Cəmşid Naxçıvanskinin
120 illik yubileyi qeyd edilib
Dünən Azərbaycan Hərb Tarixi Muzeyində xalqımızın görkəmli sərkərdəsi, general Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanskinin anadan olmasının 120 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Ali Hərbi və Hərbi Dəniz məktəblərinin, hərbi hissələrin, Hərbi Akademiyanın, veteran təşkilatlarının və digər idarə-müəssisələrin nümayəndələri iştirak etmişlər.
Mərasimdə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə dedi ki, Naxçıvanskilər nəslinin sonuncu - altıncı generalı olan Cəmşid Naxçıvanskinin həm çar ordusunda, həm də Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi quruculuq işlərində müstəsna xidmətləri olub.
Onun Birinci Dünya müharibəsində göstərdiyi şücaətlər gələcək nəsillər üçün qəhrəmanlıq məktəbidir. Hərb sənətinin sirlərinə dərindən yiyələnən və onu inkişaf etdirməkdə müstəsna qabiliyyət sahibi olan görkəmli sərkərdənin 1918-1920-ci illərdə Şuşada Qarabağ süvari alayının komandiri kimi Azərbaycan torpaqlarının erməni-daşnak birləşmələrindən təmizlənməsində, sovet dövründə hərbi kadrların yetişdirilməsinə mühüm töhfə vermişdir. Bununla belə, 43 illik ömrünün böyük bir hissəsini peşəkar hərbi kadrların yetişdirilməsinə sərf etmiş Cəmşid Naxçıvanskinin xidməti sağlığında layiqincə qiymətləndirilməmiş, əksinə, təhqirlərə, fiziki işgəncələrə məruz qalmış, müxtəlif vaxtlarda 3 dəfə həbs edilmişdir. Onun günahsızlığı 18 il sonra sübuta yetirilmişdir.
Tədbirdə general Cəmşid Naxçıvanskinin həyatı və hərbi fəaliyyətinə həsr olunmuş “Əsrin qəhrəmanlığı” adlı sənədli film də nümayiş olunmuşdur.
Elnur HADIYEV,
Azərbaycan.- 2015.- 8 avqust.- S.