Bir kəndin üzə
çıxan həqiqətləri
Şəmkir rayonundakı Şiştəpə kəndinin tarixi, adət-ənənəsi, məişəti və müasir durumundan bəhs edən “Ayıblı kəndinin əhvalatları” (Bakı, “Letterpress”, 2014, səh. 322) oxucunu özünə cəlb edən kitablardandır. Kitabın müəllifi bu kənddə böyüyüb boya-başa çatmış Şahbaz Qarayevdir. Nəfis şəkildə çapdan çıxmış bu nəşrə baxanda adama elə gəlir ki, kitabda kəndin daxilində olub-keçənlərdən danışılır. Amma yox, burada haqqında danışılanlar xalqımızın başına gətirilən müsibətlərin fərdiləşmiş canlı və tarixi obrazlarıdır. Onu oxuduqca şiştəpəlilərin torpağa, elə-obaya, vətənə və bu yerlərin min illərin o üzündən ələnə-ələnə bu günümüzə gəlib çatan milli-əxlaqi, mənəvi dəyərlərimizin özəllikləri ilə ətraflı tanış olursan. “Ağac meyvəsi ilə tanınar, el-oba yetirdiyi övladları ilə” deyən müəllif ayıblıların tarixi mənşəyini açıqlamaqla yanaşı, Aşağı Ayıblı və Yuxarı Ayıblının yaranma səbəblərini də diqqətə çatdırır, “Bu gün kəndimiz səyyahın qarşısına çıxan çılpaq dağa bənzəyir. Bitki örtüyü olmadığı üçün dağın ətəkləri, yamacları və zirvəsi apaydın görünür...” Keçən əsrin əllinci illərindən sonra bu kənddə hər şeyin dəyişdiyinə diqqət çəkən müəllif qürur hissi ilə bildirir ki, dəyişməyən yalnız əzəmətli, vüqarlı dağlarımız və yaddaşlarda yaşayan xatirələrdir. O xatirələr ki sovet dönəmində rejimin qorxusundan nəinki qəzetə-kitaba yazmaqdan, hətta evdə-eşikdə, məclislərdə danışmaqdan çəkinmişik, ehtiyat etmişik. Niyə? Çünki şiştəpəlilər Şəmkirin, Gədəbəyin erməni kəndləri ilə həmsərhəd olduqlarından həmişə münaqişələri olub. Şiştəpəlilər nəinki Gəncədə, Şəmkirdə, Çardaxlıda, Slovyankada, Barumda, Barsumda, Salerdə və ya Gədəbəylə həmsərhəd Göyçə mahalında yerli müsəlman əhalisinə, eləcə də Qarabağa və Şirvana basqın edən erməni silahlılarına qarşı daim mübarizə aparıblar. Bunu isə erməni daşnaklarını dəstəkləyən bolşevik-rus məmurları heç vaxt həzm etməyiblər.
1918-ci il iyun ayının əvvəllərində şiştəpəlilər eşidirlər ki, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qoşunları Şamaxıdan, Ağsudan adlayaraq Göyçaydan üzübəri milləti qılıncdan keçirə-keçirə Yevlaxa doğru irəliləyir. Bu zaman kənddən 62 nəfərdən çox əlisilahlı, o cümlədən Məşədi İsmayılın iki oğlu (təəssüf ki, adları unudulub), Zoruq oğlu Salman, Mələkli Qocası, Mələkli Məhərrəm, Molla Qasım oğlu Vəli, Süleyman oğlu Kərim və Şıxı oğlu Musa, Arıxlı Mustafası Qaraməryəm yaxınlığında döyüşlərə qatılırlar. Qara Əhməd, Xəlilli nəslinin nümayəndəsi Molla Həmidin oğlu Kar İsmayıl, Sarı Əhmədli Namazı, qonşu Morul kəndindən Səməndər ağa, Süleyman ağa, oğlanları Əşrəf bəy və İsfəndiyar bəy, Qədim ağa, oğlanları Zeynal ağa və Xəlil ağa, Dostu oğlu Süleyman, Quruluxlu Əbdüləli və bu sətirlərin müəllifinin əmisi Məhəmməd ağa Əbdül oğlu, adını xatırlaya bilmədiyimiz neçə-neçə şəmkirli Qarabağa erməni daşnaklarına qarşı vuruşmağa getmişlər və orada böyük fədakarlıqlar göstərmişlər.
Göyçay-Qaraməryəm döyüşlərində qəhrəmancasına şəhid olmuş Salmanın meyitini həmkəndlisi Mələkli Şamil at arabası ilə Müsüslü dəmir yolu stansiyasına, buradan yük qatarı ilə Dəllər dəmir yolu stansiyasına, oradan da Şiştəpəyə gətirərək kənd qəbiristanlığında el adətincə dəfn etmişdir. Arıxlı Mustafa, Birinci Dünya müharibəsindən geri dönmüş Paşa Rüstəmovla yanaşı digər bir nəfər şiştəpəli (adı unudulub) 1918-ci il mart qırğınlarında bakılılara köməyə gələrək küçə döyüşlərində iştirak ediblər. Qara Əhməd, Kar İsmayıl, Sarı Əhmədli Namazı, Quruluxlu Əbdüləli, Zeynal ağa Bədirbəyli, Məhəmməd Əbdül oğlu dəstə halında dəfələrlə Qarabağa gedərək müxtəlif ərazilərdə ermənilərə qarşı vuruşublar, Əskəran və Şuşanın erməni-daşnak quldurlarından azad olunmasında şəxsən iştirak ediblər. Nuru Paşanın komandanlığı altında Bakı ermənilərdən azad ediləndən sonra Qara Əhmədlə, Kar İsmayıl Qafqaz İslam Ordusunun sıralarında Türkiyəyə getmişdir.
Daşnak-erməni silahlı birləşmələrinin 90-95 il bundan öncə xalqımızın başına gətirdikləri soyqırımı “əhvalatlar”ı bir kəndin, həmçinin bəzi kənd sakinlərinin fərdiləşdirilmiş timsalında oxuculara təqdim edilir. Azərbaycan 1920-ci ildə XI ordu tərəfindən işğal edildikdən sonra Şiştəpənin mərd və döyüşkən oğullarının repressiya maşınından keçirilməsi də eşidilməmiş söhbətlər əsnasında diqqətə çatdırılır. Sovetləşmənin kəshakəs vaxtında bəziləri kimi Məşədi İsmayıl da üzə çıxmırmış, çünki Qaraməryəm döyüşlərində Şaumyanın bolşevik-daşnak qoşunlarına qarşı vuruşmada iştirak etmiş və qəhrəmancasına şəhid olmuş iki oğlu onun həbsi, güllələnməsi üçün əsas ola bilərdi.
“Ayıblı kəndinin əhvalatları”nda azərbaycanlıların soyqırımına rəvac verən cəmiyyətin, quruluşun haqsızlıqlarından, iyrəncliklərindən biri də 1926-cı ilin qarlı-tufanlı qış günündə baş verir: Qışın oğlan çağında “NKVD” nümayəndələri növbəti dəfə Şiştəpəyə gəlirlər. Camaatı “Göy çiçək” deyilən ərazinin yaxınlığına, qarın kürünüb-təmizləndiyi əraziyə toplayırlar. Diqqətləri onları mühasirəyə alan süngülü əsgərlərin adamlara tuşlanan tüfənglərinin tətiyində olan camaatdan kimlərin qaçaqlıq etməsini, kimlərin qaçaqlara kömək etdiyini təkidlə soruşanda kənddə hamının dəli Əhməd kimi tanıdığı kişi ölümünü gözünün altına alıb “NKVD” nümayəndəsinə və rus silahlılarına deyir: “Bu kənddə nə qaçaq var, nə də qaçaqlarla əlaqəsi olan. Biz zəhmət adamlarıyıq! Sizi and verirəm Leninin o qırmızı bayrağına, bizdə günahı olanlar yoxdur!” Bu sözlərdən sonra “NKVD”-çilər məcbur olub süngülü əsgərlərlə birlikdə kəndi tərk edirlər, camaat da evinə dönür.
“Ayıblı kəndinin əhvalatlar”ında diqqətçəkən və təəccüb doğuran hadisələrdən biri də repressiya qurbanı Cin Musayla qardaşı Sədərəkli Məmmədin Sibirə sürgün olunmalarıdır. Hadisələrlə yaxından tanış olanda məlum olur ki, bu sürgünün səbəbi qardaşların öz vəsaitləri hesabına məscid tikdirməsidir. Kənd sakini Xocayev Mirzəli Mirzə oğlunun həbs edilməsinə səbəb isə Yuxarı Ayıblıda sovetləşməyə etiraz edən Süleymanlı nəslinin Qaratac dağı ətəklərində qızıl əsgərlərə qarşı döyüşləri durbinlə müşahidə edərkən “Süleymanlılar qızıl əsgərlərə doy (qalib) gəlirlər” deməsi olmuşdur.
Bu soyqırımının və işğalın imperiya qüvvələri tərəfindən günü bu gün də davam etdiyini bildirən müəllif 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak, əlil olan, itkin düşən yüzlərlə həmkəndlisini yada saılır, 1990-cı ilin Qanlı Yanvar gecəsini xatırlayır, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ehtiramla yad edir. Dağlıq Qarabağda və respublikamızın digər cəbhə bölgələrində erməni işğalçıları ilə müharibədə qəhrəmancasına şəhid olan şiştəpəliləri gənc nəslə tanıdır. “Torpaq uğrunda ölən varsa, Vətəndir!” - deyə gəncləri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə, şanı-şöhrəti, iqtisadi gücü və qüdrəti dünyaları dolaşan ölkəmizi ürəkdən sevməyə, onun inkişafına töhfələr verməyə çağırır.
Rəhman SALMANLI,
Azərbaycan.- 2015.- 7 avqust.- S. 6.