Dövlət
dəstəyi Abşerona yeni nəfəs gətirir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə cari il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Sərəncamda qeyd edildiyi kimi, ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli zəmin yaradılmışdır. Respublikamızda aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni tələblərə uyğun strateji hədəflərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə müasir aqroparklar və daha iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində rayonlarda müasir infrastruktur qurulmuşdur.
Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Bunlardan ən başlıcası kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla, bütün vergi növlərindən azad edilməsidir. Eyni zamanda, fermer və sahibkarlar güzəştli şərtlərlə kredit ala bilirlər. Onlar “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.
“Kənd təsərrüfatı ili” haqqında sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabineti ilə birlikdə geniş əhatəli tədbirlər planı hazırlayaraq dövlət başçısına təqdim etmişdir.
Beş bölmədən ibarət olan həmin tədbirlərin “Kənd təsərrüfatı ili” çərçivəsində icrasının təmin olunması ölkəmizdə aqrar sahənin hərtərəfli inkişafında mühüm mərhələ olacaqdır.
Sahənin inkişafından abşeronlular da yetərincə bəhrələnirlər.
Əslində, 1963-cü ilin yanvarında eyni adlı yarımadada, əlahiddə ərazidə Abşeron rayonunun təşkil olunmasında başlıca məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini təzə və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək olmuşdur. Yaranmasının ilk on ili burada unikal yeraltı suvarma sisteminin yaradılmasına, mütərəqqi süni yağışyağdırma qurğularının alınıb quraşdırılmasına, bağçılığın, üzümçülüyün, tərəvəzçiliyin məhsuldarlığını artırmaqda elmi nailiyyətlərin tətbiqinə, naxırın tərkibinin Baltikyanı respublikalardan, Almaniyadan alınan yüksək məhsuldar düyələr hesabına yaxşılaşdırılmasına, təsərrüfatların yüksək ixtisaslı kadrlarla möhkəmləndirilməsinə nail olundu. Ötən əsrin 70-ci illərinin ikinci yarısından gənc Abşeron rayonu qarşısında qoyulan əsas məqsədin öhdəsindən gəlməyə başladı. İldən-ilə kənd təsərrüfatı məhsullarının istehsalı bitkiçiliyin və heyvandarlığın sənaye əsasına keçirilməsi, elmi əsaslara söykənən mütərəqqi texnologiyaların tətbiqi nəticəsində respublika üzrə rekord səviyyəyə çatdırıldı. Dövlət vəsaiti hesabına nəhəng heyvandarlıq kompleksləri tikilib istifadəyə verildi.
Abşeron rayonunda da kənd təsərrüfatının 70-80-ci illərdəki sürətli inkişafı öz yorulmaz fəaliyyəti, müdrik rəhbərliyi ilə SSRİ məkanının ayrı-ayrı müttəfiq respublikalarında durğunluq yaşandığı illərdə Azərbaycanın hərtərəfli inkişafını təmin etmiş ulu öndər Heydər Əliyevin böyük qayğısından qaynaqlanırdı.
Rayona göstərdiyi qayğı və diqqətin real nəticələrini öz gözləri ilə görmək üçün Abşeron rayonuna 1981-ci il aprelin 2 və 3-ü tarixindəki səfərinin yekununa həsr etdiyi geniş müşavirədə dediyi “Abşeronlular öz əməkləri, əzmkarlıqları ilə sübut etdilər ki, əlahiddə ərazidə yerləşən bu rayon müstəqil yaşamağa qadirdir” sözləri rayonda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılmasında səfərbəredici stimula çevrildi. 1982-ci ildə kənd təsərrüfatında qazanılmış nailiyyətlər nəinki respublikamızda, eləcə də bütövlükdə Ümumittifaq səviyyəsində Abşeron rayonunu ön sıralara çıxarmışdı. Həmin il rayonda süd istehsalı 18 min tona, ət istehsalı 12 min tona, yun istehsalı 2500 sentnerə, yumurta istehsalı 80 milyon ədədə, süfrə üzümü istehsalı 15 min tona, meyvə istehsalı 2,1 min tona, örtülü sahədə tərəvəz istehsalı 5 min tona çatdırılmışdı. Dövlətə 145 kiloqram quru zəfəran teli satılmışdı. Həmin illərdə sağıcı operator Mahmuzər Qurbanova, baş çoban Əlisafa Yaqubov və rayon partiya komitəsinin birinci katibi Tamara Hümbətova Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara layiq görülmüşlər.
Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində bütövlükdə respublikada yaşanan qeyri-sağlam siyasi mühit iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının tənəzzülü, istehsalın kəskin surətdə aşağı düşməsi ilə sonuclandı və təbii ki, bu proseslər Abşeron rayonundan da yan keçmədi. Təəssüf ki, uzun illər Abşeron kəndlisi nəinki Bakı və Sumqayıt şəhərlərinin əhalisini, heç özünün kənd təsərrüfatı məhsullarına olan tələbatını belə ödəyə bilmədi. Bir tərəfdən aqrar islahatların subyektiv səbəblərdən ləng aparılması, digər tərəfdən, sovxozların maddi-texniki təminatının sərbəst buraxılması, az-çox istehsal olunan məhsullara dövlət sifarişinin ləğvi və digər amillərdən yaranan durğunluq rayonda aqrar sahəni çökdürmüş, hətta dövlətdən təmənnasız aldığı pay torpaqlarından səmərəli istifadə edə biləcəyinə kəndlidə inamsızlıq yaratmışdı.
Vaxtilə rayonun ən iri maldarlıq təsərrüfatı yerləşən Hövsan kəndində olarkən möhtərəm Prezident cənab İlham Əliyev bir nəfər fermerin rayon rəhbərliyinin bürokratik əngəllər yaratmasından şikayətinə dərhal reaksiya verərək rayona daha münasib başçı təyin etdi. 2005-ci ilin sonlarından rayonda kənd təsərrüfatı məhsullarının istehsalçılarına qayğılı münasibətdən sahədə nəzərəçarpacaq dönüş yarandı. Kəndli-fermer təsərrüfatları və ayrı-ayrı fərdi təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının istehsalında artım tendensiyası ildən-ilə gücləndi.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalında rekord səviyyə hesab olunan 1982-ci ilə nisbətən 2014-cü ildə süd istehsalı 22637 ton artırılaraq 40637 tona, ət istehsalı 1822 tona, yumurta istehsalı 93 milyon ədədə çatdırılmışdır.
Kəndli-fermer təsərrüfatlarında, fərdi həyətlərdə hazırda 19500 baş qaramal, 110 min başa yaxın davar bəslənilir.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqda istehsalçılara dövlət dəstəyinin verilməsi mühüm vasitədir. Son beş ildə kənd təsərrüfatı məhsullarının iki nəfər istehsalçısına ən aşağı faizlə 25 min manat kredit verilmiş, toxum və meyvə tingi almaq üçün iki nəfərə 6332 manat subsidiya ödənilmişdir. Ümumilikdə gübrə alınmasına, yanacaq və mühərrik yağının haqqının ödənilməsinə görə istehsalçılara 438,6 min manat dövlət vəsaitinin ödənilməsi təmin edilmişdir.
Rayonda mal-qaranın sağlamlıq durumu daim baytarlıq nəzarətində saxlanılır. Kəndli-fermer təsərrüfatlarında və kəndlilərin həyətində bəslənilən qaramalın və davarın vaxtaşırı yoxlanılmasını baytarlıq idarəsinin 17 nəfərdən ibarət yüksək ixtisaslı baytarları həyata keçirir. Aparılan profilaktiki tədbirlər nəticəsində son on ildə Abşeron ərazisində mal-qara arasında yoluxucu xəstəliklər müşahidə edilməmişdir.
Rayonun ərazisində 8 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Ötən il 3472 baş iribuynuzlu damazlıq heyvanda aparılmış süni mayalanma nəticəsində 2976 baş sağlam buzov alınmışdır. Cari ilin 6 ayında süni mayalandırılmış 1678 baş qaramaldan 1486 baş bala alınmışdır ki, bu da respublika üzrə ən yüksək göstərici hesab olunur.
Maldarlığın daha çox inkişaf etdirildiyi ölkələrdən “Aqrolizinq” ASC-nin xətti ilə yüksək məhsuldar cinsdən olan düyələrin alınması da naxırın tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Son beş ildə 11 nəfər abşeronlu sahibkar tərəfindən Almaniyadan 237 baş damazlıq düyə gətirilmişdir. Cari ilin altı ayında isə həmin ölkədən daha 99 baş düyə alınmışdır. Dövlətin dəstəyi ilə həyata keçirilən bu tədbirlər istehsalçıların real gəlirini artırmaqla əhalinin ərzaq təminatında da özünü göstərir.
Şəhər əhalisinin gündəlik tələbatını nəzərə alan Abşeron kəndlisi əsasən heyvandarlıq məhsullarının istehsalını artırmaq imkanlarından daha səmərəli istifadə olunmasında maraqlıdır. Aqrar islahatlara qədər dövlətin inhisarında olan maldarlıq təsərrüfatlarındakı naxırın tərkibində inəklərin xüsusi çəkisi 30-32, ən yaxşı halda 35-40 faiz təkil edirdisə və il ərzində hər inəkdən orta hesabla 3000 kiloqramadək süd sağılırdısa, hazırda rayon ərazisindəki ümumi naxırın 65-70 faizi inəklərdən ibarət olmaqla hər inəkdən il ərzində 3750 kiloqram süd sağılır. Qəsəbə və kəndlərin hamısında südlük inək bəsləməklə hər gün şəhərlərin bazarlarına 10000-12000 kiloqram süd çıxarılır.
Son illər abşeronlu fermerlər güzəştli şərtlərlə 178 baş yüksək məhsuldar südlük qaramal almışlar.
Bazarların təzə ətə olan tələbatında qoyun ətinə üstünlük verildiyi nəzərə alınaraq təsərrüfatlarımızda davarın baş sayı 100 minə çatdırılmışdır və kifayət qədər ət istehsalı sürünün təbii artımı hesabına təmin olunur.
Son 8-10 ildə bitkiçilik sahəsində də məhsul istehsalında artım tendensiyası hiss olunmaqdadır. Başlıca diqqət Abşeron torpağının nadir nemətlərinin istehsalının bərpasına yönəldilmişdir. Aqrar islahatların ilk illərində ixtisaslaşmış üçümçülük təsərrüfatlarında üzüm plantasiyaları baxımsızlıqdan tamamilə məhv olsa da, fərdi həyətlərdə və yay bağlarında qorunub saxlanılmış məşhur ağ və qara şanı (həmin üzümlərdə şəkərin xüsusi çəkisi 38-40 faizə çatır) sortlarının tinglərinin çoxaldılması hesabına Novxanı kəndi ərazisində 100 hektar, ümumiyyətlə rayon ərazisində 139 hektar sahədə yeni üzüm bağları salınmışdır.
Respublika Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov 15 hektar sahədə dünyanın müxtəlif ölkələrindən gətirilmiş 340 sortdan ibarət üzüm bağı salmışdır. Burada 2 hektar sahədə ting yetişdirilib sifarişçilərə çatdırılır.
Fərdi təsərrüfatçı Sücaəddin Rzayev Məhəmmədli kəndi ərazisində ailəsi ilə birlikdə dövlətdən təmənnasız aldığı 1,8 hektar pay torpağında ağ və qara şanı sortlarından olan süfrə üzümü və meyvə bağı salmışdır və artıq 10 ilə yaxındır ki, yüksək məhsul götürüb təzə-tər halda bazara çıxarır.
Ötən əsrin 50-ci illərində perspektsiz yaşayış məntəqəsi kimi tamamilə dağıdılmış Pirəkəşkül kəndi ərazisində həmin kəndin qocaman sakini Mirrəhim Ağayev 4 il əvvəl şanı sortundan 15 hektarda üzüm bağı salmışdır və cari ilin payızında həmin sahədən bol məhsul götürəcəyinə əmindir. Mirrəhim kişi burada uzunmüddətli icarəyə götürdüyü daha 15 hektar sahədə bostan məhsulları yetişdirir.
Respublikamızda əmtəəlik zeytun 80 il əvvəl yalnız Abşeronda rayonlaşdırılmışdır. Hazırda rayonda mövcud 2250 hektara yaxın meyvə bağının 1590 hektarını zeytun bağları təşkil edir. Yüksək keyfiyyətli ərzaq məhsulu olan zeytun yağına və konservləşdirilmiş zeytuna ölkə daxilində tələbatın ildən-ilə artması bağların sahəsinin genişləndirilməsində və məhsuldarlığının artırılmsında maraqlı olan sahibkarları sahəyə cəlb edir. Zirə qəsəbəsində Firuz Rzayev 180 hektar torpaq sahəsini uzunmüddətli icarəyə götürərək qardaş Türkiyədən gətirdiyi yüksək yağlılığa malik zeytun tingləri hesabına 160 hektarda bağ salmışdır. Bu il bağlardan yüksək məhsul gözləyən sahibkar zeytun yağı almaq üçün “mini zavod”u quraşdırıb hazır vəziyyətə gətirmişdir.
708 hektar zeytun bağına malik “3-MC” LTD şirkətinin Hövsanda zeytun emalı zavodunun yüksək keyfiyyətli yağları və konservləşdirilmiş məhsulları həm xarici bazarda, həm də ölkə daxilində satılır. Zavod kiçik zeytun bağı sahələrinə malik sahibkarlardan da məhdudiyyət tətbiq etmədən xam mal alıb emal edir.
Adətən yay-payız aylarında Abşeronda yetişdirilən tərəvəz məhsullarına tələbatın son dərəcə azalması sahibkarları istixanalarda tərəvəz yetişdirməyə sövq edir. 2000-ci ilədək (kiçik kəndli həyətlərindəki primitiv istixanalar istisna olmaqla) rayon ərazisində müasir texnologiya əsasında qurulmuş istixana yox idi. Əsasən 2005-ci ildən başlayaraq rayonda azad sahibkarlığın inkişafına yaradılmış münbit şərait qısa müddətdə örtülü torpaqlarda tərəvəz istehsalının sürətli artımına imkan verdi. Hazırda rayonda 14 ədəd müasir tipli, yüksək becərmə texnologiyasına malik istixana vardır ki, onlar da orta illik tərəvəz istehsalını 5500-6000 tona çatdırmışlar. Sahənin genişləndirilməsi, qış aylarında istehsal olunan tərəvəzin çeşidlərinin çoxaldılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər davam edir. Məhəmmədli kəndində ümumi ərazisi 12,7 hektar olan istixanada əsasən kahı yetişdirilir və istehsal olunan məhsul bütünlüklə xarici bazarda satılır.
Sovet hakimiyyəti illərində kəndli həyətində əkilib-becərilməsinə yasaq qoyulmuş zəfəran istehsalının Bilgəh kəndi ərazisində yaradılmış “Zəfəran” sovxozunda mərkəzləşdirilməsi bu qiymətli bitkinin əkin sahəsinin azalması ilə nəticələndi. Sovxozun ləğvi ilə Abşeronda zəfəran yetişdirmək tamamilə unuduldu. Nə yaxşı ki, 170 hektar zeytun bağını uzunmüddətli icarəyə götürmüş Rafiq Xalıqov ilkin olaraq xeyli zəfəran soğanı toplayıb ağacların cərgə aralarında əvvəlcə kiçik sahədə ilkin əkin aparmaqla, sonradan sahəni genişləndirməklə artıq zəfəran əkini sahəsini 23 hektara çatdırmışdır.
Abşeronun digər unudulmaqda olan neməti məşhur Hövsan soğanının yenidən “həyata” qaytarılmasına Binə qəsəbəsinin sakini Mirağa Ağayevin təşəbbüsü yol açmışdır. Atası Məcid kişi ötən əsrin 70-80-ci illərində Hövsan sovxozunda soğan becərilməsində qazandığı çoxillik təcrübəsini Mirağaya aşılamış, həyətində becərdiyi soğanın toxumundan bir stəkan toplayıb oğluna vermişdi. Beləliklə, Hövsan soğanının toxumu tədricən çoxaldılıb qonşu payı kimi qəsəbədə yayılmış, bu nadir nemətin həyətyanı sahələrdə üst-üstə əkin sahəsi 2 hektara çatdırılmışdı.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması, hər şeydən əvvəl, aqrar sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini sürətləndirəcəkdir.
Müasir suvarma sistemlərinin kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən tətbiqində dövlət dəstəyinə Abşeron kəndlisinin daha çox ehtiyacı var. Ümumiyyətlə, Abşeron yarımadasında suvarma suyu olmadan nəinki məhsul yetişdirmək, əslində regionda yaşıllıqların qorunub saxlanması, ekologiyanın sağlamlaşdırılması belə mümkünsüzdür. Bu həm də külli miqdarda dövlət vəsaiti hesabına yaşayış məntəqələrini təmin edən içməli suyun israfının qarşısını alardı.
İl ərzində kiçikhəcmli emal müəssisələrinin yaradılmasının dəstəklənməsi də nəzərdə tutulur ki, bu istiqamətdə rayonda həyata keçirilmiş tədbirlər istehsalçıların tələbini hələlik ödəmir. Ümid edirik ki, həm Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramının, həm də 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası Abşeron rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına güclü təkan verəcəkdir.
Elimxan
MEHRƏLİYEV,
Əməkdar
journalist
Azərbaycan.- 2015.- 2 avqust.- S. 1.