Azərbaycanın Baş naziri Belarus Dövlət Sərhəd Komitəsinin
sədri ilə görüşüb
Avqustun 5-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri, general-polkovnik Leonid Maltsev ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki ölkə başçılarının səmimi dostluq münasibətlərinin Azərbaycanla Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələr üzrə genişlənməsinə təkan verdiyini vurğulayan tərəflər, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Belarus Respublikası Dövlət Sərhəd Komitəsi arasında ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılan addımların müsbət nəticələrini qeyd ediblər.
Səfər çərçivəsində qurumlararası əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri, habelə sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, sərhəd nəzarəti və miqrasiya proseslərinin idarə olunması, sərhəd bölmələrinin texniki təchizatı və s. istiqamətlər üzrə müzakirələr aparmağın zəruriliyi bildirilib.
Baş nazir Artur Rasizadə həyata keçirilən layihələr çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki qurum arasında belə təcrübə mübadilələrinin vacib olduğunu nəzərə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi zamanı Ermənistan-Azərbaycan münaqişəsinə də toxunan tərəflər işğal olunmuş torpaqların azad edilməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında həllinə alternativ olmadığını qeyd ediblər.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı, general-polkovnik Elçin Quliyev görüşdə iştirak edib.
Azərbaycan.- 2015.- 6 avqust.- S. 1.