41
yaşında ölümünə fərman verildi
Stalin repressiyası qurbanlarının çoxu istintaq zamanı onun adını çəkirdi. Guya sovet dövlətinə, Kommunist Partiyasına dönüklüyü bu insandan öyrənmişdilər. Belə çıxırdı ki, sovetlərin ən böyük düşməni 1919-cu ildən Kommunist (bolşeviklər) Partiyasının (sonralar Sov.İKP adlandı) üzvü olan, qısa ömrünü sovet dövlətinin inkişafına həsr edən, alim, publisist və tərcüməçi kimi şöhrət qazanan, qəlbən inandığı, sevdiyi quruluşa sədaqətlə xidmət göstərən Ruhulla Əli oğlu Axundov idi. Respublikada Mərkəzi Komitənin katibi vəzifəsinə qədər yüksələn bir insan necə “xalq düşməni”nə çevrilə bilərdi?! Təbii ki, bu, çox məntiqsiz bir yanaşma idi. Amma bütün bunlara baxmayaraq, sovet rejimi Ruhulla Axundova 41 yaşında güllələnmə hökmü vermişdi.
“Ən yaxşı və bacarıqlı azərbaycanlı marksistlərdən biri olan Ruhulla Axundov kütlələr arasında şöhrət qazanmışdır”. İnanılmış partiya rəhbərlərindən olan S.M.Kirovun bu cür yüksək qiymət verdiyi dövlət xadiminə niyə “əksinqilabçı”, “trostkiçi” damğası vurulmuşdu? Onun həyat və fəaliyyət tarixçəsini araşdıranlar həmin ittihamların absurd olduğunu dəfələrlə yəqin etmişlər. Bu insan haqqında deyilənlərin uydurma, saxta fərziyyə olduğu isə hamıya gün kimi aydın idi. Çünki Ruhulla Axundov kommunist ideyalarının işıqlı gələcəyinə bütün varlığı ilə inanmışdı. 20 il bu yolda çalışmış, mübarizə aparmışdı. Amma bu cür sədaqətlə xidmət etdiyi quruluş əslində ona xilaf çıxmış, bütün əziyyətlərini və əməyini danmaqla kifayətlənməyib onu ləkələmiş, şərləmiş və ölümə məhkum etmişdi.
Ruhulla Axundov 1897-ci ildə Bakının Şüvəlan kəndində dünyaya göz açmışdı. Qısa ömrünü müşayiət edən sevinclə kədər, bədbəxtliklə bəxtiyarlıq həyata onunla sanki qoşa gəlmişdi. Birinci xoşbəxtliyi onda idi ki, elmə, biliyə meyilli kökdən boy atmışdı. Atası Əli kişi ziyalı bir insan, müəllim idi. Bağdadda ali ruhani təhsili almışdı. Bakıya qayıtdıqdan sonra ruhanilikdən tamamilə uzaqlaşmışdı. Məktəblərdə uşaqlara ərəb və fars dillərindən dərs deyirdi.
Ruhulla dörd yaşında ikən atası vəfat edir. Həmin vaxtdan da o, həyatın acılarını dadmağa başlayır. Ona bacıları baxsa da, ehtiyac içərisində böyüyür. İllər keçdikcə daha çətin sınaqlarla üz-üzə gəlir. Sonralar həmin günləri yada salaraq yazırdı: “Mən böyük bacımın yanına köçərkən onun həyat yoldaşı məni nəinki öz dükanında işlədir, hətta məni evdə saxladığına görə pul da tələb edirdi”.
Bütün bunlara baxmayaraq, Ruhulla təhsil almaq, bilikli, elmli olmaq arzusunda idi. Odur ki, ilk təhsilini kənd məktəbində aldıqdan sonra bir müddət şəhərdə rus-Azərbaycan məktəbinə gedir. Bakı realnı məktəbində yaxşı oxumağı, elmə həvəsi ilə müəllimlərin, xoş davranışı, ünsiyyət qurmaq bacarığı ilə yoldaşlarının hörmət və məhəbbətini qazanır. Elə müəllimi, görkəmli yazıçı Abdulla Şaiqin diqqətini də burada cəlb edir.
Lakin maddi ehtiyac Ruhullanı yarı yolda qoyur. O, realnı məktəbin altıncı sinfində oranı tərk edir. Sonralar Bakı Ticarət Məktəbində oxuyur, amma məcburiyyət qarşısında buradan da getməli olur. Qərara gəlir ki, işləyib dolanışığını özü təmin etsin.
Birinci Dünya müharibəsinin ağır illərində gənc Ruhulla əmək fəaliyyətinə başlayır. Orucov qardaşlarının mətbəəsində özünə iş tapır. Əvvəlcə ona xırda işlər tapşırırlar, abunə yazılışına sifarişlərin qəbul olunmasına kömək edir. Tezliklə korrektor peşəsinə yiyələnir. Ruhulla həmçinin rus dilindən tərcümələr etməyə başlayır. Məhz bu dövrdə R.Axundov mətbəə fəhlələrinin həyatına yaxından bələd olur, onlarla qaynayıb-qarışır. Burada ilk dəfə fəhlələrin tətilində iştirak edir, gizli dərnəyində fəaliyyət göstərir.
Tədqiqatçı-alim Qaraş Mədətov “Ruhulla Axundov” bioqrafik oçerkində yazırdı ki, mürəkkəb siyasi hadisələrin cərəyanında gənc Ruhullaya öz mövqeyini müəyyənləşdirmək, düzgün mübarizə yolu seçmək olduqca çətin idi. Həmin günlər o, sol sosialist inqilabçılar (eserlər) partiyasına daxil olur. Lakin xalqın azadlığı, onun haqqı və hüququ uğrunda mübarizə ilə bağlılıq, fəhlə hərəkatına yaxınlıq getdikcə bu insanın siyasi görüşlərinin formalaşmasına, əqidəsinə uyğun mübarizə yolu seçməsinə əsaslı təsir göstərir. 1920-ci ildə Moskvada Leninlə görüşür. Bu görüş onun həyatında mühüm rol oynayır. R.Axundov Bakıya döndükdən sonra bir çox məsul vəzifələrdə çalışır. O, Lenin ideyalarına ürəkdən bağlanır.
R.Axundov iki il mətbəədə işlədikdən sonra Bakı Sovetinin “İzvestiya”, 1919-cu ildə isə Azərbaycan bolşeviklərinin qeyri-leqal çap olunan “Kommunist” qəzetlərinin baş redaktoru vəzifəsini icra edir. Respublikada sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan K(b)P MK-nın kəndlərdə iş üzrə şöbəsinin müdiri, partiyanın Bakı komitəsinin katibi, “Kommunist” qəzetinin, “Bakinski raboçi”nin və digər dövri nəşrlərin redaktoru olur. 1924-1930-cu illərdə artıq Azərbaycan K(b)P MK-nın katibi, “Azərnəşr”in direktoru, respublika xalq maarif komissarı vəzifələrində çalışır. 1930-cu ildə ÜK(b)P Zaqafqaziya Vilayət Komitəsinin katibi seçilir. Daha sonra Mərkəzi Komitənin nəzdindəki Tarix İnstitutunda çalışır, Xalq Komissarlığında İncəsənət işləri üzrə idarənin müdiri vəzifəsini icra edir.
1920-1930-cu illərdə Ruhulla Axundov digər rəhbər işçilərdən dərin savadı ilə fərqlənirdi. O, kommunist ideologiyasının nəzəri əsaslarını köklü surətdə bilən nadir insanlardan idi.
“Kommunist” qəzeti Ruhulla Axundovun, Ruhulla Axundov isə bu qəzetin həyatında böyük rol oynamışdır. Qəzetə redaktorluq etdiyi 1922-1923-cü illər bu insanın ömrünün ən qaynar dövrlərindən olmuşdur. “Kommunist” partiyanın qəzeti olsa da, bu mətbu orqan xalqa xidmət edirdi. Redaktor böyük gərginliklə çalışırdı. Nəticədə qəzetin fəaliyyət dairəsi genişlənir, Azərbaycanın siyasi, təsərrüfat və mədəni həyatına dərindən nüfuz edirdi. Redaktor olduğu dövrdə Ruhulla Axundov qəzetin ətrafına qələmli fəhlə-kəndli müxbirləri toplaya bilmişdi və onların yazılarına geniş yer verirdi.
Onu respublikanın hər tərəfində tanıyır və sevirdilər. Bakı fəhlələri bu insan haqqında belə deyirdilər: “Alimdir, təmiz adamdır, əsl kommunistdir”.
Ruhulla Axundov inanılmış kommunist, sovet dövlətinə həmişə ləyaqətlə xidmət edən vəzifə sahibi olsa da, onun bütün səyi öz xalqının rifahına və yüksəlişinə yönəlmişdi. Əslində, tutduğu vəzifələr, malik olduğu səlahiyyətlər onun üçün Azərbaycan ədəbiyyatının, incəsənətinin, elminin, iqtisadiyyatının inkişafına çalışmaq yolunda bir vasitə idi. O, Azərbaycanın nailiyyətləri ilə fəxr edir, vətənini daha yüksək zirvələrdə görmək istəyirdi.
R.Axundov hesab edirdi ki, Azərbaycan zəhmətkeşlərinin qarşısında duran ən mühüm vəzifələrdən biri savadlanmaq, elmə və biliyə yiyələnməkdir. O, səylə çalışırdı ki, şəhər və kəndlərdə yeni ümumtəhsil məktəbləri açılsın, kitablar nəşr olunsun, müəllim kadrları yetişsin. Xalq maarif komissarı işlədiyi dövrdə bu insan həmin işlərə böyük həvəslə rəhbərlik edirdi. 1929-cu ildə Azərbaycanda əlifba islahatı keçirilərkən, yəni ərəb əlifbasının latın əlifbası ilə əvəz olunmasında R.Axundovun böyük xidmətləri olub. Yeni Əlifba Komitəsinin orqanı olan “Yeni yol” qəzetinin səhifələrində xeyli məqalə ilə çıxış edib. Azərbaycan ədəbi dilinin inkişafına qayğı ilə yanaşıb, dilin saflığına, təmizliyinə çalışıb. Yeni əlifbanın tətbiqini böyük nailiyyət adlandırıb. Bütün bu tədbirlərdə həm xalq maarif komissarı, həm ictimai xadim, həm də vətənpərvər alim kimi fəal iştirak edib.
Ruhulla Axundov Azərbaycanda elm, ədəbiyyat və incəsənət sahəsində milli kadrların yetişdirilməsinə böyük məsuliyyətlə və qayğı ilə yanaşırdı. Yaradıcı gənclərin əksəriyyəti onun yaxından iştirakı ilə SSRİ-nin Moskva, Leninqrad (Sankt-Peterburq) və digər iri şəhərlərinə təhsil almağa göndərilirdi. Xalq yazıçısı Mirzə İbrahimov bunu belə xatırlayırdı: “Mən Naxçıvan MTS siyasi şöbəsində qəzet işindən qayıdaraq Leninqrada Şərqşünaslıq İnstitutuna oxumağa getmək istəyirdim. Elmlər Akademiyasının filialının kağızı lazım idi ki, məni ora götürsünlər. Kağıza Ruhulla Axundov qol çəkməli idi. O, qol çəkməmiş məni görmək istəmişdi. Mən güman edirdim ki, Ruhullanın işi çox olduğundan ayaqüstü üzümə baxacaq, bir anket xasiyyətli söz soruşub ya kağıza qol çəkəcək, ya çəkməyəcək, bununla da bizim görüşümüz qurtaracaqdır. Lakin belə olmadı... Biz içəri girəndə ayağa durdu, qara iti gözləri ilə məni süzüb gülümsədi və əl verdi... “Mən çox sevindim ki, sən oxumağa gedirsən”, - dedi və oturmağa yer göstərdi”.
Yüksək dövlət vəzifələrində çalışmasına baxmayaraq, R.Axundov özünün incə zövqünə, ədəbiyyata olan marağına, daim incəsənətin qayğısını çəkmək ənənəsinə xilaf çıxmamışdı. Müasirlərinin fikrincə, onun dərin zəkasına, dünyagörüşünün genişliyinə, tükənməz enerjisinə qibtə etməmək mümkün deyildi. Gəncləri sevən, onlara qayğı ilə yanaşan görkəmli maarif xadimi və istedadlı alim Ruhulla Axundov bədii ədəbiyyat sahəsinə gələn gənclərin yaradıcılığına istiqamət verir, onları hər cür qərəzli hücumlardan qoruyurdu.
O, Azərbaycan ədəbiyyatı klassiklərinin və şifahi xalq ədəbiyyatının öyrənilməsində mühüm işlər görmüşdür. Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıq dövründə onun əsərlərinin nəşri, “Koroğlu” dastanının toplanması və çapı, eləcə də dastanın ən nadir əlyazmasının o zaman Tacikistanda işləyən M.D.Hüseynovun köməyi ilə Azərbaycana gətirilməsi R.Axundovun ədəbiyyatımız qarşısında əvəzsiz xidmətləridir.
İllər keçəndən sonra Ruhulla öz sevimli müəlliminin qayğıkeşi olmuşdu. Bu barədə Abdulla Şaiq özü belə yazırdı: “Ruhulla Axundov Azərbaycan ziyalılarına xüsusi ehtiramla yanaşar, onlara böyük qayğı bəsləyərdi. Onlardan biri də mən idim. Mən ömrüm boyu bu nəcib tələbəmin mənə qarşı olan qayğıkeşliyini unuda bilmirəm. O, mənim həmişə çətin vaxtlarımda köməyimə gələn, məni həm müəllim, həm yazıçı kimi işə ruhlandıran dövlət işçilərindən olmuşdur”.
Ruhulla Axundovun fəaliyyət dairəsi çox geniş idi. Dövlət vəzifələrindən əlavə tərcüməçilik və alimliklə məşğul olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, R.Axundov ana dilindən başqa rus, fars, ingilis, fransız dillərini mükəmməl bilirdi. Marksın, Engelsin və Leninin əsərlərini Azərbaycan dilinə ilk dəfə tərcümə edənlərdən biri olmuşdu.
1920-1926-cı illərdə Ruhullanın rəhbərliyi ilə Azərbaycan dilində Leninin 26 əsəri 130,5 min nüsxə ilə çap olunur. 1927-1932-ci illər ərzində isə Marks və Engelsin 15 min tirajla 5 əsəri, Leninin 106 min nüsxə ilə 19 əsəri Azərbaycan dilində işıq üzü görür. 1928-1929-cu illərdə nəşr olunmuş ikicildlik rusca-azərbaycanca lüğətin redaktoru olur. Bundan əlavə, tarix, ədəbiyyat, incəsənət mövzusunda bir sıra dəyərli əsərlər yazır.
O, 1927-1928-ci illərdə “İnqilab və mədəniyyət” jurnalının da redaktoru olur. Jurnalın səhifələrində klassik Azərbaycan şairlərinin, folklor nümunələrimizin dərc olunmasına böyük diqqət yetirir. O dövrdə bu jurnalda məsul katib işləyən Süleyman Rüstəm xatirələrində yazırdı: “Mən Ruhulla Axundovun mənzilində çox görkəmli alimləri, jurnalist, yazıçı və tərcüməçiləri görmüşəm. Xatirimə gələnlərdən: Tağı Şahbazi, Mehdi Hüseyn, Məmməd Arif, Mikayıl Rəfili, Nemət Bəsiri və başqaları...”
Xalq artisti Barat Şəkinskaya da onun nəcib bir insan olduğunu yazırdı: “37-ci ilin dəhşətlərini xatırlayanda ayaq üstə ölürəm. Əvvəl tanınmış inqilabçıları, siyasi xadimləri, sonra da məşhur ziyalıları - mədəniyyət, ədəbiyyat xadimlərini həbs etməyə başladılar. Onların arasında şəxsən mənim tanıdığım adamlar da az deyildi. İncəsənət İşləri İdarəsinin rəisi Ruhulla Axundov, Bakıdakı Dram Teatrının direktoru Əli Kərimov... O zaman nə baş verdiyini doğru-dürüst anlamaq o qədər də mümkün deyildi. Mənim bildiyim bu idi ki, Ruhulla Axundov çox xeyirxah və nəcib insan idi. Yerində ermənini əyləşdirdilər. Qəddarın, başkəsənin birini...”
Ruhulla Axundovun həyat və fəaliyyəti təzadlarla dolu idi. Çünki çətin bir dövrdə yaşayırdı. 1926-cı ildə S.M.Kirov SSRİ rəhbərliyinə çağırılır və Leninqrada vəzifəyə göndərilir. Həmin il Azərbaycanda MK-nın plenumu keçirilir və yeni rəhbərlik seçilir. Partiyaya rəhbərlik etmək Ə.Qarayevə, N.Ağaverdiyevə, L.Mirzoyana tapşırılır. Bu rəhbərliyə R.Axundov da daxil edilmişdi. Lakin bütün işlər əslində Mirzoyanın əlində idi.
1926-cı ildən Mirzoyanın göstərişi ilə Azərbaycanda din və milli adət-ənənələrə qarşı qızğın mübarizə başlayır. Bu kampaniya elə geniş miqyas alır ki, təkcə xalq kütlələrini deyil, artıq partiya rəhbərliyinin özünü də narahat edir, günbəgün narazılıqlar artır.
1920-ci illərin sonuna doğru partiya rəhbərliyində L.Mirzoyanın dəstəsinə qarşı qruplaşma yaranır. Ziddiyyətlər, çəkişmələr başlanır. Buna son qoymaq üçün Moskvada 1929-cu il iyulun 11-də “Azərbaycan məsələləri haqqında” qərar qəbul edilir. Üçlük N.Çikalo ilə əvəz olunur. Bundan sonra L.Mirzoyan, Ə.Qarayev, N.Ağaverdiyev və R.Axundov Çikalonu gözdən salmaq üçün güclü iş aparırlar (hərçənd ki, onlar Moskva qarşısında yeni rəhbərliyə mane olmamağa söz vermişdilər).
1930-cu il avqustun 5-də mərkəzdə “Azərbaycan məsələləri haqqında” ikinci qərar qəbul olunur. Azərbaycana cəmi bir il iki ay rəhbərlik edən Çikalo vəzifədən uzaqlaşdırılır. O, yeni şəraiti və yerli dili bilməməkdə, qolçomaqlara qarşı zəif mübarizə aparmaqda günahlandırılır.
Azərbaycana V.Polonski rəhbərlik etməyə başlayır. O, özündən əvvəl rəhbərlikdə olmuş bütün şəxsləri respublikadan uzaqlaşdırmağa qərar verir. Ruhulla Axundov da Azərbaycandan ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin katibi vəzifəsinə məhz bu dövrdə göndərilir.
Həmin illərdə respublika rəhbərliyində tez-tez dəyişikliklərin olması xroniki hal alır. Yüksək səviyyəli azərbaycanlı kadrlar respublikadan “mədəni şəkildə” qovulur, rəhbər vəzifələrə əsasən ermənilər təyin olunurdu. Bu qərəzli, qəsdən düşünülmüş kadr siyasətini yerli əhali narahatlıq və narazılıqla qarşılasa da, mərkəzin qərarına qarşı çıxmaq mümkün deyildi.
1932-ci ilin sonunda Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradılır. Yenidən respublikaya qaytarılan Ruhulla Axundov onun rəhbəri olur.
Bu dövrdə daxildə olan narazılığı bəzi qüvvələr Polonskiyə qarşı yönəldərək onun da respublikadan çıxarılmasına nail olurlar. Keçmiş rəhbərin yerinə erməni R.Ruben təyin edilir. Bu təyinatın reallaşdırılmasında S.Orconikidzenin böyük rolu olur. Ruben Azərbaycanda rəhbər vəzifədə 11 ay işləyir. 1933-cü ilin dekabrında L.Beriyanın yaxından köməyi ilə M.C.Bağırov Azərbaycan K(b)P MK-nın birinci katibi təyin edilir. Bununla da Azərbaycana rəhbərin qeyri-millətdən olması ənənəsinə son qoyulur.
Tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı Ruhulla Axundova həsr etdiyi məqaləsində həm onun həyatına, həm də o dövrün bir sıra məsələlərinə aydınlıq gətirir: “M.C.Bağırov hakimiyyətə gələndən sonra ona qarşı düşmən mövqedə olmuş rəhbər işçilərə, o cümlədən R.Axundova qarşı gizli planlarını tədricən həyata keçirməyə başladı. 1937-ci il iyunun 8-də “Pravda” qəzetində Riklinin imzası ilə “Düşmənin hiylələri” adlı məqalə dərc edilərək R.Axundova qarşı ağır ittiham irəli sürüldü. Məqalədə deyilirdi: “Trotskiçi və müsavatçı Ruhulla Axundov mədəniyyət cəbhəsində uzun zaman nəzarətsiz olaraq istədiyini edib. O, Elmlər Akademiyasının Azərbaycan filialının başçısı olmuş, incəsənət işçiləri komitəsinə rəhbərlik etmiş, Yazıçılar İttifaqına ağalıq etmişdir. O, bütün təşkilat və idarələri öz adamları ilə, gizli və açıq düşmənlərlə “zibilləmişdir”. Düşmənlər heç bir cəza görmədən öz trotskist, müsavatçı, pantürkist əsərlərini çap etdirmişlər. Onlar Azərbaycan ədəbiyyatını möhkəm qıfıl altında saxlayaraq yeni adamları, xalqa və partiyaya sadiq adamları ədəbiyyata yaxın buraxmamışlar”. Bütün bunlar R.Axundovun ünvanına yazılan güclü ittihamlar idi. Məqalədə gənc şairlər Səməd Vurğun və Süleyman Rüstəmin də ünvanına böhtanlar yağdırılmışdı: “İki qrup öz aralarında didişir. Bu didişmə yaramaz, prinsipsiz, zərərli didişmədir. Vurğunla Rüstəm vuruşur, üçüncüsü isə gülür...”
1937-ci il oktyabrın 26-da Şamaxı şəhərində “Əksinqilabçı, üsyançı, casus-terrorçu, təxribatçı-ziyançı, burjua-millətçi təşkilat”ın mühakiməsi başlanır. İttiham olunan çoxlu sayda rəhbər işçilər arasında R.Axundov da var idi”.
M.Zülfüqarlı qeyd edir ki, bu uydurma “təşkilat”ın işi ilə bağlı 1700 nəfər insan, o cümlədən 20 xalq komissarı və müavini, 34 rayon icraiyyə komitəsinin sədri, 52 rayon katibi, 8 professor və digərləri cəzalandırılıb.
Xalqın ziyalı oğulları cərgəsində Ruhulla Axundovun adı öndə gedirdi. Ədəbiyyatşünas, publisist, alim Vəli Xuluflu haqqında yazılan məqalələrin birində deyilir ki, sovet hökumətinin Azərbaycandakı cəlladları Az.FAN-a rəhbərlik edən Ruhulla Axundovun həbsini qabağa saldılar. “Onun ziyalılar arasında böyük nüfuzu vardı. Ruhullanın tutulmasını çoxları özünə xəbərdarlıq kimi qəbul etdi. Kimisi tez, kimisi gec “qırmızılar”ın qan çanağında boğulacaqdı. Vəli Xulufluya isə, yəqin ki, uzun müddət gözləmək lazım gəlməyəcəkdi. Çünki o, Ruhullanın yaxın dostlarından biri idi...” (“El” jurnalı, 5 dekabr 2012).
Bu fikir çox mətləbləri açır: həm o dövrün faciələrini, hakimiyyətdə məsul vəzifə tutan quldur dəstələrinin vəhşiliklərini, həm ölüm maşınının ziyalılara doğru çevrilmiş amansız üzünü, həm də cəza tədbirlərinin tüğyan etdiyini...
Ruhulla Axundov 1936-cı il dekabrın 17-də “Əksinqilabçı, millətçi təşkilat”ın 12493 saylı işi üzrə həbs olunur. Həmin gün partiya sıralarından uzaqlaşdırılır, dekabrın 29-da tutduğu bütün vəzifələrdən azad edilir, Az.MİK-in üzvlüyündən çıxarılır. 1937-ci ilin sentyabrında onun cinayət işi Moskvaya göndərilir. İstintaqı əvvəllər elm, ədəbiyyat xadimlərinin cinayət işinə baxan L.S.Altman aparır. Ziya Bünyadov “Qırmızı terror” kitabında yazırdı: “Azərbaycanda DTK-nın ermənilərdən ibarət olan rəhbərləri “müəyyən etdilər” ki, təşkilatın başçıları R.Axundov, Ə.Qarayev... və başqaları idilər. Söhbət hansı gizli təşkilatdan gedirdi? Guya bu antisovet üsyanı qaldıracaq rəhbərlərdən biri Ruhulla Axundov gələcək Azərbaycan Burjua Demokratik Respublikasının prezidenti olmalı idi. Beləliklə, Ruhulla Axundov (bir vaxt Lenin ordenli kommunist) həbs edilərək zindana atılır. “Yan”ların göstərişinə əsasən dustaqlardan lazım olan ifadəni almaq üçün onlara işgəncə verilir, vəhşicəsinə döyür və başqa iyrənc vasitələrə əl atırdılar. “ ...Təşkilatınıza daxil olanların adlarını desən, əvəzində nə sənə, nə də ailənə toxunulacaq”. Bu minvalla Ruhulla Axundovdan bir müddət “şahid” kimi istifadə etməyə çalışıblar. Döyülmə və işgəncələrdən havalanan Ruhulla Axundov hətta tanımadığı adamlara da “mənim təşkilatımın ən fəal üzvüdür” demək zorunda qalırdı. Bir canlı kimi nəfəsini və varlığını itirənə qədər Ruhulla Axundova zülmlər ediblər”.
Guya R.Axundov İngiltərənin, Almaniyanın və Türkiyənin casusu olub, “qiyamçı qərargaha” başçılıq edib, K.E.Voroşilova qarşı baş tutmayan terror aktına rəhbərlik edib.
O, Ali Məhkəmənin hərbi kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum edilir. Güllələnib NKVD-nin gizli poliqonu olan “Kommunarka-Laza”da dəfn olunur. Ölümündən sonra bəraət alır və 1959-cu ildə sədaqətlə xidmət etdiyi, lakin ona düşmən kəsilən partiyaya üzvlüyü bərpa edilir.
“Bu dünyada kəskin bir silah varsa, o da leninizmdir, bir zəfər bayrağı varsa, o da leninizm bayrağıdır. Tarixin bundan sonra açılacaq bir səhifəsi varsa, o da sosializm səhifəsidir”, - demişdi Ruhulla Axundov. Elə bu əqidənin və inamın da qurbanı oldu.
İradə
ƏLİYEVA,
Azərbaycan.- 2015.- 4 avqust.- S. 5.