi. Qonaqlarla tanışlıq, ünsiyyət zamanı xalqımızın mənəvi və milli dəyərləri, adət-ənənəsi, musiqisi, tarixi, bugünkü inkişafı barədə ətraflı məlumatlar verir, onların fikirlərini öyrənirdik.
I Avropa Oyunlarının yüksək səviyyədə başa çatmasında könüllülərin də əməyi az olmadı. Dövlət başçısı da könüllülərlə görüşündə bunu xüsusi vurğuladı, Mehriban xanım təşəkkürünü bildirdi. Bu, bizim vətəndaşlıq borcumuz idi. Hər birimiz çalışırdıq ki, Oyunlar yüksək səviyyədə keçirilsin, axı, xalqımızın və dövlətimizin adına layiq olmasını istəyirdik.
Bir sözlə, ilk Avropa Oyunlarının Vətənimizdə keçirilməsindən mən də qürur duyuram.
Qəmər
CƏFƏROVA, II kurs tələbəsi:
- Həyatda hər zaman “ilk”lər yaddaqalan olur. I Avropa Oyunları da bu qəbildəndir. Bundan sonra Avropa Oyunlarının harada keçirilməsindən asılı olmayaraq məşəl Azərbaycandan - “Atəşgah”dan alov götürəcək. Odur ki, Olimpiya Oyunları deyəndə Yunanıstan yada düşdüyü kimi, Avropa Oyunları deyəndə onun vətəni Azərbaycandır deyəcəklər.
I Avropa Oyunları biz gənclərin də həyatında mühüm rol oynadı. Belə ki, Oyunların könüllüləri yarışların keçirildiyi müddətdə özlərinin Vətənə necə layiqli olduqlarını təsdiqlədilər. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 16 min nəfərdən artıq könüllü Oyunların iştirakçılarının yardımçıları, köməkçiləri idi. Biz gənclər Vətənimizin dünyada yaxından tanıdılmasında iştirak etdik və çox şey qazandıq. Əcnəbilərə Azərbaycanın tarixi, xalqımızın mədəniyyəti haqqında bildiklərimizi söyləməklə, vətəndaşlıq borcumuzu yerinə yetirirdik. Qurulan ünsiyyət qarşılıqlı fayda verirdi. Ümumiyyətlə, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən çox məmnun qaldım, çox şey öyrəndim, görüb götürdüm.
Ağasəf
İBRAHİMOV, II kurs tələbəsi:
- “İrəli” İctimai Birliyinin Azərbaycan Texniki Universiteti üzrə baş koordinatoruyam. Bu Oyunlar mənim də həyatımda silinməz iz buraxdı. Bu, bəlkə də həyatımı dəyişdirəcək bir izdir. Oyunların dopinq və medinq qruplarında fəaliyyət göstərirdim, bu qruplar idmançıların yoxlanışı ilə məşğul olurdu. Oyunlardan öncə və sonra idmançılarımızda tibbi yoxlanış aparırdıq. Bu müddətdə bir çox idmançılarla ünsiyyət qurmağa nail oldum. İşimiz ciddi, həm də məsuliyyətli idi. Xaricilərlə də birgə çalışdığımız üçün qrupumuz dil qabiliyyətinə malik gənclərdən formalaşmışdı. Əcnəbi dil öyrənmək üçün müxtəlif kurslardan keçmişdik. Bilik və qabiliyyətimizi, eləcə də intellektual səviyyəmizi keçirilən treninqlərdə, təlim-məşqlərdə təkmilləşdirmişdik.
“Biz könüllülər tarix yazdıq, tarixə yazıldıq” devizi altında nümayiş də keçirildi. Bu möhtəşəm nümayiş 10 min nəfərdən artıq könüllünü bir araya topladı. Tədbir iki hissədən - yürüş və konsert proqramından ibarət idi. Mən də “İrəli” İctimai Birliyinin xətti ilə həmin nümayişdə, yəni birinci hissədə koordinator kimi iştirak edirdim. Gecənin bir aləminədək davam edən rəngarəng konsert proqramı ilə biz könüllülər I Avropa Oyunlarına belə yekun vurduq. Bu, mənim könüllü olaraq beynəlxalq tədbirlərdə ilk fəaliyyətimdir və bunun davamlı olmasına çalışacağam. Axı qarşıdan müxtəlif oyunlar - “Formula-I”, Dünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, Avropa çempionatının final mərhələsinin görüşləri və s. bu kimi mötəbər turnirlərin də könüllüsü olmaq fikrindəyəm.
Elturan
HÜSEYNOV, II kurs tələbəsi:
- I Avropa Oyunlarında nəqliyyat sahəsi üzrə fəaliyyət göstərən könüllülərdən idim. Marşrutumuz Olimpiya Stadionu-Koroğlu metrostansiyası-Atletlər kəndi-Media kəndi idi. Əsasən xarici idmançıları müşayiət edir, onlara yol göstərirdik. Bu xidmətdə bir neçə əcnəbi dil bilmək lazım idi. Ona görə də seçilmiş könüllülər bir neçə - ingilis, rus, alman və fransız dilində sərbəst danışan və izah etməyi bacaranlardan təşkil edilmişdi.
Oyunlarda tanış olduğum, ünsiyyət qurduğum gənclərlə artıq dostluq münasibətindəyəm. İnternet resursları bu dostluğumuzun davamlılığına şərait yaradıb. Oyunların keçirilməsində elektron KİV-in, xüsusən müasir informasiya texnologiyalarının imkanlarından istifadə də yüksək səviyyədə idi. Olimpiya Stadionundakı möhtəşəmlik də məhz bu texnika və texnologiyalardan istifadə etməklə yaradılmışdı. Rusiya və Amerikadan gəlmiş könüllülərdən bir neçəsi ilə qurduğumuz əlaqə bu gün də davam edir. Biz qarşılıqlı şəkildə öz ölkələrimiz və xalqlarımız haqqında məlumatlar veririk. Onlar xalqımızın tarixinin qədim, mədəniyyətinin də zənginliyinə heyran qalıblar. Bakının müasirliyi ilə qədimliyi onlarda daha xoş təəssürat yaradıb. Xəzər kimi mavi dənizimizin olması münasibətilə bizi təbrik edirlər. İstəyirlər ki, bundan sonra tədbirlər keçiriləndə, yaxud turist kimi ölkəmizlə daha yaxından tanış olsunlar. Bu da bizim Vətən haqqında onlarda yaradılan xoş təəssüratın nəticəsidir.
Kənan
NAĞIYEV, III kurs tələbəsi:
- Təhsil aldığım universitetin Tələbə Həmkarlar İttifaqının sədr müavini kimi də ictimai vəzifə daşıyıram. Könüllülük isə deyərdim ki, gələcək karyeramı qurmaqda da mühüm rol oynayacaq. Digər tərəfdən, belə bir mötəbər beynəlxalq idman oyunlarında yaxından fəaliyyət göstərmək qürurvericidir. Oyunların bağlanış mərasimində milli geyimdə fəaliyyət göstərən könüllülərdən biri idim. Maraqlı məqamlarla qarşılaşırdıq. Məsələn, onlar bizim mətbəximizin zənginliyindən danışmaqdan yorulmurdular. Xüsusən adını belə eşitmədikləri ləziz xörəklərimizin dadından doymadıqlarını bildirirdilər.
Biz ölkəmizin Avropa standartlarına uyğun inkişaf etdiyini deyəndə bunun əksini söyləyənlər də olurdu. Avropanın Azərbaycan standartlarını qəbul etdiyini hətta bizim meyarlarımızın daha geniş və qlobal mahiyyət daşıdığını söyləyirdilər. Görünür, inkişafımız, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, o cümlədən folklorumuz və musiqimiz onlarda özgə təəssürat yaratmışdı.
Deyirdilər ki, Nizami Gəncəvinin “Xəmsə”sinin, unudulmaz xalq mahnılarımızdan olan “Sarı gəlin”in, Qobustan qayalarından zaman-zaman gələn tarixi-əfsanəvi qavaldaşın ritmlərinin, xalq artisti Alim Qasımovun ifası, Odlar yurdunun rəmzlərinin obrazlaşdırılması və bütün bunların yüksək səviyyədə təqdimatı avropalıları heyrətə gətirib.
Heydər
NƏZƏRLİ, IV kurs tələbəsi:
- Oyunlardan xeyli əvvəl sosial şəbəkələrdə bir neçə könüllünün şəklini görəndə məndə də bu işə maraq yarandı. Qeydiyyatdan keçib, bir neçə gündən sonra müsahibəyə çağırış aldım və müsabiqədən uğurla keçib, “Bakı-2015” könüllülər ailəsinin bir üzvü oldum. Oyunlar başlayana kimi demək olar ki, bütün tədbirlərdə iştirak etdim. Olimpiya Stadionunda tədbir xidmətləri komandasında işləyirdim. Biz gələn qonaqları - tamaşaçıları qarşılayır, biletlərini yoxlayır, yerlərini göstərirdik. Sonda mən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın imzaladıqları “Təşəkkürnamə” ilə təltif olundum. “Təşəkkürnamə”ni gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov bizə təqdim etdi. Oyunlar bizə çox şeylər qazandırdı, xüsusən yeni tanışlıq və iş təcrübəsi.
Mənə elə gəlir ki, I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan yığmasına həsr olunmuş “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında Bakıda keçirilən parad və açıq havadakı möhtəşəm, rəngarəng konsert proqramı da könüllülərə həsr edilən yekun tədbir kimi yaddaşlarda qaldı.
Bilirəm ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 oyunu ölkəmizdə keçiriləcək. Həmin yarışlarda da könüllü kimi iştirak etmək fikrindəyəm.
Məhəmməd
NƏRİMANOĞLU,
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 1 avqust.- S. 1.