Azərbaycanın
müasir enerji strategiyasına elmi baxış
Son illər sosial-iqtisadi və mədəni modernləşmənin yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionun nüfuzlu dövlətinə çevrilməsi, ilk növbədə elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf strategiyası ilə şərtlənir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar cəmiyyətin bütün strateji əhəmiyyətli sahələrində kardinal dəyişikliklərə səbəb olmaqla hər bir ölkə vətəndaşının taleyində müstəsna rol oynamışdır.
Bu uğurları təmin edən mühüm amillərdən biri də son 20 ildə gerçəkləşdirilən qlobal enerji layihələridir. Məhz düşünülmüş strategiya əsasında Azərbaycan son illər nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilməkdədir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının reallaşdırılması baxımından 2003-2014-cü illəri kifayət qədər uğurlu mərhələ hesab etmək olar.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorosiysk, Bakı-Supsa neft və qaz kəmərlərini istifadəyə verən “Cənub” qaz dəhlizi layihəsinin mühüm seqmentləri olan TANAP, TAP kimi qlobal layihələrin reallaşmasına nail olan Azərbaycan dünya enerji siyasətində əsas aktorlardan biri kimi iştirakını genişləndirmiş, geosiyasi gücünü artıraraq enerji bazarında əhəmiyyətli tərəfdaş kimi diqqəti cəlb etməyə başlamışdır. Ölkəmizin milli enerji siyasəti Azərbaycanın bütün tərəfdaş ölkələrlə qarşılıqlı şəkildə və yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Bu siyasət XXI əsrin ikinci onilliyində yeni mərhələyə keçid alaraq dünya ölkələri ilə enerjinin təchizatı, şaxələndirilməsi, nəqlinin, həcminin strukturunun dəyişməsinə və digər geoiqtisadi-siyasi komponentlərin meydana çıxmasına səbəb olmuşdur.
Faktiki olaraq, Azərbaycan yeni neft diplomatiyasının məntiqi davamı kimi mavi yanacağın - təbii qazın Qərb bazarlarına nəqli strategiyası üzərində işləyir. Ötən illər daha çox “qara qızıl” ehtiyatları ilə dünyanın diqqət mərkəzində olan Azərbaycanın enerji siyasəti bu gün keyfiyyətcə yeni məzmun kəsb etməyə başlamışdır. Respublikamız Xəzərin özünə aid sektorunda aşkarladığı zəngin qaz ehtiyatlarının nəqli hesabına böyük iqtisadi və siyasi dividendlər əldə etməyə iddialıdır. Neftlə yanaşı, Qərb ölkələrinə hasil olunacaq təbii qazın həcminin ilbəil artımı ölkəmizin dünya bazarında iri yanacaq tədarükçüsü olduğunu təsdiqləyir. Karbohidrogen ehtiyatlarının diversifikasiyasında təbii qaz amilinin tədricən önə keçməsi enerji marşrutlarının strukturuna da təsir göstərməkdədir.
Yaranmış yeni geoiqtisadi reallıq fonunda Azərbaycanın enerji doktrinasının tarixi təkamülünü və müasir inkişaf meyillərini fundamental təhlilə cəlb etmək, təbii qazın istehsalı və dünya bazarlarına nəqli sahəsində imkanlarını obyektiv dəyərləndirmək, şaxələndirmə zəminində səmərəli marşrutları müəyyənləşdirmək, ümumilikdə respublikamızın bu proseslərdəki rolunu elmi-nəzəri və təcrübi əsasda göstərmək çox vacibdir. Son illər iqtisadiyyat sahəsində sanballı elmi kitab, monoqrafiya və məqalələrin müəllifi kimi tanınan iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin gərgin zəhmət bahasına ərsəyə gətirdiyi “Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu” kitabı bu baxımdan maraq doğurur.
İngilis dilində nəfis tərtibatda nəşr olunan, beş bölmədən ibarət olan kitabda müstəqil Azərbaycanın neft və qaz sənayesinin tarixi, inkişaf mərhələləri, habelə müstəqillik dövründə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulmuş yeni neft strategiyasının uğurları, neft kəmərlərinin diversifikasiyası siyasəti, reallaşdırılan qlobal enerji layihələri, respublikamızın Avropanın enerji təhlükəsizliyindəki yeri və rolu ətraflı şərh edilmiş, maraqlı elmi nəticələr ortaya qoyulmuşdur.
Kitabda müstəqil Azərbaycanın neft və qaz tarixinə nəzər salınmış, ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə güclü neft və qaz sənayesinin formalaşdığı xüsusi vurğulanmışdır. Habelə, “Əsrin müqaviləsi”nin imzalanması milli iqtisadi inkişaf modelinin ərazisini şərtləndirən mühüm hadisə kimi dəyərləndirilmiş, bu sazişdən sonra respublikaya xarici investisiyaların cəlbinə geniş imkanların açıldığı vurğulanmışdır. Müəllif neft kəmərlərinin şaxələndirilməsi tədbirləri çərçivəsində ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə Bakı-Tbilisi-Ceyhan marşrutuna dair prinsipial siyasi qərarın qəbulu, habelə kəmərin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, həmin nəhəng mühəndis qurğusunun istifadəyə verilməsinin ölkəmizə gətirdiyi böyük dividendlərdən söz açmışdır.
Müəllif düzgün olaraq vurğulayır ki, Azərbaycanın son illər bölgədə müstəqil siyasət yeridən, enerji asılılığı olmayan dövlət kimi çıxış etməsi həm də respublikamızın neft və qaz kəmərləri şəbəkəsi ilə şərtlənir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının Qərbə nəqlində boru kəmərlərinin şaxələndirilməsini, mümkün qədər çox alternativlərin yaradılmasını vacib sayır. Azərbaycan nefti bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri, qazı isə Bakı-Tbilisi-Ərzurum, Bakı-Rusiya, Bakı-İran, Bakı-Gürcüstan kəmərləri ilə ixrac olunur: “Azərbaycan neft kəmərlərinin şaxələndirilməsi məsələsini təkcə iqtisadi və kommersiya baxımından deyil, həm də siyasi baxımdan vacib sayır və bəzi istehsalçı dövlətlərin üstünlüyündən təzyiq vasitəsi kimi istifadə cəhdlərinə qarşı çıxır. Azərbaycan öhdəliklərinə sadiq etibarlı iqtisadi tərəfdaş olaraq belə halların baş verməməsinə, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında sivil, işgüzar münasibətlərin qurulmasında maraqlıdır”.
Müəllif kitabda Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə edilməsi yolu ilə son 11 ildə regionların tərəqqisi, qeyri-neft sektorunun inkişafı, yeni istehsal və emal müəssisələrinin açılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də geniş söhbət açır. Prezident İlham Əliyevin “Neft hədəf deyil, vasitədir” fikrinə iqtibas edən professor Müşfiq Atakişiyev həyata keçirilən liberal iqtisadi islahatların nəticəsi kimi son illər ölkədə əlverişli biznes mühitinin formalaşdığını, özəl sektorun ümumi daxili məhsuldakı çəkisinin 80 faizi ötdüyünü yazır.
Azərbaycanın mühüm uğurlarından biri də onun qısa müddətdə Avropa üçün alternativ enerji mənbələri formalaşdırması, neft kəmərlərinin şaxələndirilməsi təşəbbüslərini praktik fəaliyyət müstəvisinə keçirməyə nail olmasıdır. Bu məqama xüsusi diqqət ayıran müəllif respublikamızın öncə GUAM çərçivəsində, sonra isə daha böyük geosiyasi arealda fəal əməkdaşlıq çevrəsi yaratdığını, Avropanın bir sıra aparıcı dövlətlərini yeni enerji təhlükəsizliyi sistemi ətrafında müzakirələrə cəlb etdiyini yazır. Kitabda Azərbaycan nefti və qazı hesabına yaradılacaq enerji təhlükəsizliyi sistemi ilə bağlı son illərdə Krakov, Vilnüs, Kiyev, Tbilisi və Bakıda təşkil olunmuş enerji sammitlərinin əhəmiyyəti də xüsusi vurğulanır. Qeyd olunur ki, beynəlxalq əhəmiyyətli bu tədbirlərdə GUAM dövlətləri ilə yanaşı, Qazaxıstan, Polşa, Litva, Latviya, Estoniya, Rumıniya, Bolqarıstan kimi dövlətlərin də yaxından iştirakı Avropada alternativ enerji mənbələrinə olan tələbatın miqyası barədə aydın təsəvvür yaratmışdır.
Kitabda 2014-cü il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasının respublikamız üçün tarixi hadisə olduğu da xüsusi vurğulanır. Müəllif respublikamızın “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş yeni neft diplomatiyasının hazırkı mərhələdə də uğurla davam etdirildiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun əhəmiyyətli dərəcədə gücləndiyini göstərir. Əsərdə qeyd olunur ki, yeni layihənin reallaşması ölkəmizin malik olduğu zəngin təbii qaz ehtiyatlarının Avropaya nəqlində diversifikasiya imkanları bir qədər də genişlənəcəkdir.
Ümumilikdə kitabda qırmızı xətlə keçən əsas qənaət bundan ibarətdir ki, Azərbaycanın istənilən yeni əməkdaşlıq formatında müstəsna mövqeyə malik olduğunu artıq Avropa dövlətləri də birmənalı başa düşür, rəsmi Bakının maraqlarını nəzərə almadan hər hansı layihənin gerçəkləşdirilməsinin qeyri-mümkünlüyünü dərk edirlər. Respublikamız həyata keçirdiyi qlobal enerji layihələri ilə təkcə iqtisadi səmərə güdmür, eyni zamanda, Avropa kimi mürəkkəb geosiyasi arealda diplomatik mövqelərini gücləndirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya nəticəsində respublikamız Avropanın mühüm enerji təminatçısına, eləcə də bu geoiqtisadi arealda böyük nüfuz sahibinə çevrilir.
“Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu” kitabının ingilis dilində nəşri ölkəmizin müasir enerji strategiyası ilə bağlı həqiqətlərin daha geniş oxucu kütləsinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. İnanırıq ki, dərin elmi təhlilə əsaslanan, faktoloji zənginliyi və ensiklopedik səciyyə daşıması ilə seçilən kitab istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda geniş oxucu auditoriyası toplayacaqdır. Ümumilikdə, kitab Azərbaycanın neft və qaz sənayesi tarixinin dünəni, bugünü və gələcək perspektivləri ilə maraqlananlar üçün mühüm elmi mənbə rolunu oynayacaqdır.
Ziyad
SƏMƏDZADƏ,
Milli
Məclisin İqtisadi siyasət komitəsinin sədri,
akademik
Azərbaycan.- 2015.- 4 avqust.- S. 4.