Milli
mətbuatımızın böyük dostu
“Tərcüman”
...Azərbaycan salnaməsi
Şəxsi həyatı, yaradıcılığı ilə Azərbaycana qırılmaz tellərlə bağlı olan, XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya müsəlmanlarının lideri İsmayıl Qaspıralının Azərbaycan milli mətbuatı ilə əlaqə və əməkdaşlığı xüsusilə diqqəti çəkir. Doğrudur, İ.Qaspıralının irsində Azərbaycan şair və yazıçılarının əsərlərinin mövzu, ideya, dil, üslub, sənətkarlıq problemləri, kitab nəşri, mətbəə, yeni üsullu məktəblərin açılması kimi məsələlər də geniş işıqlandırılmışdır. Təsadüfi deyil ki, professor Xeyrulla Məmmədov “Tərcüman”da Azərbaycan ədəbiyyatı” adlı məqaləsində (“Ədəbiyyat qəzeti”, 17 noyabr 2000) göstərir ki, “Tərcüman”ın nəşr olunduğu vaxt kəsiyində onun səhifələrində Azərbaycan qədər tez-tez zikr olunan ikinci bir məntəqə yoxdur. Onun Bakıdan, Şəkidən, Şamaxıdan, Şuşadan, İrəvandan, Qoridən, Tiflisdən, Gəncədən, Ordubad və Naxçıvandan daimi müxbirləri vardı… XIX əsrin sonu, XX əsrin əvvəllərini əhatə edən otuz illik bir mərhələdə Qafqaz müsəlmanlarının həyatında baş verən mühüm hadisələr “Tərcüman”ın səhifələrində əksini tapdı. Qəzet Azərbaycan mühitinin salnaməsi oldu.
İsmayıl Qaspıralının Azərbaycanın müxtəlif bölgələrinə səfərləri, görüşləri, yeni üsullu məktəblərin açılması ilə bağlı fəaliyyəti, həmçinin onun fədakar və maarifpərvər qızı, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanımın ömür və yaradıcılıq yolu “Tərcüman” və Azərbaycan” mövzusu da maraqlı tədqiqat predmetidir.
İ.Qaspıralının mətbu fəaliyyəti faydalı və bənzərsiz olmuş, mücahidin ideyalarının həyata keçirilməsində mühüm rol oynamışdır. 1883-cü il aprel ayının 10-da həmin dövrdə Rusiyada yaşayan 14 milyonluq türk dilində danışan xalqların tarixləri ərzində “Əkinçi” (1875-1877), “Ziya” (“Ziyayi-Qafqaziyyə” (1879-1884) və “Kəşkül”dən (1883-1891) sonra sayca 4-cü qəzeti “Tərcüman” fəaliyyətə başladı. Yeri gəlmişkən qeyd edək ki, nəşrinə çox çətinliklə nail olduğu “Tərcüman”ın buraxılmasınadək İ.Qaspıralı xeyli çap məhsulu, o cümlədən “Tonquç”, “Şəfəq”, “Kəmər”, “Ay”, “Ulduz”, “Günəş”, “Həqiqət”, “Tərəqqi” adlı kitabçalar nəşr etdirmişdir. İsmayıl Qaspıralının “Tərcüman”ının Azərbaycan mədəniyyətindən ruhlandığı, ədəbiyyatından, mətbuatından bəhrələndiyi inkaredilməz fakt və həqiqətdir. Rusiyada - Krımda və Kazanda, Qafqazda və Orta Asiyada, Volqa boyunda, eləcə də Türkiyədə, Çində, Misirdə, Əlcəzairdə, İranda, Hindistanda… oxucuları olan “Tərcüman”ın aparıcı mövzularından biri də Azərbaycan mədəniyyəti, ədəbiyyatı və mətbuatı idi. Təsadüfi deyil ki, Azərbaycanın tanınmış xadimlərinin demək olar ki, hamısı - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Soltan Məcid Qənizadə, Əhməd Cavad, Əliabbas Müznib, Məmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Haşım bəy Vəzirov, Xəlil Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Şəfiqə xanım Əfəndizadə... kimi adı Azərbaycan tarixinə əbədi həkk olunmuş xadimlər İ.Qaspıralının fəaliyyətini yaxından izləmiş, onunla əməkdaşlıq etmiş, onun ideyalarını dəstəkləmiş, yaymış, əməllərini təqdir etmiş və İ.Qaspıralı irsini və fəaliyyətini yüksək dəyərləndirmişlər. Bu barədə bir qədər sonra.
Qeyd etdiyimiz kimi, Azərbaycan mətbuatı və İsmayıl Qaspıralı mövzusu o qədər əhatəli, əhəmiyyətli, eyni zamanda aktualdır ki, ondan ayrıca bəhs etmək məqsədəuyğundur və dolğun, sanballı qənaətə gəlmək üçün problemə aşağıdakı kontekstdə yanaşmaq lazımdır:
- İsmayıl Qaspıralı Azərbaycan mətbuatı haqqında;
- Azərbaycan mətbuatı İsmayıl Qaspıralı barədə;
- mühacirət mətbuatı İsmayıl Qaspıralı haqqında
Yazın,
tərcümə edin, nəşr edin
İstedadlı publisist İ.Qaspıralı Azərbaycan mətbuatını məftunluqla müntəzəm izləyir, yeni çıxan qəzet və jurnalların fəaliyyətini alqışlayır, orqanların ideyası, məramı, mövzusu, dili, üslubu barədə fikir mübadiləsi edir, mülahizələrini söyləyir. Hələ 1881-ci ildə yazdığı və Həzrət Əlinin “Alimin mürəkkəbi şəhidin qanından daha üstündür” müqəddəs sözləri ilə bitirdiyi məşhur “Rusiya Müsəlmanları” əsərində İ.Qaspıralı Ünsizadə qardaşlarının Tiflisdə nəşr etdikləri “Ziyayi-Qafqaziyyə” qəzetini misal çəkərək dilin inkişafında və cəmiyyət həyatında roluna işarə vuraraq yazırdı ki, bu “yayının yerli xalqa çox böyük yararı olmaqdadır”.
“Rusiyada mətbuat və islam nəşrləri” adlı məqaləsi (“Tərcüman”, ¹ 1, 1884) 1883-cü ilin rəsmi statistik məlumatlarına istinadən qələmə alınmışdır. Nəşriyyat-mətbəə işində Rusiya müsəlmanlarının digər xalqlardan çox geri qaldığını ürək ağrısı ilə yazan İ.Qaspıralı Rusiyada türk dilində cəmi 3 qəzetin - Tiflisdə “Ziya”, “Kəşkül”ün Azərbaycan şivəsində, Daşkənddə “Türkistan qəzeti”nin özbək dilində buraxıldığını yazır. Kitabların kəmiyyət və keyfiyyət baxımından bərbad vəziyyətdə olduğunu qeyd edən müəllif nəşr olunan bir neçə adda kitabın arasında elm və sənətə dair bircə nəşr də olsun, yoxdur-deyir-mətbəələrin də sayı cüzidir, 8 mətbəədən birinin Tiflisdə Ünsizadə qardaşlarına mənsub olduğunu diqqətə çatdırır. “Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı” adlı risalədə İ.Qaspıralı Rusiya müsəlmanlarının dalğın və geridə qalmış vəziyyətdə olmasına baxmayaraq, cəmiyyət içərisində xeyli hərəkət hiss edildiyini də vurğulayır. M.F.Axundzadənin komediyalarını təqdir edən müəllif H.Zərdabinin “Əkinçi” qəzetini də az müddət fəaliyyət göstərməsinə baxmayaraq “donmuş və buzlaşmış fikirlərə ildırım kimi ziya” verdiyini yazır. Mətbəə və kitabçılığı “bir millətin tərəqqi və mədəniləşmə dərəcəsinə ən həqiqi şahid, ən doğru tərəzi” adlandıran
İ.Qaspıralı
Rusiya müsəlmanlarına mənsub
2 mətbəənin - Tiflisdə Ünsizadə qardaşlarının, Bakıda doktor Axundov və Əli Mərdan bəyin mətbəələrinin adını çəkir. Məqalədə 1884-1901-ci illər arasında nəşr edilən kitabların adı, müəllifi, ili təqdim olunur ki, fikrimizcə, bu, kitabşünaslar üçün maraqlı mənbədir.
“Kəşkül”ün bağlanmasından (oktyabr 1891-ci il) “Şərqi-Rus”un nəşrə başlamasına (30 mart 1903) qədər 12 il (H.Zərdabi həmin dövrü “qaranlıq, zülmət dövr” adlandırırdı) “Tərcüman” Rusiya imperiyasının müsəlman əhalisinə məxsus yeganə qəzet olmuşdur. “Şərqi-Rus”un fəaliyyətə başlamasını böyük sevinclə qarşılayan İ.Qaspıralı “Tiflisdə yeni qəzet” adlı məqaləsində yazırdı: “Azərbaycan türklərinin şivəsində martın 30-dan etibarən Tiflisdə nəşr olunan “Şərqi-Rus” qəzetinin bir-iki nüsxəsini görüb sevindik. Qafqaz üçün bir qəzetin lazım olduğu çoxdan hiss edilirdi. Buna baxmayaraq, icazə və imtiyaz almaq üçün bir neçə dəfə təşəbbüs edilmişsə də, müsaidə edilməmişdi. Bu dəfə isə Məhəmmədağa Şahtaxtinski imtiyaz almağa nail oldu. Təbrik edirik, müvəffəqiyyət təmənni edirik. 20 ildən bəri “Tərcüman” tək çalışırdı. İndi dostu zühur etdi. Ümid edirik ki, məsləkdə başqa olmaz. Yalnızlığımız bizə çox ağır gəlirdi. İş çox, məsələ çox. Qələm bir idi, iki oldu” (“Tərcüman”, ¹ 15, 19 aprel 1903). İ.Qaspıralı qəzetin nəşrinə sevinsə də, M.Şahtaxtlının əlifba islahatı mülahizələrinə kəskin etirazını bildirir, onun təklif etdiyi əlifbanı qətiyyətlə rədd edir. Mövzuya “Mizan və mülahizə” adlı məqalə ilə yenidən müraciət edən müəllif əlifba ilə bağlı öz mövqeyini ciddi müdafiə edir və yazır ki, “bilməm nədən, Tiflisin havasındanmı, suyundanmı, əlifba məsələsi həmişə Tiflisdən zühur edir”. İsmayıl bəy “Qafqasiyalı radikallara” (əlifba islahatı tərəfdarları nəzərdə tutulur - T.A.) diqqəti məktəblərin artırılmasına, dərs proqramlarının islahına yönəltməyi tövsiyə edir və sonda yazır: “Yazın, tərcümə edin, nəşr edin - gərək budur. Əlifbamız yetərlidir” (“Tərcüman”, ¹ 31, 11 avqust 1903).
İsmayıl Qaspıralının “Həyat” qəzetinə ünvanladığı “Açıq məktub” (“Tərcüman”, ¹ 26, 15 mart 1906) müəllifin Azərbaycan mətbuatına nə qədər həssaslıqla, heyranlıqla, sevgi ilə yanaşdığına bariz nümunədir. “Möhtərəm dostum, “Həyat!” ilə başlayan məktubda İ.Qaspıralı qəzetin bir illik nüsxələrini səliqə-sahmanla göndərdiyi üçün redaksiyaya minnətdarlığını bildirərək yazır: “Çox yaşa, qardaşım, çox yaşa, lakin mən özümü bu qədər rəğbətə layiq görmədiyimdən, belə bir hədiyyə almağa, doğrusunu söyləyim, zərrə qədər ümidim yox idi. İşlərimin çoxluğundan, düzü, “Həyat”a 5-10 sətir yazı vermək əlimdən gəlmədisə də, 15-20 ildən bəri Qafqazda islami bir qəzetin, “Həyat”ın zühura dua etdiyim gizli deyil. Şükür Xudaya, maşallah zamana! İyirmi illik bir həsrətimə qarşı “Həyat” görüldü, “İrşad” eşidildi. Ümidvaram ki, “Həyat” “İrşad”a və “İrşad” “Həyat”a xidmət edər”. Daha sonra İsmayıl bəy öz fəaliyyətindən, “Tərcüman”ın nəşrindən, türk xalqlarının problemlərindən geniş və ürək ağrısı ilə bəhs edir. 25 ildən bəri bir məslək dostunu gözlədiyini qeyd edir və “Həyat”ın vücudunu özünə böyük təsəlli bilir: “25 ildən bəri dediyim, yazdığım budur: cığır açmaq, yol açmaq, başqa bir şey deyildir, çünki nəcib, köklü, güllü, ömürlü, dözümlü və cəsarətli olan türk millətinin pərakəndə halda Çin səddindən Ağ dənizə qədər səpələndiyi halda ortaq dili olmadığından səssiz-səmirsiz qalmışdır. Bu etiqadla yaşadım, bu etiqad ilə məzara gedəcəyəm”.
“Tərcüman”ın kazanlı, krımlı, sibirli, bakılı, şirvanlı, hacıtarxanlı, türkistanlı, buxaralı türklərin oxuyub anladığını məmnunluqla ifadə edən İ.Qaspıralı məktubun sonunda “Həyat”a tövsiyəsini də unutmur: “Əziz qardaşım, mənə “Həyat”ın hamisi demisən, gözəl, lakin bu sözün şərhə ehtiyacı var. “Həyat”ın həqiqi hamisi millətdir. Mən yalnız onun tərcümanıyam. Hər nə yazacaqsan qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batırıb qanın ilə yazı yaz, onda sözün keçər, vicdanlara çatar, amma əks halda təsirsiz olar, uçar gedər. Qardaşım, sənə bu sözlərim həm rica, həm nəsihət, həm də vəsiyyətdir” (“Tərcüman”, ¹ 26, 15 mart 1906). “Dil haqqında”, “Lisan ili”, “Can alıb can verəcək məsələ”, “Rəfiqlərimə açıq məktub”, “Farsımı, türkümü”, “Bizlərdə lisan və ümumi məslək ola bilərmi, ya yox?”, “Tevhidilisan gəlir”, “Bakı qəzetləri”, “Dil ətrafında” və s. kimi onlarla məqaləsində İ.Qaspıralı çar Rusiyasında türkcə nəşr olunan qəzetlərin, o cümlədən “Əkinçi”, “Ziya”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Səda” və digərlərinin dilini təhlil, tənqid edir, dəyərləndirir, tövsiyə və məsləhətlərini verir.
“Bakı qəzetləri” adlı yazıda “Səda” və “Həqiqət” qəzetlərinin yenidən nəşrinə son dərəcə sevinən İ.Qaspıralı yazır: “Qəzet çıxarmaq, 40 dəfə yazıb bir dəfə anlatmağın nə qədər müşkül olduğu hər kəsdən ziyadə bizə məlum olduğundan, bakılı dostlarımızı ciddi təbrik edir, uzun, gözəl ömürlərini təmənni edirik”.
Müəllif həmin qəzetlərin timsalında dili sadələşdirənlərin, türkcələşdirməyə çalışanların getdikcə artdığını məmnunluqla qeyd edir: “Osmanlının dili getdikcə sadələşib, türklük ilə canlanıb böyük bir millət dili olacaqdır, yavaş-yavaş olur”. Məqalədə bu gün də çox aktual olan bir problemə toxunulur. “Qəzetdə hər cür mübahisə edilirsə edilsin, şəxsi təhqir etmək caiz deyildir... mühərririn mühərrirə “xuliqan” deməsi, “sən” ilə xitab etməsi üsuldan, ədəbdən deyil... Əfendi qardaşlar! Ağ kağızın üzərimizdə haqqı var! Bizlər mübahisə edəndə mədəniyyətsizlərin dili ilə danışsaq, onda onlara nə qalır?”. “Xoşbəxt əkizlər” adlı məqalədə İ.Qaspıralı Bakıda “Bəsirət”, Daşkənddə “Türkistan sədası”, Hokantda “Fərqanənin sədası” qəzetlərinin nəşrə başlamasını xoşbəxtlik adlandırır, eyni zamanda qeyd edir ki, diqqəti həddən artıq çəkən qəzetlərin dilidir. Qafqaz üçün 3-4 qəzetin az olduğunu da yazan müəllif qəzetlərə öz fəaliyyətlərində uğurlar arzulayır.
İçdən
qopan suallar...
Qeyd etmişdik ki, İ.Qaspıralı yaradıcılığında Azərbaycan və Azərbaycan türkləri mövzusu aparıcı yerlərdən birini tutur. Bu, müəllifin səyahət oçerklərində də öz əksini tapmışdır. Maraqlıdır ki, digər ölkələrə səfərlərindən bəhs edərkən də, yeri düşdükcə İ.Qaspıralı Qafqazı, Azərbaycan türklərini xatırlayır, xatırladır.
Türklərin kitab mağazalarına, nəşriyyat işlərinə biganə münasibətini düşünə-düşünə, pərişan halda İstanbul küçələrində müşahidə etdiyi acı mənzərədən bəhs edərkən İ.Qaspıralı yazır: “Bu səhnələr Qafqaza səyahətimi xatırlatdı, o zaman bir məclisdə içimdən qopan sualları təkrar qışqırmaq istəyirdim: ey türklər, nədir bizdə bu hallar? Tiflisdə “Elmi-hal” nəşr edirik Qaraqaşyan mətbəəsində, Bakıda “Koroğlu” buraxırıq “Adamyan” mətbəəsində, Qarabağda şeir, ya mərsiyə çap edirik Vanlıyan mətbəəsində...… Belə ki, Qaraqaşyan, Vanlıyan cənabları bizim görəcəyimiz işi həyata keçirməsəydilər, o bizim “Koroğlu” dünya üzünü görməyəcəkdimi? Eləmi? Bizlər haradayıq, hara baxırıq - deməyə haqqım yoxdumu?” (İslam ölkəsinin məişəti, “Tərcüman”, ¹ 29, 6 avqust 1895).
“Baxçasaraydan Daşkəndə səyahət” oçerkində də İ.Qaspıralı qürur hissi ilə “hüquq elmində və siyasətdə mahir Əhməd bəy Ağaoğlu”, doktor Məhəmməd, mühəndis Səlim, hərbi məktəb zabiti Əli, təhsil və tərbiyə işləri üzrə tanınmış mütəxəssis Həsən bəylə bir mahalda, bir məclisdə görüşməyin, söhbət etməyin özü üçün böyük ləzzət olduğunu yazır. Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbov, şeyxülislam Mirzə Həsən Tahirovun Tiflisdəki müsəlman həyatına bir parlaqlıq, rövnəqlik verdiyini qeyd edir və göstərir ki, bakılı qardaşlarımız bir çox sahələrdə Rusiyanın digər müsəlmanlarına nisbətən irəli getmişlər, bu mənada H.Z.Tağıyev (H.Z.Tağıyevin mesenat fəaliyyətindən ayrıca, geniş bəhs edir - T.A.), M.Nağıyev və Ş.Əsədullayev xüsusi örnəkdirlər. Bakının xeyli tərəqqi etdiyini, məktəblərin, şagirdlərin sayının artdığını məhəbbətlə qeyd edir. Oçerkdə müəllif onunla birgə səyahət etmək üçün Orta Asiyaya - Səmərqəndə gələn “Bakılı dostlarından müəllim Məcid əfəndi Qənizadənin” adını böyük ehtiramla çəkir.
“Buxarada nə gördüm” adlı silsilə oçerklərində də Azərbaycan türklərinin həyatına xeyli yer ayrılmışdır. Müəllif Bakıdan keçərkən Əli Mərdan bəy Topçubaşovu xatırlayır, bir şamaxılı ilə həmsöhbət olur, Buxaradakı pambıq emalı fabrikinin Bakıda H.Z.Tağıyevin müəssisəsi qədər böyük olduğunu qeyd edir.
“Sərgidə mən nə gördüm” səyahət oçerkində Nijni-Novqoroda səfərindən, orada təşkil olunan Ümumrusiya sərgisindən, onun eksponatlarından bəhs edərkən “Qarabağdan, Şəkidən, Şirvandan” da bir xeyli əşyanın nümayiş etdirildiyini yazır. İ.Qaspıralının yadından Azərbaycan türkləri çıxmır. O, Qahirədə bir görüşü zamanı söylədiyi xütbədə Rusiya müsəlmanlarının fəaliyyəti ilə bağlı danışanda H.Z.Tağıyevin xidmətlərini ayrıca vurğulayır. Bundan təsirlənən məclis iştirakçılarının H.Z.Tağıyevin ünvanına hər tərəfdən yüksələn “sağ olsun, yaşasın” sədaları, duaları “salonu titrətdi”.
Qafqaza - Azərbaycana səyahətlərinə dair İ.Qaspıralı ayrıca məqalələr də həsr etmişdir. “Ədəbi məclis” (10 avqust 1886, ¹ 37), “Qafqazda üç-beş gün” (26 oktyabr 1886, ¹ 44), “Yolda rastlaşma” (20 yanvar 1895, ¹ 3), “Zaqafqaziya boyu” (23 dekabr 1901, ¹ 47) kimi oçerklər bu qəbildəndir.
Bütün səfərlərində və bunun nəticəsi kimi bütün səyahət oçerklərində mədəniyyət, mətbuat, maarif, təhsil və tərəqqi problemləri ilə maraqlanan, onları ön plana çəkən İ.Qaspıralının Qafqaza səyahətləri üçün də bu cəhət xarakterikdir. Yerli ictimaiyyət, ziyalılar, mətbuat da öz növbəsində İ.Qaspıralı şəxsiyyətinə, ideallarına böyük maraq, diqqət göstərir, onunla görüşə can atırdılar. Rus dilində Tiflisdə çıxan məşhur “Kafkaz” adlı qəzet Tiflisdəki ədəbi məclisdə İ.Qaspıralı ilə yerli ziyalıların görüşünə böyük məqalə həsr etmişdir. Bu barədə “Tərcüman”da dərc edilmiş “Ədəbi məclis” adlı yazıda (10 avqust 1886-cı il, ¹ 37) İsmayıl bəyin və qəzetinin fəaliyyəti təqdir olunur, yüksək qiymətləndirilir.
“Zaqafqaziya boyu” adlı yazıda (23 dekabr 1901, ¹ 47) İ.Qaspıralı Batum, Ahıska, Axalkələk, Tiflis, Şəki və Şamaxı bölgələrinə səfərindən bəhs edir. Şəki əhalisini “çalışqan, maarifə həvəsli”, “ticarətə, təhsilə rəğbətli” xarakterizə edən müəllif xüsusi ilə mahalın məktəb sahəsindəki nailiyyətlərini alqışlayır. Məktəblərin, şagirdlərin sayının xeyli artdığını qeyd edən İ.Qaspıralı ümid edir ki, Şəkidə tezliklə qız məktəbi də açılacaq.
Şamaxıdakı vəziyyət İ.Qaspıralını ciddi narahat, pərişan edir. O yazır: “Bu alimlər və şairlər ocağını (Şamaxı nəzərdə tutulur - T.A.) indi cahillik dumanı bürümüşdür”. İnsanların qruplara parçalanmasını, “birinin tikdiyini digərinin yıxmaq istəməsi”, məktəblərin qədrinin bilinməməsi kimi hallar müəllifdə şəhərin mövcud durumu barədə mənfi təəssüratlar yaratmışdır.
Fikrimizcə, İ.Qaspıralının səyahət oçerkləri həm mətbuat, məktəb, pedaqoji fikir tarixinin, yeni təhsil sistemi və problemlərinin araşdırılması, həm də müəllifin ideallarının dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Özünü
türk və müsəlman sayan kəs...”,
yaxud “səndə millət hissi oyanıbsa...”
İsmayıl Qaspıralı ilə eyni dövrdə yaşamış Azərbaycan ziyalıları, maarif xadimləri onun ilk ədəbi-publisistik, mətbu fəaliyyətini, “Tərcüman”ın nəşrini, yeni üsullu tədris, təhsil, məktəb reformalarını yüksək qiymətləndirmiş, böyük ədibin milli şüurun oyadılması, milli mənliyin dərk edilməsi, ortaq türk dilinin yaradılması istiqamətindəki fədakar fəaliyyətini yetərincə dəyərləndirmişlər. Ölkəmizdə sovet rejimi bərqərar olanadək bu qəbildən olan çoxsaylı materiala rast gəlmək olur. Yalnız Azərbaycan sovet mətbuatı məlum səbəblərə görə Qaspıralı mövzusunda nəinki susmamış, əksinə, kəskin düşmən mövqeyi tutmuşdur.
Heç şübhəsiz, Baxçasaraydan parlayan - bütün türk dünyasına işıq salan bir ulduz - İsmayıl bəy Qaspıralı şəxsiyyətinə Azərbaycan ziyalıları da böyük maraq göstərir, onun fəaliyyətini daim izləyir, diqqət mərkəzində saxlayırdılar. Dövrünün fəal, məhsuldar və mütərəqqi ziyalılarından sayılan Ceyhun bəy Hacıbəyli üçün də İsmayıl bəy Qaspıralı örnək, öndər idi. Bunu Hacıbəylinin İsmayıl bəy Qaspıralının vəfatı münasibətilə “Kaspi” qəzetində dərc etdirdiyi “İsmayıl bəy Qaspıralının xatirəsinə” adlı yazısında (“Kaspi”, 1914, ¹ 204, Cey Dağıstani) aydın görmək olur. Ceyhun bəy 1914-cü ilin əvvəllərində Petroqradda İsmayıl bəylə görüşmüş və bu görüş C.Hacıbəylidə böyük təəssürat oyatmışdır: “Onun işləmək ehtirası ilə nəfəs alan simasına, canlı, ağıllı gözlərinə baxdıqca qocalıqdan uzaq, qüdrətli, güclü səsinə qulaq asdıqca, mən öz-özümə demişdim: bax, bu insan öz zəhmətinin bəhrəsini görəcəkdir. Və mən o zaman yanılmamışdım”. İsmayıl bəyin xəstələnməsi xəbəri bütün müsəlman dünyasını həyəcanlandırmışdı, qəzetlər “nəhəng publisistin” səhhəti barədə xəbərlər dərc edir, adamlar ibadət zamanı “əziz xəstənin” sağalmasını dua edirdilər. Müsəlman mətbuatının və ictimaiyyətinin bu həyəcanı İsmayıl bəyə olan məhəbbətin təzahürü idi. “Və həqiqətən də İ.Qaspıralı kimi xadimi qiymətləndirməmək mümkün deyildi. Özünü türk və müsəlman sayan kəs bütün həyatını xalqa həsr etmiş, 35 il ərzində xalqın maddi, mənəvi keşiyində durmuş insanın taleyinə laqeyd qala bilməzdi. Özünü müsəlman sayan kəs bəzən həyata keçməyən, lakin nəcibliyini, faydalılığını az da olsa itirməyən böyük fikir və ideyalar sahibinin ölümünə bütün qəlbi ilə yas saxlamaya bilməzdi”.
İllər uzunu sovet təbliğat maşını ilə “panislamist”, “pantürkist”, “millətçi” kimi ibarələrlə gözdən salınan, ideya və istəkləri xalqdan gizlədilən İ.Qaspıralı haqqında C.Hacıbəylinin yazdıqları iki cəhətdən qiymətlidir. Bu məqalə bir tərəfdən İ.Qaspıralının türk dünyasındakı yeri, xidməti və nüfuzu haqqında məlumatları zənginləşdirirsə, digər tərəfdən C.Hacıbəylinin özünün mövqeyi, idealları, məram və istəkləri barədə təsəvvürü genişləndirir.
“İqbal” bir nömrəsində (müəllif Hacı İbrahim Qasımov. 15 sentyabr 1914, ¹ 738) İ.Qaspıralıya “Sizə “həkim” - deyə xitab edirəm, ey dahi!” - deyərək yazırdı: “Bizim bir çox həkim, təbiblərimiz var, onlar ayrı-ayrı adamların bədənini müalicə edirlər. Sən də həkim idin və lakin ümumi millətin ruhunu müalicə edirdin”. Şəfiqə xanım Əfəndizadə “İqbal” qəzetində dərc etdirdiyi “Rəhbərimiz İsmayıl bəy və qadınlarımız” adlı məqaləsində (29 sentyabr 1914, ¹ 750) hamının üzərində böyük haqqı olan İsmayıl bəyin ölümü ilə bağlı hər kəsin ağladığını, sızladığını yazır və İsmayıl Qaspıralını “möhtərəm ata” adlandıraraq qadınların təhsili, hüquqları uğrunda onun böyük fədakarlıq etdiyini göstərir. Ş.Əfəndizadə yazırdı: “İsmayıl bəyin qəzetinin hər səhifəsində biz qadınlar barəsində məqalələrə təsadüf edilirdi. Buna da qane olmayıb “Aləmi-nişvan” adında bir məcmuə nəşrinə başladı... Bu təşviqlər sayəsində hər tərəfdə qız məktəbləri açdırmağa müvəffəq oldu”.
“Sədayi-həqq” qəzeti 14 sentyabr tarixli 211-ci nömrəsində Haşım bəy Vəzirovun “İsmayıl bəy Qaspıralı” adlı məqaləsini dərc etmişdi. H.Vəzirov İ.Qaspıralının vəfatını bütün millətin böyük itkisi adlandırır, onun keçdiyi şərəfli yola qısa nəzər salır və sonda yazır: “İndi növbə həmin millətindir ki, onu təqdir etməklə millətimizin ən çox möhtac olduğu təzə İsmayıl bəylər yaratsın. Bizcə, İsmayıl bəy millətimiz üçün o qədər nişangahlar, abidələr qoyub ki, hər nə qədər məktəblər və məktəblilərə təqaüdlər təsis etsək də, onun zəhmətinin əvəzini ödəməmiş olacağıq. Lakin İsmayıl bəyin əsl əvəzinin daima yolunda mücahidat etdiyi islamiyyətdən çatacağına əminiz”.
“Dirilik” jurnalı 1914-cü il 14 sentyabr tarixli nömrəsində Əliabbas Müznibin “Sevgili atamız İsmayıl bəy” adlı qəzəlini dərc etmişdir.
“Mətanət, mərhəmət, himmət təcəssüm etsə, ey dahi,
Çıxar zatın kibi bir qəhrəman dünyayə, vallahi”
misraları ilə başlayan əsərdə Ə.Müznib İ.Qaspıralının xidmətlərini layiqincə dəyərləndirir və yazır:
“Sən ey pərvaz edən ruhi-müqəddəs! Bimisal idin,
Nə növ yanmasın hicrində bu ümmət sənin zira”.
Ə.Müznib İ.Qaspıralıya “sevimli pədər” deyə xitab edir, “yatmış, düşkün və talesiz millətə” səadət və qüvvət verdiyini dilə gətirir:
“Əsiri-qəhr olub dilsiz qalan biçarələr, yeksər,
Dil açdı tərcüman oldu, o canlı “Tərcüman”ından.
Arabir “Tərcüman”ın da “bostanına daş atan” və ümumiyyətlə, öz səhifələrində nadir hallarda nekroloq verən “Molla Nəsrəddin” jurnalı da böyük İ.Qaspıralının vəfatı ilə bağlı başsağlığı dərc etmişdir.
İ.Qaspıralının adını həmişə hörmət və ehtiramla çəkdiyi, əməllərini təqdir etdiyi Əli Mərdan bəy Topçubaşov “İsmayıl bəy Qaspıralının xatirəsi” adlı məqaləsində milli liderin itkisinə işarə vuraraq yazırdı: “Bu kədər bir də ona görə böyükdür ki, müsəlmanlar hələ öz xalqına sədaqətlə xidmət edən ictimai xadimlərdən yoxsuldurlar. İndi unudulmaz İsmayıl bəy Qaspıralının yerini heç kim vermir”. Ağırdır, acıdır, kədərlidir, lakin həqiqətdir. Bu, XX əsrin əvvəllərində - Azərbaycanın intibahı dövründə, böyük tarixi şəxsiyyətlərimizin olduğu bir vaxtda olan səmimi bir etirafdır. Ə.M.Topçubaşov da daxil olmaqla onlar da sıradan çıxandan sonrakı mənzərənin nə qədər dəhşətli və faciəvi olduğunu söyləməyə, İ.Qaspıralının təbirincə desək, nə hacət?! Ə.M.Topçubaşov İ.Qaspıralının həyat yolundan bəzi məqamları qeyd etməklə, bu böyük fədainin hansı inanca, əqidəyə, enerjiyə sahib olduğuna diqqəti yönəldir. “Tərcüman”ın işıq üzü görməsini müsəlmanlar üçün tarixi gün adlandıran müəllif bu “balaca həftəlik qəzetin” müsəlmanlar əleyhinə sarsıdıcı məqalələr yazan “Moskovskiye vedomosti”yə, “Novoye vremya”ya, eləcə də “islamçı professorlar” Smirnov və Çerevanskiyə layiqli cavab verdiyini xatırlayır və yazır ki, müsəlmanlar qəzetin adını redaktor-naşirin adı ilə sinonim kimi qəbul edir və bilirdilər ki, onların tərcümanı öz “Tərcüman”ında mütləq haqsız və doğru olmayan sözə lazımi cavabı verəcək. Ə.M.Topçubaşov İ.Qaspıralının bir islahatçı kimi məktəb və ortaq dillə bağlı fikirlərinə yüksək dəyər verir, bu sahədə mühüm işlər həyata keçirdiyini göstərir.
(ardı var)
Abid TAHİRLİ,
filologiya elmləri doktoru
Azərbaycan.- 2015.- 1 avqust.- S. 5.