Ana dilimizi inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur

 

Tarixi günlər və milli bayramlar sırasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün xüsusi yeri var. Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra dövlətçilik tariximizin öyrənilməsinə, ana dilimizin inkişafına, qorunmasına, yeni əlifbanın tətbiqinə böyük diqqət yetirilmiş, Azərbaycan dili və əlifbası dövlətimizin əsas atributuna çevrilmişdir. Xüsusilə də Azərbaycan əlifbası və Azərbaycan dilinin inkişafı ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə özünün çiçəklənmə dövrünü yaşamışdır.

1993-cü ildə xalqın təkidi, tarixin hökmü ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın sabitləşməsinə nail oldu. O illərdə ulu öndərin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də dil məsələsi idi. Problemin ciddiliyini nəzərə alan ümummilli lider mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirmiş və aparılan fikir mübadilələri mövcud problemlərin həlli üçün dəyərli olmuşdur. Ümummilli lider 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər ana dili və əlifbaya dair bir neçə sənəd imzalamışdır. Ulu öndərin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanında deyilir: “Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılıb. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiqi yolunda böyük imkanlar açıldığı bir vaxtda bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi. “Azərbaycanda sovet hakimiyyəti yaradılandan sonra qəbul edilmiş ilk Konstitusiyada ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmayıb. SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu, Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında belə bir maddə yox idi. Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bilməyərək hadisələri sürətləndirmək cəhdləri bu nəcib işi uğursuzluğa düçar etdi. Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edildi. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli addım idi”. Məlumdur ki, Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları böyük əhəmiyyətə malikdir. Hər iki fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, dil siyasətində də ulu öndərin strateji kursuna sadiq qalaraq onun siyasi xəttini uğurla davam etdirir. Dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi ölkəmizdə müstəqil dövlət quruculuğunun prioritet istiqamətlərindəndir. Ümummilli lider hələ sovet dövründə mərkəzin ciddi nəzarətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında təsbitinə nail ola bilmişdi.

Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusuna malik olmasına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə və nüfuz qazanmasına respublika rəhbərliyi səviyyəsində diqqət yetirilirdi. “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur” deyən Heydər Əliyev gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsini həmişə ön plana çəkirdi: “Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə narahatlıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin.

...Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun” söyləyən ümummilli lider ana dilini sadəcə öyrənmək yox, onu ürəkdən sevməyi də tələb edirdi.

Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq mühitdə də səsləndirməyi lazım bilirdi. Ulu öndər deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə də danışırıq”. Ümummilli lider bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dili kimi həyatda, danışıqda və təcrübədə inkişafı üçün var qüvvəsi ilə çalışmışdır. Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpülər olması üçün daim mübarizə aparmışdır.

Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. İstər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili mürəkkəb və ziddiyyətli yol keçmişdir. Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq onu necə işlədibsə, bu gün də elə qəbul edilməlidir. Bir sözün yerinə düşməməsi onun mənasının itməsinə, təhrif olunmasına gətirib çıxarır. Nahaq demirlər ki, dil söz sərvətinin yaradıcısıdır. Bəlkə də Tanrının insana bəxş etdiyi ən qüdrətli sərvətlərdən biridir. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində böyük rol oynayan Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”kı fərmanında deyilir: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqın bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Bu mənada biz xoşbəxtik ki, Azərbaycan xalqı həqiqətən də dünyanın ən qədim xalqlarından biridir. Ümummilli lider Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlamaqla duyduğumuz qürurun böyük mənası var: “Millətin milliliyini saxlayan onun dilidir”.

Dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Ümummilli lider Heydər Əliyevin bu sahəyə olan xüsusi diqqət və qayğısı sayəsində istər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutsun” deməklə Heydər Əliyev dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha diqqətə çəkmişdir.

Ümummilli lider Heydər Əliyevin ana dilinə verdiyi dəyər sayəsində dilimiz XXI əsrdə də öz duruluğunu, saflığını qoruya bilmişdir. Dilçi alim, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov Heydər Əliyev və Azərbaycan dili məsələsini şərh edərkən mətbuata açıqlamasında demişdir ki, ümummilli liderin bu sahədə rolu əvəzsizdir: “Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk illərdə ana dilinə - Azərbaycan xalqının milli dilinə əhəmiyyət vermiş, bu dilin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği bunun nəticəsi idi. Rəsmi yığıncaqlarda ana dilində çıxış edən dövlət başçısı Azərbaycan dilinə böyük siyasi, ideoloji nüfuz qazandırdı”.

Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Ölkə rəhbərinin hələ 11 il öncə, 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı əlifba ilə bağlı problemləri aradan qaldırdı. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Bu sahədə mühüm və uğurlu tədbirlərdən biri də ölkə rəhbərinin 11 il bundan əvvəl imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında”kı sərəncamı oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Ölkə Prezidenti İlham Əliyev bölgələrdə keçirdiyi görüşlərdə də həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun dəyərlərindən söz açır. Prezident demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

Sovet dönəmində Azərbaycan dilçilərinin dünyada gedən proseslərdən təcrid olunması ilə əlaqədar ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar yaranmışdı və bunları aradan qaldırmaq üçün dövlət başçısı İlham Əliyev 2013-cü il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.

Bu problemləri aradan qaldırmaq, qəbul edilmiş normalara əməl etmək hamının borcudur. Çünki Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir münbit şərait yaradılmışdır ki, ondan bəhrələnmək, ona töhfə vermək hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2015.- 1 avqust.- S. 2.