Elvin
MÜRSƏLİYEV: “Rio-2016” Yay Olimpiya Oyunlarında da ölkəmi layiqincə təmsil edəcəyəm”
“Avropa ölkələri Azərbaycana heyran qalıblar ki, bu dövlət I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməyi necə bacardı?! Xalqımız göstərdi ki, müstəqil Azərbaycan dövləti çox şeyə qadirdir...” Bunları I Avropa Oyunlarının qalibi, yunan-Roma güləşi üzrə qızıl medal mükafatçısı Elvin Mürsəliyev dedi.
Avropa Oyunlarını həyəcanla izləyən hər bir kəs, yəqin ki, Elvin Mürsəliyevin necə fədakarlıqla güləşdiyini xatırlayır. Onun qələbəsini Prezident İlham Əliyevin ayaq üstə alqışlaması və qızıl medalı özünün təqdim etməsi hər halda Elvin üçün də ayrıca bir duyğu, xüsusi bir sevinc idi. Qalibiyyətindən sonra Elvinlə görüşüb təəssüratlarını öyrəndik və sevincinə şərik olduq.
Çempionun zəfər yolu
Əvvəlcə Elvin Mürsəliyevi tanıyaq: 17 avqust 1988-ci ildə Bakıda anadan olub. İdman fəaliyyətinə lap gənc yaşlarından başlayıb. Respublika Olimpiya İdman Liseyini bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 1999-cu ildən yunan-Roma güləşi üzrə müxtəlif yarışlarda iştirak etməyə başlayıb. Onun yaddaqalan ilk çıxışı elə həmin ildə baş verib. İdman klubları arasında keçirilən turnirdə Elvinin ilk uğurlu yarışı qeydə alınıb. O, 2007-2015-ci illərdə müxtəlif beynəlxalq yarışlarda, dünya çempionatlarında iştirak edib. 2007 və 2008-ci illərdə keçirilən dünya çempionatlarında ardıcıl olaraq gümüş və qızıl medal qazanmaqla qalib adına yiyələnib. 2010-cu ildə Avropa çempionatında gümüş medal alıb. 2011-ci ildə isə Qızıl Qran-Pri yarışlarında ikinci yerdə (gümüş medal) qərarlaşıb. E.Mürsəliyev bir neçə dəfə Azərbaycan çempionatlarında çıxış edərək adını qaliblər sırasına yazdırıb. İdmançımız 2014-cü ildə keçirilən dünya və Avropa çempionatlarının hər birində bürünc medalı yaxasından asıb.
Nəhayət, Elvin Mürsəliyevin idman karyerasında bəlkə də ən uğurlu və ən unudulmaz nailiyyəti “Bakı-2015” ilk Avropa Oyunlarında qeydə alındı. Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü bu dəfə I Avropa Oyunlarının qızıl medalına sahib oldu. Yarışa ilk mərhələdən qoşulan Elvin çətinlik çəkmədən slovakiyalı Riçard Riqoya 8:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəldi. İdmançımız bu mərhələdə rumıniyalı İonel Puskasu ilə gücünü yoxladı, qalib oldu. E.Mürsəliyev 1/4 finalda daha güclü idmançı - rusiyalı Çingiz Labazanovla üz-üzə gəldi. Gərgin keçən qarşılaşma 4:2 hesabı ilə Elvinin xeyrinə başa çatdı. Güləşçimiz yarımfinalda bir az çətinliklə üzləşdi. Gürcüstan təmsilçisi Zurab Datunaşvili ilə görüşdə 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq sayəsində qalib gəldi - 3:2. Nəhayət, finala çıxan Elvin serbiyalı Viktor Nemeslə qarşılaşdı. Görüş E.Mürsəliyev üçün elə də çətin keçmədi. Güləşçimiz 5:1 hesabı ilə qalib gələrək Azərbaycan yığmasına 6-cı qızıl medalı qazandırdı.
“Məğlub olmaq haqqında heç düşünmədim...”
Bu gün Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət göstərilir. Elə bunun nəticəsidir ki, ölkəmiz I Avropa Oyunlarında 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazandı. Elvin Mürsəliyev də bu faktı sevinc hissi ilə dilə gətirdi və Avropa Oyunlarındakı qələbəsini anasına həsr etdiyini dedi. Onunla söhbətimiz bununla başladı: “Anam hər məsələdə mənə çox dəstək olub. Ona görə də Avropa Oyunlarındakı qələbəmi anama həsr etdim. Qalib gələcəyimə inanırdım. İradəmi toplamışdım. Bu Oyunlara yüksək səviyyədə hazırlaşmışdım və əmin idim ki, qalib gələcəyəm. Hər şey istədiyim kimi oldu”. Elvin Mürsəliyev əlavə etdi ki, Avropa Oyunları ilk dəfə keçirildiyinə görə hər bir ölkə bu yarışlara güclü idmançılar göndərməyə çalışıb. Bu baxımdan o, keçirdiyi görüşlər içərisində həm ən çətininin, həm də ən məsuliyyətlisinin Avropa Oyunları olduğunu vurğuladı: “Ona görə ki, bu Oyunlar doğma vətənimizdə keçirildi. Cənab Prezidentin yarışları izləməsi isə tamam başqa bir məsuliyyət idi. Buna görə məğlub olmaq haqqında heç düşünmədim də. Cənab Prezident qalib olduqdan sonra məni təbrik edərək dedi ki, “Rio-2016” Yay Olimpiya Oyunlarında da qələbəni gözləyirik. Mən də dedim ki, inşallah, çalışıb yarışlarda da qalib olacağam”.
Elvin Mürsəliyev haqqında bir maraqlı məqamı da qeyd edək ki, o, uzun müddətdir öz çəkisini qoruyub saxlayır. 2007-ci ildən bəri bütün yarışlarda ancaq 74 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, bu çəkini qoruyub-saxlamaq üçün xüsusi proqramla işlədiyini dedi: “İdmançı çəkisini dəyişəndən sonra ona 3-4 il vaxt lazımdır ki, həmin çəkidə öz yerini tutsun. Mən 2007-ci ildən bəri öz çəkimi saxlamışam. Bütün yarışlarda 74 kiloqramda mübarizə aparmışam. Olimpiya oyunlarında 74 çəki dərəcəsindən sonra 85 kiloqram gəlir. Bu da ağır olduğu üçün mən özümü 74-75 kiloqramda saxlamışam. Çünki bu mənə daha rahatdır”.
Tamaşaçıların böyük
dəstəyi sayəsində...
İlk Avropa Oyunları qalibinin sözlərinə görə, o, rəqiblərindən bir-ikisi ilə əvvəllər də görüşüb. Ən çətin görüşü Gürcüstan və Rusiya idmançıları ilə olub. Gürcüstan idmançısı ilə ötən il dünya çempionatında qarşı-qarşıya gəlib. O, bu qalibiyyətini karyerasındakı digər uğurları ilə müqayisədə belə ifadə etdi: “Hər bir idmançı istər ki, qızıl medal qazansın. Şükürlər olsun ki, mən də qızıl medal qazandım. Adımı Azərbaycan idmanının, eləcə də Avropa Oyunlarının tarixinə yazdım. Bu uğura görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Dövlət başçısının göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bizə göstərilən etimadı doğrultduq. Tamaşaçılara da möhtəşəm dəstəyə görə minnətdaram. Çox sağ olsunlar ki, gəlib axıra qədər mənə dəstək oldular. Təbii ki, qələbə qazanmağımda onların bu dəstəyinin də çox təsiri oldu”.
Onun sözlərinə görə, I Avropa Oyunlarının adı həmişə Azərbaycanla bağlı olacaq: “Biz sübut etdik ki, beynəlxalq yarışları təşkil etməyə hazırıq. Oyunlar sayəsində əcnəbilər qədim tariximiz, mədəniyyətimiz, milli mətbəximiz, qonaqpərvərliyimiz və Bakının gözəlliyi ilə yaxından tanış olmaq imkanı qazandılar. Bunun Azərbaycan üçün faydası çoxdur. Beynəlxalq nüfuzumuz daha da artdı. Azərbaycan bu cür tədbirə evsahibliyi etməklə idmana necə dəyər verdiyini bir daha nümayiş etdirdi”.
Bəzi idmançıların çempion olandan sonra “ulduz” xəstəliyinə tutulduqları bəllidir. Nədənsə onlar arxayınlaşır və idmanla ürəkdən məşğul olmurlar. Bu amilə münasibət bildirən Elvin qətiyyətlə dedi ki, əksinə, onda belə hal müşahidə olunmayacaq: “İki aydan sonra bizi ABŞ-da keçiriləcək dünya çempionatı gözləyir. Bu, Braziliyada keçiriləcək olimpiya oyunlarına lisenziya xarakteri daşıyacaq. Çalışacağam ki, Avropa Oyunlarında qazandığım uğuru orada da davam etdirim. Olimpiya oyunlarında da ölkəmizi layiqincə təmsil edəcəyimi düşünürəm. Cənab Prezidentin məni də “Şöhrət” ordeni ilə təltif etməsi isə gələcək uğurlarımıza ciddi təkan verəcək”.
Qeyd edək ki, Elvin Mürsəliyev boş vaxtlarında detektiv hekayələrin mütaliəsi ilə məşğul olur və internetdə müxtəlifyönümlü araşdırmalar aparır. Fərid Mansurov və Rövşən Bayramov onun sevimli idmançılarıdır. Elvin yunan-Roma güləşi ilə yanaşı, gimnastika və ağırlıqqaldırma ilə də maraqlanır. “Neftçi” idman klubunun üzvüdür.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2015.- 2 avqust.- S. 4.