Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisində Azərbaycanın
Sərgi Mərkəzi
ilə tanış
olub
Avqustun 4-də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) ərazisində “Moskvarium” Okeonoqrafiya və Dəniz Biologiyası Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz “Kiyevskaya ploşad” şirkəti, Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarax İliyev tərəfindən tikilib. Bu məlumat AZƏRTAC-a Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən verilib.
Açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak edib. Moskva meri Sergey Sobyanin RF-nin başçısına sərgi ərazisinin inkişafı və yenidən qurulması üzrə görülən işlər haqqında məlumat verib. Sergey Sobyanin, həmçinin bildirib ki, Avropada ən böyük elmi-maarifləndirici okeanoqrafik mərkəzin tikintisi bu ilin iyul ayında başa çatıb və hazırda XTNS-nin pavilyonu dəniz və ya okean sahilindən uzaqda tikilən yeganə yüksək səviyyəli okeanariumdur.
Vladimir Putin akvarium ekspozisiya ilə tanış oldu və delfin-orkaların iştirakı ilə tamaşaya baxdı.
Sonra Rusiya Prezidentinə XTNS pavilyonlarının maketi təqdim olundu, o, pavilyonların yenidən qurulması planları barədə məlumatlandırıldı.
Prezident Vladimir Putin, həmçinin Azərbaycanın və Belarusun Sərgi mərkəzləri ilə tanış oldu. Azərbaycanın Sərgi Mərkəzi Vladimir Putinə tədbirə xüsusi dəvət edilmiş Azərbaycanın səfiri Polad Bülbüloğlu tərəfindən təqdim edildi.
Vladimir Putini salamlayan Polad Bülbüloğlu məlumat verdi ki, Azərbaycan SSR-nin pavilyonu məşhur azərbaycanlı memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun layihəsi üzrə yaradılıb. Polad Bülbüloğlu, həmçinin qeyd etdi ki, hazırkı pavilyonun fasadı uzun müddət bağlı olub və burada hesablama texnikası pavilyonu yaradılan zaman fasad açılıb və məlum olub ki, onun zahiri görkəmi qənaətbəxş vəziyyətdədir.
Azərbaycanın Rusiyadakı səfiri vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən pavilyonun yenidən qurulması və restavrasiyası planı hazırlanıb. İşlər başa çatdıqdan sonra burada Azərbaycanın mədəni-tarixi irsi təqdim ediləcək. Bunun üçün Azərbaycan və Rusiya arasında lazım olan bütün sənədlər imzalanıb və tezliklə bu istiqamətdə işlər başlanılacaq.
Azərbaycan.- 2015.- 5 avqust.- S. 3.