Azərbaycan-Türkmənistan əlaqələri yüksək səviyyədədir

 

Avqustun 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan-Türkmənistan əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan T.Komekov qeyd edib ki, ümumi köklərə tarixi bağlılığa malik Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi hər iki xalq arasında mövcud dostluq ənənələrinin müasir dövrdə mühüm mərhələyə qədəm qoyduğunu göstərir. Səfir bu münasibətlərin gələcəkdə daha intensiv inkişaf edəcəyinə əminliyini bildirib.

Türkmənistan iri karbohidrogen ehtiyatlarına, enerji nəqliyyat-kommunikasıya potensialına malik ölkə kimi mühüm əhəmiyyətini qeyd edən Baş nazirin müavini həyata keçirilən birgə iqtisadi layihələrin ümumən regionun inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Əli Əhmədov qlobal beynəlxalq məsələlərdə ölkələrimizin ümumi mövqedən çıxış etməsinin xalqlarımızın mənafeyinə uyğun olduğunu vurğulayıb.

Görüşdə səhiyyə, sosial müdafiə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 4 avqust.- S. 2.