Azərbaycanda sosial proqramlara heç bir dəyişiklik edilməmişdir

 

Cari ilin altı ayında ölkədə ölüm halları azalıb

 

“Hər kəs yüz il yaşamasa, günah onun özündədir”. Ötən əsrdə yaşayıb-yaratmış bir şair belə deyib. Əslində, bütün zamanlarda və hər yerdə insanın gümrah və çox yaşaması ilk növbədə özündən, daha doğrusu, sağlam həyat tərzi keçirməsindən asılı olub. Lakin məsələnin digər tərəfi ondan ibarətdir ki, sağlam həyat tərzi keçirmək üçün imkan və şərait lazımdır. Yəni insan yaxşı qidalanmalı, rahat yatmalı, istirahət etməli, faydalı əməklə məşğul olmalı, bəd vərdişlərdən kənarda dayanmalıdır və s. Sadə bir məntiqə əsaslanaraq deyək ki, sadalananların hamısı vətəndaşının yaxşı yaşamasına, xoş günlər görməsinə qayğı göstərən, bunları prioritet sayaraq ardıcıl tədbirlər həyata keçirən dövlətlərdə mümkündür.

Prezident İlham Əliyev “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyir. Bu sözlərin arxasında Azərbaycan xalqının gündən-günə yüksələn rifah halını, dövlətin öz vətəndaşına sonsuz qayğısını ifadə edən böyük bir həqiqət dayanır. Bu həqiqəti bir çox faktlar təsdiqləyir ki, onlardan biri də son illərdə ölkədə ölüm hallarının ya azalması, ya da eyni səviyyədə qalmasıdır.

Elə buradaca qeyd edək ki, Azərbaycanda doğulanların sayı dünyasını dəyişənlərin sayından təxminən 3 dəfə çoxdur. Başqa sözlə, ölkə əhalisi orta hesabla ildə 100 min nəfər artır və bu artım təbii yolla yaranır.

Təkcə bu ilin 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə dünyaya göz açıb. Anadan olan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Ölkədə ölümün səviyyəsi ötən əsrin 90-cı illərinin birinci yarısında ermənilərin Azərbaycana hərbi təcavüzü nəticəsində artsa da, atəşkəs əldə olunduqdan sonra azalaraq sabitləşib. Əhalinin hər 1000 nəfəri hesabı ilə ölənlərin sayı 1990-cı ildəki 6,1-dən 1995-ci ildə 6,7-yə qədər artıb, sonrakı illərdə isə azalaraq 2013-cü ildə 5,8 olub.

Bu ilin 6 ayında isə 28,1 min nəfər həyatdan köçüb ki, bu da keçən ilin eyni dövründəkindən 200 nəfər azdır. Ölüm hallarının sayı ilə yanaşı əhalinin hər 1000 nəfərinə hesabı ilə səviyyəsi də aşağı düşüb - keçən ilin 6 ayında həmin göstərici 6,1 olduğu halda, bu ilin eyni dövründə 5,9 olub.

Ölümün səviyyəsinin aşağı düşməsi bir çox səbəblərdən qaynaqlanır. İlk növbədə əlbəttə ki, insanın gün-güzəranının yaxşılaşmasını qeyd etmək lazımdır. Son 12 ildə Azərbaycanda 1 milyon 400 min yeni iş yerinin açılması əhalinin rifah halının yüksəlməsini sübut edən faktdır.

Bir neçə il əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin Bakıda keçirilmiş 61-ci sessiyasında Prezident İlham Əliyev demişdir: “Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir... Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilməmişdir. Əksinə, Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır və orta hesabla pensiyalar 40 faiz artmışdır. Yaşlı nəsil üçün bu, birbaşa onların sağlamlığına verilən töhfədir”.

Əhalinin gəlirlərinin çoxalması, əməkhaqqının getdikcə yüksəlməsi, pensiya və müavinətlərin artması böyük rol oynayır. Dövlət Sosial Müdafiə Fondunun, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına istinadən Dövlət Statistika Komitəsinin təqdim etdiyi, şərhə ehtiyacı olmayan bir neçə fakt və rəqəmi misal göstərək.

Bu il aprel ayının 1-i vəziyyətinə ölkədə 111,1 min aztəminatlı ailənin 486 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb. Bu yardımların bir nəfərə düşən orta aylıq məbləği 38,81 manat təşkil edib.

Həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində 1 milyon 292 min pensiyaçı qeydiyyatda olub. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 174,5 manat təşkil edib. Bu, orta aylıq əməkhaqqının 38,8 faizinə bərabərdir.

Aprel ayının 1-i vəziyyətinə eləcə də 340,3 min nəfərə sosial müavinətlər təyin olunub. Ölkəmizdə yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alanlar var. Beşdən çox uşağı olan ailələr, əmək xəsarəti, yaxud peşə xəstəliyindən əziyyət çəkənlər və s. də müavinət alırlar.

Lakin bu dünya gəlimli-gedimlidir. Necə deyərlər, bir gün doğulan bir gün də dünyadan köçür. Bəs ölkəmizdə ölümə əsasən hansı hallar səbəb olur? Ən çox tənəffüs, əsəb və qan dövranı sistemlərinin, həzm orqanlarının xəstəlikləri, yenitörəmələr, eləcə də yoluxucu və parazitar xəstəliklər qeydə alınır. Xatırladaq ki, dünyanın bir çox ölkələrində üstünlük təşkil edən də təxminən bu xəstəliklərdir.

Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir. Təsadüfi deyil ki, son illərdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, müayinələrin sayı artıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilir və yenidən qurulur.

Dünyada analoqu olmayan faktdır ki, ölkə Prezidenti hər bir vətəndaşın səhhətinin, sağlamlığının qeydinə qalır. Dövlət başçısının tapşırığı ilə hər il bütün əhalinin aylıq tibbi müayinələri keçirilir. Öz çıxış və nitqlərində, yerlərdə vətəndaşlarla görüşlərində cənab İlham Əliyev daim bu mövzuya toxunur. Prezident insanların öz sağlamlıqlarına biganə yanaşmasının dözülməz hal olduğunu vurğulayır: “Səhiyyə sahəsində aparılmış islahatlar artıq öz gözəl nəticələrini verməkdədir. Gözəl xəstəxanalar, müasir avadanlıqlarla təchiz edilən böyük tibb mərkəzləri, Bakı şəhərində ən yüksək standartlara cavab verən yeni tibb mərkəzləri yaranıb. Mən demək olar ki, hər bir xəstəxananın, diaqnostika mərkəzinin açılışında qeyd edirəm ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçməlidir. İndi buna şərait də imkan verir. Əvvəlki dövrdə bu, mümkün deyildi”.

İnsanların sağlam yaşaması və uzun ömür sürməsi üçün dövlət əməli tədbirlər görür. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkədə aparıcı texnologiyalarla, müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması davam etdirilir. Məsələn, keçən il 66 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Təqdirəlayiq haldır ki, bunların böyük hissəsi regionlardadır. Keçən ilin sonunda eləcə də “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində ən müasir standartlara cavab verən “Elektron Səhiyyə” xidməti vətəndaşların istifadəsinə verilib.

Qürur doğuran faktlardan biri də ana və uşaq ölümünün azalmasıdır. Ölkədə anaların və uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərindən olduğunu bir daha təsdiqləyən “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair”, “Ana və uşaqların sağlamlığının qorunması üzrə” Dövlət Proqramları qəbul edilib. Bu sənədlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanlarının və ölümün səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına yönəldilib.

Uşaqların sağlamlığından, uşaq ölümünün azalmasından söz düşərkən Heydər Əliyev Fondunun, fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bunlar “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara yardım” layihələri, müxtəlif xəstəliklərdən, daun sindromundan əziyyət çəkən körpələrə göstərilən qayğıları əhatə edir.

QISA ARAYIŞ:

2013-cü ildə hər 1000 nəfər diri doğulan hesabı ilə körpə ölümü səviyyəsi 2000-ci ilə nisbətən 16,4-dən 10,8-ə düşüb.

2013-cü ildə 5 yaşa qədər uşaq ölümü əmsalı hər 1000 nəfər diri doğulan hesabı ilə 2000-ci ilə nisbətən 2,4 dəfə az olub.

Hər 100 min nəfər diri doğulan hesabı ilə ana ölümü 2013-cü ildə 2000-ci ilə nisbətən 2,6 dəfə azalıb (2013-cü il - 14,5, 2000-ci il - 37,6).

2015-ci ilin əvvəlinə respublika əhalisinin sağlamlığı keşiyində 33 min nəfərə yaxın həkim və 58 min nəfərə yaxın orta tibb işçisi dayanıb.

Ölüm hallarının azalmasına əlbəttə ki, ölkədə qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşması, yol-nəqliyyat hadisələrinin azalması, insanlar, ələlxüsus kənd camaatı üçün yaradılan rahat məişət şəraiti və s. amillər də təsir göstərir.

Bütün deyilənlərlə yanaşı insanı yaşadan digər amillər də var. Kiminsə dərdinə şərik çıxmaq, ən çətin məqamlarda ona lazım olan dəstəyi göstərmək insanı stressdən, dərd-qəm çəkməkdən, xəstələnməkdən qoruyan şərtlərdir. Başqa sözlə desək, çətin gündə bir yerdə olmaq, bir-birinin dərdinə şərik çıxmaq, xoş hadisələr baş verəndə isə sevinci bölüşmək xalqımızın övladlarına məxsus ən ümdə xüsusiyyətlərdir.

Ağsaqqala, ağbirçəyə qayğı göstərmək Azərbaycan ailəsinin mənəvi dəyərlərindəndir. Bizlər yaşa dolmuş doğmalarımıza qayğı göstərməyi təkcə borc saymırıq, həm də bundan məmnunluq duyur, zövq alırıq.

Kimsə xəstəxanaya düşərsə, onun halı ilə maraqlanmağa nə qədər insan - doğması, həmkarı, dost-tanışı gəlir! Xəstəni həkimə tapşıran kim, ona ləziz nemətlər gətirən kim, dava-dərman üçün vəsaitin çatıb-çatmadığını sidq-ürəkdən soruşan kim... Belə dəyərlərə bəlkə də dünyanın başqa bir ölkəsində, başqa bir xalqın övladlarında rast gəlmək çətindir. Bunlar insanı qoruyan, onun ömrünü uzadan mənəvi dəyərlər - mühüm şərtlərdir.

Bütün bu maddi və mənəvi dəyərlərdən, Azərbaycan dövlətinin öz vətəndaşı üçün yaratdığı şəraitdən hər birimiz lazımınca bəhrələnsək, əlbəttə ki, ölkəmizdə ölümün səviyyəsi bir az da aşağı düşər. Keçən əsrdə “hər kəs yüz il yaşamasa...” deyən şairə bizim günlərdə yaşamaq qismət olsaydı, bu sözləri daha gur səslə, daha geniş mənada deyərdi!

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2015.- 7 avqust.- S. 1.