Xetaq QAZYUMOV: “Güləşçi inadkar olmalıdır”
Xetaq Ruslan oğlu Qazyumov - 1983-cü ildə Şimali Osetiyanın Alagir şəhərində anadan olub. Özü demişkən, uşaqlıqdan məhəllə idmanı ilə məşğul olub. Heç ağlına da gəlməzdi ki, bir vaxt dünya şöhrətli güləşçi olacaq. Amma ardıcıl məşqlərdən yorulmazdı. Yaşıdları arasında keçirilən sərbəst güləş yarışlarında dəfələrlə birincilik qazanmışdı. Ən böyük uğurları və idman arenasında tanınması isə 2008-ci ildən başladı.
Həmin il Pekində keçirilən olimpiya oyunlarında 96 kiloqram çəki dərəcəsində ilk görüşünü qələbə ilə başa çatdırdı. Polşalı Mateysz Qusmanı böyük üstünlüklə məğlub etdi. Bir-birinin ardınca qələbələrə yol açıldı. İkinci görüşdə fransalı güləşçini məğlub etdi. Üçüncü yer uğrunda mübarizədə Ukrayna güləşçisi Giorgi Tibilovu məğlub edərək Pekin Olimpiya Oyunlarının bürünc medalını qazandı. İlk olimpiya medalı Xetaq Qazyumovu geniş idman arenasına tanıtdı.
2009-cu ildə dünya çempionatının gümüş, 2010-cu ildə isə qızıl medalçısı oldu. Belə uğurlu qələbələr Xetaqın məsuliyyətini birə-beş artırdı. Onu nə qədər sorğu-suala tutsaq da, cavabları qısa olurdu: - Özüm haqqında danışmağı sevmirəm. Nə qazanmışamsa, hamısı göz önündədir.
Əslində, Xetaqın fikirlərində bir həqiqət də var. Axı görünən kəndə nə bələdçi?! Xetaq Qazyumov özü haqqında az danışsa da, idman bioqrafiyasını ildən-ilə zənginləşdirir. Sərbəst güləş üzrə Azərbaycan milli komandasının ən fəal üzvlərindən biridir. Dünya mətbuatı onun haqqında silsilə yazılar dərc edir, tanınmış telekompaniyalar Xetaq Qazyumov barədə maraqlı reportajlar hazırlayır. Amma söhbət düşəndə qısaca onu deyir ki, mənə etimad göstərənlərin inamını, ümidlərini doğrultmağa çalışıram. Çalışıram ki, məni izləyənlər, qələbəmi gözləyənlər etimadlarında yanılmasınlar.
2012-ci il Olimpiya Oyunlarının bürünc medalçısı olanda özünü bir qədər qınamışdı. Sona qədər qızıl medal uğrunda mübarizə aparmışdı. Amma bürünc medalla qənaətlənməli olmuşdu. Yenə də öz dediklərinə qayıdaq: - İdmanda belə hallar çox olur. Bəzən zəif rəqibə də məğlub olursan. Əsas odur ki, gələcək uğurların üçün özündə güc, təpər tapasan. Ruhdan düşdünsə, bir-birinin ardınca səni məğlubiyyət izləyəcək...
Bu gün Xetaq Qazyumovda əsl idmançı xarakteri formalaşıb. Amma bütün bunlar bir günə, beş günə başa gəlməyib. Qazandığı uğurlara, qələbələrə ömrünün on ilini sərf edib. Büdrədiyi, zəiflədiyi məqamlar da olub. Amma zərrə qədər də zəiflik göstərməyib. Əksinə, daha inamla, qətiyyətlə mübarizəni davam etdirib. Birincilik qazanmaq üçün bircə addım da geri çəkilməyib...
Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov da Xetaq haqqında eyni səmimiyyətlə danışır: - Gərək güləşçi inadkarlığını, qələbə əzmini axıra qədər qoruya bilsin. Böyük qələbəni rəqibin kiçik üstünlüyünə dəyişməsin. Güləş elə idman növüdür ki, burada fiziki hazırlıqla bərabər digər xüsusiyyətlər də tələb olunur. Hər şeydən əvvəl cəldlik, çeviklik, möhkəm iradə olmalıdır. Onda qələbəni təmin etmək asan olur. Elə Xetaq Qazyumov da belə təpərli və inadkar güləşçidir. O, güləş meydanına məğlub olmaq üçün çıxmır. Bütün görüşlərdə biz Xetaqa böyük ümidlər bəsləyirik. İnanırıq ki, ən çətin məqamlarda da etimadı doğruldacaq. Elə I Avropa Oyunlarında da onun qələbə qazanacağına çox inanırdıq. Hər şey uğurlu məşqlərdən başlayır. Xetaq nə qədər hazırlıqlı olsa da, bütün məşqlərdə axıradək iştirak edirdi. Onun üçün idman intizamı başlıca şərtdir. Elə bütün qələbələrin əsas meyarı bu şərtlərdən asılıdır. Bir məşqçi kimi sevinirəm ki, yetirmələrim ölkəmizin idman şərəfini ləyaqətlə qoruyurlar. Hər dəfə Azərbaycan bayrağı yüksələndə, himnimiz səslənəndə nə qədər qürur hissi keçirirəm. Açığını deyim ki, bütün bunları sözlə ifadə etmək çətindir. Bir də fəxr edirəm ki, idmana yüksək dəyər verilən belə bir ölkədə yaşayıram. Gələn qonaqlar, tanınmış idman mütəxəssisləri də ölkəmiz haqqında qədərincə xoş sözlər, fərəh doğuran fikirlər söyləyirlər. Əlbəttə, bütün bunlar təkcə Azərbaycanın idman uğurları deyil, həm də ölkəmizin daha geniş meridianda tanınmasına imkan yaradan beynəlxalq tədbirdir. Təkcə son on gündə Avropa mətbuatında Azərbaycanın adı əvvəlki illərlə müqayisədə 50-60 dəfə çox çəkilib. Biz sevinirik ki, uğurlarımızın, qələbələrimizin sorağı daha geniş miqyası əhatə edir.
Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov yetirmələrindən danışdıqca həm həyəcanlanırdı, həm də daxili qürur hissi keçirirdi. Qələbədən sonra ağır çəkili güləşçiləri başı üzərinə qaldıran məşqçi bundan qürur duyduğunu dilə gətirdi: - Fiziki cəhətdən mənə çətindir. Axı onların çəkisi az deyil. Amma mənəvi güc, qürur hissi təpər verir ki, onları başım üzərimə qaldıra bilim. Əgər qalib güləşçilər bizim bayrağımızı yüksəklərə ucaldırsa, himnimizi səsləndirirlərsə, biz də onları dəyərləndirməliyik. Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva hər bir idmançının uğurunu və qələbəsini yüksək qiymətləndirir, onlara ruh və mənəvi güc verirlər. Biz fəxr edirik ki, ölkəmizdə idmana qayğı dövlət siyasətinin tərkib hissəsinə çevrilib, qazandığımız hər bir uğura qədərincə dəyər verilir. Ona görə də inanırıq ki, gələcək beynəlxalq yarışlarda da Azərbaycana qələbə sorağı gətirən idmançıların sayı çox olacaq. Buna imkan da var, şərait də...
I Avropa Oyunlarının sərbəst güləş üzrə qızıl medalçısı Xetaq Qazyumov özü haqqında nə qədər az danışsa da, Bakıya gələn qonaqların təşkilati işlərə verdiyi qiymətdən fəxrlə danışdı: - Sevinirəm ki, yaşadığım şəhər haqqında dostlarım, rəqiblərim xoş sözlər deyir. Hətta beş-altı il əvvəl bizim şəhərdə olanlar bu gün paytaxtımızın tanınmaz dərəcədə yeniləşdiyindən danışırlar. I Avropa Oyunlarının ən qısa müddətdə dünya standartlarına uyğun keçirilməsi çoxlarında heyrət doğurur. Əslində, görüləsi işlərin həcmi böyük idi. Amma tələbkarlıq və qətiyyət, ciddi hazırlıq və məsuliyyət bütün çətinlikləri arxada qoydu. Biz bir daha Avropanı və dünyanı inandırdıq ki, Azərbaycan beynəlxalq ailədə öz yeri olan bir dövlətdir. Belə bir dövlətin idman şərəfini qorumaq bizim hər birimiz üçün böyük fəxrdir. İnanıram ki, Avropada yayımlanan bu Oyunlar ölkəmiz haqqında bütün yanlış fikirləri alt-üst etdi. Biz əyani şəkildə inandıra bildik ki, Azərbaycan bütün sahələrdə dünya standartlarının tələblərinə tam cavab verə bilir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Biz ilk Avropa Oyunlarının standartlarını ən yüksəyə qaldırmağa çalışmışıq. Səmimi deyə bilərəm ki, bu standartları Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi müəyyən edib. Bu standartlar aşağı da ola bilərdi, lakin Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi qərara gəldi ki, elə standartlar tətbiq olunsun ki, Azərbaycanın dinamikliyini özündə əks etdirsin”.
Bəşir ŞƏRİFLİ,
Azərbaycan.- 2015.- 6 avqust.- S. 4.