Milli Qəhrəmana dərin
ehtiramla
Rafiq Alıcanov 1965-ci il iyul ayının 11-də anadan olub. Muğanlı kənd orta məktəbini bitirəndən sonra Kalininqrad şəhərində ali hərbi məktəbdə təhsil alıb. Bir müddət Ukraynada ixtisası üzrə çalışıb. Qarabağ müharibəsi başlanan kimi vətənə qayıdıb. Qazax, Ağstafa,Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və digər yerlərdə gedən döyüşlərdə iştirak edib. Kapitan rütbəsinədək yüksəlib. 1993-cü il noyabr ayının 5-də Füzuli rayonunun Kürdmahmudlu kəndində döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Hünərvər kapitan R. Alıcanov ölkə Prezidentinin 1994-cü il 16 sentyabr tarixli fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.
Köçəvəlli kənd orta məktəbinə qəhrəmanın adı verilib, Ağstafa şəhərinin mərkəzində büstü ucaldılıb. Ətrafda salınmış yaraşıqlı park, rayonun mərkəzi küçələrindən biri hazırda onun adını daşıyır. Haqqında kitablar yazılıb, “Qartal yuvası” adlı film çəkilib.
Bu günlərdə Milli Qəhrəmanın 50 illiyi ilə əlaqədar Müdafiə Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirildi.
Mərasim ulu öndər Heydər Əliyevin və Milli Qəhrəman Rafiq Alıcanovun abidələrinin ziyarəti ilə başlandı. Müdafiə Nazirliyinin nümunəvi orkestrinin müşayiəti ilə hər iki abidənin önünə gül dəstələri qoyuldu.
S.Vurğun adına mədəniyyət və istirahət parkında açıq havada başlanan təntənəli tədbiri giriş sözü ilə nazirliyin rəsmisi Abdulla Qurbani açdı. Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanovun həyatından, döyüş xidmətlərindən və erməni işğalçılarına qarşı mübarizədə göstərdiyi döyüş epizodlarından ətraflı söhbət açıldı.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov rayonda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Daha sonra söz alan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, universitetin kafedra müdiri, professor Xanhüseyn Kazımlı, Şəmkir korpusunun zabiti, polkovnik Elşad Əmirov dövlət başçısı İlham Əliyevin ordu quruculuğuna və hərbçilərə göstərdiyi tükənməz qayğıdan danışdılar.
Qarabağ müharibəsi əlilləri şurası Ağstafa şöbəsinin sədri Yaqub İsmayılov və rayon ağsaqqallar şurasının sədri Firdovsi Heydərli çıxış edərək rayonda xatirə tədbirinin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirərək şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs etdilər. Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında maraqlı məlumatların səsləndirildiyi tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri və qəhrəmanın ailə üzvləri çıxış edərək tədbirin təşkilində əməyi keçənlərə öz minnətdarlıqlarını bildirdilər. Dövlət himninin, hərbi marşın və vətən sevgisinə aid mahnıların səsləndirilməsi iştirakçıları daha da təsirləndirdi. Tədbir təşkilatçıları daha sonra sərhəd bölgəsindəki əsgərlərlə görüşdülər və Milli Qəhrəman Rafiq Alıcanovun Köçəvəlli kəndindəki məzarını ziyarət etdilər.
Əhməd İSAYEV,
Azərbaycan.- 2015.- 5 avqust.- S. 3.