Firdovsi Fərzəliyev: “Mən idmanı sağlamlıq üçün seçmişəm

 

Dünya ictimaiyyətini heyrətləndirən I Avropa Oyunları başlayandan elə bir ölkə vətəndaşı tapmaq olmazdı ki, hər turnedə iştirakçıların qalibiyyət qazanacağını həyəcanla izləməsin. Möhtəşəm açılış aurası xəyallara hakim kəsildiyi bir zamanda start götürən yarışlar bu yaddaş boxçamızı daha da zənginləşdirdi. Elə ilk yarışlarda idmançılarımız, necə deyərlər, əsl qəhrəmanlıq göstərdilər. Bir-birinin ardınca qazanılan medallar həm onun işartısı idi ki, bu Oyunlarda  qalib olmaq haqqımız var. Ölkəmizə ilk qızıl medalı qazandıran Firdovsi Fərzəliyevdən sonra cəsarətli idmançılarımız ən yüksək kürsüyə qalxdılar. Amma birinci Firdovsi oldu. 

Sumqayıtla Abşeronu birləşdirən Ceyranbatan qəsəbəsinə təzəcə daxil olmuşduq. Qarşımıza çıxan bir nəfəri saxlayıb Firdovsigilin evinin ünvanını soruşanda Gəray adlı birisi irəli atılıb: “Siz Firdovsi deməyin, fəxrimiz, qəhrəmanımız deyin! Onun yaşadığı mənzili burada hamı tanıyır. O, qalib gələndə biz səhərədək bu qəsəbədə bayram etmişik”, - dedi. onların bir neçəsi irəli düşüb, bizi həmin binanın qarşısına qədər ötürdü. Sanki bununla  onlar öz çempionlarına rəğbətlərini hansısa şəkildə bildirməyə çalışırdılar.

...Firdovsi evin sonbeşiyidir. Qardaşları Fərasət, Fərahim bacısı Güllü Fərzəliyevlər ailənin gələcək nəsil daşıyıcılarıdır. Ailənin başçıları Rəfi dayı Saçlı ana  ilə söhbətə elə qəhrəmanımız Firdovsidən başladıq.

- Firdovsi 6 yaşından idmanla məşğul olur, - Rəfi dayı söhbətə başlayır. Onun üçün idman bir həyat normasıdır. Biz ona bu işdə mənəvi dəstək olmuşuq.  Bir gün dərsdən evə gəlib anasına dedi ki, Eldar müəllim valideyinlərinin onun yanına getməsini məsləhət görüb. Səhəri məktəbə gedəndə  karate müəllimi Eldar Hacızadə ilə görüşdüm. Firdovsinin atası olduğumu biləndə: “Sənin oğlun gələcəkdə gözəl idmançı olacaq”, - dedi. Biz ondan sonra Firdovsinin idmanla məşğul olmasına icazə verdik.

O zamandan başlayaraq Firdovsi rayonlararası yarışlarda iştirak etdi. 4-cü sinifdə oxuyanda respublikada keçirilən karate turnirində 3-cü yerə çıxdı. 2006-cı ildə karatenin şotokan növü üzrə I yerə sahiblik etdi.

- Mən idmanı sağlamlıq üçün seçmişəm, - deyə Firdovsi bildirir. - Boyum uzun olsa da, çəlimsiz idim zəif olduğumu hamıdan öncə özüm hiss edirdim. Bir qədər sonra mən yavaş-yavaş özümdə güc tapdım.

Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki  1 saylı tam orta məktəbdə artıq 12 yaşından başlayaraq hamı Firdovsini bir idmançı kimi tanıyır. Rayonun məktəbin elə bir idman tədbiri olmazdı ki, Firdovsi orada iştirak etməsin. Onun ilk yarışını atası belə xatırlayır:

- Anası axşam mənə dedi ki, uşağın  sabah  yarışı olacaq,  bəlkə işdən icazə alıb gedəsən. Azərsu” ASC Abşeron şöbəsində işləyirdim.  Düzü,  həmin yarışa baxmağa getmək istəmirdim ki,  məğlub olar, utanar məndən. Səhər bacısı  Güllünü götürüb getdim.  Respublika turnirinin qalibi kimi Firdovsini təqdim edəndə göz yaşlarımı saxlaya bilmədim. Qızımın gözlərindəki sevinci isə bugünədək unuda bilmirəm.

İlk qələbə böyük gələcəyin önüdür. Həmin günü xatırlayan atanın üzünə baxan Firdovsi sakitcə gülümsəyir. Ata-oğul baxışları ötən illərin kiçik bir xronikasını yaşadır.

- Bilirsiniz, orta məktəbi qurtarandan sonra  Firdovsi hərbi xidmətə yollandı, - anası Saçlı xanım ortadakı xatirələri yeni bir istiqamətə yönəldir. Oğlum əsgər gedəndə bizə dedi ki, dalımca gəlməyin. Sonra hərbi hissədən Firdovsinin xoş xəbərləri gəldi. Böyük oğlum onda İnşaat Memarlıq Universitetində təhsil alırdı. Bir gün dərsdən evə gələn Fərasətin yanında Firdovsini görüb sevindik. Dedi ki, ezamiyyətə buraxıblar.

- Mənə elə gəlir ki, insan hər şeyi qədərincə etməyi bacarmalıdır, - deyə Firdovsi vurğulayır: - Əsgəri xidmət vətən borcudur. Sənin ömür yolunda xüsusi iz buraxan bu keçid dövrünü gərək kişi kimi yaşayasan. Hərbin qayda-qanunu  özü elə bir məktəbdir.

İdman məşqlərində dərslərini davam etdirən Firdovsi  beynəlxalq turnirlərə qatılır. Hazırkı məşqçisi Rəhman Hətəmov  tələbəsindəki işgüzarlığı döyüş qabiliyyətini görür   çox keçmir ki, Firdovsi 2011-ci ildə respublikada keçirilən karate yarışlarında  birinci yerə sahib olur. Ardıcıl döyüşlərdə qalib olan Firdovsi Bakıda keçiriləcək I Avropa Oyunlarına vəsiqə qazanır.

Firdovsi deyir:

- Milli komandanın tərkibində çıxış edəcəyimi biləndə yerə-göyə sığmırdım. Çünki mən zəhmətkeş ailədə böyümüşəm. Yəni uşaqlıqdan zəhmətə köklənmişəm. Qələbələrimin bir tərəfində, məncə, dayanan da elə budur.

Haşiyə: I Avropa Oyunlarında mübarizə aparan idman növlərindən biri karatedir. Karate yarışlarında 12 dəst medal uğrunda 95 idmançı mübarizə aparıb. İyunun 13-də Oyunların ikinci günündə  Bakı Crystal Hall”da karatenin kumite növü üzrə yarışlar keçirildi. Kişilər 60, 67, 75, qadınlar 50, 55, 61 kiloqram çəki dərəcəsində mübarizə apardılar.

60 kiloqram çəkidə çıxış edən Firdovsinin ilk döyüşü İspaniya karateçisi Matias Qomes Qarsiya ilə oldu. Tatami üzərinə çıxan Firdovsi 2-0 hesabı ilə ona qalib gəldi. Növbəti döyüşünü italiyalı Luka Mareska ilə keçirən Firdovsi rəqibini 4-2 hesabı ilə üstələdi. Bu qələbə ilə yarımfinala yüksələn Firdovsi növbəti mərhələdə albaniyalı Halil Marqeşi məğlub etdi.

- Hər şey yaxşı gedirdi, - Firdovsi bildirir. - Finala çıxmaq üçün makedoniyalı Emil Pavlovla üzləşləşməli idim. Adımı çəkib tatamiyə çağıranda zaldakı alqış sədaları sanki məni bir qədər ayıltdı. Əvvəlcə hesabda geri olsam da, toparlanıb irəli çıxdım. Qarşımda yalnız final qalırdı.

Bir qədər dayanır, sakitcə baxışlarını yerə dikir. Nəsə demək istəsə , susmağa üstünlük verir. Bir qədər sonra söhbətinə belə davam edir:

- İnsanın stimul aldığını eşitmişdim. Amma öz başıma gələcəyinə, necə deyərlər, inanmırdım. Finalda  italiyalı Luka Mareska ilə  döyüşdük. 4-0 hesablı qələbə qazandım. İnanın ki, hər dəfə irəli atılanda gözüm zalı gəzirdi. Ölkəmizin başçısını orada görəndə elə bil mənim ikinci nəfəsim açıldı. Azərbaycan Prezidenti İlham Əliyevin oyunları necə həyəcanla izlədiyini görəndə ürəyimdə belə qərar verdim: “Vallah, burada məğlubiyyət heç kişilikdən deyil”.

Haşiyə: İtaliyalı Luka Mareska ilə finalda üz-üzə gələn Firdovsi Fərzəliyev I Avropa Oyunlarında iştirak edən Azərbaycan komandasına yarışların ikinci günündə,  karate yarışlarının isə birinci günündə ilk qızıl medalı qazandırdı. I Avropa Oyunlarının qızıl medalını respublikamıza qazandıran Firdovsini təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev oldu. İdmançımızın çıxışını izləyən ölkə rəhbəri qızıl medalı ona təqdim etdi.

- Qalib olmaq, qalibiyyət əldə etmək üçün insana çox şey lazımdır, - Firdovsi söhbətinə davam edir. - Qələbələrimizin böyük hissəsinin  əldə edilməsi Prezidentimizlə, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə bağlıdır. Baxın, son illəri götürək, respublikamızda baş verən inkişafa nəzər salaq. Hansı sahədə deyirsən, orada uğurlar qazanılır. Mənəvi dəyərlərin inkişaf etdirilməsi  insan talelərində özünə yer açır.  Mən orta məktəbi qurtaranda himnimizi əzbərlədim. Evimizin körpəsi, iki yaşı hələ tamam olmayan Tuqay himnimizi əzbərdən bilir. Bütün bunlar məhz  Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsidir. Mən tam əminəm ki, tezliklə Ali Baş Komandanın əmri ilə bizim üçrəngli bayrağımız işğal altında olan torpaqlarımızda dalğalanacaq.

Onu da bildirək ki, biz Firdovsi ilə söhbət edəndə evlərinə gəlib-gedənlərin sayı artırdı. Yaxınlar, qohumlar, qonşular dostlar Fərzəliyevlər ailəsinin sevincinə şərik olmağa tələsirdilər. Görüşüb qalxmaq istəyəndə Firdovsi bildirdi:

- Məncə, hər bir gənc vətənə borcunu bacardığı sahədə ödəməlidir. Çünki hər birimiz öz işimizlə qələbə qazanırıqsa, bu bizim vətəndaş haqqımız, torpaqdan qaynaqlanan duyğularımızdır.

Duyğular insan qəlbinin əlçatmaz saydığımız arzularının gələcəyə hesablanan hədəfidir. Qalibiyyət isə zəhmət çəkən hər kəsin haqqıdır. Elə Firdovsinin qələbə çaldığı qazandığı qızıl medalı kimi.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2015.- 2 avqust.- S. 4.