İran ilə Azərbaycan
arasında enerji, nəqliyyat, ticarət sahələrində əməkdaşlıq
üçün geniş
potensial var
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri iki ölkə arasında əldə olunan razılıqlarla bağlı həyata keçirilən işləri nəzərdən keçirmək və qarşılıqlı əlaqələrin gələcək inkişafını təmin etmək məqsədi daşıyır. Bu sözləri AZƏRTAC-a müsahibəsində İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi deyib.
İran-Azərbaycan əlaqələrinin çox qədim tarixə malik olduğunu vurğulayan M. Möhtəşəmi bildirib ki, iki ölkə arasındakı münasibətlər həmişə yaxşı səviyyədə olub: “Biz iki qonşu ölkəyik. Bizi bir-birimizə mədəni, tarixi, dil və dini dəyərlər bağlayır və biz bir-birimizdən ayrı ola bilmərik. Hər iki ölkənin gələcəyi bir-birinə çox bağlıdır. Bizim qonşu olmağımız və bir-birimizə bağlılıqlarımız əlaqələrimizin də yaxşı olması zəruriliyini yaradır. Bizə qonşu ölkələr arasında bəziləri var ki, digərlərinə nisbətən çox seçilirlər və Azərbaycan bizim üçün həmin seçilmiş ölkələrdəndir”.
M.Möhtəşəmi qeyd edib ki, iki ölkə arasında enerji, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur. Mövcud potensialdan istifadə etməklə hər iki ölkə öz iqtisadi inkişafı naminə və digər ölkələrin bazarlarına, o cümlədən Avropa bazarlarına çıxa bilmək üçün birgə proqramlar həyata keçirə bilər. Azərbaycanın İran vasitəsilə Fars Körfəzi ölkələrinə, Mərkəzi Asiya ölkələrinə çıxışı təmin olunar.
Diqqətə çatdırılıb ki, belə səfərlər, görüşlər müvafiq qurumlar arasında koordinasiya aparılması və hansısa məsələnin yerinə yetirilməsində ləngimələrin qarşısının alınması məqsədilə həyata keçirilir: “Hər iki tərəf əlaqələrin inkişafında mövcud maneələrin aradan qaldırılmasını müzakirə edir və çıxış yolları tapır. Bu baxımdan İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyasının həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevi İrana səfərə dəvət edib.
Rabil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Azərbaycan.- 2015.- 4 avqust.- S. 4.